Ölkə Prezidentinin diqqət və qayğısı Azərbaycan təhsilini yeni inkişaf səviyyəsinə qaldırmışdır

Yeni dərs ilinin başlanmasına az qalıb. Ayrı-ayrı şəhər  və rayonlarda  keçirilən ənənəvi sentyabr  konfranslarında görülmüş işlərə yekun vurulur, əldə edilmiş  uğurlar  geniş  təhlil  edilir. Belə bir yekdil fikir  ifadə  edilir ki, ölkə Prezidenti  İlham Əliyevin  təhsilə,  təhsil işçilərinə göstərdiyi  diqqət  və qayğı, bu  istiqamətdə imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları nəticə  etibarilə  sahənin sürətli inkişafı, onun  maddi-texniki  bazasının  daha  da  möhkəmləndirilməsilə nəticələnmişdr.  Bölgə  müxbirimiz bu  günlərdə  Yevlax, Ağdaş və Göygöl  rayonlarında olmuş, yeni  dərs ilinə  hazırlıqla bağlı görülmüş tədbirlərlə maraqlanmışdır. Aşağıda həmin rayonların təhsil şöbələrinin rəhbərlərinin dediklərini dərc edirik.

 

Y e v l a x

 

Raqub Mirzəyev, Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri:

– Yeni dərs ilinə  hazırlıqla  əlaqədar  ümumtəhsil məktəblərimizin hamısında təmir  işləri  aparılmış,  lazımi  inventar  və avadanlıqlarla təchiz edilmişdir. Hazırda  şəhər təhsil şöbəsi üçün tikilmiş  yeni inzibati binada son tamamlama  işləri aparılır.  Bu tədris ili üçün 141 adda 47394 nüsxə dərslik alınmışdır.  2015 – 2016-cı tədris  ilində ümumtəhsil  müəssisələrinə  müəllimlərin  işə  qəbulu üzrə  Təhsil  Nazirliyinin  keçirdiyi  müsabiqənin  nəticəsinə  uyğun olaraq  verilmiş 9 vakant yerdən 5  nəfəri  təhsil nazirinin əmri ilə öz yerini tutmuşdur.

Böyük  fərəh hissi ilə  qeyd  etmək  istəyirəm ki,  pedaqoji kollektivlərimiz son 10 il ərzində  ali  məktəblərə  qəbul  sahəsində ən yüksək göstəricilərə  nail olmuşdur. 2015-ci  ildə məktəblərimizi 1039 nəfər  şagird  bitirmişdir.  Onlardan 603 nəfəri ali məktəblərə  sənəd vermiş,  301  nəfər qəbul olunmuşdur. Məzunlardan 10 nəfər 600-dən, 24  nəfər isə 500-dən yuxarı bal toplamışdır. 

2015–2016-cı dərs ilində V-VIII siniflərdə  dərs  aparacaq kurikulum təlimlərindən keçməyən kimya, riyaziyyat, informatika, fizika, coğrafiya, tarix, Azərbaycan dili  və  ədəbiyyatı, texnologiya fənləri  və  ibtidai sinif üzrə 129 nəfər müəllim 60  saatlıq proqram əsasında 10 günlük təlimlərə  cəlb  edilmişdir.

Yeni dərs ilində rayonun  ümumtəhsil  məktəblərində 16284  şagird  təhsil  alacaqdır.  O cümlədən, 1741 şagird I sinifdə oxuyacaqdır. Şagirdlərin  məktəbli forması ilə  təmin edilməsi üçün valideynlərlə söhbətlər aparılmışdır.

Rayon  üzrə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı  tamam olan 160 nəfər şagirdin valideyni ərizə ilə müraciət  etmiş, həmin  uşaqlar 1-10 sentyabr 2015-ci  il  tarixlərində  xüsusi komissiya tərəfindən müsahibədən keçiriləcəkdir.

Ötən dərs  ilində Təhsil Nazirliyi  tərəfindən  fənn olimpiadalarının “Qaydaları” yeniləşdirilmiş, bütün turlar nazirliyin tərtib etdiyi testlər  əsasında keçirilmişdir. Fənn olimpiadalarının rayon turunda 8 fənn üzrə 366 nəfər IX-XI sinif şagirdləri  iştirak etmişdir. Həmin  şagirdlərdən hər fənn  üzrə ilk üç yeri tutan 34 nəfər respublika mərhələsinin  yarımfinal  turunda  iştirak  etmək hüququ qazanmışdır. Final turunda 3  nəfər şagird iştirak etmişdir. Onlardan şəhər 3  nömrəli məktəbin XI sinif  şagirdi Elvin Hacıyev tarix fənni  üzrə I yeri  tutaraq “Qızıl medal”a, Gülövşə  kənd  tam orta məktəbin XI sinif şagirdi Nurlan Yusifov III yeri tutaraq “Bürünc” medala, şəhər 8 nömrəli tam orta  məktəbin X sinif  şagirdi Cavid Əliyev coğrafiya fənni  üzrə iştirak sertifikatına layiq görülmüşlər.

Daha bir sevindirici cəhət ondan ibarətdir ki, 2015–2016-cı ildə tələbə  adını  qazanan məzunlardan 5  nəfəri  müxtəlif  ali  hərbi  məktəblərə, 6  nəfər  C.Naxçıvanski  adına  Hərbi Liseyə qəbul olunmuşdur. Ümumiyyətlə, son 9 il ərzində  hərbi  məktəblərə  qəbul olan  məzunların  sayı 207  nəfərə çatmışdır.

 

A ğ d a ş

 

Lütvü Paşayev,  Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri:

– Bu gün  xalqımız, dövlətimiz məktəbin  qarşısında  çox  mühüm,  məsuliyyətli  vəzifələr  qoymuşdur. Heç  vaxt məktəb  həyatının  ritmi indiki kimi  dolğun,  məzmunlu  və  gərgin olmamışdır. 2014–2015-ci dərs  ilində  rayonumuzda 68  ümumtəhsil  məktəbi  fəaliyyət göstərmişdir. Onlardan 41-i  tam orta, 18-i ümumi  orta, 9-u isə ibtidai  məktəbdir.

2014-2015-ci dərs  ilində  rayonun  ümumtəhsil  məktəblərində 14068 şagird  təhsilə  cəlb olunmuşdur.  Şagirdlərin  təlim-tərbiyəsi ilə 2204 nəfər  müəllim  məşğul olmuşdur. Bundan  əlavə,  rayonda uşaq gənclər idman  məktəbi,  şahmat  məktəbi  və  uşaq yaradıcılıq mərkəzi  fəaliyyət  göstərmişdir. Həmin  müəssisələrdə fəaliyyət göstərən  dərnəklərə 630 şagird cəlb edilmişdir.

Məktəblərin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və  yeni  məktəblərin  tikilməsi  sahəsində  mühüm  işlər  görülmüşdür. Son bir il ərzində 1100 şagird yeri olan yeni  məktəb binaları (Aralbir  və Tofiqi kənd tam orta, Qarağanşıxlar, Qülbəndə, Ərəbşəki kənd ümumi orta) tikilib  istifadəyə verilmişdir. Tədris  ili  ərzində  rayonun  Qolqəti, Şəmsabad,  Ərəb, Aşağı Ləki  kənd tam orta,  Qumlaq  kənd ümumi orta  və Əmrmahmud  kənd  ibtidai  məktəblərində  əsaslı və  cari  təmir işləri  aparılmışdır.

Təhsil  Nazirliyi  tərəfindən 58000  manat  dəyərində 9 kimya,  fizika  və  biologiya fənləri  üzrə  laboratoriya  avadanlığı alınmış, S.Vurğun, M.İsayev, M.Şeyxzadə,  8 saylı  şəhər,  Kükəl, Dəhnəxəlil  və Cardam kənd tam orta məktəblərində quraşdırılmışdır. Elektron  məktəb  layihəsinə  uyğun olaraq  ötən  dərs  ili  rayonumuza  Təhsil Nazirliyi  tərəfindən 12  elektron lövhə göndərilmişdir.

2015 – 2016-cı dərs ilində şagirdlərin  pulsuz  dərsliklərlə  təmin olunması məqsədilə respublika Təhsil Nazirliyindən rayona ayrılan IV-VI  siniflər  üçün 35520 manat  dəyərində 20978 nüsxə dərslik gətirilərək  məktəblərə paylanmışdır. Yeni dərs  ilində I  siniflərə  1700 şagirdin  cəlb olunması  nəzərdə  tutulmuşdur.

Böyük minnətdarlıq  hissi ilə qeyd etmək istəyirəm ki, hər il  olduğu  kimi, bu il də Heydər Əliyev Fondu tərəfindən 15  sentyabr “Bilik günü”  ərəfəsində  məktəblərə  ilk dəfə qədəm qoyan uşaqlara hər  cür  məktəbli  ləvzimatı ilə  təmin olunmuş, 1750 məktəbli  çantası  hədiyyə  olaraq  göndərilmişdir.

Bu dərs  ili  üçün  məktəblərdə olan 19  vakant  müəllim  yeri üçün  Təhsil Nazirliyinə sifariş  verilmişdi. Onlardan 17  nəfəri  imtahandan keçərək rayon  məktəblərinə  təyinat  almışdır.

Rayon təhsil şöbəsinin  tabeliyində  olan  təhsil  müəssisələrində  payız-qış mövsümünə hazırlıqla  əlaqədar  bir sıra  tədbirlər  görülmüşdür. Rayonda 31 ümumtəhsil  məktəbi  mərkəzləşdirilmiş  istilik  sistemi,  bir  ümumtəhsil  məktəbi  elektrik qızdırıcısı, 36  ümumtəhsil  məktəbi isə odun  yanacağı ilə qızdırılır.

Rayonumuzda  şagirdlərin  istedad   və   qabiliyyətlərini  daha da  inkişaf  etdirmək  məqsədilə müxtəlif tədbirlər keçirilir. Bu sahədə  hər il ənənəvi olaraq keçirilən  fənn olimpiadalarının böyük  əhəmiyyəti  vardır. Ötən dərs ilində  fənn olimpiadaları  və beynəlxalq kimya olimpiadasının  zona  turu  rayonumuzda keçirilmişdir. Bu  mərhələlərdə 11 şagirdimiz fənn olimpiadasının, 4 nəfər isə beynəlxalq kimya olimpiadasının zona turunun  qalibi  olmuş  və Bakı şəhərində  keçirilən  yekun  turda iştirak  etmişdir.

Rayonumuzun  təhsil tarixində ilk dəfədir ki, 1 şagirdimiz  fənn  olimpiadasında qazandığı  uğurlara görə “Qızıl medal”a, 1  nəfər isə “Bürünc medal”a  layiq görülmüşdür. Biz  təhsil  işçiləri  bu  yüksək  mükafatları  dövlətimizin  gənc nəslin  təhsilinə göstərdiyi  yüksək  diqqət  və  qayğının nümunəsi  kimi qiymətləndiririk.

Keçən tədris  ilində Ağdaş  təhsilinin  uğurları  çox  olmuşdur. Təkcə onu qeyd  etmək  kifayətdir ki, M.İsayev adına şəhər  tam orta  məktəbi “Ən yaxşı ümumtəhsil  məktəbi” respublika  müsabiqəsinin  qalibi  olmuşdur.  Həmin  məktəbin  məzunu Günay Novruzlu 677  balla  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  hüquq fakültəsinə  qəbul olunmuş  və  Prezident təqaüdünə layiq  görülmüşdür.

Hesabat ilində  S.Vurğun adına şəhər tam orta məktəbin  biologiya  müəllimi Şəkər Pirimova, 7 saylı  şəhər tam orta  məktəbin  tarix müəllimi Leyla Bayramova,  Qaradeyn  kənd tam orta məktəbinin coğrafiya  müəllimi Aqil İsayev “Ən yaxşı müəllim”  respublika  müsabiqəsinin  qalibləri  olmuşlar.

Məzunlarımızın  ali  məktəblərə  qəbul imtahanlarında  göstərdikləri  nəticələr  də  əvvəlki  illə  müqayisədə  uğurlu  olmuşdur.  Ötən dərs  ilində  rayon  məktəblərinin XI sinfini 928 nəfər məzun bitirmişdir.  Onlardan 576  nəfəri  ali  məktəbə sənəd vermişdi. Məzunlardan 267  nəfəri tələbə  adını qazanmışdır.  Bu  da əvvəlki illə müqayisədə 22 nəfər çoxdur.  35 abituriyentimiz 500-dən, 8 nəfər  isə 600-dən yuxarı bal  toplamışdır. Cari ildə  ali məktəbə  qəbul imtahanında  ən yüksək  nəticəni  Kotavan  tam orta  məktəbinin  məzunu Ləman Kərimli  göstərmişdir. O,  695  bal toplayaraq  Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur.

M.Şeyxzadə  adına  texniki, təbiət  və humanitar  fənlər   təmayüllü gimnaziyanın, S.Vurğun  adına,  M.İsayev  adına  şəhər,  Kükəl  və Cüvə kənd tam  orta  məktəblərinin  məzunları da  ali  məktəblərə  qəbul  imtahanlarında  yüksək  nəticələr  göstərmişlər.

Əlbəttə,  əldə  etdiyimiz bütün  bu  uğurlar  heç də  bizi arxayınlaşdırmır. Pedaqoji kollektivlərimizin,  bütün  təhsil  işçilərinin  yekdil fikrini ifadə  edərək  demək  istəyirəm ki, yeni  dərs ilində uğurlarımız daha çox olacaqdır.

 

G ö y g ö l

 

Elbrus Atayev, Göygöl  Rayon  Təhsil Şöbəsinin  müdiri:

– Rayonumuzun ümumtəhsil  məktəblərinin hər birində  yeni dərs  ilinə  hazırlıq  işi yüksək  səviyyədə  təşkil edilmişdir. Cari  təmir,  təmizlik  işləri  aparılmış,  səliqə-sahman yaradılmışdır. Ayrılan vəsaitin  hər il  davamlı olaraq  artırılması, dövlət  qayğısının  güclənməsi  təhsilin  bütün  sahələrinin  dinamik  inkişafı  üçün  böyük  imkanlar  açmışdır.

Təhsil  xərclərinin ilbəil  artırılması  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin bu sahəni  dövlət  siyasətinin  prioritetlərindən biri  hesab  etməsi ilə bağlıdır. Ölkə  başçısının  vurğuladığı kimi,  şagirdlərin  idrak  fəaliyyətinin  gücləndirilməsi, “yaddaş”  məktəbindən “təfəkkür və düşüncə”  məktəbinə keçilməsi  qarşımızda  duran  əsas  vəzifələrdən  biridir. Bu  mənada “Təhsil  əsri” elan  edilən XXI  yüz ildə yüksək  intellektə malik insan  kapitalının  formalaşmasında və  güclü  iqtisadiyyatın  qurulmasında  təhsilin  rolu indiki  qədər  aktual  olmamışdır. Həmin konseptual müddəaların əsasında təhsilə qoyulan  maliyyə  vəsaitləri ilbəil  artır. Ümumi təhsilin  inkişafı ən mühüm  sahələrdən  biri kimi  mühüm yer tutur.

Rayonumuzda 39  tam orta, 10 ümumi orta, 1 ibtidai məktəb, 4  məktəbdənkənar  təhsil  müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil  məktəblərində 8912  məktəbyaşlı  uşaq  təhsillə əhatə olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 1663 nəfər  ixtisaslı  pedaqoq məşğul olur.

Ötən dərs ilinin  yekunlarına  görə IX sinfi 717 şagird bitirmiş,  onların hamısı ümumi  orta təhsil  haqqında  şəhadətnamə almışdır. Rayon üzrə 729  nəfər XI  sinif  şagirdi imtahanlara  buraxılmış,  bunların  hamısı  tam orta təhsil haqqında attestat almışdır.

Orta  ümumtəhsil  məktəblərinin  qarşısında  duran ən  mühüm  vəzifələrdən  biri  də gələcəkdə şagirdləri ali  təhsilə, ən  layiqli  və zəruri  ehtiyac  duyulan  sahələrə yönəltməkdən  ibarətdir.  Bunun üçün  şagirdlər  təlimin  müasir üsulları ilə öyrədilməli,  elmi,  texniki  nailiyyətlərlə  tanış olmalıdırlar.

Bu  mənada ötən dərs  ili  rayonumuz  üçün əlamətdar olmuşdur. Məzunlardan 420  nəfəri  ali  məktəblərə  sənəd  vermişdi. Qəbul  imtahanlarının  nəticələrinə  əsasən 200 məzunumuz  tələbə adını qazanmışdır. 40 nəfər 500-dən, 14  nəfər 600-dən  yuxarı bal toplayaraq yüksək  nəticələr əldə etmişdir. Göygöl  şəhər texniki təbiət fənlər təmayüllü lisey,  1, 3, 5 saylı, Balçılı kənd  1  saylı  tam orta  məktəblərinin  məzunlarının göstəriciləri  daha yüksək olmuşdur.

Ötən dərs  ilində  istər  məktəb  rəhbərləri,  istərsə də  məsləhətçi  və metodistlər  tərəfindən  ayrı-ayrı  fənlərin  tədrisi  vəziyyəti  diqqətlə  öyrənilmiş,  müvafiq  qərarlar  qəbul  edilmiş, tövsiyələr  hazırlanmışdır. Pedaqoji  kollektivlər  təhsil  prosesinin  həyata keçirilməsində  yeni  pedaqoji  baxışların formalaşmalı olduğunu  dərindən  dərk edirlər. Əlbəttə, yeniliyi duymaq  heç də çətin deyil,  ancaq  dərk  olunmuş  yenilyi işə  tətbiq etmək çətin  və  mürəkkəb bir prosesdir. Elə buna görə də  hər bir  təhsil  işçisi,  xüsusilə  müəllimlər  daim  axtarışda  olmağa çalışır.

Ümumtəhsil  məktəblərimizdə öz işinə  məsuliyyətlə  yanaşan, daim yeniliyə can  atan  müəllimlər çoxdur. Texniki  təbiət fənlər təmayüllü liseyin  direktoru Zəhra Zeynalovanı, Balçı kənd 1  saylı  tam orta  məktəbin  müəllimi Sevil Əhmədovanı, şəhər 3 saylı  tam orta məktəbin  müəllimi Tünzalə  Rəşidqızını və  başqalarını misal göstərə  bilərik.

Bu gün  rayon  məktəblərinin  hər birində  “qabaqcıl və yenilikçi müəllimlər bankı” yaradılmışdır. Ötən tədris ilində bütün məktəblərdə “açıq dərslər” və qarşılıqlı dərs dinləmələri  təşkil  edilmişdir.

“Ümumtəhsil məktəblərinin informasiya  və kommunikasiya texnologiyaları  ilə təminatı” proqramı çərçivəsində rayonun  ümumtəhsil  məktəblərinə 360  kompüter dəsti, 52 noutbuk  və s. verilmişdir. Hazırda 8  tam orta  məktəbdə 9 kompüter  kabineti fəaliyyət göstərir. Əksər  məktəblərimiz də  internet şəbəkəsinə  qoşulmuşdur.

Göygöl rayonunda bütün ümumtəhsil  məktəbləri dərsliklərlə  tam  təmin olunmuşdur. Məktəb kitabxanaları bədii  kitablarla  zənginləşmişdir. Şagirdlərin  elmi-bədii  dünyagörüşünün  formalaşmasında,  yazılı  və şifahi  nitq mədəniyyətinin  inkişafında  kitabların,  dərsliklərin  və elmi-bədii ədəbiyyatın  böyük  rolu vardır. Buna  görə də fənn müəllimləri,  xüsusən  Azərbaycan  dili  və ədəbiyyatı  müəllimləri  məktəb kitabxanaçıları  ilə  qarşılıqlı əlaqədə fəaliyyət göstərir,  şagirdlərin maraq dünyasının formalaşmasında kitablara, mütaliəyə  geniş  meydan verirlər.

Ümumtəhsil müəssisələrində  müəllimlərin  işə qəbulu  və pedaqoji  kadrların həvəsləndirilməsi ilə bağlı Təhsil  Nazirliyi  müvafiq əmr imzalamışdır.  Həmin  əmrə  uyğun olaraq  müəllimlərin  işə qəbulu  Təhsil Nazirliyi tərəfindən  test  üsulu ilə  həyata  keçirilir.  Bu  tədris ili üçün  rayonun 9  məktəbində 10 fənn müəlliminə  ehtiyac olduğu  haqqında Təhsil Nazirliyinə  məlumat verilmişdi. İmtahandan keçib rayon təhsil şöbəsində  qeydiyyata düşən  müəllimlərə  lazımi  şərait yaradılacaqdır.

Dövlət  başçısı “Xüsusi  istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının  inkişafı  üzrə Dövlət Proqramını (2006 – 2010-cu illər)” təsdiq  etmişdir. Proqram  yetişməkdə olan gənc  nəslin yaradıcılıq  potensialını  üzə çıxarmaq, daha da  inkişaf  etdirmək  baxımından mühüm dövlət sənədidir.

Ümumtəhsil  məktəblərində “İstedad bankı” yaradılmış,  ayrı-ayrı  təhsil  sahələri  üzrə istedadlar  müəyyən  olunmuşdur. İstedadlı uşaqlarla  iş aparmaq  üçün  müvafiq  müəllimlər  ayrılmışdır.

Ümummilli lider  Heydər Əliyevin  anadan olmasının 92-ci  ildönümü  münasibəti ilə “Heydər Əliyev  və  müstəqil Azərbaycan”  mövzusunda rəsm və inşa  yazı  müsabiqələri,  futbol  və  şahmat  turnirləri  keçirilmişdir.  Qaliblər  müxtəlif hədiyyə  və diplomlarla  mükafatlandırılmışlar.

Göründüyü  kimi,  ötən dərs ili Göygöl  rayonunun  pedaqoji kollektivləri  üçün  əlamətdar  və yaddaqalan olmuşdur. Yeri gəlmişkən, onu da  əlavə  edək ki,  son 10  ildə rayonumuzda  17 yeni məktəb  binası, 5 məktəbdə 26 əlavə sinif  otağı tikilmiş, 19  məktəbdə əsaslı təmir  işləri  aparılmışdır. Heç şübhəsiz, bir neçə gündən sonra başlanacaq yeni dərs ilində  əldə  edilmiş bütün bu uğurları  daha da artıracağıq.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında