Sentyabrın 3-də Ankarada Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupunun üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı işə başlayıb. Toplantıda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu qrupun bu iclası Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Əhməd Ərdəmin açılış nitqi ilə işə başlayıb. Son illər dünyada sürətlə genişlənən iqtisadi böhran şəraitində insanların məşğulluğunun qorunması, yeni iş yerlərinin yaradılması, əmək şəraitinin yaxşılaşdırılması və s. istiqamətlərdə qarşıda duran vəzifələrdən danışan türkiyəli nazir toplantıya uğurlar arzulayaraq, əminliklə qeyd edib ki, G20 qrupunun səmərəli fəaliyyəti yaxın gələcəkdə üzv və dəvətli ölkələrin sosial həyatına böyük töhfələr verəcək.
Sonra G20-yə Türkiyədən əvvəl sədrlik edən Avstraliya və Türkiyədən sonra qrupa rəhbərlik edəcək Çinin toplantıdakı təmsilçiləri çıxış ediblər.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin insan resurslarının inkişafına sərmayənin artırılmasına dair “G20 üzrə Bacarıqlar Strategiyası”na həsr olunan sessiyasında çıxış edib. Nazir ilk növbədə dünyanın aparıcı dövlətlərinin beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbul edici forumu olan G20 platformasına Azərbaycan Respublikasının dəvət olunmasına görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib. O, G20 ölkələrinin hazırkı dövr üçün “İnklüzivlik, implementasiya və investisiyalar” prioritetləri çərçivəsində güclü və dayanıqlı, kifayət qədər iş yerləri olan iqtisadiyyatın formalaşdırılması əsasında işsizliyin azaldılması, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, bacarıqların artırılması və əmək məhsuldarlığının yüksəldilməsi məsələlərinin Azərbaycan üçün də çox əhəmiyyətli olduğunu vurğulayıb.
S.Müslümov Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası nəticəsində müasir infrastruktur və çoxsaylı enerji layihələrinin icrası, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun və regionların, sahibkarlığın inkişafı sahəsində əldə olunan nailiyyətlərin ölkədə dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratdığını diqqətə çatdırıb. 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edən nazir bildirib ki, Davos İqtisadi Forumu 2014-cü il üçün hesabatında Azərbaycanı iqtisadiyyatın rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görüb, “Moodys”, “Fitch Ratings”, “Standart and Poors” kimi reytinq agentlikləri isə ölkəmizin reytinqini davamlı olaraq artırıb.
Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu dövrdə respublikada 1 milyon 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6 faizdən 4,9 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 5 faizədək azalıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı yavaşıdır.
Nazir bildirib ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir. İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir. Bildirib ki, bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan, işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən “G20 Bacarıqlar Strategiyası” (“G20 Skills Strategy”) Azərbaycan üçün də olduqca aktualdır.
Azərbaycanda işsiz və işaxtaran vətəndaşların, xüsusən həssas əhali qruplarının əmək bazarına daha tez inteqrasiyası məqsədilə məşğulluq orqanlarının institusional və kadr potensialının daim təkmilləşdirildiyini qeyd edən S.Müslümov işsiz vətəndaşların işlə təminatı, peşə hazırlığı və peşəyönümü, əmək yarmarkaları, habelə gənclər üçün ixtisaslaşdırılmış yarmarkalar, əmək birjaları barədə məlumat verib. O, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi işlərindən bəhs edərək, sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirləri diqqətə çatdırıb. Nazir, həmçinin sosial tərəfdaşlıq prinsipləri əsasında kompleks yanaşmaların, innovasiya elementlərinin tətbiqi ilə daha yüksək keyfiyyətli məşğulluq xidmətlərinin göstərilməsi üçün aparılan işlərdən bəhs edib. Qeyd edib ki, hər bir ölkə üçün gənclər siyasətinə yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Beynəlxalq təcrübə göstərir ki, bu gün dünya ölkələrində daha çox aktual olan gənclərin məşğulluq probleminin həlli üçün siyasi iradə və müasir yanaşmaların mövcudluğu əsas şərtlərdən biridir.
S.Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi artım, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. Nazir deyib: “BƏT ilə birgə gerçəkləşdirilən və bir qrup gəncin əmək haqqının yarısının 6 ay ərzində BƏT-in vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan layihə nəticəsində bu gənclərin 90 faizi sonradan işəgötürən tərəfindən öz iş yerində saxlanılıb. Biz belə eksperimentlərin artırılmasını və G20 ölkələrinin bu tipli layihələri dəstəkləməsini arzulayırıq”.
Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7 faiz olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu diqqətə çatdıran S.Müslümov bildirib ki, məhz bu səbəbdən Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib. Bildirib ki, Azərbaycan hökumətinin əsas səyləri dayanıqlı iqtisadi artıma və əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusilə əlilliyi olan şəxslərin, ahılların, qaçqın və məcburi köçkünlərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin potensial imkanlarından tam istifadəsi üçün əmək bazarına açıq, inkluziv və bərabərhüquqlu çıxış imkanlarının yaradılmasına yönəldilib. Ölkədə məşğulluq siyasəti daim təkmilləşdirilir. Hazırda mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, iqtisadi prioritetlərə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün yeni Məşğulluq Konsepsiyası hazırlanır.
Nazir bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmış bilik və bacarıqlara malik olan işçi qüvvəsi vasitəsilə ölkədə dayanıqlı, tarazlaşdırılmış və inkluziv iqtisadiyyatın artımına Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq müasir yanaşmalar və innovativ metodlardan istifadə edilərək nail olunacağını vurğulayıb. S.Müslümov deyib: “Bu toplantıda qəbul ediləcək G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyannaməsində əksini tapan siyasi məqsədlər və əldə olunmuş G20 ölkələrinin təcrübəsi gələcək fəaliyyətimizdə geniş istifadə olunacaq”.
Azərbaycanda dayanıqlı inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq imkanlarının artırılması, xüsusən gənclərin məşğulluğu, işsizliyin kəskin şəkildə azaldılması, daha inkluziv əmək bazarının formalaşdırılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi yönündə aparılan işlər və əldə olunan uğurlar barədə məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sentyabrın 4-də işini davam etdirəcək toplantıda G20 Əmək və Məşğulluq Nazirlərinin Ankara Bəyannaməsi qəbul olunacaq.
Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.