İşğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatlarda oxuyuruq ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində, sözün həqiqi mənasında, ekoloji fəlakət yaşanır.

Azərbaycan təbiətinə və tarixi-mədəni abidələrimizə vurulan ziyanın həddi-hüdudu bilinmir. Məlumatda qeyd edilir ki, işğal olunmuş ərazilərdə erməni  vandallarının  əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Xatırladaq ki, 1988-1993-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.  İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol növləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitməyən ağac və kollardır. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Dövlət qurumlarının həyata keçirdiyi  məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılmışdır ki, bunun da 42 min 997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin  digər növləri bu gün də  talan edilir.   Məlumatda bildirilir ki, işğal olunmuş rayonlarda 247 min 352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar  qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və  5 ədəd geoloji obyekt qalmışdır. Hal- hazırda işğal olunmuş  ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər.

Azərbaycan ekoloqları həyəcan təbili çalırlar ki, Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları  kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən,  əhəng daşlarından ibarət, uzunluğu 114 metr olan “Xan Mağarası” mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7  göl – Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün də işğal altındadır. Bundan başqa, işğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.

Məlumatda  oxuyuruq  ki, Araz və Kür çaylarının qolları olan  Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin mövcudluğu üçün böyük təhlükə yaranmışdır. Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.

Ümumilikdə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat  məbləğində ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən - obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş  maddi-mənəvi  ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara  görə  31,72 milyard manat  məbləğində zərər dəymişdir. 

İsaq ƏMƏNULLAYEV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında