Son illər əcnəbi ekspert və politoloqlar, xüsusən, Avropa mütəxəssisləri Azərbaycanda cəmiyyətin daha da demokratikləşdirilməsini və insan hüquqlarının qorunmasını təmin edən iki dövlət sənədimizi beynəlxalq ictimaiyyət üçün nümunə kimi qəbul edirlər.
Bunlar ulu öndər Heydər Əliyevin siyasi dühasının nəticəsi olan müstəqil Azərbaycanın ilk Konstitusiyası (Əsas Qanunumuzun maddələrinin təxminən üçdə biri əsas insan hüquq və azadlıqlarının qorunmasına zəmin yaradır.) və yeni əsrin ilk illərində Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və dünya seçki təcrübəsinə əsaslanaraq ərsəyə gətirilmiş Seçki Məcəlləsidir. Dövlət başçımızın tövsiyəsinə, əsasən, həmin Məcəllənin hazırlanmasında Azərbaycan mütəxəssisləri ilə yanaşı, Avropa qurumlarını təmsil edən bir çox təcrübəli mütəxəssislər də iştirak etmişlər. Dünya ekspertləri təkcə bizim Seçki Məcəlləmizin mükəmməl sənəd olduğunu qeyd etmir, həm də həmin Məcəlləyə əsasən keçirdiyimiz 2005-ci və 2010-cu il parlament seçkilərinin demokratikliyini səmimiyyətlə yada salırlar. Bundan başqa, xarici ekspertlərin Azərbaycanda keçirilən seçkilər barədə fikirlərində xüsusilə qeyd edilən məqamlardan biri də çoxsaylı əcnəbi müşahidəçinin iştirak etməsidir.
Ölkəmiz daha bir seçkiyə hazırlaşır. Noyabrın ilk günündə respublikamızda növbəti parlament seçkiləri keçiriləcəkdir. Bu, bir faktdır. 2010-cu ildə parlamentə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edən xarici ölkələrin nümayəndələri Azərbaycanda seçkinin nəticələrini qiymətləndirərkən bildirmişdilər ki, təbliğat-təşviqat kampaniyası üçün namizədlərə yaradılan bərabər şərait, demokratik prinsiplərə ciddi əməl edilməsi və dövlət tərəfindən təmin edilən yüksək texnoloji vasitələr öyrənilməyə layiqdir və qabaqcıl təcrübə hesab edilməlidir. Odur ki, bizim keçirəcəyimiz növbəti seçkilərə münasibət də birmənalıdır: Milli Məclisə keçiriləcək növbəti seçkilər də yüksək demokratik şəraitdə baş tutacaq.
Dövlət başçısı İlham Əliyevin parlament seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün bu prosesin təşkilində məsul olan müvafiq dövlət qurumlarına verdiyi tapşırıqlarda qeyd olunur ki, bu siyasi hadisə Azərbaycan dövlətinin imicinə uyğun həyata keçirilməlidir və şəffaflıq təmin edilməlidir. Həmin fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bir daha səsləndirib: “... O cümlədən insanların sərbəst şəkildə səs verməsi üçün şərait yaradılıb. Bununla əlaqədar əlavə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Seçkilərə hazırlıq məsələlərindən danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə başqa bir mühüm məqamı yada salıb. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var – deyən MSK sədri bildirib: “Demokratik seçkilərin keçirilməsi üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur”.
Növbəti parlament seçkilərinə hazırlıq barədə söylənilən fikirlərdən biri — Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun arqumentləri də mətbuat təmsilçiləri tərəfindən maraqla qarşılanıb: “Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.
Seçki öncəsi ölkədə vəziyyətin sabitliyindən, ictimai-siyasi institutlar arasında dialoq və anlaşma mühitinin mövcudluğundan danışan Azərbaycan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi müsahibədə vurğulayıb ki, bütün bu sabitliyin əsasları vardır: “Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcuddur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir”.
Dövlət rəsmisinin fikrincə, istənilən seçkidə daha çox xarici müşahidəçinin iştirak etməsi seçki keçirən ölkənin xeyrinədir: “Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünüidarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz, ilk növbədə, Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə söykənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə – BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.
Bizimlə beynəlxalq aləmdə dünya siyasətini formalaşdıran strukturlar var. Ona görə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin. Biz hansı səviyyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrin hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və edəcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul edəcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə, ilk növbədə, Azərbaycan xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də biz imtina etmək fikrindən deyilik”.
Əlbəttə, bu gün ölkədə mətbuat təmsilçilərini və oxucuları daha çox maraqlandıran məsələlərdən biri də iqtidar partiyasının növbəti parlament seçkilərində necə və kimlərlə iştirak edəcəyidir. Prezidentin köməkçisinin mətbuata verdiyi müsahibədə həmin məsələyə də aydınlıq gətirilir: “ Yeni Azərbaycan Partiyasının budəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara söykənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın İdarə Heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın İdarə Heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunun əsasında narahatlıq və yaxud da hansısa panika yarada biləcək bir məqam var”.
Bir sözlə, cəmi iki aydan sonra Azərbaycan cəmiyyəti və beynəlxalq aləmdəki tərəfdaşlarımız ölkəmizdə keçirilən növbəti parlament seçkilərinin şahidi olacaq. Əcnəbi müşahidəçilər şahid olacaqlar ki, ölkəmizin seçki təcrübəsi ildən-ilə daha da təkmilləşir və beynəlxalq seçki ənənələrinə daha böyük töhfələr verir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.