İranın nüfuzlu din xadimi Təzəpir məscid kompleksində olub

Sentyabrın 1-də İranın nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verib. Vurğulanıb ki, həmin layihə əsasında burada məscidin ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.

İranın nüfuzlu din xadimi Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış olub. Kitabxanada 6 min nüsxə nadir əlyazmanın mövcudluğu haqqında qonağa məlumat verilib. Qeyd edilib ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini-studiya yerləşir. Ayətullah Hüseyn Nuri Həmədani buradakı qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsində İranın nüfuzlu din xadimi ilə görüş keçirilib.

Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri bizim üçün mühüm hadisədir. Bu səfər Azərbaycanın tarixində qalacaq. Bu, bir yol, cığır oldu. Bu yolu Ayətullah Hüseyn Nuri Həmədani açdı. Arzu edirik ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gəlsinlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, Ayətullah Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər xiyabanında şəhidlərin ruhu, Qarabağ torpaqlarının azad olunması üçün dua edən birinci müctəhiddir.

Şeyxülislam Azərbaycan və İran xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə əməkdaşlığının inkişafına böyük təkan verdiyini vurğulayıb.

Allahşükür Paşazadə dini, mədəni və tarixi abidələrin inşası, bərpası, mühafizəsi sahəsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısından söhbət açıb.

Görüşdə çıxış edən Ayətullah Hüseyn Nuri Həmədani bildirib ki, Qarabağın tez bir zamanda işğaldan azad olunmasını arzulayırıq. O, deyib ki, qədim tarixə malik Azərbaycanda olmağından çox şaddır. Bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. İranlı alim Azərbaycana səfərə gəlməsini özü üçün Allahın böyük lütfü hesab edib.

Daha sonra iranlı alim dindarlara moizə oxuyub.

Görüşdə çıxış edən İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Seyid Əli Əkbər Ocaqnejad Ayətullah Hüseyn Nuri Həmədaninin həyat və fəaliyyətindən danışıb, elmin fəzilətlərindən bəhs edib, Azərbaycan torpağında da həmişə böyük elm adamlarının, müctəhidlərin yetişib, yaşadığını söyləyib.

Görüşdən sonra ehsan verilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında