Zaqatala: geniş yollar böyük ürəklərə aparır

Yenə də alınmadı. Dünyanın hər yerində, hamının mətbuatda görünmək istədiyi, öz ürək sözlərini milyonlarla insana çatdırmağa çalışdığı bir zamanda yaşasaq da, o, hələ də adi bir müsahibədən imtina edir. Daha doğrusu, imtina etmir:– Nə yazacaqsınızsa, Zaqatala haqqında yazın, – deməklə, çalışdığı rayonun uğurları ilə fəxr etdiyini dilə gətirir. Bəli, yaşadığı yox, məhz işlədiyi rayonun.

Söhbət hələ il yarım əvvəl haqqında ətraflı söz açmaq  barədə hörmətli oxuculara vəd verdiyim həkim Nəriman Əfəndiyevdən gedir. Nəriman həkim Zaqatalada çalışsa da, Qaxda yaşayır. Deməli, onun haqqında söhbət açmağa mənim ikiqat imkanım var. Qaxdan yazanda da onu rayonun ən sayılıb-seçilən ziyalılarından biri kimi yada sala  bilərəm, Zaqataladan yazanda da. Amma indi Zaqataladan söhbət açanda yada saldım və yenə də onun özü barədə söhbət “alınmadı”. Bu dağlar diyarının təbiəti  və insanları haqqında həkimin  maraqlı  fikirlərini eşitdim: “ Qəzet materialında verilən faktlar   elə olmalıdır ki, hansısa insanın deyil, kəndin, rayonun, bütövlükdə ölkənin uğurunu əks etdirsin. Çünki bizim hər birimiz məhz həmin kəndin, rayonun, ölkənin zərrəsiyik. Ona görə də mən həmişə Qaxın və Zaqatalanın ümumi nailiyyətləri haqqında danışanda qürur hissi keçirirəm. Bəlkə də başqalarına təəccüblü gəlir. Mən hər gün Zaqatalaya gələndə bir yeniliyin şahidi oluram. Zaqatala hər gün dəyişir, hər gün gözəlləşir. Amma mən rayonun sosial-iqtisadi göstəriciləri, xidmət sahələrindəki vəziyyət  və tikinti-quruculuq məsələləri barədə danışmaq istəmərəm. Bu, başqalarının  yada salacağı mövzulardır. Üstəlik, siz özünüz də əksər tədbirlərin iştirakçısı olursunuz.  Ona görə də mənim  bir insan, sakin kimi Zaqatala barədə deməli olduğum  məqamlar  başqadır”.

Həkim söz açmağa üstünlük verdiyi məqamlardan, həqiqətən, ürəklə danışdı və mən həmin fikirləri hörmətli oxuculara çatdırmağı özümə borc bildim: “Diqqət yetirin, qonşu Ermənistan da daxil olmaqla, bir çox ölkələrdə çox ciddi şəkildə demoqrafik problem yaşanır. Bəzi ölkələrin əhalisi təqribən 30-40 faiz azalıb. Hətta, alimlərin proqnozuna görə, bugünkü əhalisi 140 milyondan çox olan bir ölkədə gedən proseslər nəticəsində 2030-cu ildə cəmi 70-75 milyon insan yaşayacaq. Azərbaycanda isə əhalinin sayı sürətlə artır. Bu, bir tərəfdən, əhalinin sosial-rifah halının, sağlamlığının, yəni, ölüm halının azalmasının nəticəsidirsə, digər tərəfdən də, ölkədəki daxili sabitliyin,  yəni, insanların ölkədən çıxıb getməməsinin göstəricisidir. Dövlət cidd-cəhdlə çalışır ki, qurulan ailələrin hamısı sağlam və uzunömürlü olsun. Mən məmnunam ki, dövlətin həmin siyasəti Zaqatalada da ən incəliklərinə qədər dəqiqliklə icra olunur.

 Məsələn, Zaqatalada ötən ildən yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi kimi gözəl bir ənənə formalaşdırılıb. İndiyədək burada  420 nikah mərasimi olub. O cümlədən, cari ilin ötən dövrü ərzində mərkəzdə 145 nikah mərasimi keçirilib. Mən bu ənənəni alqışlayıram. Çünki  nikahların həm ulu öndərin adını daşıyan mərkəzdə keçirilməsi, həm də rəsmi şəxslərin iştirakçılığı, orada deyildiyi kimi, şahidliyi ilə təşkil olunması, üstəlik,  keçirilən bütün nikah mərasimlərinin foto və video görüntülərinin  mərkəzin fondunda saxlanılması yeni qurulan ailənin mütləq möhkəm təməl üzərində dayanmasını, deməli, uzunömürlülüyünü təmin edir. Məhz bu qəbildən olan tədbirlər nəticəsində ölkəmizin əhalisi çoxalır və mən rayon rəhbərliyinin belə tədbirlərini yüksək qiymətləndirir, dəstəkləyirəm".

Maraqlı fikirlərdir. Bu gün Zaqatalaya gələn qonaq, sözün həqiqi mənasında, gördüklərindən məmnun qalır. Hara baxırsan iş gedir. Insanlar doğulub, boya-başa çatdıqları yerin gözəlliyinə çalışırlar. Sözsüz ki, bu işlərin başında hamının özünə ağsaqqal saydığı rayon icra hakimiyyətinin  başçısı Mübariz Əhmədzadə dayanır. Rayon rəhbərini yerində tapmaq o qədər də asan iş deyil. Bütün bu işlərə birbaşa o, nəzarət edir. Uzun illər müxtəlif vəzifələrdə çalışan Mübariz müəllimlə işləyən mühəndislərin, fəhlələrin söhbətlərinin dəfələrlə şahidi olmuşam. Səmimi deyirəm. Ona qulaq asanlar çaşıb qalıblar. Çünki icra hakimiyyətinin başçısı onların nöqsanlarını elə dəqiqliklə üzlərinə vurub ki, deməyə söz tapmayıblar.

Bu gün rayonun girişi başdan-başa yenidən qurulur. “Şimşək” adlanan ərazidə çox böyük işlər görülür. Gecə-gündüz hamı buradadır. Yol genişləndirilir, dekorativ bəzədilmiş hasarlar çəkilir. Baxdıqca baxmaq istəyirsən. Sevinirsən. İstər-İstəməz buranın gələcək vəziyyəti gözümün qarşısına gəlir.  Bəli, çox keçməyəcək Zaqatalanın girişi ən gözəl şəhərlərin giriş qapıları ilə müqayisə olunacaq. Yeni işıq dirəkləri öz nurunu nəinki şəhərə insanların ürəyinə salacaqdır.

Rayonda insanların rahat yaşayışı üçün hər cür şərait yaradılır. Yadıma iyulun üçüncü ongünlüyündə ən ucqar yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Yengiyan  kəndinə təbii qazın verilməsi düşdü. Açılış mərasimində  rayon rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyinin  rəsmiləri, kənd sakinləri  iştirak edirdilər. Orada bildirildi  ki, 319 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 min 291 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 min 208 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırıldı və mənzillərə təbii qazın verilməsinə başlanıldı. Mən həmin tədbirdə bir daha belə qənaətə gəldim ki, bu rayonda “ikinci dərəcəli” məsələ yoxdur.

Mübariz Əhmədzadə səmimi insandır. Onun keçirtdiyi müşavirələrdə çox olmuşam. Fikir vermişəm, həmişə konkret danışıb. Səbəbini soruşmuşam: “Bu dünyada sözdən qiymətli heç nə yoxdur deyib,- onu hörmətdən salmaq olmaz”. O ki qaldı görülən işlərə, bu məsələdə Mübariz Əhmədzadənin fikri başqadır.Başçı bildirdi ki, gündəlik fəaliyyətimizdə  Prezident Administrasiyasının yaxından köməyi, tapşırıq və tövsiyələri əsasında qarşıya qoyulan vəzifələrin icrasına çalışırıq.  Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq  Zaqatalada  da iqtisadiyyatın dinamik inkişafına nail olunub, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib. Bu yerdə rəqəmlər kara gəlir.  Təkcə bu ilin birinci yarısında  80,8 milyon manat ümumi məhsul istehsal edilib ki,  bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Məhsul istehsalı sənayedə 1,8, kənd təsərrüfatında 21.4, rabitədə 9,2, ticarətdə 9,2, pərakəndə əmtəə dövriyyəsi 9,2, pullu xidmətlərin həcmi 2,4  faiz artıb. 540-ı daimi olmaqla 574 yeni iş yeri açılıb. Rayonda sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. İlin ilk altı ayında  büdcəyə vergi və tədiyyələr üzrə 3,7 milyon manat vəsait daxil olub, proqnoz tapşırıqlar 108,8 faiz icra edilib. Gəlirlərin 6,8 faizi dövlət, 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.  Ölkənin hər yerində olduğu kimi, Zaqatalada  da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılır.

Sahibkarklardan söz düşmüşkən, bir məsələni deməsəm, düz olmaz. Mən Zaqatalanın, demək olar ki, əksər iş adamlarını tanıyıram. Onlarla çox görüşmüşəm, haqlarında məqalə yazmışam. Həmişə söhbətlərimizdə rayon rəhbəri dəfələrlə yada salınıb, onun göstərdiyi qayğı dilə gətirilib. Bu da təsadüfi deyil. Çünki hələ altı il bundan əvvəl  o, bu rayona icra hakimiyyətinin başçısı təyin olunanda hamını yığıb və hər kəsə konkret tapşırıq verib: “Heç kəs sahibkarların işinə müdaxilə etməməlidir. Əksinə, hamı onların əlindən tutmalı, qayğıları ilə maraqlanmalı, bacardığı köməyi göstərməlidir.” Son sözü isə sərt olub: “Onlara mane olanlarla mən işləməyəcəyəm.”

Bax bu da həmin sözlərin nəticəsi. 2015-ci ilin ilk  yarımilində kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz artıb, Belə ki, ilin ilk  yarısında  9623 hektar sahədən 25 min 931 ton taxıl, o cümlədən 6114 hektar sahədən 16 min 080 ton buğda, yazlıq əkinlər üzrə 6132 ton  kartof, 2260 ton tərəvəz, 181 ton bostan məhsulu, 16.6 ton tütün, 719 ton meyvə, 16.2 ton yaşıl çay yarpağı istehsal olunub. Kənd təsərrüfatı tədbirlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədilə rayonda bütün imkanlar səfərbər olunaraq 682 ədəd özüyeriyən texnikadan istifadə edilib, “Aqrolizinq” ASC-nin rayon filialında olan 50 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsilə  1270 hektar sahədə aqrotexniki işlər yerinə yetirilib.

Bütün bu uğurların qazanılmasında, əlbəttə, dövlət başçısının xidmətləri əvəzsizdir. Bunu zaqatalalılar yaxşı bilir və qiymətləndirirlər.

Bir məsələni yada salım. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli  sərəncamının icrası olaraq 2015-ci ilin məhsulu üçün becərmə aparmış taxıl istehsalçılarının maddi marağının artırılması məqsədilə  181,6 min manat subsidiya verilib, əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 885,2 min manat yardım hesablanıb,  fermer təsərrüfatlarına güzəştli qaydada 224,6 min manat dəyərində mineral gübrələr satılıb.

Diqqəti görürsünüzmü?! Odur ki, zaqatalalılar özlərini həmişə dövlət başçısının yanında sayırlar.

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır. İlk altı ayda 17 min 500 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 115 min 500 ədəd ağac əkilib. 462.5 hektar  sahəyə xidmət olunub, 40 hektar sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilib. Hazırda Zaqatala meşəsinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6 faiz  təşkil edir. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında”  Prezident sərəncamına əsasən, 2015-ci ildə rayonda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Artıq həmin quyuların yeri mütəxəssislər tərəfindən müəyyənləşdirilir. Torpaq sahəsinin sənədləşmə işləri aparılmaqla Lahıc kəndində 1 ədəd subartezian quyusunun qazılması başa çatdırılıb, Mosul kəndində isə digər quyunun qazılmasına başlanılıb.

Yenə qayıdaq görülən və görüləcək tikinti işlərinə. Rayon rəhbəri ilə söhbətimizdə bu barədə danışılmasa da, bilirdim ki,  bu il Zaqatalada bütün maliyyə mənbələri hesabına 5,5 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb.  İyul ayına qədər  Zaqatala şəhərinin Sülh küçəsində çoxmənzilli yaşayış binalarının həyətində xeyir-şər evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, rayon məhkəməsi üçün yeni inzibati binanın, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, Dövlət Proqramının icrası nəticəsində  Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində inşa  edilən yeni 450 və  Yengiyan kənd 264 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilib. Rayon  ərazisində 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni 3 ədəd 45 mənzilli yaşayış binasının, 150 şagird yerlik tam orta məktəbin, 50 yerlik uşaq bağçasının, klub binasının, tibb məntəqəsinin, ATS binasının və digər qurğuların tikintisinə başlanılıb və ilin sonunadək tikinti-quraşdırma işlərinin tamamlanması nəzərdə tutulur.

Bundan başqa, rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də işlər həmişə diqqətdə olub. Belə ki, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Muğanlı kənd körpələr evi-uşaq bağçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Əliabad qəsəbə 3 saylı körpələr evi-uşaq bağçası təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz olunub, Mamqabinə kənd körpələr evi-uşaq bağçasının təmir işləri davam etdirilir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının binasında son tamamlama və həyətdə abadlıq işləri aparılır. Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir, rayonda ümumi sahəsi 6616 kvadratmetr olan 53  fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

Baxın, bu qəbildən olan işlərin hamısını saysaq, çox böyük bir siyahı alınacaq. Odur ki, həmin faktları sadalamadan bir az da xidmət sahələrində görülmüş işlərə  diqqət verək. Bu sahədə də uğurlar var. Öyrəndik ki, rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində də kifayət qədər  işlər görülüb. Müxtəlif tutumlu 3.64 kilometr  uzunluğundakı hava elektrik verilişi xətləri, 10 ədəd  transformator məntəqəsi əsaslı və cari təmir edilib, 720 ədəd yeni elektrik sayğacı quraşdırılıb, 6.524 kilometr uzunluğunda SİP kabel xətti çəkilib. 123 ədəd istismara yararsız dayaq yeni tipli dayaqla əvəz edilib, 5 ədəd yeni transformator məntəqəsi quraşdırılıb.

Yazımın əvvəlində  Yenigiyan kəndinə təbii qazın verilməsindən danışdıq. Amma iş bununla bitməyib. Rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir. Şəhər ərazisində abonentlərin qaz  təchizatının yaxşılaşdırılması məqsədilə 21 ədəd yeni qaz təmizləyici məntəqə quraşdırılıb, 175 ədəd qaz sayğacı yeni sayğaclarla əvəz olunub. Əliabad qəsəbəsinə və Makov kəndinə təbii qazın verilməsi təmin edilib,  hazırda podratçı təşkilatlar tərəfindən rayonun Mosul, Yengiyan, Aşağı Cardaxlar və Car kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir. 13 qeyri-əhali və 248 yeni əhali abonenti qeydiyyata alınıb, rayon üzrə əhali abonentlərinin sayı 16 min 046-yə və qeyri-əhali abonentlərinin sayı 161-ə çatdirilıb.

Rayonda səhiyyənin inkişafı sahəsində də bir sıra tədbirlər həyata keçiriir.  Rayon Mərkəzi Xəstəxanasının  həkimləri tərəfindən 26 min 064   nəfərə ambulator  qaydada  tibbi  xidmət  göstərilib, 5677 evə gediş olmuş,  xroniki böyrək çatışmazlığı  diaqnozu ilə qeydiyyatda olan  80  nəfərə  Müalicə Diaqnostika  Mərkəzinin  hemodializ şöbəsində mütəmadi olaraq  dializ proseduru aparılıb. Xəstəxana  Azərbaycan  Respublikası  Səhiyyə Nazirliyi  tərəfindən   mərkəzləşmiş  qaydada 239 min 801  manat dəyərində dərman və sarğı materialları  ilə təmin edilib, Prezident İlham Əliyevin tapşırığına  əsasən, rayonda  85 min 478  nəfərin   tibbi profilaktik müayinəsi təşkil olunub. Yəni, rayonun bütün xidmət sahələrində iş günün tələbləri səviyyəsində qurulub.

Hə, əziz oxucular. Gəlib söhbətin sonuna çatdıq. Düz altı il bundan əvvəl Mübariz Əhmədzadə müəllimlərin avqust konfransındakı çıxışının sonunda hamını həm kövrəldən, həm də heyrətləndirən bir söz demişdi: “Mən rayon icra hakimiyətinin başçısı kimi söz verirəm. Kim qəbul imtahanlarında 700 bal toplasa ona maşın hədiyyə ediləcəkdir.”

Bəli, sabah bu gün həmin məqam yetişir. Əliabad 1 saylı tam orta məktəbin şagirdi Asya Manafova 700 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Bu gün rayonda möhtəşəm tədbir keçirilir. Rayon başçısı sözünə əməl edib. Artıq maşın öz sahibini gözləyir. Nəqliyyat vasitəsinin açarı Asya Manafovaya təqdim olunacaq. Təbrik edirik, xeyirli olsun.

Bu da Zaqatala haqqında olan yazımızın sonu. Yadıma Mübariz Əhmədzadə ilə olan son söhbətim düşdü. Rayonun girişinin gözəlliyindən danışan həmkarım söhbət zamanı məni titrədəcək maraqlı, maraqlı olduğu gədər də poetik olan bir ifadə işlətdi:

“Vaxtilə qəzetinizdə ”dərc olunan, bir yazınızda demişdiniz ki, Zaqatalada istənilən sakinin ürəyi  elə Zaqatala kimi genişdir. Burada qəribə nə var ki?.. Deməli, həmin  ürəklərə gedən yollar da geniş olmalıdır.”  Sağ olun!

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında