Abşeron: davamlı inkişafın və sabaha inamın addım səsləri

Abşeron o rayonlardandır ki, haqqında yazı yazanda yeni məlumat sarıdan korluq çəkmirəm. Çünki mütləq hər dəfə yenilik olur, özü də lap sanballısından. Məhz bunun nəticəsidir ki, son on ildə Abşeron rayonunda əhalinin sayı dörd dəfəyə yaxın artıb. O vaxt bu rəqəm yüz mindən bir az artıq idi, indi isə dörd yüz mini çoxdan keçib, yarım milyona yaxınlaşır. Köhnə əyyamların təbirincə desək, çox mətləbləri özündə ehtiva edən bu statistik göstərici cari ilin birinci yarısı da daxil olmaqla son on ildə “həyata vəsiqə qazanmış yeniliklər” inkişaf və tərəqqi barədə məlumat yaratmaq baxımından artıqlaması ilə yetərlidir. Bu göstərici həm də sabaha inamın addım səsləridir, qətiyyətin , qurub-yaratmaq əzminin rəqəmlə ifadəsidir.

Artıq ilin birinci yarısı geridə qalıb. Ölkənin hər bir bölgəsində nəticələr təhlil olunaraq real qiymətini alır və gələcəkdə həyata keçiriləcək tədbirlər bir daha sərf-nəzər edilir. Təbii ki, birincilər sırasında olan Abşeron rayonu da ilk yarımilliyi “özünəyaraşan tərzdə yekunlaşdırıb”, yəni, uğurlarla yola salıb. Bu uğurlar həm də, demək olar ki, bütün sahələrdə qazanılıb. Bu sıraya idman da daxildir. Məlumat üçün deyim ki, respublikamızda keçirilən birinci Avropa Oyunlarında iştirak edən üç abşeronlu idmançıdan ikisi – karateçi Firdovsi Fərzəliyev qızıl, sərbəst güləşçi Hacı Əliyev bürünc medal qazanmışlar. Dövlət başçısı İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Firdovsi Fərzəliyev “Şöhrət” ordeni, Hacı Əliyev isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Bütün zamanların ən aktual məsələlərindən olan yol infrastrukturunun bərpası və inkişafı baxımından da rayonda önəmli işlər görülmüşdür. Bu məqsədlə yaşayış məntəqələrində daxili və kəndarası yollara 42954 kubmetr çınqıl yayılmış, 81981 kvadratmetr sahə asfaltlanmışdır. Mövcud yaşıllıqların qorunub saxlanılması və artırılması bütövlükdə Abşeron rayonu üçün xüsusilə həyati əhəmiyyət daşıyır, desəm, yəqin ki yanılmaram. Çünki Abşeronun relyefinin, təbii şəraitinin bu baxımdan o qədər də əlverişli olmadığı hamıya məlumdur. Və buna görə də burada bir ağac yetişdirməyin savabı bəlkə də minqat artıqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” ictimai birliyinin təsisçisi Leyla Əliyevanın yaşıllaşdırma işinə xüsusi diqqət yetirməsi və bu sahədə bütün ölkəni əhatə edən konkret tədbirləri gerçəkləşdirməsi artıq bu gün ölkəmizdə hamıya gün kimi aydındır. Abşeronlular da böyük həvəslə “IDEA” ictimai birliyinin həyata keçirdiyi birinci “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulmuşlar və bunun nəticəsində ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 24000 ağac və dekorativ kol, 98800 mövsümi gül əkilmişdir.

Elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq baxımından qeyd etmək olar ki, ötən dövr ərzində 11 yeni transformator quraşdırılmış, yanmış 8 transformator bərpa edilmiş, 8-i isə təmir olunmuşdur. Həmçinin 101 dayaq və 18745 metr naqil dəyişdirilmiş, 39,5 min metr SİP kabel çəkilmiş, sayğac quraşdırılması davam etdirilmişdir.

İlin altı ayı ərzində 2283 qaz, 1091 su sayğacı quraşdırılmış, müxtəlif diametrli borularla 7 min metr yeni su, eləcə də 2221 metr kanalizasiya xətti çəkilmiş, 2022 metr korroziyaya uğramış su xətti dəyişdirilmişdir.

Hazırda Xırdalan şəhərində “Azərsu” ASC-nin sifarişi ilə yeni xətlər çəkilir.

2015-ci ilin birinci yarısında dövlət vəsaiti hesabına Xırdalan şəhərində, Aşağı Güzdək qəsəbəsində, “Nübar” yaşayış massivində, Masazır, eləcədə Novxanı kəndlərində 6 qrupluq uşaq bağçası – körpələr evinin tikintisi davam etdirilir.

Eyni zamanda, daxili imkanlar hesabına Xırdalan, Ceyranbatan, Fatmayı, Novxanı və Pirəkəşküldə 4 qrupluq, eləcə də Saray və Mehdiabadda 6 qrupluq, Görədildə isə 4 qrupluq uşaq bağçası – körpələr evi tikilir. Masazır və Məmmədli kəndlərində tikilən 6 qrupluq uşaq bağçaları isə istismara verilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, rayonda aparılan abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində həmişə olduğu kimi, cari ilin altı ayı ərzində də bələdiyyələr fəal iştirak etmişlər.

Dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da fevralın 2-dən 1-18 yaşa qədər uşaq və yeniyetmələr profilaktik tibbi müayinə olunmuşlar. Aprelin 30-na kimi 201325 nəfər tibbi müayinədən keçmiş, 2032 nəfərə ambulator müalicə təyin edilmiş, 864 nəfər stasionar müayinə və müalicəyə götürülmüşdür.

Məqamı gəlmişkən, qeyd edim ki, ölkə rəhbərinin 17 aprel 2012-ci il tarixli sərəncamına əsasən, Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının tikilməsi, Fatmayı kəndində həkim məntəqəsinin istismara verilməsi və “At yalı” yaşayış massivində həkim məntəqəsinin inşa edilməsi Abşeron rayonunda səhiyyənin davamlı inkişafı barədə dolğun təsəvvür yaradır.

Rayonun mədəni-maarif müəssisələri, özfəaliyyət kollektivləri əlamətdar günlərdə, bayramlarda əhali qarşısında rəngarəng çıxışlar təşkil etmişlər. Xüsusilə məktəblilərin qış tətilində Yeni il şənlikləri, Gənclər və Beynəlxalq Qadınlar günləri, Novruz bayramı yaddaqalan tədbirlərlə qeyd olunmuş, 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımı hüzn günlərinə həsr olunmuş ədəbi-bədii kompazisiyalar, mayın 9-da alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə sərgilər, fotostendlər, müharibə veteranları ilə gənclərin görüşü, dəyirmi masalar, konsert proqramları və s. tədbirlər təşkil edilmişdir. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndindəki abidəsinin önündə ictimaiyyətin və rayon rəhbərliyinin iştirakı ilə anım mərasimi və Xırdalan şəhərindəki “Ana” abidəsinin qarşısında təntənəli bayram tədbiri keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar Xırdalan şəhərinin mədəniyyət və istirahət parkında Gül bayramı, 28 May – Respublika Günü, 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş möhtəşəm bayram tədbirləri keçirilmişdir. Tarixən abşeronlular əsasən heyvandarlıqla məşğul olmuşlar. Bu ənənə indinin özündə də uğurla davam etdirilir. Məhz buna görə də heyvandarlıq məhsullarının istehsalında davamlı artım yaşanır. 2015-ci ilin birinci yarısında qaramalın sayı 19950 başa, davarın sayı 105915 başa, quşların sayı isə 886436 başa çatdırılmış, 1171 ton ət, 18668 ton süd, 2822 sentner yun istehsal olunmuş, yumurta istehsalı isə 68,2 min ədədə çatdırılmışdır.

Rayon üzrə heyvandarlığın, zeytun, zəfəran, üzüm və istixana şəraitində tərəvəz istehsalının dəstəklənməsi, eləcə də rayonda yerləşən kənd təsərrüfatının inkişafına xidmət edən maddi-texniki bazanın möhkəmləndirilməsi 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuşdur. Hazırda dövlət və qeyri-dövlət müəssisələrində 141 hektar üzüm, 1590 hektar zeytun, 23,1 hektar zəfəran sahəsi mövcuddur. Cari ilin birinci yarısında 143 hektar istixanalardan 3210 ton məhsul yığılmış, 452 hektar əkin sahəsindən isə 690 ton taxıl toplanmışdır.

Altı ayın yekunlarına dair statistik rəqəmlərə əsasən, istehsal olunmuş sənaye məhsulunun 69,6 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışanların orta aylıq əmək haqqı 440,8 manat olmuşdur. Ötən müddətdə rayonda tikinti işlərinin həcmi 120 milyon 724 min manat olmuşdur.

Rayonda fəaliyyət göstərən MTK-lar tikinti işlərinin həcmini cari ildə də əvvəlki templə davam etdirməyə səy göstərmişlər. Mənzil fondunun qorunub saxlanılması, əsaslı təmiri istiqamətində 2014-cü ildən həyata keçirilən tədbirlər bu ilin ötən dövründə də davam etdirilmişdir. Rayonun tikinti təşkilatlarında 2158 nəfər çalışır ki, onların da orta aylıq əmək haqqı 336,1 manatdır.

2015-ci ilin birinci yarısında əsas kapitala yönəldilmiş investisiya 63 milyon 833 min manat təşkil etmişdir.

İlin birinci yarısında avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 576 min ton yük daşınmış və yükdaşımanın həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxalmışdır. Həmin dövrdə 11 milyon 817 min sərnişin daşınmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Abşeron Poçtamptı altı ay ərzində 161 min 270 manatlıq plan proqnozuna qarşı 206 min manat əməl etmişdir. Teleqramlar, moniqramlar, qəzet və jurnallar, bağlamaların əhaliyə vaxtında çatdırılması təmin olunmuşdur.

Rabitə xidmətini yaxşılaşdırmaq məqsədilə telekommunikasiya qovşağı tərəfindən Xırdalanda (7 ədəd), Novxanıda (4 ədəd), Mehdiabad, Saray, Ceyranbatan və Digah (6 ədəd) ODU EATS qurulmuş, 29250 metr fiber optik, 29000 metr isə TPP tipli kabel çəkilmiş, 183 ağac, 560 dəmir dirəkdən istifadə olunmuşdur.

Həmçinin 350 abunəçilik yeni telefon xətt şəbəkəsi istifadəyə verilmişdir. Hazırda 11510 nəfəri dövlət, 12507 nəfəri isə qeyri-dövlət sektorunda olmaqla, rayon üzrə iqtisadiyyatın bütün sahələrində 24017 nəfər çalışır. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 345,4 manat təşkil edir.

Ötən müddət ərzində işə düzəlmək üçün məşğulluq mərkəzinə müraciət edən 610 nəfərdən 263-ü işlə təmin olunmuş, işsizlik statusu verilmiş 35 nəfərə müavinət təyin edilmişdir.

Cari ilin altı ayında 1673 yeni iş yerinin açılması da Abşeron rayonunda inikşafın davamlı xarakter almasından xəbər verir.

 “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ötən müddətdə ünvanlı sosial yardım təyin edilmiş, 617 ailənin 2429 üzvünə 95 min 463 manat yardım təyin edilmişdir. Rayon üzrə hər ailəyə orta hesabla 154,72 manat sosial yardım təyin edilmiş, adambaşına düşən məbləğ 39,30 manat olmuşdur.

Rayon rəhbərliyi ehtiyacı olanlardan qayğısını əsirgəmir. Məhz bu səbəbdəndir ki, altı ayda rayon icra hakimiyyəti başçısı yanındakı büdcədənkənar inkişaf və bərpa fondundan şəhid ailələrinə, əlil və imkansızlara 54 min manat yardım edilmişdir.

İlin altı ayı ərzində 428 nəfərə pensiya təyin olunmuş, pensiyaçıların sayı 20376 nəfərə çatmış, rayon üzrə orta pensiyanın məbləği 177,51 manat təşkil etmişdir. Bir məqamın üstündən ötüb keçmədən razılıq hissi ilə qeyd etmək lazımdır ki, Abşeron rayonunda məskunlaşmış məcburi köçkünlərin qayğıları da diqqət mərkəzində saxlanılmışdır. Xocalı faciəsi və Kəlbəcərin işğalı ilə əlaqədar həmin rayonlardan olan şəhid ailələri ilə rayon icra hakimiyyətində görüşlər keçirilmiş və onlara maddi yardımlar göstərilmişdir.

Rayonda artıq, necə deyərlər, adət-ənənə halını almış vətəndaşların təklif və şikayətlərinə diqqətlə yanaşılması 2015-ci ilin birinci yarısında da davam etmişdir. Bu müddətdə rayon icra hakimiyyətinə 1396 ərizə, təklif və şikayət daxil olmuşdur. Həmin müraciətləri doğuran səbəblər ətraflı təhlil olunmuş, müvafiq tədbirlər görülmüş, vətəndaşlara vaxtında və konkret cavablar verilmişdir. Yerli icra strukturları da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmışdır. Həmçinin rayon icra hakimiyyəti başçısının altı ay ərzində keçirdiyi qəbullarda 405 nəfərin müraciəti dinlənilmiş, haqlı tələblərin təmin olunması üçün lazımi tədbirlər görülmüşdür.

Son olaraq bir daha xüsusi vurğulamaq istəyirəm ki, hər bir işin mayasında insan amili ən vacib amildir. Bu, Abşeron rayonu üçün də xarakterikdir. Dövlət başçısı İlham Əliyevin “bizim ən müqəddəs vəzifəmiz insanlara xidmət etmək, onların qayğıları ilə maraqlanmaq və həllinə nail olmaqdır” fikri birmənalı şəkildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun fəaliyyət proqramıdır desəm, yanılmaram. Çünki o, bunu çoxdan əməli işi ilə sübuta yetirmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında