Hər dəfə Gəncə haqqında yazmaq istəyəndə, nədənsə, yadıma 2011-ci ilin fevral günləri düşür.Təkcə ona görə yox ki, Elmar Vəliyev məhz o günlərin birində, dəqiq desək, fevralın 18- də ölkə Prezidentinin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu. Yox, məsələ təkcə bununla bitmir. Söhbət o günlərdə şəhərin yeni rəhbərinin ən müxtəlif peşə sahibləri ilə, o cümlədən biz jurnalistlərlə keçirdiyi görüşlərdə Gəncəni qısa vaxt ərzində necə dəyşdirəcəyi ilə bağlı dediyi sözlərdən, fikirlərindən, planlarından gedir. Səmimi deyirəm, Elmar müəllim elə qlobal işlərdən danışırdı ki, onların bəzilərinin qısa vaxt ərzində həyata keçirilməsinə bir qədər şübhə ilə yanaşırdım. Doğrudur, ortada bir Yevlax nümunəsi vardı və bir çox şəhər və rayonların rəhbərləri abadlıq, quruculuq işlərinə başlamaq haqqında hələ fikirləşdikləri vaxtlar Yevlax artıq yolları, parkları, xiyabanları, binaları, maraqlı obyektləri ilə hamının diqqətini özünə çəkmişdi. Bəli, bütün bunlar vardı və qeyd etdiyimiz işlər bilavasitə Elmar Vəliyevin Yevlaxa rəhbərlik etdiyi dövrlərə təsadüf edirdi. Amma fikirləşirdim ki, GəncəYevlax deyil axı, əhalisinin sayı, necə deyərlər, bu gün-sabah 400 min nəfərə çatacaq böyük bir şəhərdir, meqapolisdir.
Belə fikirləşirdim və indi görürəm ki, bir qədər yanılmışam. Özü də şəhəri çıxıb gəzən vaxt bunu daha çox hiss edirəm. O fevral günlərindəki görüşlərdə dəftərçəmə yazdıqlarım qeydlərə dönə- dönə yenidən nəzər salıram və düzü heyranlığımı gizlədə bilmirəm. Elə bir iş qalmayıb ki, deyilsın, lakin həyata keçirilməsin. Əslində, bunlara vəd verilən işlər də demək düzgün deyil. Elə Elmar Vəliyevin özü də vəd verməyi sevmir. Amma artıq hamı bilir ki, deyirsə, bunlar mütləq olacaq. İki- üç il əvvəl söhbətlərimizin birində soruşdum ki, Gəncədə nəzərdə tutulan işlərin hamısını vaxtında başa çatdırmaq mümkün olacaqmı? Sualıma sualla cavab verdi:
– Möhtərəm cənab Prezidentin Gəncəyə belə diqqət və qayğısının müqabilində başqa cür ola bilərmi?
Yeri gəlmişkən qeyd edim ki, Elmar Vəliyev keçirdiyi bütün tədbirlərdə, səyyar görüşlərdə, müşavirələrdə dönə- dönə deyir ki, Gəncə ölkə rəhbərinin xeyir- duası, xüsusi diqqət və qayğısı ilə inkişaf edir, arzu olunan səviyyəyə çatdırılır. Əslində bu, doğrudan da, belədir və gəncəlilər onu addımbaşı hiss edir və görürlər.Təsadüfi deyil ki, ölkə rəhbəri təkcə son 4-5 il ərzində 15 dəfəyə yaxın Gəncə şəhərində olub, onlarla müxtəlif obyektin təməlqoyma mərasimlərində, açılışlarında şəxsən iştirak edib , şəhərin inkişafı üçün müxtəlif vaxtlarda vəsaitlər ayrılması ilə bağlı sərəncamlar imzalayıb, məsləhət və tövsiyələrini verib.
Son illərdə Gəncənin misilsiz inkişafının bütün mərhələləri qəzetimizin səhifələrində işıqlandırılıb. Elə bir sahə yoxdur ki, haqqında söhbət açılmasın. Amma Gəncə haqqında nə qədər yazılsa, yenə azdır. Əvvəla, şəhər elə sürətlə inkişaf edir ki, hər hansı bir yeniliyi bəzən heç operativ şəkildə də çatdırmaq olmur. Xüsusilə şəhərin ictimai- siyasi həyatı o qədər zəngin, rəngarəngdir ki, onların hamısından müntəzəm söz salmaq çətindir. Digər tərəfdən Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, ulu Şeyx Nizaminin uyuduğu torpaqdır. Onun inkişafını hər bir azərbaycanlı arzulayır, buranı abad, firavan görmək istəyir. Nə yaxşı ki, bu şəhərə rəhbərlik edənlər də, onun sakinləri də bu məsuliyyəti dərindən duyur, Gəncənin adına layiq işlər görməyə çalışır, ölkə Prezidentinin onlara göstərdiyi diqqət və qayğını əməli işlərlə doğrultmağa çalışırlar.
2015- ci ilin ötən ayları da şəhərin həyatında uğurludur, sevindiricidir, inkişafın daha bir mərhələsidir.Tanış olaq.
Gəncənin də öz bulvarı olacaq...
Şəhəri iki yerə bölən Gəncəçay əvvəlki çay deyil.Aşıb- coşan, kükrəyən çaydan əsər-əlamət belə qalmayıb. Amma indinin özündə də Gəncəçayın gur gəldiyi vaxtlar olur. Mənbəyini Murovdağdan alan çay Gəncəyə xüsusi gözəllik verir. Doğrudur, baxımsızlıq, nəzarətsizlik ucbatından zaman-zaman çayın həm sağ, həm də sol sahili pis vəziyyətə düşüb. Burada kim istəyib , necə istəyib, tikib. Əslində, bunlara heç tikinti də demək olmur. Çünki zövqsüz, plansız, primitiv tikililər sahilboyu hara gəldi səpələnib. Çayın çirklənməsi də bir tərəfdən.
Təbii ki, vəziyyət bu cür davam edə bilməzdi. Gəncənin sürətli inkişafı fonunda şəhərin ortasında yaranmış səliqəsizlik, antisanitariya aradan qaldırılmalı idi və belə də oldu. Burada tez- tez keçirilən iməciliklərə az qala bütün şəhər qoşulurdu və hiss olunurdu ki, xeyirxah təşəbbüs hamının ürəyindən xəbər verir. Başqa vacib bir məqam Gəncəni daim gözəl və firavan görmək istəyən dövlət başçısının bu işlərə xüsusi diqqət və qayğı göstərməsi idi. Məhz ölkə rəhbərinin müvafiq tapşırığına əsasən, şəhərdə sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə hazırlandı və artıq işlər sürətləndirilib. Hazırda çayın məcrasının yenidən qurulması işləri davam etdirilir. Uzunluğu 2,4 kilometr olacaq bulvarda əhalinin xoş və mənalı istirahəti üçün hər cür şərait yaradılacaqdır. Yeri gəlmişkən qeyd edək ki, milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində açılmış beşmərtəbəli Mətbuat Evi də Gəncəçayın sahilində səfalı bir yerdə yerləşir.
Bəli, gəncəlilərin tezliklə öz bulvarları olacaq. Şəhərə gələn qonaqlar saysız- hesabsız park və xiyabanlar içərisində daha bir möhtəşəm məkanla tanış ola biləcəklər.
Bu il daha bir kompleksin istifadəyə verilməsi şəhər sakinlərini, xüsusilə gəncləri və uşaqları hədsiz sevindirib. Söhbət dövlət başçısının möcüzə adlandırdığı Heydər Əliyev Park- Kompleksində açıq havada, 7 hektardan artıq sahədə “Gəncland” istirahət və əyləncə mərkəzindən gedir. Burada həftənin müxtəlif günlərində uşaqlar üçün tamaşalar oynanılacaq amfiteatr inşa edilmiş, çoxlu attraksionlar quraşdırılmışdır. Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, həmçinin amerikan attraksionu diqqəti cəlb edir.
Tarixiliyini qoruyan, müasirliyə qovuşan şəhər
Siz Nizami prospektini başdan ayağa gəzmisinizmi? Yəqin ki, çoxunuz bu suala “maşınla gəzmişəm” cavabını verəcəksiniz. Əslində, dahi şairin adını daşıyan prospekti piyada getmək, doğrudan da, bir çoxları üçün ağır olar. Çünki şəhərin qərb girişindən başlanan prospekt düz hava limanına dönən yola kimi uzanır. 5- 6 kilometrlik yoldur. Açığını deyim, ən çox sevdiyim, duyğulandığım yollardan biridir. Hətta qəzetimizin ötən nömrələrindən birində “ Gəncə, Nizami prospekti” başlığı altında bütöv bir səhifə yazım çap olunmuşdu. Həmkarlarımdan birinin yarızarafat, yarıciddi dediyi “prospektdən də bir səhifə yazı olar?” sualına “şərq girişində ulu Nizaminin məqbərə kompleksi, qərb girişində ulu öndər Heydər Əliyevin park kompleksi olan prospektdən səhifə yox, kitab yazılmalıdır” cavabım, deyəsən, onun da xoşuna gəlmişdi.
Nizami prospektini gəzmək kifayətdir ki, tarixiliklə müasirliyin sintezini görəsən, duyasan. Gözəl yol, güllü- çiçəkli səkilər, milli ornamentli istinad divarları, bir- birinə bənzəməyən müasir yaşayış binaları, inzibati binalar, müxtəlif, ticarət, məişət obyektləri, digər sosial tikililər zövq oxşayır. Hərdən Gəncə haqqında söz düşəndə etiraf edirlər ki, son 4- 5 il ərzində Gəncədə heç bir iş görülməsəydi belə, tək Nizami prospektinin bugünü kifayət edərdi ki, deyək qədim şəhər necə sürətlə inkişaf edir. Amma belə prospektlər, küçələr, dalanlar, yollar şəhərdə bir deyil, beş deyil, onlarla, bəlkə də yüzlərlədir.
Haqqında söhbət açdığımız prospektin mərkəzi univermaq deyilən ərazisindən ta olimpiya kompleksinə kimi bir məsafədə yol birtərəfli idi. Çünki yol o qədər darısqal idi ki, iki maşın yanaşı dayana bilməzdi. Darısqallıq bir yana, primitiv, eybəcər tikililər dəhşətli bir mənzərə yaratmışdı. Hətta səkilər də tutulmuşdu. Bir və ikimərtəbəli yaşayış binaları hərəsi bir kökdə idi. Yadımdadır, o zaman bu prospektin yenidən qurulmasına start veriləndə şəhərin icra strukturları necə böyük çətinliklərlə qarşılaşdılar, əziyyət çəkdilər, sakinlərlə, necə deyərlər, üz- göz oldular. Amma...
O gün Şəmkirdən xidməti ezamiyyətdən qayıdırdım və prospektin qeyd etdiyim ərazisinə daxil oldum. İki tərəfli gözəl asfalt yola, Gəncə üçün xarektrik olan qırmızı kərpicdən hörülmüş və ya fasadları düzəldilmiş bir və ikimərtəbəli yaşayış binalarına, ticarət, məişət obyektlərinə, başqa tikililərə baxdıqca baxmaq istəyirsən. Səkilərə, divarlara, dam örtüklərinə kimi gözəldir, orijinaldır, təkrarolunmazdır. Hiss edirsən ki, qədim, özünəməxsusluğu ilə seçilən bir şəhərə daxil olursan. Gecədən xeyli keçməsinə baxmayaraq, qoca, cavan, uşaq öz evlərinin qarşısında stol qoyub əyləşib, ətrafı seyr edir, söhbətləşir. Adamlar razılıq edir, vaxtilə şikayət göndərdikləri orqanlara indi minnətdarlıq dolu məktublar yazırlar. Biz bu barədə bir qədər aşağıda söhbət açacağıq. Hələlik isə mövzunun davamı olaraq qeyd edək ki, Gəncədə müasirliklə qədimiliyin qorunması şəhərə xüsusi görkəm verir və bura gələn qonaqların diqqətini cəlb edir.
Bu faydalı iş üsulu yenə davam etdirilir. Hətta tikilən hər yeni obyekt nə qədər müasir olsa belə ona milli çalarlar əlavə olunur, qədimilik unudulmur. Hazirda Gəncə Dövlət Filarmoniyasının yeni binasının tikintisində son işlər görülür və onun bu il istifadəsi nəzərdə tutulur. Bilirsiniz necə gözəl bir mədəniyyət obyekti yaranır?! Bu il istifadəsi nəzərdə tutulan , dövlət tarix- mədəniyyət qoruğu ərazisində yerləşən, orta əsr qədim memarlıq incilərindən olan l İmamzadə” Kompleksində də təmir- tikinti, bərpa və abadlıq- quruculuq işləri sürətləndirilmişdir.
Keçən il istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi Muzeyi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi mədəni turizmin inkişafına, gənclərin vətənpərvərlik tərbiyəsinə, onların asudə vaxtlarının mənalı təşkilinə xidmət edir. Bu ilin ötən aylarında şəhərdə fəaliyyət göstərən bu mərkəz və muzeylərə gələnlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,4 faiz artmışdır.
Hər gün yenilənən infrastruktur
Gəncənin infrastrukturu hər gün, hər saat yenilənir, müasir şəhərsalma tələblərinə uyğun qurulur desək, yanılmarıq. Əslində, ağır bir işdir. Nəqliyyatı, gediş- gəlişi çox olan böyük bir şəhərdə su, kanalizasiya xətlərinin tamamilə yenidən çəkilməsi, qazılan sahələrin asfaltlaşdırılması, digər işlərin görülməsi asan məsələ deyil. Amma şəhərin müvafiq strukturları əlaqədar təşkilatların köməyi ilə bu işin də öhdəsindən bacarıqla gəlirlər. Qarşıya belə bir məqsəd qoyulub: Gəncə sakini heç nədən korluq çəkməməlidir. Onun suyu da, aldığı təbii qazı da, elekrik enerjisi də daimi və dayanaqlı olmalıdır. Bu ilin ötən ayları göstərir ki, bu vəzifə tezliklə, özü də uğurla başa çatdırılacaqdır. Artıq “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması istiqamətində şəhərin ərazisində 50 min metrdən çox su xətti quraşdırılmış, 51 min metrdən artıq kanalizasiya kollektoru, o cümlədən 3 minə yaxın baxış quyusu inşa edilmiş və bu işlər davam etdirilməkdədir.
Gəncə sakinlərinin səbirsizliklə gözlədikləri uzunluğu 24, 2 kilometr olan Göygöl- Gəncə magistral su xəttinin və uzunluğu 27 kilometr olan Şəmkir- Gəncə magistral su borusunun çəkilişi başa çatdırılmışdır. Şəhərdə əhalinin içməli su ilə fasiləsiz təminatı üçün bütün zəruri tədbirlər görülür.
“Azərişıq”ın Gəncə Regional Şöbəsi rəhbərinin avqustun əvvəllərində şəhər fəallarının ilin birinci yarısının yekunlarına həsr olunmuş yığıncağında söylədikləri bir daha göstərir ki, Gəncədə elektrik təchizatı tezliklə ən müasir bir səviyyəyə çatdırılacaqdır.
Digər infrastruktur layihələri də icra olunmaqdadır. Şəhərin ən ucqar küçələrinin və döngələrinin asfaltlaşdırılması, digər kommunal layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilib.
Şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı ilin əvvəlindən başlayaraq yolların genişləndirilməsi işləri davam etdirilmişdir. Uzunluğu 19, 2 kilometr olan Zazalı- “İmamzadə” kompleksi – Gəncə avtomobil yolunun tikintisinə başlanılmış, şəhərlə kompleksi birləşdirən yol genişləndirilmiş, yeni asfalt örtüyü salınmış, yol kənarlarındakı divarlar dekorativ kərpiclə üzlənmiş və işlər davam etdirilir.
İnzibati binaların, çoxmərtəbəli yaşayış binalarının sayı durmadan artır.Yaxın vaxtlarda şəhər prokurorluğunun dördmərtəbəli yeni inzibati binası istifadəyə veriləcəkdir. Gəncə Dövlət Dram Teatrı binasının, ümumi sahəsi 5586 kvadratmetr olan 7 mərtəbəli Biznes Mərkəzinin tikintisi davam etdirilir. İctimai-Mədəni tibb mərkəzi, “Bazar Store” MMC, Nizami prospektində müasir ticarət mərkəzi, maşın bazarı və digər tikililər də şəhərə xüsusi görkəm gətirəcək.
Şəhərdə Almaniya hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Gəncənin tam ərazisini əhatə edən kadastr işləri, həmçinin şəhərin daşınmaz əmlakının mükəmməl elektron kadastr məlumat bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Ərizələrin çox cüzi hissəsi şikayət xarakterlidir
Əslində şikayət o zaman yaranır ki, adamların müraciətlərinə etinasız yanaşılır, onların haqlı tələbləri qulaqardına vurulur, kobudluq göstərilir və sair. Lakin sirr deyil ki, məqsədli şikayətlər, əsassız tələblər, böhtan xarakterli müraciət edənlər və öz çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif mənasız qəzetlərə, saytlara “xəbər” göndərənlər də olur. Bir də ki, yaxşı işi gözü götürməyib yazanlar və ya yazdıranlar var. Özü də Gəncədə mühüm hadisələr baş verən ərəfədə, yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilən günlərdə, bir- birindən gözəl obyektlərin açılışı vaxtı bu iyrənc “fəallıq” başlanır. Adi bir faktı qeyd etmək istəyirəm. Keçən ilin oktyabrın 18- də ölkə Prezidenti Gəncəyə səfərə gəldi, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ilə birlikdə bir sıra mühüm obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak etdi, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Amma bir gün qabaq bir sıra üzdəniraq mətbu orqanları, şəhər rəhbərliyinin fəaliyyəti haqqında şər- böhtan dolu , yəni məqsədli cızma- qaralar dərc etdilər. Amma bütün bunlar əbəs idi. Çünki Gəncə də, onun rəhbərliyinin fəaliyyəti də göz qabagında idi. Elmar Vəliyevin ara- sıra dediyi bir atalar sözü var: Görünən dağa nə bələdçi? Elə qəzetimizin məhz 18 oktyabr tarixli nömrəsində dərc etdiyimiz “Gəncəyə bax, sonra yaz” replikası da bu fikri tamamlayırdı.
Gəncədə artıq kimin kim olduğunu hamı bilir. Bir də ki, icra orqanları əhali ilə sıx münasibət saxlayır. Şəhərdə adamların sosial problemləri həll olunur, onlar öz dərd- sərlərini birbaşa icra hakimiyyətinin başçısı ilə sərbəst şəkildə bölüşə bilirlər. Qəbullara, səyyar görüşlərə gələnlər və razı qalanlar yüzlərlə, minlərlədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı üç dəfə azalıb. Bir fikir verin, bu ilin 6 ayında vətəndaşlardan daxil olan 2383 müraciətin yalnız 4, 6 faizi şikayət xarakterlidir. Rəhbər orqanlardan icra hakimiyyətinə daxil olan şikayətlərin sayı təxminən iki dəfə azalmışdır.
...Gəncə indi bütün sahələrdə nümunə göstərir. Elə onu son illər daha da məşhurlaşdıran da məhz bu keyfiyyətləridir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.