Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında regionların, Bakı və şəhərətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi reallaşdırılıb. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Bütövlükdə, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər bunu deməyə əsas verir ki, Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən beynəlxalq birliyə uğurla inteqrasiya edir.
Bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir. Qeyd etmək lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır: elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması, insanların firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl onu vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapacaq, həm də onların da tranzit imkanları artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizin yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən bu işləri yüksək qiymətləndirib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Prezident İlham Əliyev beynəlxalq miqyaslı İpək yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Qeyd edək ki, indiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16-cı kilometrlik hissəsi asfalt-beton, 16-134-cü kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması həyata keçirilir. Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaltmağa imkan verəcək.
Azərbaycanın təşəbbüsü, güclü siyasi iradəsi və böyük maliyyə dəstəyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Yeni dəmir yolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunu nəqliyyatın inkişafında yeni mərhələ kimi səciyyələndirib: “Həmin xətt, öz növbəsində, multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir”.
Qeyd edək ki, indiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub. Son 12 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3 mindən çox müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan artıq olan 30-dan çox asfalt-beton zavodu işə salınıb. Yaradılan belə güclü maddi-texniki baza yol inşaatçılarına müxtəlif layihələri nəzərdə tutulan vaxtda yüksək keyfiyyətlə tamamlamağa imkan verir.
Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin böyük bir qismi paytaxt Bakıda və ətraf qəsəbələrdə həyata keçirilir. Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Bu layihələrin icrası nəticəsində son illərdə paytaxtda 60-dan artıq yol ötürücüsü və tunel tikilərək istifadəyə verilib. Bundan əlavə, Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sürücülərlə yanaşı, piyadaların da rahatlığını təmin edib. Belə ki, son illərdə paytaxtda 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yerüstü və yeraltı piyada keçidi tikilib. Prezident İlham Əliyev yeni mərhələdə respublikada bütün kənd yollarının asfaltlaşdırılmasını qarşıya vəzifə qoyub. Təsadüfi deyil ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. O cümlədən, cari ilin birinci yarısında Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının yüksək səviyyədə tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın çəkilməsi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi də davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə kənd yollarının yenidən qurulmasının əhəmiyyətini bir daha diqqətə çatdırıb: “...Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən, kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var”. Yeri gəlmişkən qeyd edək ki, indiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi həyata keçirilib. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub. Yolun istifadəyə verilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin kəndlərin inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometrdən çoxdur, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Respublikada regionların inkişafına hesablanmış dövlət proqramlarının həyata keçirilməsi, siyasi, iqtisadi, sosial sahədə qazanılan uğurlar əhalinin rifah halının yüksəlməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycanı xoşbəxt gələcəyə aparır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.