Qax reallıqları: gəlin, görün...

Hərdən  bəzi dostlardan və hətta həmkarlarımızdan da eşidirəm  ki, guya Qaxda ilin cəmi üç-dörd ayı gözəl, qonaq-qaralı olur.  Kiminsə bu məntiqə inanması mənə qəribə gəlir. Məgər Novruz qabağı yamacların güney tərəfində bəstə boylu, boynubükük bənövşənin  məsum duruşu, bir ay sonra bahar küləyinin dirijorluğu ilə  bütün ağacların ifa etdiyi çiçək simfoniyası, yayın çal-çağırı, qonaq-qarası, payızın toyları, almanın, armudun, xurmanın yetişmək növbəsini səbrsizliklə gözləməsi, bu növbədə ən sonuncu dayanan əzgil və yemişanın ağaclarda üşüyə-üşüyə nazlanması, qışın ilk qarının sevinci, ağ yorğana bürünmüş meşələrin, yamacların nağılı, sonra yenə də insanların ürəyində, ağacların budağında tumurcuqlanan bahar istəyi.

Bir sözlə, ilboyu şahidi olduğumuz Qax həqiqətlərinin hər saatı, hər anı gözəl deyilmi? Gözəldir, vallah, gözəldir. Sadəcə, Allahın  bu diyara bəxş etdiyi təbiətə, dağa, dərəyə, suya, işığa, gülə, yarpağa, lap elə, insanların özlərinə də azca insafla nəzər salmaq kifayətdir ki, gözəlliyə əhsən deyəsən...

Yadımdadır. İyulun 14-də ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə tədbir keçirilirdi. Tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri düzəndən sonra Yeni  Azərbaycan Partiyası (YAP) rayon təşkilatının  binasında hamının maraqla izlədiyi bir konfrans keçirildi. 1969-cu il iyul ayının 14-dən başlayan inkişaf dövrümüzün  görkəmli siyasi xadiminin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da sürətlənməsindən tutmuş, müstəqilliyimizin dönməzliyinin  və əbədiliyinin təmin edilməsinə qədər çox məqamlardan danışıldı.  Mənim üçün daha yaddaqalan məqam isə həmin tədbirdən sonra YAP rayon təşkilatının sədri Nizami Əhmədovla yenidən görüşüb söhbət etmək imkanımın yaranması idi. Nizami müəllim sözün həqiqi mənasında yurdsevər, vətənsevər, əməksevər, ən başlıcası isə söhbətsevər bir insandır. İstənilən adamla, istənilən mövzuda elə danışır ki, həmsöhbətin o tərəfdə yağı daşsa da, ayrılıb gedə bilmir.

Həmin gün o, həvəslə danışdı. Dedi ki, Qax təbiətinin gözəlliyi və rayonun tarixi abidələri ölkənin bütün görkəmli şəxsiyyətlərini, yaradıcı ziyalılarını və tanınmış adamlarını daim cəlb edib: “Biz  Qaxda kimləri görməmişik? Kimlər Qax haqqında ürək sözlərini deməyib? Bakı ilə yanaşı, ölkəmizin əksər şəhər və rayonlarından, eləcə də, xaricdən gələn elə bir qonaq ola bilməz ki, bizim rayondan yarımçıq təəssüratla qayıtmış olsun. Bu, mümkün deyil. Ancaq Qaxın ən mötəbər qonağı hörmətli Prezidentimiz İlham Əliyev olub. Cənab Prezidentin  ötən ilin aprel ayında Qax Olimpiya Mərkəzinin açılışındakı  çıxışını dinləyənlər arasında mən də var idim. Dövlət başçımız dedi ki,  burada bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Hətta Prezident dedi  ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Prezident əmin olduğunu söylədi ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir. Dövlət başçımızın həmin fikirləri Qax idmançılarının üzərinə böyük vəzifələr qoyurdu. Mən öyrənmişəm, doğrudan da rayonumuzun idmançıları həmişə, xüsusən də, son illər öz sahələrində böyük uğurlara çatıblar. Düz edirlər. Göstərilən etimad doğruldulmalıdır. Ancaq həmin etimadı sənə sıravi bir adam deyil, bilavasitə dövlət başçısı göstərirsə, onda məsuliyyətin ikiqat artır”.

Nizami Əhmədovun həmin söhbətindən sonra bu ilin mart ayında qəzetimizdə oxuduğum bir məlumat yadıma düşdü.  Həmsöhbətimin təbirincə desək, “məsuliyyəti ikiqat artan” Qax idmançılarından biri – Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Dilarə Əhmədova  yazda respublikanın Əməkdar məşqçisi adına layiq görülüb. Dilarə müəllimə  32 ildir ki, idman sahəsində fəaliyyət göstərir. İdmanın atletika növündə xeyli uğurlar əldə edib. 2007-ci ildən isə Qaxda qızlar arasında futbolun əsasını qoyub. Hazırda da bu futbol komandasının məşqçisidir. Onun yetişdirdiyi 4 futbolçu Azərbaycanın qızlardan ibarət milli komandasında çıxış edir. Həmçinin, Dilarə Əhmədova Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında   3 yaş qrupunda məşqçi kimi fəaliyyət göstərir. Görürsünüzmü, dövlət başçımızın Qax Olimpiya Mərkəzinin açılışında dediyi fikirlər qaxlı idmançılar tərəfindən artıq reallığa çevrilir.

İki-üç həftənin söhbətidir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və “ENPI East FLEG” II Proqramının birgə təşəbbüsü ilə rayonun İlisu istirahət mərkəzində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə gənc meşəçilərin beynəlxalq yay düşərgəsi  təşkil olunmuşdu. Tədbirin əsas məqsədi “ENPI East FLEG” II Proqramının iştirakçısı olan Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın gənc meşəçiləri arasında beynəlxalq əlaqələrin inkişafı, meşə ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində təcrübə mübadiləsinin aparılması, gənclərin birgə səylərinin artırılması idi. Qaxa toplaşmış müxtəlif ölkələrdən olan gənc meşəçilər meşə ehtiyatlarının qorunması və artırılması sahəsində beynəlxalq təcrübəni əks etdirən təqdimatlarla çıxış edirdilər. Bu sahədə əməkdaşlığın inkişafı və birgə təşəbbüslərə dair təkliflər müzakirə olunurdu.

Bilavasitə rayon icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə gənc meşəçilər üçün Zaqatala Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinə, İlisu Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil edilmiş, məktəblilər rayonun qədim tarixi-mədəni abidələri ilə tanış olmuşdular. O zaman mətbuat yazırdı ki, regionun zəngin təbiəti və meşələrin bioloji müxtəlifliyi haqqında məlumat alan gənc meşəçilər Qum və İlisu kəndlərinin ətrafında ekoloji və geobotaniki tədqiqat üsulları vasitəsilə meşə ekosisteminin vəziyyətini dəyərləndiriblər. Beynəlxalq düşərgənin iştirakçıları “Meşənin nemətləri və ənənəvi qidalanma” adlı ekoloji tədbirdə təmsil etdikləri ölkələrin meşə məhsullarından hazırlanmış qida məhsullarını təqdim ediblər. Milli geyimdə olan məktəblilər ölkələrinin musiqi mədəniyyəti haqqında danışıblar. Alim və mütəxəssislərlə maraqlı görüşlər, şən müsabiqələr və ekoloji oyunlar yay istirahətinin mənalı keçməsinə şərait yaradıb və beynəlxalq düşərgənin yekun tədbirində bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim olunub.

Bu faktı Qaxı öz varlığı qədər sevmiş mərhum dostum Fərman Əhmədzadənin xatirəsini anmaq üçün  yada salıram. Fərman müəllim həmişə sevinclə danışırdı. Deyirdi ki, gün gələcək, Qax ölkəmizin elm və mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Diqqətlə fikir verin. Onun arzusu, daha doğrusu, proqnozu az qala hər addımda reallaşır.

Qaxın hərtərəfli inkişafı barədə fikirləri rayonun hər yerində, demək olar ki, bütün sakinlərdən və qonaqların hamısından eşitdim. Ancaq ən müfəssəl məlumatları rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevdən öyrənmək daha doğru olardı. Musa müəllim dedi ki, Qaxın sosial-iqtisadi inkişafı haqqında tam təəssürat yaratmaq üçün təkcə bu ilin birinci yarısında qazanılmış nailiyyətləri yada salmaq kifayətdir. Məsələn, rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən, qeyd edilən müddətdə rayon üzrə məhsulun ümumi buraxılışı 40 milyon 403 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 618 min manat çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 3 milyon 96 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 390 min manat çox, kənd təsərrüfatı məhsulu istehsalı 17 milyon 45 min manat və ya 2 milyon 882 min manat çox, nəqliyyatda 1 milyon 3 min manat və ya 32 min manat çox, rabitədə 464 min manat və ya 73 min manat çox, ticarətdə 16 milyon 193 min manat və ya 1 milyon 449 min manat çox olub. Əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 250 min manat artıb.

Rayon rəhbəri qeyd etdi  ki, respublikamızda kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə ölkə Prezidentinin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə bu il “Kənd təsərrüfatı ili” elan edilib. Həmin amili nəzərə alan qaxlılar ilin 6 ayı ərzində rayonda bitkiçilik və heyvandarlıq sahəsinin dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini  davam etdiriblər. Ötən müddət ərzində 1816 hektar sahədə yonca, 273 hektar sahədə tərəvəz, 296 hektar sahədə vələmir, 195 hektar sahədə bostan, 290 hektar sahədə kartof, 1956 hektar sahədə qarğıdalı, 298 hektar sahədə tütün əkini aparılıb. Aqroservis filialı tərəfindən məhsul istehsalçılarına güzəştli şərtlərlə 370 ton azot gübrəsinin satışı təmin olunub, 6 ay ərzində müəssisənin texnikaları vasitəsi ilə 250 hektar sahədə şum, 1800 hektar sahədə payızlıq taxılların biçini aparılıb.

Qeyd edək ki, digər rayonlarda olduğu kimi, Qaxda da taxılçılıqda kifayət qədər uğurlar qazanılıb. 2015-ci ilin məhsulu üçün əkilən 10 min 867 hektar payızlıq taxıl, o cümlədən,  6064 hektar buğda, 4803 hektar arpa sahələrində biçin başa çatdırılıb, 28 min 534 ton payızlıq dənlilər istehsal olunub. Cari təsərrüfat ilində aqrotexniki tədbirlərin aparılmasına daha ciddi yanaşıldığından payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil edib. Hər hektardan 26 sentner buğda, 26,7 sentner arpa məhsulu götürülüb ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 10 sentner və 15,5 sentner olmaqla yüksək göstəricidir. Rəqəmlərdən göründüyü kimi, taxıl istehsalında bu il əlverişli il olub. Buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına 654 nəfərə 210 min manat yardımın verilməsi təmin olunub, yazlıq bitkilərin əkini və payızlıqların biçini ilə əlaqədar 2103 nəfər istehsalçıya 703 min manat yardım verilməsi ilə bağlı sənədlər Respublika Komissiyasına təqdim edilib.

Rayon icra hakimiyyətinin başçısı Qaxda reallaşdırılan tikinti-quruculuq işləri barədə danışarkən qeyd etdi ki, Cəlayir kəndində həkim-tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, 500 metr uzunluğunda yerli əhəmiyyətli Qarabaldır kəndinə giriş yolu əsaslı təmir olunub. Şəhərdə tikilməkdə olan hər biri 100 yerlik 2 körpələr evi—uşaq bağçası var. Onlardan birində — 28 May küçəsində yerləşən bağçada hazırda son tamamlama işləri aparılır, İsmayıl Dağıstanlı küçəsində yerləşən bağçanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin və Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə inzibati binalarının tikintisi, Qax şəhərində və Əmbərçay kəndində Qarabağ Müharibəsi əlillərinə 2 ədəd fərdi yaşayış evinin tikintisi davam etdirilir. Altı ayda rayonda 63 ədəd fərdi yaşayış evi və 8 ədəd sahibkarlıq obyekti olmaqla ümumilikdə 71 fərdi tikinti aparılıb.

Ötən yazılarımızdan birində qeyd etmişdik ki, Qaxda əsas inkişaf edən sahələrdən biri də təhsil sektorudur. Rayon təhsil şöbəsi  cari ilin 6 ayı ərzində  də təhsilin inkişaf etdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirib. Belə ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında IX siniflər üzrə 661 nəfər, XI siniflər üzrə 506 nəfər şagird iştirak edib. Onlardan  93,9 faizi  müvəffəqiyyət qazanıb. Azərbaycan Respublikasında Təhsilin İnkişaf Konsepsiyasına uyğun olaraq  xüsusi istedadlı şagirdlərin formalaşması və aşkarlanmasına uyğun fənn olimpiadalarının respublika turunda rayonu 4  şagird təmsil edib, onlardan bir nəfəri ikinci yeri tutaraq gümüş medala layiq görülüb. Son illərdə  rayon məktəblərinin respublika, o cümlədən, beynəlxalq yarış və müsabiqələrdə iştirakı ənənə şəklini alır.

Qaxlılar ölkənin mədəni həyatında da daim fəal iştirak edirlər. Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən “Novruz” şənliklərində, eləcə də Şəki şəhərində keçirilən “Şirniyyat” festivalında iştirak edib. Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 23 yanvar 2015-ci il tarixli 31 nömrəli əmrinə əsasən  Qax rayonu “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib, həmçinin, aprel ayında keçirilən “Azərbaycanın mədəni irsinin mühafizəsi, abidələrinin bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyasında rayon “Milli irs-2015” mükafatına layiq görülüb. Rayonun “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı hazırlanıb, Qum kəndində “Tut bayramı”, İlisu kəndində isə “Qax mətbəxi-İlisu yeməkləri” adlı tədbir keçirilib.

Əhaliyə göstərilən xidmətin səviyyəsi də daim yaxşılaşdırılır. Rayon ərazisində qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilib və 37 ədəd qaz sayğacı yenisi ilə əvəzlənib.  140 mənzilə qaz çəkilişi aparılıb, rayon üzrə 15 min 554 ev təsərrüfatından 7613 təsərrüfat təbii qazdan istifadə edib. Şotavar kəndinə yeni qaz xəttinin çəkilişi başa çatdırılıb. Hazırda rayonun İlisu, Qıpçaq, İngiloy-Kötüklü, Uzuntala, Qaratala və Qaysarlı kəndlərində qaz xəttinin çəkilişi aparılır. Digər xidmət sahəsi olan elektrik enerjisinin verilməsində də kifayət qədər yeniliklər var. Rayon Elektrik Şəbəkəsi tərəfindən  1 ədəd yeni transformator yarımstansiyası quraşdırılaraq istismara verilib, 39 ədəd transformator yarımstansiyası isə əsaslı təmir olunub. “İlisu” yarımstansiyasının tikintisi məqsədi ilə 0,25 hektar torpaq sahəsi ayrılıb. Hazırda müvafiq sənədləşmə işləri aparılır.  Şəbəkə tərəfindən daha 7 ədəd yeni transformator yarımstansiyası gətirilib və yaxın zamanlarda quraşdırılaraq istismara veriləcəkdir.

... Rayon qəzetinin baş redaktoru Novruz Şabanovla söhbətimizdə Qaxın taxta qapılarından tutmuş tarixi abidələrinə, təbiətin gözəlliyindən tutmuş mətbəxinin ləzizliyinə, İçəri bazarın bilinməz  tarixindən insanların qeyri-adi xarakterlərinə qədər çox şeydən danışdıq. Sonra həmsöhbətim gülümsünərək “Növbəti yazılardan birinin adını dünyanın bütün xarakterlərini yaşadan  qaxlılar” qoyarsınız"-dedi. Əvvəlcə bu eyhamın nəyə işarə olduğunu bilməsəm də, dərhal yadıma düşdü. Düz iki il əvvəl, avqustun bu günlərində bu rayondan hazırladığım materialın adı belə idi: “Qax: dünyanın bütün rənglərini yaşadan diyar”. Həmkarım haqlı idi. Həqiqətən burada dünyanın ən yaxşı insan xarakterlərinin hamısına rast gəlmək mümkündür. Bunun üçün isə sadəcə Qaxa gəlib onlarla təmasda olmaq kifayətdir...

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında