Dövlətimizin başçısı İlham Əliyevin avqustun 11-də Cəlilabada növbəti səfəri, görülən işləri bəyənməsi rayonda hamını sevindirib, hər kəsi ruhlandırıb. Cəlilabad sanki qələbə sevinci yaşayır. Adamlar gözəl bayram ovqatına bələniblər. Parklar, meydan və xiyabanlar da sanki təbəssüm saçır. Dövlətimizin get-gedə qüdrətlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması bu rayonun da timsalında aşkar görünür.
Azərbaycan Prezidenti gün ərzində Heydər Əliyev Mərkəzinin, yeni uşaq bağçasının, “Avanqard” MMC-nin taxılçılıq təsərrüfatının, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun, Göytəpə şəhərində park-bulvarın açılışlarında iştirak edib. Cənab İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşü də son dərəcə yüksək əhval-ruhiyyə yaradıb.
Heydər Əliyev Mərkəzi Cəlilabadın daha bir möhtəşəm memarlıq abidəsi sayılır. Orijinal üslubda inşa edilib və rayonun görkəminə əlavə çalarlar qatır. Mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Son aylarda obyekt əsl inşaat meydanına çevrilmişdi. Rayon rəhbərliyi, zəhməti keçən hər kəs əlindən gələni edirdi ki, Mərkəzin inşası vaxtında və tələb olunan səviyyədə başa çatsın. Bura mənim də icra hakimiyyətinin başçısı Əziz Əzizovla və rayonun digər rəsmiləri ilə görüşümə dəfələrlə ünvan olub. İsti havaya, ətrafa yayılan toz-dumana baxmayaraq, əksəriyyət tikinti-abadlaşdırma işlərinə öz töhfəsini verməyə can atıb.
Artıq bu Mərkəz bütün əzəməti ilə gözlər önündə canlanır, qürur yaradır. Burada muzey, sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompüter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalçaçılıq və tikiş dərnəkləri, internet kafe də fəaliyyət göstərəcək.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Heydər Əliyev Seyrəngahına gələrək burada görülmüş yenidənqurma işləri ilə tanış olub və seyrəngahda istirahət edən rayon sakinləri ilə görüşüb. Səmimi söhbət zamanı dövlətimizin başçısı vurğulayıb ki, Cəlilabadda çox gözəl əhval-ruhiyyə var. Rayon inkişaf edir, insanlar rahat yaşayır. Sosial obyektlər tikilir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan irəli gedir. Ölkəmizdə təhlükəsizlik, inkişaf, rahatlıq, ədalət var, sosial məsələlər həll olunur, insanların üzü gülür.
Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışını da Prezident İlham Əliyev reallaşdırıb. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub. Foyedə ümummilli liderin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, həmçinin dövlətimizin başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara qayğısını əks etdirən fotoguşələr var. Ümumi sahəsi 1500 kvadratmetr olan məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilib. Qrup otaqları balacaların zövqünə uyğun yaradılıb. Yeməkxana, yataq və oyun otaqları göz oxşayır. Bağçanın ərazisində yaşıllıq zolağı salınıb, müasir tipli əyləncə attraksionları quraşdırılıb, oyun meydançası yaradılıb.
Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün səylər göstərir. Bu baxımdan Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da xüsusi əhəmiyyət daşıyır.
Cəlilabada səfəri zamanı rayondakı “Avanqard” MMC-nin taxılçılıq təsərrüfatı ilə tanış olan dövlətimizin başçısına iri fermer təsərrüfatları barədə məlumat verilib. Bildirilib ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezidentin tapşırığına uyğun olaraq, Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlət başçısının tapşırığı ilə hazırda Cəlilabad da daxil olmaqla 12 rayonda 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib.
Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı da səfər zamanı rayonun tarixinə yazılan silinməz səhifələrdən olub. Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə aparılıb. Yolun istifadəyə verilməsi ümumilikdə 23 min sakinin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin kəndlərin inkişafında da mühüm rol oynayır.
Yolun inşası üçün dövlət başçısının 2013-cü ildə imzaladığı sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə Prezidentin ötən il imzaladığı sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib.
Azərbaycan Prezidenti orada sakinlərlə görüşündə deyib ki, bu, Cəlilabada yeddinci səfəridir və yenidən Cəlilabadda olmağına çox şaddır: “Xatırlayıram ki, keçən dəfə burada olarkən Mərkəzi Rayon Xəstəxanasının açılışını etmişdik. Ondan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin, Olimpiya İdman Mərkəzinin, Gənclər Evinin, şahmat məktəbinin, yolların açılışında iştirak etmişəm, digər obyektlərdə olmuşam.
Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var. Belə olan halda, əlbəttə ki, kənd yollarının tikintisi bəlkə də ən vacib məsələdir və bu gün açılan yol Cəlilabad rayonunda icra edilən dördüncü kənd yolu layihəsidir. Bu günə qədər üç layihə icra edilmişdir. Artıq 60-a yaxın yaşayış məntəqəsinə kənd yolları çəkilib və işlər yüksək səviyyədə icra edilmişdir. Bu qəsəbələrdə 100 minə yaxın əhali yaşayır.
Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti layihədir. Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var və Cəlilabad böyük rayondur. Bir çox yaşayış məntəqələri var, əhali də böyükdür. Ona görə Cəlilabada daim yüksək səviyyədə diqqət göstəriləcəkdir”.
Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova, Böyükxan Bağırlı daimi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq duyğularını ifadə ediblər.
Baxış MUSTAFAYEV:
– Möhtərəm Prezidentimizi yüz yaşasın! Görüş zamanı mən ürəkdən gələn sözlərlə hədsiz razılığımı bildirdim. Dedim ki, bizim Buravar kəndi Yardımlının yaxınlığında yerləşir. Həmin kəndə getmək üçün səhər tezdən evdən çıxanda bəlkə də saat 4-5-də oraya çatmaq mümkün olurdu. İndi isə oradan maşınla çox qısa vaxtda Cəlilabad şəhərinə gəlib çatmaq olar. Bunlar dövlət başçımızın gecə-gündüz çəkdiyi əziyyətlərin nəticəsidir. Yerdən-göyə qədər razıyıq.
Lyubov DANİLOVA:
– Mənə dəfələrlə cənab Prezidentlə görüşüb söhbət etmək nəsib olub. Xoşbəxtəm ki, bu dəfə də həmin imkanı qazandım. Dedim ki, Sizi də atanızı sevdiyim kimi sevirəm. Siz atanızın yolunu layiqincə davam etdirirsiniz. Birinci xanım Mehriban Əliyeva da sağ olsun ki, xalqımız üçün çox gərəkli işlər görür. Təkcə Bakıda deyil, bölgələrdə də hər şey yaxşıdır. İşığımız, qazımız var, yollarımız qəşəngdir. Qoy qonaqlar, əcnəbilər bizə də gəlsinlər. Bizim çox gözəl şəhərimiz var. Mən Cəlilabadın köhnə sakiniyəm, vaxtilə komsomolda işləyərkən heç vaxt fikrimə də gəlməzdi ki, bir zaman Cəlilabad belə gözəl olacaq. Rəhbərlərimiz sağ olsunlar ki, xalqı çox sevirlər.
Böyükxan BAĞIRLI:
– Biz alarlılar həmişə ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik. Qürur hissi duyuruq və sevinirik ki, cənab İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir. Bu siyasətin bəhrəsini hər addımda görürük, hər an hiss edirik. Möhtərəm Prezidentimiz dəfələrlə Cəlilabada gəlib, açılışlar edib. Hədsiz dərəcədə sevinirik ki, rayonumuz gündən-günə gözəlləşir. Bir dəfə cənab Prezident gözəl bir söz dedi ki, siz bəlkə də bunlara öyrəşmisiniz, amma kənardan gələnlər bu yenilikləri dərhal hiss edirlər. Bütün bu yeniliklərə görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Həmin gün bizimlə xatirə şəkli çəkdirən cənab İlham Əliyev böyüklüyü ilə, sadəliyi ilə daim var olsun!
Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışı da Prezidentin Cəlilabada səfərinin unudulmaz səhifəsidir.
Park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb. Bu istirahət məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Burada iki artezian quyusu qazılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada bəzi köhnə binalar sökülərək başqa yerdə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənib, yeni elektrik xətləri çəkilib. Ətrafdakı evlər və ictimai obyektlər abadlaşdırılıb.
Bu cür layihələrin icrası bir daha sübut edir ki, şəhərlərimizin və rayonlarımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və keyfiyyətlə yerinə yetirilir.
Cənab Prezidentin Cəlilabada növbəti səfərindən günlər, həftələr ötsə də, sakinlərin, xüsusən də görüşlərdə iştirak edənlərin təəssüratları son dərəcə zəngindir. Onlardan biri də həkim Gülər İsgəndərovadır.
– Mən 2007-ci ildə Cəlilabadda Heydər Əliyev seyrəngahının, daha sonralar Müalicə Diaqnostika Mərkəzinin və çalışdığım Mərkəzi rayon xəstəxanasının açılış mərasimlərində iştirak etmişəm və həmin tədbirlərdə möhtərəm Prezidentimizi şəxsən yaxından görməyimdən, onun qarşısında çıxış etməyimdən hədsiz qürur duyuram. Bu dəfə isə yeni yolun açılışında dövlətimizin başçısı ilə görüşün iştirakçısı oldum. Xatirə şəkli çəkdirdik. Nə deyim, ürəyim sözlə, minnətdarlıq hissləri ilə doludur. Doğma Azərbaycanımızın möhtəşəm uğurları, bölgələrimizin, o cümlədən də Cəlilabadın tərəqqisi ölçüyəgəlməzdir. Qədirbilən xalqımız bütün bunlara görə cənab İlham Əliyevə hədsiz dərəcədə minnətdardır. Qoy, ölkəmiz daha da inkişaf etsin, həyatımız daha da gözəlləşsin!
Nəhayət, onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Cəlilabad səfərindən bir neçə gün sonra bu rayonun inkişafı ilə bağlı daha bir sərəncam imzalamaqla sakinləri yenidən sevindirib. Həmin sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılıb. Abadlıq yürüşü, quruculuq əzmi beləcə davam edir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.