Son illər İmişli rayonunda vətəndaşların problemlərinin həlli istiqamətində xeyli müsbət addımlar atılmışdır. Bu müsbət ənənə indi də davam edir. Avqustun 19 - da rayon icra hakimiyyətinin başçısı yanında şuranın iclası da bu mənada əlamətdar sayıla bilər. Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşlarının, idarə, müəəsisə, təşkilat rəhbərlərinin, ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən şura iclasında səsləndirilən məsələlər də aktuallığı ilə seçilirdi.
İlk olaraq əhalinin içməli su ilə təchizatının vəziyyəti barədə məlumat verildi. Qeyd edildi ki, İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli su təchizatı və kanalizasiya xidmətləri ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilməyə başlanmışdır. Layihədə nəzərdə tutulmuş içməli suyun mənbəyi Beyləqan rayonunun Aşıqlı kəndi ərazisidir. Magistral kəmərin uzunluğu 29,5 kilometr, su kəmərinin diametri isə 630 millimetrdir. Kəmərlərlə şəhər əhalisinə verilən su 2 ədəd 2500 kubmetrlik, 1 ədəd 1500 kubmetrlik, 1 ədəd 600 kubmetrlik anbarlar vasitəsilə paylanır. A.Şadlinski küçəsində 1 ədəd 600 kubmetrlik su anbarı isə təmirə dayandırılmışdır.
İmişli şəhərində və Yalavac kəndində 9266 yaşayış evi magistral su xətlərinə birləşdirilmiş və 7919 ədəd su sayğacı quraşdırılmışdır.
Bu sahədə xeyli işlərin görülməsinə baxmayaraq müəyyən nöqsanlar da mövcuddur. İçməli suyun tərkibi və qrafikə uyğun verilməməsi barədə vətəndaşlar rayon icra hakimiyyətinə çoxsaylı müraciətlər etmişlər. Müraciətlərin araşdırılması və Sukanal İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. İdarənin fəaliyyyətində müəyyən nöqsanlar aşkarlanmışdır.
Şura iclasında əhalinin içməli su ilə təminatında problemlərin olduğu və bu problemlərin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd olundu.
Sonra rayon mərkəzi kitabxanasının oxuculara göstərdiyi xidmət barədə iclas iştirakçılarına məlumat verildi. Bildirildi ki, hazırda kitabxana 2 şəhər və 46 kənd filialları vasitəsilə əhaliyə xidmət göstərir. Hazırda rayon üzrə oxucuların ümumi sayı 24830 nəfərdir. MKS-in kitab fonduna daxil olan ümumilikdə 346538 nüsxə ədəbiyyatdan 86550 nüsxəsi latın qrafikalı, 211207 nüsxəsi kiril qrafikalı, 48853 nüsxəsi isə rus dilində və digər xarici dillərdədir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” müvafiq sərəncamlarına uyğun olaraq çap olunmuş ədəbiyyatlardan 78438 nüsxəsi mərkəzi kitabxanaya hədiyyə edilmişdir.
“Azərbaycan Respublikasında kitabxana -informasiya sahəsinin 2008 -2013 - cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq mərkəzi kitabxanada “Hüquq - informasiya”, uşaq şöbəsində “Uşaq hüququ” adlı informasiya mərkəzi yaradılmışdır.
Klassik və müasir Azərbaycan ədəbiyyatına aid nümunələrdən ibarət “Milli ədəbiyyat” adlı məlumat bazası yaradılaraq “web” saytda yerləşdirilmişdir. Müxtəlif dövrlərdə yazılmış dini və dünyəvi mövzulardan bəhs edən əsərlər evlərdən toplanmış, “Azərbaycanın kitab abidələri” adlı məlumat hazırlanaraq siyahı Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuşdur. Eyni zamanda mərkəzi kitabxana 12 kompüter dəsti ilə internet şəbəkəsinə qoşulmuşdur. Evlərdə yerləşən və oxucularının sayı az olan ümumilikdə 63 şəhər, qəsəbə və kənd kitabxana filiallarından 18-i digər filiallarla birləşdirilərək sayı 48-ə endirilmişdir.
Dövlət proqramına uyğun olaraq Allahmədətli, Çarıxlı, Boşçalılar, Yuxarı Qaralar, Otuziki və Mürsəlli kənd kitabxana filiallarına yeni binalar tikilmişdir.
Bütün bunlarla yanaşı, mərkəzi kitabxana və onun müəssisələri tərəfindən oxuculara göstərilən xidmətdə bir sıra nöqsan və çatışmazlıqlar da mövcuddur. Bu nöqsan və çatışmazlıqların aradan qaldırılması yollları da şura iclasında araşdırılmışdır.
Daha sonra rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullarla bağlı məlumat verildi. Qeyd olundu ki, mütəmadi olaraq icra hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları təşkil olunur. Cari ildə keçirilmiş 21 səyyar qəbulda vətəndaşlar müxtəlif problemlər səsləndirmişlər. Problemlərin bəziləri mövcud imkanlar daxilində öz həllini tapmış, bəziləri ilə bağlı isə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış,tapşırıq və tövsiyyələr verilmişdir. Rayon icra hakimiyyəti başçısının İmişli şəhər, Bəhrəmtəpə qəsəbə, Əliqullar, Cəfərli, Qaragüvəndikli, Boşçalılar, Qaralar, Qaravəlli, Bəcrəvan, Telişli, Hacırüstəmli, Qızılkənd, Aranlı, Məzrəli, Muradxanlı, Ağaməmmədli, Qaraqaşlı, Ölcələr, Rəsullu kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təşkil olunmuş səyyar qəbullarda ümumilikdə 5 mindən çox vətəndaş iştirak etmişdir.
Fevralın 17-də və 24-də icra başçısının İmişli şəhərində sakinlərlə keçirdiyi görüşlərdə yeni kanalizasiya sisteminin çəkilməsi, yaşayış binalarının fasadlarının aqlay üzlük daşlarla üzlənməsi, Q.Qarayeva küçəsində yerləşən 5 mərtəbəli binanın dam örtüyünün təmir olunması və digər problemlər barəsində məsələlər qaldırılmışdır. Q.Qarayev və Xiyabani küçələrinə asfalt örtüyün qoyulması üçün texniki sənədlər hazırlanmış və küçələrə qum - çınqıl döşənmiş, qeyd olunan ümumyaşayış binasının fasadı aqlay daşı ilə üzlənmişdir. Şəhərdə yeni kanalizasiya sisteminin çəkilməsi və Z.Əliyeva küçəsindəki beşmərtəbəli binanın dam örtüyünün təmiri nəzərdə tutulmuşdur.
İcra başçısının hələ fevralda Bəhrəmtəpə qəsəbəsində keçirdiyi səyyar qəbulun nəticəsi olaraq qəsəbədə qazlaşma tam başa çatdırılmış, təsərüfatdaxili suvarma kanallarının 1000 metri lildən təmizlənmiş, gələcəkdə içməli su xəttinin təmiri və uşaq bağçasının tikilməsi nəzərdə tutulmuşdur.
Əliqullar kəndində 21 yanvarda keçirilmiş səyyar qəbulda qaldırılmış məsələlərin bir çoxu həllini tapmışdır. Kənddə qazlaşdırılma işləri tamamilə başa çatdırılmış və təntənəli surətdə açılışı olmuşdur. Kollektorların 3000 metri lildən təmizlənmiş, ünvanlı sosial yardımın verilməsi və həyətyanı sahənin ayrılması məsələsi isə qismən öz həllini tapmışdır.
Apreldə Qaravəlli kəndində rayon rəhbəri ilə keçirilən görüşdə suvarma kanallarının lildən təmizlənməsi, ünvanlı sosial yardımın təyin olunması və ərazinin qazlaşdırılması ilə bağlı problemlər səsləndirilmişdir. Qaz xəttinin çəkilməsi istisna olmaqla digər məsələlər öz həllini tapmışdır. Cari ilin sonunadək əraziyə qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, ərazilərdə qaldırılan problemlər əsasən eynilik təşkil edir. Bəcrəvan, Qızılkənd, Aranlı, Məzrəli, Qaraqaşlı, Ölcələr, Rəsullu kəndlərində və digər ərazilərdə keçirilən görüşlərdə sakinlər tərəfindən yuxarıda qeyd olunan oxşar problemlər qaldırılmış, bəzi problemlər həll olunmuş, bəziləri isə müəyyən səbəblərdən həllini tapmamışdır.
Mövcud problemlərin həllində səyyar qəbulların böyük təsiri olur. Çünki bu görüşlərdə rayon rəhbərliyi ilə yanaşı, idarə, təşkilat və müəssisə rəhbərlərinin də iştirak etmələri problemlərə yerindəcə aydınlıq gətirir və həlli imkanlarını müəyyənləşdirir.
Şura iclasında qaldırılan məsələlərə öz münasibətini bildirən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev xüsusi vurğuladı ki, hər bir dövlət məmuru, o cümlədən yerli məmurlar dövlət başçısı İlham Əliyevin “ən böyük vəzifəmiz xalqa xidmət etməkdir” – prinsipinə sadiq olmalıdırlar. Çünki münasibətlərin səmimiliyi problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.