“Biz əminik ki, tezliklə doğma torpaqlarımıza qayıdacağıq”

Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il keçir

1993-cü il avqustun ortalarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə nəticələndi. Hər iki rayonun maddi və mədəni sərvəti və təbii ehtiyatları ermənilər tərəfindən talan edildi, vəhşicəsinə dağıdıldı.

 

Füzuli

 

Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Həmin dövrdə xüsusilə, Əlikram Hümbətovun qondarma “Talış-Muğan Respublikası” elan edərək, özünə sadiq silahlı qüvvələri cəbhə xəttindən çıxarması, Azərbaycan dövlətinə qarşı ittihamlar irəli sürməsi də rayonlarımızın işğalına şərait yaratdı. AXC-Müsavat iqtidarının ölkədə yaratdığı özbaşınalıq, anarxiya, qarşıdurma respublikanı uçurumun bir addımlığına yaxınlaşdırmışdı. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan Ordusu  muzdlu qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan qoşunlarının hücumlarına tab gətirmədi. Bu  işğalda  cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı.

Ermənilər işğal etdikləri ərazilərdəki bütün tarixi-mədəni abidələri yerlə-yeksan etmiş, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirmişlər. İşğala qədər Füzuli rayonunda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər fəaliyyət göstərirdi. Erməni vəhşiliyi nəticəsində həmin obyektlərin hamısı, demək olar ki, məhv edilmişdir.

Füzuli rayonunda çoxlu sayda tarixi memarlıq abidələri də var idi. Müxtəlif dövrlərdə rayonun  Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılmış tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim insan məskənlərindən olduğu bir daha öz təsdiqini tapmışdı. Rayonda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri də var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s.  bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Ermənilər yaxşı bilirdilər ki, onların özlərinə məxsus əraziləri olmayıb və Azərbaycan ərazilərinin onlara məxsus olduğunu sübut edə bilməyəcəklər. Çünki hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Ona görə də  işğalçı ermənilər qədim  memarlıq abidələrini məhv etməklə, Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə sakin şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayondur. Füzulidən 1100-dən çox şəhid olub və itkin düşüb, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Ermənistan silahlı qüvvələrinin hərbi  təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri atasız-anasız qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişlər.

Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra  ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və  Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi.

Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altındadır, 55 min nəfərə yaxın füzulili məcburi köçkün həyatı yaşayır. Lakin onlar tezliklə öz doğma ocaqlarına qayıdacaqlarına əmindirlər. Rayon sakinləri onlara yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir və əminliklə deyirlər ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasi strategiya öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın ata-baba torpaqlarına qayıdacaqları günü tezləşdirəcək.

Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Hər cür infrastruktura malik qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişdir. Həmin ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

 

Cəbrayıl

 

Bu gün Cəbrayıl rayonunun da Ermənistan silahlı qüvvələri tərəfindən  işğalının 22-ci  ili tamam olur. Rayonun ərazisi 1050 kvadratkilometr, əhalisi təxminən 60 min nəfərə yaxın idi. Hazırda rayonun, demək olar ki, bütün ərazisi işğal altındadır. 90 kənddən yalnız biri – Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.  Rayonda respublika və yerli əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus və əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 246 cəbrayıllı şəhid olmuş, 91 nəfər əsir və itkin düşmüşdür. Erməni vəhşiliyi 177 nəfəri ömürlük əlil etmişdir. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. Cəbrayılın kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Erməni faşistləri bütün bunların hamısını məhv edib. 1993-cü il avqustun 23-də  Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Ümumiyyətlə,  aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə qədər zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl  rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2 milyon 937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5 milyon 434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1 milyon 325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5 milyon 226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4 milyon 130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Cəbrayıl rayonunun ərazisi tarixi-memarlıq və dini abidələrlə  də zəngindir. Tarixi abidə kimi məhşur olan Xudafərin körpülərini (XII əsr), Sultan Məcid hamamını, Diridağdakı Qız qalasını, “Hacı Qaraman” ziyarətgahını misal göstərmək olar. Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Həmin abidələr 22 ildir ki, erməni işğalındadır. Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb.

Rayonun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl rayonu işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi. Çünki rayonda bir çox sahələr, o cümlədən, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Bu gün də məcburi köçkünlük həyatı yaşayan sakinlərin böyük bir qismi yenə də aqrar sektorda çalışır.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu dünyanın nüfuzlu beynəlxalq qurumları da təsdiqləyib. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və ermənilərdən həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 nömrəli qətnamələr qəbul edib. Lakin əvvəlki qətnamələr kimi, həmin qətnamələr də bu günə qədər yerinə yetirilməyib. Dünya birliyinin bu ədalətsiz mövqeyi və ikili standartlar nümayiş etdirməsi öz doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızı ruhdan salmayıb. Onlar  dövlətimizin başçısı İlham Əliyevə inanaraq və  güvənərək qətiyyətlə bildirirlər: “Biz əminik ki, tezliklə doğma torpaqlarımıza qayıdacağıq”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında