Dövlət proqramlarının icrası ölkəmizdə işsizlik problemini həll edir

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min
iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir.
Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına
görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq
maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı
mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı
bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin
açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial
kifayət qədər böyükdür.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

2015-ci ilin ilk 6 ayını bütün sahələrdə yüksək göstəricilərlə başa vuran Azərbaycanda gəlirlərin sürətlə artması, sosial-iqtisadi islahatların davamlı olaraq uğurla həyata keçirilməsi qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsini əsaslı surətdə dəyişmişdir. Ötən müddətdə Azərbaycanda inflyasiya 3,5 faizə düşmüşdür. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz, kənd təsərrüfatı 7,3 faiz artmışdır ki, bu da son illər ərzində ən yüksək artım tempi olmaqla görülən işlərin nəticəsində mümkün olmuşdur.

Cari ilin ilk 6 ayında ölkəmizə 12,7 milyard manat sərmayə qoyulmuşdur. Statistikaya görə, əvvəlki illərdə xarici sərmayələrə nisbətən daxili investisiyaların məbləği çoxluq təşkil edirdisə, əksinə olaraq, bu ilin birinci 6 ayında xarici investisiyalar üstünlük təşkil etmişdir. Bu da Azərbaycanın investisiyalar üçün çox cəlbedici ölkə olmasını və xarici sərmayənin burada lazımi səviyyədə qorunmasını təsdiq edir.

Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı dövlət proqramlarında bütün mühüm sahələr kimi işsizik probleminə də həmişə diqqət yetirilmiş və dövlət başçımız bu barədə lazımi göstəriş və tapşırıqlarını xüsusi olaraq nəzarətdə saxlamağı tövsiyə etmişdir. Regionların hərtərəfli inkişafına hesablanmış bu proqramların uğurlu icrası həm yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına, eyni zamanda da, yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014—2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilmiş vəzifələr hazırda uğurla icra olunur. Ölkəmizdə birinci 6 ayda 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Azərbaycan Prezidenti bildirir ki, “...Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk  növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb”.

Azərbaycanda yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Regional proqramlar respublikamızın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Prezident haqlı olaraq bildirir ki, Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları haqlı olaraq Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Azərbaycan xalqı bunu gündəlik həyatda görür. Ölkə başçısı hesab edir ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür.

Azərbaycan Prezidenti İlham Əliyevin, son 12 il ərzində reallaşdırdığı müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində ölkəmizdə işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə – 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilib. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilib, 2320 nəfərə işsizlik müavinəti təyin edilib, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Əmək Birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilib.  Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15— 24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılmasını zəruri hesab edən əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasına olan ehtiyacı dövlət başçısına məruzə etmiş və bu barədə müvafiq tapşırıqlar verməyini xahiş etmişdir.

Qeyd etməliyik ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaratmışdır. 2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilmişdir. Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur və ölkəmizin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır. Cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olmuşdur ki, bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Təəssüf ki, bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olmuşdur. ƏƏSMN-də Azərbaycan Prezidentinin 2014-cü il 24 dekabr tarixli fərmanına uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının sərtləşdirilməsi barədə təkliflər hazırlanmışdır və yaxın vaxtlarda dövlət rəhbərinə təqdim olunacaqdır.

Diqqətə çatdırmaq yerinə düşər ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) cari ilin yanvar-iyul aylarında 16138 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin etmişdir. Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfəri kvota üzrə müəyyən edilmiş iş yerləri ilə təmin olunmuşlar. Bu dövrdə DMX tərəfindən 1903 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. sənətlər üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmişlər. Həmin şəxslərin 1159 nəfəri xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərindəki Regional Peşə Tədris Mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçmişlər. Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərdən ibarət olmuşdur. Qeyd olunanlarla yanaşı, yanvar-iyul aylarında DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 60860 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi əksini tapır. Proqrama uyğun olaraq, gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, internat məktəbini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti də nəzərə alınmaqla, DMX tərəfindən cari ilin may ayında ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilmişdir. Həmin gənclər üç ay ərzində ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində peşə təlimində olaraq müvafiq peşəyə yiyələnmişlər. Peşə təlimi zamanı onlara daim qayğı ilə yanaşılaraq, müvafiq nəzəri və praktik biliklərə lazımi səviyyədə yiyələnmələri üçün bütün işlər görülmüşdür. İnternat məktəbini və peşə hazırlığı kursunu eyni vaxtda başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına imkan yaratmaqla, səmərəli məşğulluqlarının təminatına mühüm dəstəkdir. Kursu bitirən gənclərin öz peşələri üzrə münasib iş yerləri ilə təmin olunmaları diqqətdə saxlanır. Bu gənclər öz növbəsində onlara göstərilən diqqət və qayğıya, habelə gələcək məşğulluqlarının təmin olunması üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.

Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının düzgünlüyü son illərdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını azalmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı  artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss edir. Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində də hazırda regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı komplekslərinin yaradılması əhalinin işsizlik probleminin aradan qalxmasına kömək edir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında