Sosial layihələr uğurla icra edilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə  respublikamız son illərdə sürətlə inkişaf edərək, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan  əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur. Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlərin rəy sorğularında, eləcə də kütləvi informasiya vasitələrində təqdir edilir, respublikamızın davamlı tərəqqi yolunda olduğu xüsusi vurğulanır. Məsələn, ABŞ-ın nüfuzlu eksperti  Hilları Kreymerin sözlərinə görə, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.

Respublikamızda son 12 ildə həyata keçirilən tədbirlərə nəzər salanda,  görülən işləri təhlil edəndə yuxarıda qeyd edilən fikirlər  bir daha öz təsdiqini tapır. Bu dövrdə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş verib.

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi,  yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi görülən işlərin uğurlarından xəbər verir.

Sosial layihələrin uğurla reallaşdırılmasından danışarkən, ilk növbədə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi  zamanı əlil olmuş şəxslərin, eyni zamanda, şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində həyata keçirilən tədbirlərə nəzər salmaq kifayətdir. Xatırladaq ki, sözügedən qrup insanlar üçün iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib. Hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də  165 mənzilin salınması işləri davam etdirilir. Paytaxtda gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə bu il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar. Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı...”.

Dövlət başçısı nitqində  sosial obyektlərin inşasının daha da sürətləndirilməsi zərurətinə  də toxunmuşdur: “Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılsın”.

Göründüyü kimi, ölkə Prezidenti sosial layihələrin reallaşdırılmasına mühüm önəm verir. Həm də bu zaman sahibkarlara, özəl bölmə nümayəndələrinə səmərəli fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasını tələb edir. Nazirlər Kabinetinin sözügedən iclasında cənab İlham Əliyevin sahibkarlığın inkişafına mane olan halların aradan qaldılması ilə bağlı qətiyyətli mövqeyini  tikinti sektorunda çalışan sahibkarlar üçün də ciddi siyasi dəstək və mənəvi stimul kimi dəyərləndirmək olar: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir”, -  deyən ölkə rəhbərinin kəskin bəyanatı sahibkarlıq subyektlərini ən müxtəlif üsullarla mane olmağa cəhd göstərənlərə ciddi xəbərdarlıqdır.

Doğrudan da hazırda paytaxtın yeni arxitektura abidələri ilə zənginləşdirilməsində, müxtəlif təyinatlı infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsində, küçə və parkların abadlaşdırılmasında fəal iştirak edən sahibkarlıq subyektləri var ki,  onlar tapşırılan işi  tələb edilən müddətdə və keyfiyyətdə təhvil versələr də, sifarişçilərlə aralarında  bağlanan müqavilə şərtlərinin pozulması üzündən bir çox hallarda  maliyyə çətinlikləri ilə üzləşirlər.

Lakin bütün bunlar tikintinin, o cümlədən sosial infrastruktur layihələrinin reallaşdırılmasını ləngidə bilmir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2015-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib.   İstifadə olunmuş vəsaitin 6259,6 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.   Əsas kapitala yönəldilmiş vəsaitin 5494 milyon manatı daxili vəsaitlər olub.   Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 6998,2 milyon manat təşkil edib.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyul aylarında 1039,2 min kvadratmetr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 442 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1", ”Həzi Aslanov", “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilib. Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil.

Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında