Əslində İsmayıllıya sonuncu səfərimin təəssüratlarından ibarət olan bu yazını rayonun ümumi sosial-iqtisadi inkişafına həsr etmək istəyirdim. Ancaq son günlərdə bəzi qəzetlərdə və informasiya portallarında guya ölkənin kənd təsərrüfatında o qədər də irəliləyiş, artım olmadığı barədə dərc edilən yazılar diqqətimi daha çox aqrar sahə üzərində cəmləşdirdi. Nə qədər qəribə olsa da, haqqında əsassız ittihamlar səsləndirilən rayonlar arasında İsmayıllının da adı var. İndi mən həmin yazıları “əsassız ittihamlar” adlandırıram. Əslində isə onların həqiqi adı qərəzçilik və böhtançılıqdır.
Hansı insafa, hansı mürvətə əsaslanıb bu cəfəngiyyatı yazırlar? Axı biz indiyədək heç zaman eşitməmişdik ki, İsmayıllının hansısa kolxozunda və ya sovxozunda, üstəlik, kəndlərdə torpağın femerlərə verilməsindən sonra hansısa sahibkarın təsərrüfatında bir hektardan 50 sentnerdən artıq taxıl yığılsın. Həmin göstərici bugünkü İsmayıllının reallıqları sırasındadır. Bu rayon yarandıqdan sonra heç kəsin yadına gəlmir ki, İsmayıllı taxılçıları bir ildə 100 min tondan artıq taxıl biçib toplasınlar. 2015-ci ildə həmin göstərici də İsmayıllı reallıqları sırasına daxil olub.
Bədxahların qələmə aldığı cızma- qaralar nə qədər ədalətsiz olsa da, mənim İsmayıllı təəssüratlarımı korlaya bilməzdi. Çünki həmin rayona bu dəfəki səfərimdə “Çörək bol olarsa, basılmaz Vətən”, “Çörək varsa, mahnı da var”, “Taxıl elin sərvətidir” kimi ənənəvi deyimlərdən əlavə taxılla, çörəklə bağlı daha bir ifadə də eşitmişdim. Son on beş ildə demək olar ki, hər ay görüşüb söhbət etdiyim və yazılarımda bir çox ifadələrindən istifadə etdiyim uzun illər rayon təhsilinə rəhbərlik etmiş Fərman Bəşirovdan yenə də bir kəlam eşitmişdim. Rayonda taxıl məhsulunun bol olduğunu şükranlıqla qeyd edən Fərman müəllim dedi ki, Allah insanı daim müxtəlif yollarla sınağa çəkir. İnsanların ən ağır sınağı isə həmişə çörəklə olub. Görünür hansısa xoş əməllərimizin nəticəsidir ki, son illər Allah bizi çörəklə sınamır. Taxılımız ildən-ilə daha çox olur. Biz harda görmüşdük ki, bir hektar sahədən bu qədər məhsul götürülsün?
Ağsaqqal həmsöhbətim rayon taxılçılarının uğurunu Allahın insanları sınamaqdan vaz keçməsi kimi qiymətləndirsə də, rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Həsən Həsənov bu göstəricinin başqa səbəblərindən danışdı. Həsən müəllim qeyd etdi ki, əslində təkcə bu il deyil, Mirdaməd Sadıqovun rayon rəhbərliyinə gəlməsindən sonra müntəzəm olaraq hər il İsmayıllıda yüksək göstəricilərə imza atılır. Özü də təkcə taxılçılıqda və ya kənd təsərrüfatında deyil, rayon həyatının bütün sahələrində kifayət qədər nailiyyət əldə edə bilmişik. Bu da səbəbsiz deyil. Çünki Mirdaməd müəllim istənilən sahəni inkişaf etdirmək üçün rayonun bütün ağsaqqalları və həmin sahənin mütəxəssisləri ilə geniş müzakirələrdən, məsləhətləşmələrdən sonra işə başlayır. İndi söhbət bilavasitə taxılçılığın inkişafından getdiyinə görə məhz bu sahədə həyata keçirilmiş tədbirləri yada salaq. İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən İsmayıllıda ən geniş yayılmış kənd təsərrüfatı sahəsi taxılçılıq sahəsidir. Rayondakı 33 min 705 hektar əkinə yararlı torpaq sahəsinin hər il bir qayda olaraq 29-30 min hektarında taxıl məhsulları əkilib becərilir.
Natiq qeyd etdi ki, bu ilin məhsulu üçün 2014-cü ilin payızında 20 min 340 hektar sahədə buğda, 7872 hektar sahədə isə arpa - cəmi 28 min 212 hektar sahədə taxıl əkilmişdi. 3618 hektar sahədə isə yazlıq bitkilərin səpini aparılmışdı. Son üç ildə taxıl məhsullarının həcmi yüksələn xətlə artmaqda davam etsə də, 2015-ci ildə rayonun tarixində rekord miqdarda - 103 min ton taxıl istehsal olunub. Əldə olunmuş göstəricilər nəinki rayon səviyyəsində, hətta ölkə miqyasında belə ən yüksək göstəricilərdəndir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin 2015-ci il iyulun 6-da taxıl biçininin gedişi barədə açıqlamasında respublika üzrə orta məhsuldarlıq göstəricisinin 30,3 sentner olduğu qeyd edilir. İsmayıllıda isə ümumrespublika səviyyəsindən 6,3 sentner çox məhsuldarlıq əldə edilib. Mütəxəssislər təsdiq edirlər ki, bu, dəmyə şəraitində taxıl yetişdirən rayonlar üzrə ən yüksək göstəricidir. Ümumiyyətlə, İsmayıllı taxılçılarının nailiyyəti 59 rayon arasında beşinci məhsuldarlıq göstəricisidir. Eləcə də bu rayon respublika üzrə 100 min tondan artıq taxıl istehsal etmiş yeddi rayondan biridir.
Təbii ki, bütün bunlar rayon fermerlərinin gərgin və əzmkar əməyinin nəticəsidir.Taxılçılar doğrudan da böyük uğur qazanıblar. Kiminlə söhbət etdimsə bildirdi ki, bu son hədd deyil. İsmayıllı fermerləri növbəti illərdə daha böyük nailiyyətlər qazanmaq əzmindədirlər. Bunun üçün görülən işlərdə qazanılmış təcrübə yadda saxlanılmalı, yol verilmiş boşluqlar isə aradan qaldırılmalıdır. Həmin prinsiplərə əməl edən fermerlər gələn il mütləq daha çox məhsul əldə edə biləcəklər.
Həmsöhbətimin bir ifadəsi daha maraqlı oldu: “ 2015-ci ildə fermerlərimizi uğura aparan yola nəzər salmaq yerinə düşərdi”. Doğrudan da yerinə düşdü. Həsən müəllim dedi ki, ilk növbədə 2015-ci ilin kənd təsərrüfatı üçün çox uğurlu bir il olduğu qeyd edilməlidir: “Doğrudur iyun, iyul aylarında havalar bir qədər quraq keçdi. Amma, bu da fermerlərin bəxtindən idi. Çünki hava şəraitinin elə olması taxıl yığımı zamanı məhsulun itkisiz toplanmasına şərait yaratdı. Biçin kampaniyası əsasən başa çatdıqdan sonra isə havaların yağmurlu keçməsi sonrakı əməliyyatların aparılmasına əlverişli şərait yaratdı. Lakin, qazanılmış böyük uğurun yeganə səbəbini təbiətlə bağlamaq düzgün olmazdı. Belə deməyə əsasımız da var. Çünki 2014-cü ildə havaların həddindən artıq quraq keçməsinə baxmayaraq həmin təsərrüfat ilində də rayonumuzda hər hektardan respublika səviyyəsindən 8 sentner çox. Yəni, 28,1 sentner məhsul əldə olunmuşdu. Deməli, əsas məsələ təbiətdə deyil. İnsanların qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmasındadır”.
Rayon icra hakimiyyəti aparatının rəsmisi əldə edilmiş nailiyyətlərin səbəbini o şəkildə əsaslandırsa da, Mirdaməd Sadıqovun özü məsələyə başqa prizmadan yanaşdı: “Qazanılmış uğurların ən böyük səbəbi dövlətimizin, ölkə rəhbərinin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların, subsidiyaların, gübrələrin, aşağı faizlə kreditlərin verilməsi və digər güzəştlərin göstərilməsi bu uğurların qazanılmasına gətirib çıxarmışdır. Ona görə də bütün bu diqqət və qayğıya görə İsmayıllı rayonunun sakinləri adından ölkə rəhbərinə öz minnətdarlığımızı bildiririk”.
Rayon rəhbəri xatırlatdı ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il yanvarın 27 -də imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar buğda istehsalçılarına, eləcə də yanacaq və motor yağlarına görə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2015-ci ilə qədər 15 milyon 631 min manat dövlət büdcəsinin vəsaiti hesabına yardım olunub. 2015-ci ilin iyun ayında isə 6358 nəfər istehsalçıya becərdikləri 27 min 957 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi üçün müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təhvil verilib. Yaxın günlərdə yardımın istehsalçılara verilməsi təmin olunacaq.
Rayon rəsmilərindən eşitdiyimiz faktlardan və rəqəmlərdən əlavə özümüz də bəzi məqamları öyrəndik. Məsələn, aldığımız məlumatlardan bəlli oldu ki, payızlıq səpin işləri aparılan müddətdə min nəfərə yaxın istehsalçının becərdiyi 4 min 800 hektardan artıq sahəyə 1100 tona yaxın fosforlu gübrə, cari ilin aprel-may aylarında isə rayon üzrə 900 nəfərə yaxın hüquqi və fiziki şəxsin becərdiyi 8 min hektardan artıq sahəyə 1600 tona yaxın azotlu gübrələr verilib.
Təbii ki, taxılın əkilməsi, becərilməsi, yetişdirilməsi hələ bol məhsul əldə etmək deyil. Bol məhsul əldə etmək üçün birinci növbədə taxılın optimal müddətdə və itkisiz toplanmasını təmin etmək lazımdır. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov son üç ildə fermerlərin həmin prosesi də uğurla başa vurması üçün lazım olan bütün tədbirləri reallaşdırır. Məsələn, rayon rəhbəri tərəfindən hələ may ayının 29-da “2015-ci ilin taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi üçün görüləcək təhlükəsizlik qaydalarının həyata keçirilməsi haqqında” sərəncam imzalanmış, aidiyyətı təşkilatlara lazımı tapşırıqlar verilmişdi.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində taxıl sahələrində heç bir yanğın hadisəsi baş verməyib. Bundan başqa, icra başçısının iyunun 4-də imzaladığı “Rayonda taxıl yığımı kampaniyası ilə əlaqədar qərargahın yaradılması barədə” sərəncamla formalaşdırılan qurum tərəfindən taxıl yığımının yüksək mütəşəkkilliklə və qısa müddətdə başa çatdırılmasına gündəlik nəzarət olunub və qarşıya çıxan problemlər vaxtında aradan qaldırılıb. Biçinin davam etdiyi 20 gün ərzində taxıl zəmilərində 160-dan artıq kombayn məhsul toplayıb ki, həmin kombaynların 50 ədədi rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsusdur. Digər kombaynlar isə kənar rayonlardan cəlb olunub.
Təbii ki, həm hektardan götürülən məhsuldarlıq göstəricisi, həm də faktiki toplanmış məhsulun ümumi həcmi sübut edir ki, İsmayıllı taxılçıları həqiqətən böyük uğurlara imza atıblar. Ancaq Mirdaməd müəllim digər sahələrdə olduğu kimi bu sahədə də qazanılmış nailiyyətlərlə razılaşmır. Onun fikrincə İsmayıllı fermerlərinin əzmkarlığı da, bu rayonun torpağı da imkan verir ki, daha böyük göstəricilərə nail olunsun. Həmin məqsədlə müxtəlif təkliflər də irəli sürülür. Məsələn, aqrar sahədə istehsalın daha da artırılması, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün fermerlərin, sahibkarların və kənd təsərrüfatı məhsullarının digər istehsalçıları arasında ümumi məqsədə xidmət baxımından bir sıra hallarda rast gəlinən pərakəndəliyin aradan qaldırılması, onların davamlı koordinasiyası, mütəmadi olaraq maarifləndirilməsi məqsədilə rayonuda “Fermer evi”nin təşkil edilməsi təklifi irəli sürülüb. Bundan başqa, rayon Baytarlıq İdarəsinin ərazisində dövlət aqrar siyasətinin yeni bir istiqaməti olan kənd təsərrüfatı idarəsi üçün bina tikilir. Bu layihə başa çatdıqdan sonra köhnə baytarlıq idarəsinin inzibati binasının bərpa olunaraq fermerlərin ixtiyarına veriləcək.
Eləcə də, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayonun Topçu kəndində artıq bir fermer mağazası tikilərək istifadəyə verilib. İsmayıllı şəhərində isə yaşıl marketin tikintisində tamamlama işləri aparılır. Burada 800 yerlik örtülü bazar, 5000 kvadratmetr ərazini əhatə edən mağazalar şəbəkəsi, 800 kubmetr tutumu olan soyuducu kamera, anbar, 4000 kvadratmetr ərazidə maşın dayanacağı, mehmanxana və ofis binası tikilir və bütün bunlar yaxın vaxtlarda istifadəyə veriləcək.
Rayon fermerlərinin uğurları barədə ümumi şəkildə söz açdığımız yazını iki fermerin uğurlu fəaliyyəti haqqında deyəcəyimiz konkret faktlarla yekunlaşdırmaq istəyirik. Belə ki, rayonun Qalınçaq kəndində fəaliyyət göstərən “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikinin tikintisi davam etdirilir. Müəssisə tam fəaliyyətə başlayanda burada 150-200 nəfər işçi çalışacaq. Haqqında danışmaq istədiyimiz ikinci fermer isə bilavasitə yazının əvvəlində söz açdığımız sahə ilə — taxılçılıqla məşğul olur. Qubaxəlilli kəndinin sakini, taxılçı fermer Müşviq Həsənov ötən payız 88,9 hektar sahədə məhsuldar sortlardan ibarət taxıl əkib və yüksək aqrotexniki qulluq nəticəsində 494 ton məhsul istehsal edib. Müşfiq Həsənov rayonda ən yüksək göstəriciyə nail olaraq, hər hektardan 56 sentner məhsul götürüb. Mən mətbuatda çalışdığım uzun illərdə belə yüksək məhsuldarlığa imza atan bir təsərrüfat barədə nəinki yazmamışdım, heç eşitməmişdim də.
Bir sözlə, Azərbaycan dövlətinin sürətlə artan sosial-iqtisadi inkişafının sübutu olan bir sıra faktlardan və rəqəmlərdən söz açdıq. Mən məmnunam ki, bölgə müxbiri kimi çalışdığım rayonların hər birinin ölkəmizin ümumi inkişafına öz töhfəsini verdiyi barədə dəfələrlə yazmışam. Amma, gəlin, razılaşaq ki, istənilən ölkədə, istənilən xalqın cəmiyyətinə verilən ən böyük töhfə məhz çörək bolluğu yaradılmasıdır. İsmayıllı camaatı fəxr edə bilər ki, onlar ölkəmizin müasir tarixinə məhz çörək bolluğu yaradanlar kimi düşürlər. Həmişə çörəkli, olasınız İsmayıllı taxılçıları...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.