Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi və arzusu ilə hakimiyyətə qayıdan ulu öndərin qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. 1995-ci ildə BMT-nin təşəbbüsü ilə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi.
O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu olmadığından ümummilli lider “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli fərman imzaladı. Ulu öndər bu məsələni xüsusi nəzarətdə saxladı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə — 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” üzrə, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyalarına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya qoşulmaq böyük siyasi iradə tələb edirdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində dövlətimiz bu Konvensiyanı ratifikasiya etdi. Gender siyasətinin həyata keçirilməsi məqsədilə 1998-ci ildə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2000-ci ilin mart ayında ulu öndərin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə imzaladığı fərman Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin edilməsini, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tuturdu. Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərindən biridir. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemlərinə, çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapıb Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində iştirak etməyə başladılar. Azərbaycan hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün qüvvəsini səfərbər etdi. Hazırda həmin qadınlar arasında Milli Məclisin deputatları, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. İşlə təmin olunmuş köçkün qadınların sayı 53.230 nəfərdir. Onların 2 nəfəri Milli Məclisin üzvüdür, 495 nəfəri dövlət işində, 16.351 nəfəri təhsil sahəsində, 4543 nəfəri səhiyyə, 23.793 nəfəri isə kənd təsərrüfatı sahəsində çalışır.
2007-ci ildə BMT Komitəsində (CEDAVV) Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya üzrə Azərbaycanın 2-ci və 3-cü dövri hesabatına baxılmışdır. Azərbaycan hökumətinin hər hesabatından sonra verilən tövsiyələrin azalması onu göstərir ki, Azərbaycan dövləti qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün qadınlara kişilərlə bərabər imkan və hüquqlar yaradır. Konvensiyaya dair növbəti V dövri hesabatın müzakirəsi zamanı BMT komitəsinin ekspertləri Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirmiş, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə xoşməramlı səfir kimi fəaliyyətini xüsusi qeyd etmişlər. BMT Komitəsinin nümayəndələri, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri, qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək dəyərləndirmişlər. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”.
Qeyd etdiyimiz kimi, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011–2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm yer tutur. 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yaradılması bu fikrin əməli sübutudur. Bu komitə, Azərbaycanda ailə və uşaq məsələləri ilə yanaşı, gender siyasətini həyata keçirən və nazirliklərlə eyni statusa malik olan yeganə hökumət orqanı olmaqla, siyasi, iqtisadi və sosial sahələrdə qadınların hüquqlarını qorumaq, ölkənin sosial və siyasi həyatında qadınların fəal iştirakını təşviq etmək, işlə təmin olunması üçün müvafiq milli siyasət hazırlamaq, problemlərini həll etmək, dövlət strukturları ilə milli və beynəlxalq qadın təşkilatları arasında əməkdaşlığın inkişafı üçün tədbirlər görmək, Azərbaycanda qadınların sosial və iqtisadi vəziyyətinə dair illik hesabatı hazırlamaq və s. vəzifələri icra edir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Hazırda təkcə 200 qadın təşkilatı fəaliyyət göstərir. 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Eyni zamanda hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014—2020-ci illər üçün) Dövlət Proqramı” təsdiq edilmişdir. Bu yaxınlarda Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən ailə quranlar 2015-ci il iyunun 1-dən etibarən nikahdan əvvəl tibbi müayinədən keçirlər.
Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Respublikada rayonların icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78-ə, qadın hakimlərin sayı 65-ə çatıb. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notariuslardan 40 nəfəri qadındır. Diplomat qadınlarımızın sayı da artaraq 181 olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3, 2000-ci ildə 10,7 faizi qadın idisə, bu gün bu rəqəm 16 faizə çatıb. 2009-cu ildə bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil etmişdir. 2014-cü ildə isə bu göstərici 35 faizə qalxmışdır.
Hazırda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələ başlanmışdır. Gender qadın hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində bir neçə konfrans və forumlar təşkil edilmiş, Azərbaycan bu tədbirlərdə fəal iştirak etmişdir. 2012-ci ildə qadın sahibkarların III Forumu da Bakıda keçirilmişdir. SPECA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Keçən il Bakıda SPECA çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə beynəlxalq konfrans keçirildi. Konfransın əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin konfrans iştirkaçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etdi. Azərbaycan dövləti Türkiyə, Litva, Fransa, Belorus, Mərakeş, Küveyt, Sloveniya kimi ölkələrlə memorandum, İordaniya Haşimilər Krallığı ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamışdır. Belə əməkdaşlıq ölkədə qadın və uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Ölkədə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə beynəlxalq səviyyədə öz təcrübələrini bölüşə bilən mütəxəssislər var. Astanada, Küveytdə keçirilən tədbirdə erkən nikahlar və onların fəsadları, qadın hüquqları ilə bağlı Azərbaycan təcrübəsi öyrənilir. Qadın zorakılığı hallarına qarşı mübarizədə komitənin gördüyü iş beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Parisdə keçirilən Dünya Qadınlarının Zirvə toplantısında qadına qarşı zorakılığın bütün ölkələrdə baş verdiyi və həmin ölkələrin iki növ – zorakılığa qarşı mübarizədə aktiv olan, bir də bu sahədə passivlik göstərənlərin mövcudluğu bildirilmişdir. Sevindirici haldır ki, Azərbaycan bu mübarizədə aktiv olan ölkələr siyahısına daxil edilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Counterpart İnterneşnl Təşkilatı və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti, BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı ilə birgə 2014-cü ildə keçirdiyi “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı beynəlxalq konfransda Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı həyata keçirilən işlər, beynəlxalq təşkilatlarla aparılan seminarlar, treninqlər haqqında məlumat verilmiş, qeyd edilmişdir ki, bu zorakılığın qarşısının alınması ailə institutlarının möhkəmlənməsi, bu da öz növbəsində, dövlətin möhkəmlənməsi deməkdir. Zorakılığın qarşısının alınması üçün qadınların bacarıqlarından istifadə edilməsi, qadın və kişi arasında bərabərliyin olması, milli qadın hərəkatının, fəaliyyətinin artması, bu fəaliyyətin genişlənərək ailə institutları kimi formalaşması cəmiyyətdə təqdir edilməlidir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə komitənin (CEDAVV) vitse- prezidenti Pramila Patten, BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk və ABŞ-ın Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili Dereck Hoqan dünyanın bütün ölkələrində qadınlara qarşı məişət zorakılığı hallarının olması faktına toxunmuş, dünyanın ən sivil ölkələrində belə zorakılığın bu və ya digər formalarına rast gəldiklərini bildirmiş və qeyd etmişlər ki, bu, həm iqtisadi, həm də siyasi məsələdir. Onlar Azərbaycanda bu sahədə görülən işləri yüksək dəyərləndirmiş və qadınlara edilən zorakılığa qarşı mübarizə üçün öz tövsiyələrini vermişlər.
Sonda qeyd edək ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Müstəqil Dövlətlər Birliyində bir çox Avropa və müsəlman ölkələrində sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində nümunəvi layihələr həyata keçirilir. Azərbaycan dövləti və cəmiyyəti haqlı olaraq belə qadınlarla fəxr edir. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz ondan ibarətdir ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda yaxından iştirak edərək gündən-günə daha da fəallaşsın, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini versinlər.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.