Yazıçı, şairə Rəfiqə Məmmədova Azərbaycan uşaq ədəbiyyatının kifayət qədər tanınan simalarındandır. Onun hekayə və şeirləri təkcə uşaqlara deyil, böyüklərə də yaxşı tanışdır. Bir çox nəsillərin dünyaya, həyata baxışında silinməz izlər buraxan, bir zamanlar bu hekayə və şeirlərlə böyüyən valideynlər indi onlarla nəvələrini, uşaqlarını böyüdür, bu dünyanın sirli- sehirli qapılarını Rəfiqə xanımın misraları, deyimlərilə açırlar.
Rəfiqə Məmmədova 1938-ci ildə Cəbrayıl rayonunda anadan olub. Atası böyük Vətən müharibəsinə getdikdən sonra ailəsi ilə Füzuli rayonunda məskunlaşıb. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. 1960-1972-ci illərdə Bakı Yeyinti-Sənaye Texnikumunda müəllim işləyib.
1970-ci ildən dövrü mətbuatda çıxış edir. “Pioner”, “Günəş”, “Göyərçin” jurnallarında, “Savalan”, “Kommunist”, “Ədəbiyyat və incəsənət” və “Azərbaycan müəllimi” qəzetlərində vaxtaşırı hekayə və şeirləri çap olunub. Uşaqlar üçün yazdığı hekayələri Azərbaycan radiosunda səsləndirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəfiqə Məmmədovanın indiyədək “Dolu”, “Uğurlu ov”, “Şəfəq müğənnisi”, “İnam”, “Könül”, “Mənim şahinim”, “Dostluq”, “Güllü kəpənəkli bağ”, “Ardımca gəl”, “Nəciblik duyğusu”, “Bizim bağ”, “Zər çiçəklər” adlı kitabları işıq üzü görüb."Könül" romanı respublikamızla yanaşı, Türkiyədə, İranda da geniş oxucu sevgisi qazanıb.
Rəfiqə xanımın əsərləri təkcə uşaqlara yox , həm də böyüklərə, ümumən insanlara bir müraciətdir. Çünki biz hamımız – qocalı-cavanlı bu dünyanın səfərinə uşaqlıqdan çıxmışıq. Qəlbimizdə sevginin də, nifrətin də, mərhəmətin də, qəzəbin də, nəcibliyin də toxumu o illərdə səpilib. Kimi də o toxumlar necə göyərib, bunu zaman göstərib.
İxtisasca iqtisadçı olan yazıçının bədii yaradıcılıqla mütəmadi məşğul olması, sözügedən sahədə uğurlar qazanması maraqlı bir hadisə ilə bağlıdır. Rəfiqə xanım bu barədə dedi:- Hələ gənclik illərindən bədii mətnlər qələmə alırdım və yazıçı olmaq iddiası ilə yaşayırdım. Tələbə vaxtı filologiya fakültəsində təhsil alan rəfiqələrim bir neçə şeirimi sevimli şairimiz Bəxtiyar Vahabzadəyə oxumağa, fikrini bildirməyə vermişdilər. Bəxtiyar müəllim demişdi ki, bu qız ədəbiyyatda öz sözünü deyə, yeni cığır aça bilər, ancaq bir şərtlə ki, çox oxumalı, öyrənməli, yaradıcılıq axtarışlarından usanmamalıdır... Böyük alimimiz Xudu Məmmədov da bir neçə yazımı oxuyub mənə uğurlar diləmiş, öz kitabını göndərmişdi... Mən heç vaxt şan-şöhrət, titul arxasınca qaçmamışam. Amma indi fikirləşirəm ki, təvazökarlıq hissi də qədərində olsa yaxşıdır. Bu, bəzən adamı fəaliyyətsizləşdirir, çarəsizləşdirir, unutdurur...".
Təbii uşaq marağını ciddi şəkildə nəzərə alan yazıçı, demək olar bütün əsərlərində kəskin və canlı süjetləri onlara yaxın və anlaşıqlı dildə təsvir etməyi bacarmışdır. Ona sevgi qazandıran da elə bu ustalığıdır. Onun əsərləri təkcə uşaqlara onların yaşaya bildiyi qədər sevinc, gərginlik, emosiya yaşatmır, həm də gələcəyimiz olan uşaqların düşüncəsinin inkişafına xidmət edir. Mühüm olan da budur.
Yazıçı əsərlərindən, bütöv yaradıcılığından boy verən uşaqlara sevgi və məhəbbət təkcə onun insanlığından irəli gəlmir. Çünki Rəfiqə xanım insan, yazıçı olmaqla bərabər həm də ana, nənə, bibi, xaladr. Bu qohumluqların hər birində uşaqlara bir özgə məhəbbət, bir özgə duyğu və sevgi var.
Rəfiqə xanım deyir ki, uşaqların tərbiyəsi bir çox insanları yaşından artıq böyüməyə, müdrikləşməyə məcbur edir. Bu bizi uşaqlar, ümumən cəmiyyət içində nə etdiyimizə, nə dediyimizə və bunların nəticəsinin necə olacağına məsuliyyətlə yanaşmağı öyrədir.
Rəfiqə xanım təcrübəli yazar kimi onu narahat edən bir məqama da toxundu: “İndi roman yazmaq dəb halını alıb. Bir də görürsən ki, kimsə özündən hadisələr toqquşdurur, sonra da o hadisələri bir-birinin ardınca sıralayır və kitab (roman) adıyla nəşr etdirir... Fikirləşirəm, heç cür cavab tapa bilmirəm: bu məsuliyyətsizlik hardan, nədən qaynaqlanır, bu xaosun, bu macəraçılığın kökü, səbəbi nə ilə bağlıdır?..Sonra da gileylənirik ki, kitab oxunmur. Axı oxucu, necə deyərlər, əsərdə hadisələrin, obrazların mühitinə daxil ola bilmirsə, “qapı” onların üzünə bağlıdırsa, məkan, zaman həqiqətlərinə yan çevrilirsə, onda onun bədii ədəbiyyata laqeydliyindən danışmaqda nə qədər haqlıyıq?..
Rəfiqə Məmmədova iki müharibənin şahididir. Birinin (1941-45-ci il müharibəsi) dəhşətlərini uşaqlıq illərində yaşayıb, ikincisi isə hələ də davam edir, ermənilər hələ də torpaqlarımızda, yurd yerlərimizdə arın-arxayın gəzib dolaşırlar.
Həyatda atasını (Allahverən kişi İkinci Dünya müharibəsində həlak olub), neçə-neçə doğmasını vaxtsız itirən Rəfiqə xanıma ən çox əzab verən torpaq, yurd-yuva itkisidir. Bu itki ona illərdi ki, dinclik vermir. Amma inamını da itirmir. Düşmənin gec-tez yerində oturdulacağına, torpaqlarımızın xilas ediləcəyinə əmindir. Elə bu istək, bu ümidlə də yorulmaq bilmədən yazıb-yaradır...
İşğalın, qəsbin insanlara, cəmiyyətə gətirdiyi bəlaların nə olduğunu öz taleyindən, müşahidələrindən yaxşı bilir."Elim yanır", “Gültəkin həkim”, “Üsyankar elin qüdrəti”, “Torpağın dərd meydanı” şeirləri bunun bariz ifadəsidir. Bu mətnlər torpağı yağı tapdağından xilas etməyə, intiqama çağırışdır.
Rəfiqə xanım deyir: “Ürəyimdə bir nisgil var – torpaq nisgili. Bu, daim məni ağrıdır, sızladır, əzab verir. Nə qədər ki, yurd yerlərimiz yağı əlindədir, rahatlıq tapmayacam, yuxularım ərşə çəkiləcək... Torpaqlarımızın işğalı azərbaycanlı, qarabağlı olaraq həmişə ürəyimi göynədir. Yazılarımda da bu hiss, bu təlaş məni tərk etmir...”.
İnsan gələcəyindən çox, keçmişilə, dünənilə bağlı olur. Onu ötənlərin nostaljisi həmişə sıxır: uşaqlıq, gənclik dostları, yoldaşları gözləri önündən çəkilmir, doğmaları ilə keçirdiyi günlər, sevdiyi, sevildiyi aylar, illər söz-söhbətinin əsas mövzusu olur.
Rəfiqə Məmmədova da indi ötən günlərə boylananda dünəni apaydın görür: itirilmiş torpaq, yağmalanmış yurd, şəhid məzarlıqları... gözləri önündə canlanır. Canlandıqca da ürəyindəki ağrı, nisgil düşüncəsindəki savaş ovqatını daha da alovlandırır. Bax, elə bu ovqat, bu yaşam əhval-ruhiyyəsi onun şeirlərində, hekayələrində, publisistikasında açıq-aydın nəzərə çarpır.
Yeri gəlmişkən, Rəfiqə xanımın poeziyasında diqqətçəkən bir məqama da toxunmaq istərdim. Müəllif yaradıcılığında milli şeir ənənəsini davam etdirməklə, eyni zamanda, zənginləşdirməklə yanaşı, poeziyaya özünəməxsus fərqlilik, bənzərsizlik də qatır. Təbii ki, bu zaman məzmun da unudulmur: dövrün ictimai, sosial-siyasi, mənəvi-psixoloji problemləri qabardılır, diqqətə çatdırılır...
Bəzi şeylər yaşlandıqca unudulur. Yalnız uşaqlar sevimli nağıl və hekayələrdən hopmuş həqiqi məhəbbət və mərhəmət duyğusunu əbədi daşıyırlar. Rəfiqə xanımın hekayə və şeirlərində qarşıya qoyduğu məram və məqsədlər indiki mühitdə çoxlarına sadəlöhvlük kimi görünə bilər, ancaq unutmayaq ki, səmimiyyət və xeyirxahlıq heç zaman dəbdən düşmür. İnsanlığın bunlara həmişə ehtiyacı olur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.