Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir.
|Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur,
korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə
daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir,
insanlar da bu müsbət dəyişiklikləri görürlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklərin vaxtında və tam yerinə yetirilməsinə, işsizliyin və yoxsulluğun azaldılmasına, əlillərin və şəhid ailələrinin güzəranının daha da yaxşılaşdırılmasına səbəb olub. Ölkəmizdə əhalinin real gəlirinin və sosial ödənişlərin artırılması üçün dövlət başçısının tövsiyə və tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində, indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, 50 dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Əhalinin maddi təminatının yaxşılaşdırılmasına hesablanmış proqramların reallaşdırılmasına uyğun olaraq, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Milli qəhrəmanların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən Prezident təqaüdünün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq, 1000 manat müəyyənləşdirilib və bu ilin 6 ayında 177 nəfər Azərbaycanın Milli Qəhrəmanı və ya onların ailə üzvləri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunub. Bu təqaüd Milli qəhrəmanlarımızdan 16 nəfərinin şəxsən özünə, həlak olanların isə ailə üzvlərinə təqdim edilib.
Ölkəmizin sürətli makroiqtisadi inkişafı şəraitində əhalinin sosial təminatı daim güclənir, ölkə başçısının diqqət və nəzarəti nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artır. Sosial-iqtisadi inkişaf proseslərinin və dövlət sosial yardımlarının təyinatında şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində bu yardımları alan ailələrin sayı cari ilin 6 ayı ərzində 20,5 faiz azalıb, bir ailə üzrə ödənilən yardımın orta aylıq məbləği isə 12,1 faiz artaraq 141,53 manata çatıb. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması yönündə aparılan işlər uğurla davam etdirilir, sosial işçilər tərəfindən 12850 nəfərdən çox şəxs evdə sosial məişət xidməti, habelə sosial sifarişlər əsasında 1500 nəfər ehtiyacı olan uşaq ixtisaslaşmış sosial reabilitasiya xidmətləri ilə təmin olunur.
Cari ilin yanvar-iyun ayları ərzində ayrı-ayrı əlamətdar hadisələrlə əlaqədar və sosial-məişət problemlərinin həllinə kömək məqsədilə, ümumilikdə 1064 nəfər əlilliyi olan şəxsi və 112 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib. Belə ki, bu dövrdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü münasibətilə həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin, ƏƏSMN-dəki əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərən komissiyanın qərarları ilə sosial müdafiəyə daha çox ehtiyacı olan 262 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə kömək məqsədilə birdəfəlik maddi yardımlar verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 nəfər və ya 20,7 faiz çoxdur. Eyni zamanda, həmin komissiyanın qərarları əsasında hesabat dövründə 8 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına kömək göstərilməsi üçün müvafiq məbləğdə vəsait ödənilib. Habelə Səhiyyə Nazirliyinin vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının müvafiq rəyi əsasında 12 nəfər əlilin xarici ölkəyə müalicəyə göndərilməsi üçün nəqliyyat xərcləri ƏƏSMN tərəfindən ödənilib.
Ölkəmizdə sosial xidmət sisteminin mövcud standartlara uyğun yenidən qurulması və bu sahədə ciddi islahatların aparılması vacib məsələlərdən biridir. Hazırda ƏƏSMN-nin yerli orqanları tərəfindən əlilliyi olan şəxslərə həm stasionar, həm də səyyar sosial xidmətlər göstərilir. Belə ki, 9 sosial xidmət müəssisəsində ümumilikdə 1182 nəfər tam dövlət təminatında olmaqla stasionar sosial xidmətlə əhatə edilib və son 6 ay ərzində onlardan 32 nəfəri ailələrinə qayıdıb. 12853 nəfərə isə nazirliyin 1277 nəfər sosial işçisi tərəfindən səyyar qaydada, yəni evlərində sosial-məişət xidməti göstərilib.
Cari ilin birinci yarısında tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üzrə görülən tədbirlər nəticəsində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb. Aparılan təhlillər göstərir ki, reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə – I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə təkrar əlillik üçün müraciət etmələri həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılıq doğurur, həm də məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini yüksəldir. Bunları nəzərə alaraq, ƏƏSMN-də təyinat üçün müraciətlərin dövrilik müddətinin artırılması və sayının azaldılması barədə ölkə başçısının tapşırığına uyğun olaraq təkrar müayinələrin I qrup üçün tamamilə ləğv edilməsi, digər qruplar üçün 5 ildə bir dəfə olmaqla, II qrup üzrə sayının 3-ə, III qrup üzrə isə 4-ə endirilməsi barədə təkliflər hazırlanıb. Bu institusional islahat tədbiri nəticəsində bir il ərzində müayinədən keçirilənlərin sayı 280 min nəfərdən 35-40 min nəfərə qədər azalacaq ki, bu da ilkin təyinat prosesinin avtomatlaşdırılmasına imkan yaradacaqdır. Cari ilin birinci yarısında 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib.
Azərbaycan Prezidentnin ünvanlı sosial yardımların və əlilliyin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə tapşırıqları sürətlə yerinə yetirilir. Cari ilin 6 ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə nazirliyin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir. Hazırda nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Bu sistemin tətbiqi ölkə vətəndaşlarına ailə üzvlərindən birinə verilən notarial və vəkalətnamədən başqa hər hansı sənəd toplamadan və yerli orqanlara getmədən istənilən internet bağlantısı olan nöqtədən ünvanlı sosial yardım üçün nazirliyə elektron müraciət etmək və 15 gün ərzində mobil telefonuna göndəriləcək “sms” vasitəsilə təyinat barədə məlumat almaq imkanı yaradacaqdır. Sistemin qurulmasını Ədliyyə Nazirliyində vəkalətnamələrin avtomatlaşdırılmış qeydiyyatı bazasının mövcudluğu son dərəcə asanlaşdırıb. Fikrimizcə, digər dövlət orqanları da öz informasiya resurslarını bu məqsədlərdən ötrü ƏƏSMN-nin istifadəsi üçün açsa, vətəndaşların müraciətlərindəki məlumatlar həmin informasiyalar əsasında dəqiq yoxlanıla bilər. Dünya Bankının mütəxəssislərinin fikrincə, belə bir sistemin qurulması bütün ölkələr üçün örnək ola bilər.
Belə bir məsələyə diqqət yetirmək vacibdr ki, həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatının avtomatlaşdırılması nəticəsində vətəndaş-məmur təmaslarının minimuma endirilməsi barədə ölkə Prezidentinin tapşırıqlarının ƏƏSMN-də dəqiqliklə yerinə yetirilməsi ilə Azərbaycan Respublikasında səmərəli əmək və məşğulluq siyasətinin, həmçinin əhalinin güclü sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması tam təmin olunacaqdır. Nazirlər Kabinetinin iclasında dövlət başçımız bu məsələyə toxunaraq demişdir: “...Məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız”. Hazırda vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımı almaq məqsədilə elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asan və rahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan Prezidenti demişdir: “Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər”.
Proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi, təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə, yardımın təyin olunduğu halda isə yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi haqqında, həmçinin, bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.
Beləliklə də, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaqdır. Dövlətin düşünülmüş siyasəti, qəbul edilən proqramların reallıq üzərində qurulması, hər bir sahə ilə bağlı konkret fəaliyyətin olması onu deməyə imkan verir ki, Azərbaycan hər zaman, hətta, böhranlı illərdə də sürətlə inkişaf edir, uğurlar qazanır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.