Regionların sosial-iqtisadi inkişafı ölkə əhalisinin həyat səviyyəsini daha da yüksəldir

Ölkəmizdə  həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycanı müasir dünya  standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir.

Prezident İlham Əliyevin bu istiqamətə köklənmiş  müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları (bu vaxtadək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla icra olunur) çərçivəsində reallaşdırılan layihələr Azərbaycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu dövlət proqramlarının qarşıya qoyduğu əsas vəzifələr regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin həyat cəviyyəsinin yüksəldilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir Azərbaycanın dünya birliyinə sürətli  inteqrasiyasını xarakterizə edən əsas cəhətlərdir.

Son 12 ildə Dövlət proqramları çərçivəsində həyata keçirilən  irimiqyaslı layihələrə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanda yaradılan yeni sənaye və istehsal müəssisələri, həmçinin  iş yerlərinin  həcminə görə postsovet dövlətləri ilə müqayisədə respublikamız xeyli irəlidədir. Bütün bölgələrdə yol infrastrukturunun yenidən qurulması başa çatdırılmış, indiyədək rahat yol arzusu həsrətində olan kənd sakinlərinin istəkləri reallaşdırılmış və bu  istiqamətdə irimiqyaslı layihələr həyata keçirilmişdir. Dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, müasir yol ötürücülərinin, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi əhalinin sabaha olan inamını daha da artırıb.

Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq, bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artmışdır. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda bütün sahələr üzrə sürətli inkişafın şahidiyik. Bunu ölkəmizə gələn qonaqlar, rəsmi dövlət nümayəndələri də etiraf edirlər. Bir neçə il sonra ölkəmizə yenidən gələn dövlət nümayəndələri Azərbaycandakı inkişafdan, baş verən dəyişikliklərdən heyranlıqla danışırlar. Biz birinci Avropa Oyunları zamanı da bunun şahidi olduq. Bu Oyunları izləməyə gəlmiş turistlər arasında elələri var idi ki, onlar “Eurovision-2012”-də  də ölkəmizdə olmuşdular. Onlar son üç ildə Bakıda baş verən dəyişikliklərdən, şəhərimizdə aparılan abadlıq və yenidənqurma işlərindən, səliqə-sahmandan, davamlı ictimai-siyasi sabitlikdən məmnunluqla danışırdılar.

Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin də həyat səviyyəsinin yaxşılaşdırılmasına öz təsirini göstərib. Hər birimiz bunu gündəlik həyatımızda da hiss edirik.

Həmişə olduğu kimi, yenə də adını müxalifət qoyan bəzi xəyanətkarlar ölkəmizin, guya, neftdən asılı olması barədə yanlış fikirlər səsləndirir və bununla da regionların inkişafına kölgə salmağa cəhd edirlər. Həmişə Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, iqtidarın uğurlarına kölgə salmağa  və respublikamızın beynəlxalq birlikdə getdikcə artan reytinqinə xələl gətirməyə cəhd edən AXCP sədri Əli Kərimli bu günlərdə yenə sərsəm fikirlər səsləndirərək ölkəmizin neftdən asılı olduğunu bildirib. Görünür, xarici himayədarlarının və erməni tərəfdarlarının verdikləri çirkli pullar Əli Kərimlinin gözlərini qamaşdırdığından o, son illər qeyri-neft sektorunun sürətli inkişafını görə bilməyib. Çirkli pulları hər şeydən üstün tutan AXCP sədrinə xatırlatmaq istərdik ki, dünya bazarlarında neftin qiymətinin azalması Azərbaycanın iqtisadi inkişafına, nəzərdə tutulan irimiqyaslı layihələrin icrasına o qədər də ciddi təsir etməyib. Bunun bir səbəbi valyuta ehtiyatımızın 50 milyard dolları ötməsidirsə, digər səbəbi dövlət başçısının məntiqli siyasi strategiyasının uğurlu nəticəsidir. Əli Kərimli belə uğurları görə bilməz. Çünki onun bütün nəzər – diqqəti erməni lobbisinin əlinə dikilib və gözləyir ki, ölkəmiz haqqında yaydığı növbəti böhtan və yalanlara görə bu dəfə nə qədər “mükafat”  verəcəklər.

Biz AXCP sədrinin ermənilərlə iş birliyi qurmasının dəfələrlə şahidi olmuşuq. Hətta bəzi gəncləri aldadaraq, ermənilərlə danışıqlara göndərməsi, ölkədə dövlət çevrilişi etmək üçün onlardan yardım istəməsi barədə faktlar hələ də unudulmayıb. Hər halda, ölkəmizin neftdən asılı olmadığını, qeyri-neft sektorunun inkişafını, xüsusilə regionlarda bunun geniş vüsət aldığını təsdiqlyən bir sıra faktları diqqətə çatdırmağı özümə borc bildim. Qoy AXCP sədri də bu faktlarla tanış olduqdan sonra, az da olsa, əgər bacararsa, vicdan əzabı  çəksin.

Qeyri- neft sektorunun inkişafının təmin olunmasında  kənd təsərrüfatı və sənaye quruculuğu sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Respublikamızda 2014-cü ilin “Sənaye ili” elan olunması bir sıra müəssisələrin yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Təkcə “Sənaye ili” çərçivəsində respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılıb. Ümumiyyətlə, son 12 ildə dövlətin güzəştli kreditləri sayəsində fəaliyyətə başlayan 500-dən çox yeni müəssisə hesabına respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib.

2015-ci ilin 6 ayının yekunları da qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir.  Bu müddət  ərzində  neftin qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq,  iqtisadiyyatda 5,7 faiz artm olmuşdur. Qeyri-neft sektorunun inkişafında isə 9,2 faiz artım olmuşdur. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin  nəticəsidir.  Əhalinin pul gəlirlərində də  6,2 faiz artım olmuşdur. Kənd təsərrüfatında 7,3 faiz artımın müşahidə olunması son illər ərzində ən yüksək artım tempindən xəbər verir.

Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu artımda  xarici investisiyaların üstünlük təşkil etməsi ölkəmizə olan marağın təzahürüdür. Faktlar da təsdiqləyir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin açılmasına da müsbət təsir etmişdir. Bu ilin 6 ayı ərzində ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Onu da qeyd edək ki,  bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə və yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər. Xalqımız bunu gündəlik həyatda görür.

Dövlət  proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası regionlarda da qeyri- neft sektorunu xeyli canlandırmış və neftdən asılılığın aradan qaldırılmasına müsbət təsirini göstərmişdir. Bu proqramın qarşıya qoyduğu vəzifələrin uğurlu icrası  regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.  Bölgələrdə sahibkarılığın inkişafı aparılan işlərin uğurlarından xəbər verir. Prezident İlham Əliyevin bu günlərdə Cəlilabad rayonuna səfəri zamanı da bunun şahidi olduq. Rayonda yeni müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi önəm verilməsi, dövlətin bu sahənin inkişafı üçün güzəştli  kreditlər ayırması sahibkarlığın inkişafına böyük təkan verib. Azərbaycan Prezidenti Cəlilabad rayonunda olarkən tanış olduğu sahələrdən biri də   “Avanqard” MMC-nin  taxılçılıq təsərrüfatı idi.

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. “Avanqard” MMC-nin  taxılçılıq təsərrüfatı da bu məqsədlə yaradılıb.

Cəlilabad rayonunda sahibkarlığın inkişafı daim diqqət mərkəzində olub. Bu rayonda fəaliyyət göstərən 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və həmin kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb. Digər tərəfdən, ölkədə ərzaq bolluğunun yaradılmasında sahibkarların böyük rolu olub.  Ölkə rəhbəri keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatına  baxış zamanı da bunun şahidi olduq. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir.

Ərazidə  qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış üsulu ilə müasir suvarma sistemlərinin quraşdırılması təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirəcək.  Təssərrüfata “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Bu layihənin əsas vəzifəsi ölkədə sahibkarlığın inkişafına təkan vermək, ərzaq bolluğu yaratmaq və yeni iş yerlərinin açılmasıdır. Fakt üçün deyək ki, bu vaxta qədər 50-dək yeni iş yeri yaradılıb. Ümumiyyətlə, son 11 ildə rayonda  25 mindən çox yeni iş yeri yaradılıb. Həmin iş yerlərinin yarıdan çoxu daimi xarakterlidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası Cəlilabad rayonunun bütün sahələrində əhəmiyyətli dəyişikliklər yaradıb. Rayon ərazisində bir -birindən gözəl parkların yaradılması, rayonun qəsəbə və kəndlərinin yol örtüyünün əsaslı təmir olunması, Avropa standartlarına uyğun olan uşaq bağçası və xəstəxananın tikilməsi əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Rayon rəhbərliyinin ucqar kəndlərdə əhali ilə mütəmadi görüşlər keçirməsi və onların mövcud problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin uğurlu icrasından xəbər verir.

Son illər  rayonda qaz təsərrüfatının yenidən qurulması kəndlərin qazlaşdırılması işinə öz təsirini göstərmişdir. Rayonun Muğan, Söyüdlü, Seydidbazar, Hasıllı və Hacıismayıllı kəndlərinə təbii qazın verilməsi təntənəli şəkildə qeyd olunmuşdur. Digər  kəndlərə də qaz kəmərinin  çəkilişi davam etdirilir. Bütün bunlar əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir. Bu gün inamla demək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası Cəlilabad rayonunu ölkəmizin inkişaf etmiş bölgələrindən birinə çevirib.

Ölkə başçısı İlham Əliyevin regionların, eləcə də, qeyri- neft sektorunun  inkişafı və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün diqqət və qayğısı Azərbaycan xalqının gözü qarşısındadır. Dövlət başçısının  həyata  keçirdiyi siyasi kurs regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər respublikamızın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir, reytinqini artırır.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında