XIX əsrin axırları və XX əsrin əvvəlində Azərbaycanda, eləcə də Naxçıvanda xalq maarifi və pedaqoji fikrin təşəkkülündə mühüm rol oynamış yazıçı və maarifpərvər ziyalılar içərisində Məhəmməd Tağı (Sidqi) Səfərovun da öz yeri vardır.
İndiyədək Sidqinin bədii yaradıcılığı, ədəbi- ictimai və pedaqoji fəaliyyəti haqqında xeyli tədqiqat işləri aparılmış və bu araşdırmalar müxtəlif məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda öz əksini tapmışdır. Lakin bu, o demək deyil ki, Sidqinin çoxşaxəli fəaliyyəti – elmi, ədəbi, bədii və publisistik yaradıcılığı tam şəkildə tədqiq olunmuşdur. Araşdırmalar davam etdikcə bu böyük şəxsiyyət haqqında yeni-yeni faktlar və məlumatlar aşkara çıxmaqdadır.
Biz bu məqaləmizdə M.T.Sidqiyə, həmçinin onun Ordubadda açdığı “Məktəbi - Əxtər” (1892), Naxçıvanda təsis etdiyi “Məktəbi-Tərbiyə”yə aid bir neçə yeni arxiv sənədi haqqında bəhs edəcəyik.
Sidqinin ilk pedaqoji fəaliyyəti “Əxtər” məktəbindən başlamışdır. O, burada var qüvvəsini gənclərin maarif və mədəniyyətə yiyələnməsinə sərf etmişdir.
1892-1893- cü illərdə nəşr edilmiş quberniya mətbuat orqanlarının bir çoxunda “Əxtər” haqqında bir sıra yazılar dərc edilmişdir.
Lakin təzadlar dolu həmin dövrdə həmməsləkləri və tərəfdarları vəfat etdikdən sonra Sidqinin iqtisadi və mənəvi vəziyyəti də pisləşməyə başlamışdır. Bir tərəfdən ruhani və cəhalətpərəstlərin təqibi, digər tərəfdən Sidqinin ailə vəziyyətinin ağırlaşması, başqa bir tərəfdən isə Ordubadda yayılan epidemiya onun Ordubaddan köçməsinə səbəb olmuşdur.
Bu barədə M.S.Ordubadi belə yazır: “Məktəb müəssislərindən Hüseyn Sultan Kəngərli və Hüseyn İsmayılov ikisi də bir gündə öldülər. Bundan sonra Salman Əsgərov məktəbi yalnız bir il saxlaya bildi. Sidqi maaşsız qaldı. Bu müddətdə naxçıvanlılar Sidqiyə teleqram və məktub göndərib onu Naxçıvana apardılar. “98 yaşlı ordubadlı Məşədi Əliqulu Səfərov M.T.Sidqinin Ordubadda açdığı “Əxtər” məktəbi haqqında 1964- cü ildə qələmə aldığı xatirələrində yazır: “Mən Mirzə Tağı Sidqinin yanında 5 il oxumuşam . Biz 10 nəfər uşaq əvvəllər Sidqinin evində oxuyardıq. İki il evində oxuduqdan sonra indiki ipək fabrikinin klubu olan yerdə “Məktəbi – Əxtər” təsis olundu . Bu məktəbi Sidqi açdığından ona “Məktəbi – Sidqi” deyirdilər. 3 il də orada oxudum. İki il M.T.Sidqi dərs deyəndən sonra onu Naxçıvana apardılar. İkinci il məktəbdə oxuduğumuz vaxt 100 nəfər uşaq vardı. Bunlardan 30-u İrandan gəlib oxuyurdu. Qalanı Əndəmiçdən, Əylisdən, Vənənddən və Ordubadın özündən idi.
Sidqinin atası Məşədi Səfər pinəçi idi. Adına Səfər bəy deyirdilər, özü də qəcələ quyruq papaq qoyurdu. Məşədi Həmzə, mən, İbrahim Əbilov bir sinifdə oxuyardıq. Məktəbdə oxuyan varlı balalar ayda 3 manat verərdilər, bizim kimi kasıblar isə pul verməzdik. Bəziləri isə həftədə 2 qəpik verirdi. Məktəb əhalinin hesabına dolanırdı. Biz hesab, ana dili, rus dili, fars dili, ərəb dili, coğrafiya dərslərini keçərdik.
Mənsur ağa, bir də Məşədi Əsgər məktəbə yaxşı kömək edirdilər. Onlar pul verib məktəbi saxlayırdılar.
Biz dərslərimizi cildli kitablardan keçməzdik. Ancaq Sidqi müəllimin əlində olan yazılı vərəqlərdən keçirdik. Sidqi Naxçıvandan getdikdən sonra “Məktəbi - Əxtər”3 il davam edib sonra bağlandı.
Ondan 10 il sonra eşitdik ki, Sidqi müəllim Qarabağlarda ölüb. Onun yoldaşları Nəqqaş, Dəbbak Sidqinin vəfatı ilə Sidqiyə bir qəzəl yazmışlar ki, oxuyanda adam ağlayırdı”.
M.T.Sidqi 1894- cü ildə Naxçıvana gəlib yerli ziyalılara arxalanaraq burada yeni tipli təhsil ocağı olan “Məktəbi -Tərbiyə”ni təsis etdi.
Bu məktəb üçün o ayrıca tədris planı, dərs cədvəli, təqvimi iş planı, maliyyə təsərrüfat planı, şagirdlər üçün ədəb qaydaları, valideynlər üçün nizamnamə, əlyazması şəklində dərsliklər tərtib edərək, məktəb şagirdlərinin hərtərəfli dünyəvi təhsilə yiyələnməsini təmin edirdi. “Şərqi-rus ” qəzetində dərc olunmuş məqalələrdən birində “Məktəbi-Tərbiyə”nin açılması haqqında yazılmışdır: “1894- cü ilin sentyabr ayında Naxçıvanda “Məktəbi-Tərbiyə” adlı bir məktəb ehdas etdilər. Bu aliqədr müəllimin (Sidqiyə işarədir-F.C.) öz işinə isti qanı ilə yanaşmağı və tərbiyəti- ətraflı şagirdlərin şövqilə məktəbə gedən elm və ədəb təhsil etməkləri xalqın məhəbbətini cəlb etdi və pul cəm edib “Məscidi- Came”nin heyətində bir təzə məktəb bina etdilər”.
Doğrudan da Naxçıvan camaatı məktəbin mənfəətverici olduğunu hiss edib, onun üçün yeni bina tikdirməyə başladı. Yeni məktəb binası yalnız camaatın vəsaiti hesabına tikdirilirdi.
Araşdırılan arxiv sənədlərində “Tərbiyə” məktəbinin yeni binasının tikilməsinə maddi köməklik etmiş xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında iki sənədə rast gəldik ki, bu sənədlərdən biri məktəbin müdiri M.Tağı Səfərovun 10 iyun 1897-ci il tarixli İrəvan Quberniyası və Qars vilayəti Xalq Məktəbinin müdirinə göndərdiyi raportdur. Həmin raportda M.T.Səfərov yazır: “Məşhur xeyriyyəçi və hər cür xeyirli işə, xüsusən də xalqın təhsili işinə köməklik edən Bakı şəhər sakini Hacı Zeynalabdin Tağıyev Naxçıvandakı rus-tatar məktəbinə 1000 manat köməklik edib, həmin pullar eyvanın düzəldilməsinə və başqa xərclərə yönəldilib. Bu haqda mən Siz həzrətlərinə bildirirəm.
Məktəbin müdiri (imza) M.T.Səfərov”
İkinci sənəd isə 24 iyun 1897-ci il tarixli müdir əvəzi – rus dili müəllimi Ələkbər Suleymanovun İrəvan və Yelizavetpol quberniyaları Xalq Məktəbləri müdirinə göndərdiyi məktubdur. Məktubda yazılır: “ Bildirmək istəyirəm ki, Tağıyev tərəfindən bağışlanmış 1000 manat pul onun tərəfindən ötən ilin iyul ayında Naxçıvan qəza rəisi cənablarının adına göndərilmişdir və məktəbin binasını təmir etmək üçün qəza rəisi tərəfindən Naxçıvan şəhər cəmiyyətinin nümayəndəsi Hacı Əliqulu Novruzova təqdim olunmuşdur. Xərclər və gəlir kitabından göründüyü kimi, bu pullar aşağıdakı kimi xərclənmişdir: 250 manat eyvanın tikilməsinə, 40 manat rənglənməsinə, 30 manat su borusu və hovuza, 327 manat qapı-pəncərəyə, 83 manat məktəb ləvazimatları almağa, cəmi 1000 manat.
Müdir əvəzi, rus dili müəllimi(imza) Ə.Süleymanov”.
Onu da qeyd etmək lazımdır ki, Sidqinin təsis etdiyi “Məktəbi-Tərbiyə” Naxçıvan ziyalıları üçün də çox böyük hadisə idi. Çünki Naxçıvan maarifpərvər demokratları qəzada birinci və hələlik yeganə mədəniyyət ocağı olan bu məktəbin ətrafında birləşmiş və mübarizəni bu cəhətdən aparırdılar.
Sidqinin pedaqoji fəaliyyətində ən müsbət cəhətlərdən biri də ana dilinin inkişafı məsələsi idi. O, qeyd edir ki, azərbaycanlıların geri qalmasının və təhsil edə bilməməsinin bir səbəbi də onların ana dilini bilməmələri və öz dilini bir yana qoyub, fars dilində yazışmalarıdır.
Sidqi öz dövründə ana dilinin tədrisinə fikir verilmədiyini təsvir edərək, istifadəsiz qaldığından ana dilinin nə halətə düşməsini ürək ağrısı ilə belə izah edir: “Həmin biz Qafqazda sakin olan türklərin lisani- madərzadının tərzi- ifadəsi və işvədən və nə qaydadır, bəyan olunsun ki, gərək bizlər ərəb lisanından nə əxz etmişik və farsi zəbanından nə saxlamışıq və nə öyrənmişik ki, türki dilimiz nə halətə düşübdür.”
Naxçıvan qəzasının ictimai həyatında fəal iştirak edən, əhalini elmə, ədəbə, təhsilə və tərəqqiyə səsləyən bu qabaqcıl pedaqoqun fəaliyyəti o zamankı təhsil işlərinə baxan bir sıra cəhalətpərəst rəislərin xoşuna gəlmirdi.
Ona görə də çar üsul-idarələri və cəhalətpərəst fanatiklər nəyin bahasına olursa-olsun Sidqini yox etməyə çalışır və heç olmazsa, onu məktəbin müdirliyindən uzaqlaşdırmaq istəyirdilər. Sidqini məktəbdən uzaqlaşdırmaq üçün həmin rəislərin əlində formal və lüzumsuz bəhanələr də var idi.
Bu isə Sidqinin müəllimlik sənədinin olmaması idi. Nəhayət, Sidqinin sənədinin olmadığını bəhanə edib, onu müdirlikdən (1897- ci ilin iyul ayında ) azad edirlər. Əgər qısa bir müddət içərisində imtahan verib attestat almasa, Sidqini müəllimlikdən də çıxaracaqlarını ona çatdırmışdılar.
Ana dili dərslərini tədris edən M.T.Sidqi 1902- ci ildə quberniyaya gedib müvəffəqiyyətlə imtahan verərək müəllimlik attestatı alır. Belə bir çətin şəraitdə Sidqi təsis etdiyi “Tərbiyə” (1897-ci ildən “rus-tatar”) məktəbində ana dili müəllimi saxlanılır.
Onu da qeyd edək ki, Sidqiyə göstərilən təzyiqlər və Ordubada dəvət olunması ilə əlaqədar o, 1900-cü ilin iyul ayında Ordubad şəhərində açılması nəzərdə tutulmuş rus-tatar (Azərbaycan) məktəbinə dəyişilməsi haqda İrəvan Quberniyası Xalq Məktəbləri müdiriyyətinə xahişnamə göndərmişdir.
Bunu bilən II Kəlbalı xan oğlu, Naxçıvan şəhər başçısı (starostu) və “Məktəbi-Tərbiyə”nin fəxri nəzarətçisi Cəfərqulu xan Naxçıvanski 19 avqust 1900-cü il tarixdə İrəvan quberniya Xalq Məktəblərinin inspektoruna (sənəddə adı, soyadı göstərilməyib-F.C.) göndərdiyi məktubunda yazır: “Aldığım məlumatlara görə, Naxçıvan rus-tatar məktəbinin müəllimi Məşədi Tağı Ordubadda açılacaq rus-tatar məktəbinə çevrilir .
Siz həzrətlərinin nəzərinə çatdırmağı özümə borc hesab edirəm ki, Naxçıvanda yeni açılmış rus-tatar (“Tərbiyə”-F.C.) məktəbi yalnız adı çəkilən müəllimin səyləri hesabına mövcuddur, hansının ki, şagirdlərə dərs deməyə və onları rus məktəblərinə hazırlamağa böyük bacarığı vardır. Müəllim Səfərova Naxçıvan şəhəri tərəfindən ildə 500 manat məvacib ödənilir. Adı çəkilən məktəb hələ tam formalaşmayıb. Əgər Səfərov Ordubad şəhərinə keçirilərsə, onda bu məktəbi bağlanmaq təhlükəsi gözləyir. Naxçıvandakı rus-tatar məktəbi tam möhkəmləndikdən sonra Səfərov başqa yerə keçirilə bilər.
Yuxarıdakıları nəzərinizə çatdıraraq, xahiş edirəm Məşədi Tağı Səfərovun Naxçıvan rus-tatar məktəbində saxlanması xahişini rədd etməyəsiniz.
Naxçıvan şəhər başçısı (starost) (imza) Cəfərqulu xan Naxçıvanski”.
Sidqinin bilavasitə məktəbdən uzaqlaşmasını istəyən, Sidqinin məktəbin müdirliyindən azad edildikdən sonra məktəbə müdirlik edən Ələkbər Suleymanov 27 avqust 1900- cü il tarixdə İrəvan quberniyası Xalq Məktəbləri inspektoruna göndərdiyi raportda isə belə yazır: “Mənim nəzarətimdə olan məktəbin tatar (Azərbaycan-F.C.) müəllimi Məşədi Tağı Səfərov siz həzrətlərinə müraciət edərək onun Ordubad şəhərində bu təhsil ilinin başlanğıcında açılması nəzərdə tutulan rus-tatar məktəbinə keçirilməsini xahiş edib.
Bunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, Səfərovun Ordubad məktəbinə keçirilməsi xahişi yerinə yetirilərsə, onda şəhər tərəfindən Səfərova ayrılmış 500 manata icazə verin elə şəxsi işləməyə dəvət edim ki, mənə rus dilinin tədrisində köməklik etsin və ona illik 400 manat məvacib verilsin. Qalan 100 manatın 50 manatı kitabxanaya və 50 manatı isə dəftərxana ləvazimatına xərclənsin.
Məktəbin nəzarətçisi (müdiri) (imza) Ə.Süleymanov”.
Bu dövrdə Sidqinin böyük nüfuz sahibi olduğunu görən ordubadlılar Ordubad şəhər starostu (başçısı-F.C.) Abutalıbovdan xahiş edirlər ki, Sidqini Ordubada qaytarsınlar.
Ordubaddan alınan rəsmi təliqələrdən birində yazılmışdır: “Ordubad şəhər müsəlman cəmiyyətinin 5 fevral 1900-cü il tarixli qərarına əsasən 1 sentyabr 1900-cü il tarixdən Ordubadda başqa bir rus-tatar məktəbi təsis olunmuşdur.
Cəmiyyətin üzvlərindən Hacı Məhəmməd Hacı Abdulla oğlu Quliyev, Məşədi Sadıq Cabbar oğlu ilbəil məktəbin saxlanması üçün lazımi gəlir verəcəklərini öhdələrinə götürmüşlər.
Müəllimlərin seçilməsi işi cəmiyyətin xüsusi iclasında həll olunmuş, müsəlman dilinin tədrisi isə sizə tapşırılmışdır.
Əlahəzrət, Ordubad şəhər müsəlman cəmiyyətinin bu xoş arzusunu sizə çatdırmaqla, öz tərəfimdən əminəm ki, doğma şəhərimizin gənc nəslinin maariflənməsinə siz tərəfdən xidmət göstərilməsinə etiraz etməyəcəksiniz.
Cəmiyyətə müsbət xəbər çatdırmaq üçün səbirsizliklə cavabınızı gözləyirəm.
Ordubad şəhər starostu (başçısı) (imza) Abutalıbov”.
Lakin Sidqi Naxçıvandan qayıtmaq istəmir. Onsuz da o, var qüvvəsini Naxçıvanda gənc nəslin təlim-tərbiyəsinə sərf edirdi. Buna görə də M.T.Sidqi 1900-cü ilin iyulunda Ordubadda yeni açılacaq rus-tatar (Azərbaycan) məktəbinə keçirilməsi haqda İrəvan Quberniyası Xalq Məktəbləri inspektoruna yazdığı xahişnamənin icra edilməməsi haqda 2 sentyabr 1900-cü il tarixdə bir xahişnamə göndərib: “Ordubadda açılmış yeni rus-tatar məktəbinə keçirilmək istədiyimi sizə bildirmişdim. Siz Həzrətlərindən xahiş edirəm ki, 27 iyul 1900-cü il tarixli çevrilmək haqqında xahişimi həyata keçirməyəsiniz.
Məşədi Tağı Sidqi Səfərov (imza)
Bir sıra elmi-pedaqoji, ədəbi-publisist, ictimai-siyasi, fəlsəfi əsərlərin müəllifi Sidqini yaşadığı mühiti, xalqının acınacaqlı və ətalətli həyatı narahat etməyə bilməzdi. İlk günlərdən öz xalqının həyatında gördükləri acınacaqlı vəziyyət onun həssas qəlbinə güclü təsir göstərirdi. Buna görə də Sidqi ürək xəstəliyinə tutulur. Tez-tez tutan ürək ağrıları kəskinləşib 1903-cü il dekabrın 8-də qonaq dəvət olunduğu Qarabağlar kəndində vəfat etməsinə səbəb olur.
M.T.Sidqinin ölümü ilə bağlı Naxçıvan rus-tatar (Azərbaycan) məktəbinin nəzarətçisi ( müdiri-F.C. ) Ələkbər Süleymanov 12 dekabr 1903-cü ildə İrəvan Quberniyası Xalq Məktəbləri müdirinə göndərdiyi raportda yazır: “Siz həzrətlərinə çatdırmaq istəyirəm ki, mənim nəzarətimdə olan məktəbin müəllimi Məşədi Tağı Səfərov bu ilin dekabr ayının 8-də müsəlmanların “Oruc bayramı” günü Qarabağlar kəndində tanışının evində vaxtsız vəfat edib.
Bunları siz həzrətlərinə çatdıraraq, sizin tatar dilinin tədrisi işinə dair sərəncamınızı gözləyirəm.
Məktəbin nəzarətçisi (imza) Ə.Süleymanov”.
Sidqinin ölümündən sonra Naxçıvan rus-tatar (Azərbaycan) məktəbinin müəllimi Molla Əli Hüseynzadə 20 dekabr 1903-cü il tarixli İrəvan Quberniyası Xalq Məktəbləri müdirinə göndərdiyi ərizəsində yazır: “Naxçıvan rus-tatar məktəbində 9 il qanun dərsləri tədris edərək, nəinki dini qanunlar dərsi, həmçinin məktəbin birinci şöbəsində Azərbaycan dili dərsi tədris etmişəm və ən yeni metodlarla ana dilini tədris etmək bacarığına yiyələnmişəm. Buna görə də sizdən xahiş edirəm boş olan tatar (Azərbaycan- F.C.) dili müəllimi vəzifəsinə məni təyin edəsiniz.
Şəriət müəllimi (imza) Molla Əli Hüseynzadə”.
M.T.Sidqinin ölümünün dekabrın 9-da olmasının bir çox məqalə, kitab, ensiklopediya və monoqrafiyalarda göstərilməsinə baxmayaraq, məktəbin nəzarətçisi (müdiri) Ə.Süleymanovun İrəvan Quberniyası Xalq Məktəbləri inspektoruna göndərdiyi məktubunda və Sidqinin həyat yoldaşı İsmət xanımın Sidqinin ölümü ilə əlaqədar uşaqlarına dövlət tərəfindən təqaüd kəsilməsi haqqında məktəbin müdirinə yazdığı ərizəsində Sidqinin dekabrın 8-də vəfat etməsi göstərilir.
İsmət xanımın dilindən Sidqinin oğlu Məhəmmədəli Səfərov tərəfindən (Məhəmmədəli Səfərov təhsilini “Məktəbi-Tərbiyə” də almış, yazıçı kimi “Kommunist”, indiki “Xalq qəzeti”ndə rəhbər vəzifədə çalışmışdır.-F.C. ) yazılmış ərizədə də Sidqinin dekabr ayının 8-də ölməsi göstərilir. Ərizənin tam mətni belədir: “Naxçıvan rus-tatar məktəbinin nəzarətçisi cənablarına. Sizin nəzarətinizdə olan Naxçıvan rus-tatar məktəbinin keçmiş müəllimi, mərhum Məşədi Tağı Səfərov Sidqinin həyat yoldaşı İsmət xanım Səfərova tərəfindən
Ərizə
Siz Həzrətlərinə məlumdur ki, mənim ərim, keçmiş tatar (Azərbaycan- F.C. ) dili müəllimi, Sizin nəzarətinizdə olan rus-tatar məktəbinin (“Tərbiyə”-F.C. ) banisi olub. Yaxın gələcəkdə on illiyini qeyd edəcək, düzgün təşkil olunmuş rus-tatar məktəbinin Naxçıvanda açılması fikrini həyata keçirmək o qədər də asan iş deyildir. Çünki bu şəhərin qara əhalisi hər cür yenilikdən qorxurdu və məktəb islahatını dini ənənələrə xəyanət hesab edirdi. Bir faktı da qeyd edim ki, Naxçıvan rus-tatar məktəbi açılan zaman bu cür tədris müəssisəsi nəinki quberniyada, hətta Zaqafqaziyanın müsəlman mərkəzlərinin əksəriyyətində belə yox idi. Əgər Naxçıvan bu mənada digər şəhərləri üstələyibsə, bu uğur mənim mərhum ərim – Məşədi Tağı Səfərov- Sidqinin enerjisi və bacarığı sayəsində olub.
1894-cü ildə məktəbin zəminini hazırlamaq üçün iş gedirdi. Bir tərəfdən məktəbin açılması üçün küçədə təbliğat aparılırdı, digər tərəfdən maddi vəsaitlərin çatışmaması, üçüncü tərəfdən məktəbin açılması və təşkili ilə bağlı işlər. Bu işlərdə Naxçıvan maarifçilərinə kömək etmək üçün mənim ərim qəza rəisi cənab Slavoçinski ilə birlikdə Ordubaddan Naxçıvana gəlib. O, qısa müddət ərzində səsli tədris metodu tətbiq edərək naxçıvanlıların və başqalarının etimadını doğrultdu və bir neçə ay ərzində hazırkı rus-tatar məktəbini yaratdı.
Görkəmli pedaqoji qabiliyyəti, işinə olan böyük məhəbbəti, təsirli sözlərlə öyrənməyi təbliğ etmək qabiliyyəti, böyük əxlaqı və böyük keyfiyyətləri mənim ərimə xalq xadimi şöhrətini gətirdi. 1903-cü ilin dekabrın 8-də mənim ərim Səfərov vaxtsız rəhmətə getdi. Arxasında altı azyaşlı yetimi ac qoydu. Buna görə də siz həzrətlərindən mənim mərhum ərimin yuxarıda saydığım xidmətlərini nəzərə alaraq rəhbərlikdən, onların əlində olan məbləğdən, onun (Sidqinin- F.C.) ailəsinə, hansı ki çıxılmaz vəziyyətdədi, müavinət verilsin. İsmət xanımın savadı olmadığından onun xahişi ilə yazdı: Məhəmmədəli Səfərov. 28 dekabr 1903-cü il. Naxçıvan şəhəri”.
İsmət xanım Səfərovanın ərizəsi ilə bağlı Naxçıvan şəhər rus-tatar məktəbinin (“Tərbiyə”) nəzarətçisi (müdiri) Ə.Süleymanov İrəvan quberniyası xalq məktəblərinin müdirinə mərhum Sidqinin ailəsinə müavinət verilməsi ilə bağlı göndərdiyi 29 dekabr 1903-cü il tarixli raportu ilə əlaqədar Qafqaz Təhsil Dairəsi İrəvan quberniyası Xalq Məktəblərinin müfəttişi 5 yanvar 1904-cü il tarixdə İrəvan Quberniya Xalq Məktəbləri müdirinə göndərdiyi məktubunda yazır: “Naxçıvan rus-tatar məktəbinin nəzarətçisi 29 dekabr tarixli 71 № li raportunun və ona əlavə olunmuş həmin məktəbin keçmiş tatar dili müəllimi Məşədi Tağı Səfərov Sidqinin dul arvadı İsmət xanımın xahişnaməsini təqdim edərək siz həzrətlərindən xahiş edirəm ona altı azyaşlı uşağı ilə birlikdə mərhum ərinin Naxçıvan rus-tatar məktəbində aldığı ilk əmək haqqısı məbləğində məvacib təyin edəsiniz. Müfəttiş (imza)”.
O zaman Sidqinin Naxçıvanda ən yaxın dostları və həmfikirləri də az deyildi. Bunların içərisində Naxçıvanın ən savadlı, məlumatlı və gözüaçıq ziyalılarından olan Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifov, Nəsrulla Şeyxov, Əsədağa Kəngərli, Paşa ağa Sultanov və bir çoxları Sidqi ilə bir cəbhədə “zülmət dünyasına” qarşı mübarizə aparırdılar.
Xalq maarifi sahəsində göstərdiyi xidmətlərə görə o dövr Azərbaycanın bütün qabaqcıl ziyalıları, yazıçı, müəllim və məktəbdarları Sidqinin yaradıcılığına, xüsusən, elmi-pedaqoji fəaliyyətinə çox yüksək qiymət verirdilər.
Yorulmaz maarif fədaisi olan Sidqinin Azərbaycan maarifi və mədəniyyətinin tərəqqisində göstərdiyi misilsiz xidmətlərini demokrat yazıçı Cəlil Məmmədquluzadə belə qələmə almışdır: “Sidqinin Vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək, camaatımızın savad və maarif aləmində olan indiki əhval ilə on il bundan əqdəm olan halətini.Tərəqqi çox artıq görünür və əgər söyləsə ki, bu tərəqqinin onunda doqquzuna bais məhz Sidqidir, - insafdan və həqiqətdən bil mərrə uzaq olmaz. O hörmət və məhəbbət ki, camaatımızın mərhuma göstərdiyi, indiyə kimi heç bir şəxsə göstərməyib.”
Məlum olduğu kimi, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ölkəmizdə, xüsusən Naxçıvan MR-də təntənə ilə qeyd olunmuşdur. M.T.Sidqinin yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 20 avqust 2014-cü il tarixli sərəncamında qeyd olunur: “Azərbaycanda milli və dünyəvi məktəbin, marifçilik hərəkatın inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Məhəmməd Tağı Sidqinin Azərbaycan teatrının inkişafında da xidmətləri olmuşdur”.
Yorulmaz maarif fədaisi, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin Azərbaycanda təhsilin və mədəniyyətin inkişafındakı danılmaz xidmətləri qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Fəxrəddin CƏFƏROV,
tarix üzrə elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.