Ölkəmizdə vətəndaşların əmək və sosial hüquqları müdafiə olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizin fundamental inkişafı istiqamətində apardığı islahatlar və quruculuq işləri daim cəmiyyətdə, iqtisadiyyatda və dövlətin idarəetmə strukturunda özünü hiss etdirməkdədir. Rabitə və informasiya texnologiyalarının yüksək sürətlə inkişafı bütün dünyada olduğu kimi, ölkəmizdə də geniş vüsət almışdır.

Bir sıra beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan elektron xidmətlər və “elektron hökumət” sahəsində ən mütərəqqi islahatlar həyata keçirən respublikadır və qlobal arenada son illər ən modern informasiya texnologiyalarını tətbiq edən, elektron xidmətlərin spektrini genişləndirən ölkələr sırasındadır. Ötən müddət ərzində respublikamızda dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. Xüsusi olaraq vurğulanmalıdır ki, ölkəmizdə əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, əhalinin məşğulluğu və demoqrafiya sahələrində dövlət siyasəti çox uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik sosial-iqtisadi tərəqqisini stimullaşdıran uğurlu siyasəti qeyri-neft sektorunun və regionların inkişafı şəraitində yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təminatı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işsizliyin və yoxsulluğun azaldılması sahələrində də mühüm nailiyyətlərə səbəb olub. Ölkəmizdə son 12 ildə 1 milyon 400 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5 faizə enmişdir. Bu iş yerlərindən 1 milyonunun daimi olması, bu ilin 6 ayında 48 mini daimi olmaqla 60 minə yaxın yeni iş yerinin açılması əhalinin rifah halının yaxşılaşmasına hesablanmış sosial siyasətdir. Qazanılan iqtisadi uğurlara nüfuzlu beynəlxalq institutlar və reytinq təşkilatları tərəfindən də yüksək qiymət verilir.

İqtisadi inkişafın əsas təkanverici amilinin işçi qüvvəsi olması və bütün əldə edilmiş iqtisadi göstəricilərin son nəticədə vətəndaşların rifah halına xidmət etməsi, habelə bu sahədə dayanıqlı və dinamik irəliləyişlərin əldə edilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün əmək bazarına operativ, dəqiq və obyektiv nəzarət mexanizminin yaranmasını tələb etdiyindən əmək müqavilələrinin elektron informasiya sisteminin formalaşması zərurəti yaranmışdır. Bu nəzarət mexanizminə birbaşa məsul olan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələrinin fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin tətbiqi, şəffaflıqla yanaşı, aşkarlıq, operativlik, interaktivlik, qənaətlilik, miqyaslılıq kimi üstünlüklərin əldə olunmasına təkandır. Bu istər inzibati nəzarətin müasir tələblərə cavab verən formada həyata keçirilməsini, istərsə də bu sahələrin əhali üçün daha əlçatan olmasını, rahatlığı, şəffaflığı təmin edir və tətbiq olunan yeni sistemin müsbət və uğurlu nəticələri qısa müddətdə özünü göstərməlidir.

Qeyd etməliyik ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarının qüvvəyə minməsi nəticəsində əmək qanunvericiliyinə yeni anlayış — əmək müqaviləsi bildirişi anlayışı daxil edilmişdir. Əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanma, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Hazırda bu sənəd əmək münasibətləri sisteminə yeni daxil olmasına baxmayaraq, bu münasibətlərdə hüquqi rol oynayır.

Dövlət başçısının 2014-cü il 3 fevral tarixli fərmanının uğurla icra olunması nəticəsində ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi yaradılmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən, məcəllədə müəyyən edilmiş hallar istisna olmaqla əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onun elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməmişdirsə, həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi qanunun birbaşa tələbidir. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə deyir: “Nazirlik tərəfindən elektron informasiya sisteminin proqram təminatı bütün müasir tələbləri özündə əks etdirən formada hazırlanmış, sınaq işləri nəticəsində sistem daha da təkmilləşdirilmiş və 27 iyun 2014-cü il tarixdə hökumət, qeyri-hökumət qurumlarının, habelə sosial tərəfdaşların iştirakı ilə ictimaiyyətə təqdim edilmişdir. Əmək müqaviləsi bildirişinin əldə edilməsi üçün elektron informasiya sisteminə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsində mütləq tələb edilən şərtlər və göstəricilər daxil edilmişdir. İşəgötürənə münasibətdə SUN (sığortaedənin uçot nömrəsi), VÖEN (vergi ödəyicisinin eyniləşmə nömrəsi), işəgötürənin şəxsiyyətini təsdiq edən sənədin pin kodu və ya identifikasiya nömrəsi (FİN), işçiyə münasibətdə SSN (sosial sığorta şəhadətnaməsinin nömrəsi), FİN (fərdi identifikasiya nömrəsi) tələb edilən məlumatlar arasında yer alır. Həmin tələb edilən məlumatlar işəgötürən və işçi barəsində məlumatların sistemə daxil edilməsi prosesini asanlaşdırır. Belə ki, elektron informasiya sistemi digər dövlət orqanlarının (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu və s.) məlumat və informasiya bazaları ilə əlaqələndirilmişdir. Yəni bir göstəricinin daxil edilməsi ilə digər bütün göstəricilər aidiyyəti qurumların informasiya bazasına inteqrasiya edilməklə avtomatik şəkildə sistemdə öz əksini tapır.Vurğulamaq istərdim ki, elektron informasiya sistemində məlumatların təhlükəsizliyi kifayət qədər təmin edilmişdir. Belə ki, işəgötürən və işçi barəsində məlumatlar heç də hamı üçün açıq deyildir. İşəgötürən yalnız öz işçiləri barədə, işçi isə ancaq özünə aid olan məlumatları görə bilir. İşçi onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək imkanına malikdir”.

Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin daxil edilməsinin “elektron hökumət” portalı (www.e-gov.az) vasitəsi ilə həyata keçirildiyini bildirən şöbə rəisi qeyd edir ki, “Elektron hökumət” portalında elektron xidmətlərin ƏƏSMN bölməsinə  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “Əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması” alt bölmələri əlavə edilmişdir. Məlumatların elektron informasiya sisteminə daxil edilməsi “elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentefikasiya vasitələrindən istifadə etməklə həyata keçirilir. Həmçinin əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, eyni zamanda, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar və əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə metodiki göstərişlər ƏƏSMN-nin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib. Bundan başqa, nazirlik tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb. İş günü ərzində yardım masalarında işəgötürənlərə DƏMX-nin müfəttişləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı metodiki kömək göstərirlər. Dövlət Əmək müfəttişliklərində təşkil edilmiş yardım masaları əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi prosesi başa çatdırılana kimi fəaliyyətdə olacaqdır. Eyni zamanda, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstərilir.

Əmək müqaviləsinin tərəflərinin və eyni zamanda, müvafiq dövlət orqanlarının bu qanunvericilik aktının qüvvəyə minməsi ilə həm məsuliyyətləri artmalı, həm də bu sahədə şəffaflıq tam təmin olunmalıdır. Həm işçi, həm işəgötürən, həm də müvafiq dövlət orqanlarının bu sahədə vəzifə və məsuliyyətlərinin ölçüsü müəyyən olunmuşdur. Belə ki, işçi ilə əmək müqaviləsi bağlanmadan onun əmək və sosial hüquqlarının məhdudlaşdırılması halları aradan qaldırılır, işəgötürənlər əsassız olaraq əmək müqaviləsi bağlanmadan işçinin əmək fəaliyyətinə cəlb edilməsi ittihamlarından azad olunur, mövcud bazar iqtisadiyyatı şəraitində sərbəst rəqabət şəraiti təmin olunur. Dövlət orqanları isə əmək bazarında qeyri-leqal işsizliyin aradan qaldırılmasına və bunun nəticəsi olaraq dövlət büdcəsinə və büdcədən kənar fondlara ödənən məcburi ödənişlərin ödənilməsindən yayınma hallarının qarşısını alır. Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu barədə qəti fikir söyləmişdir: “...Sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər”.

Buna görə də əminliklə deyə bilərik ki, əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməsi, sahibkarlığa müdaxilə edilmədən, yalnız işəgötürənin məsuliyyətini və aidiyyəti dövlət qurumlarının öhdəliklərini artıran, vətəndaşların əmək və sosial hüquqlarının müdafiəsinə reallaşdırılan müasir və şəffaf bir sistemdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında