Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı ilbəil artır

Torpaqlarımızın  20 faizinin erməni faşistləri tərəfindən  işğal olunması   bir milyondan çox  qaçqın və  məcburi köçkünü ciddi  problemlərlə üzləşdirdi. Ölkəmizin  müxtəlif  bölgələrində, çadır  şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə  dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu.

Azərbaycan dövləti  öz vətəndaşlarını  bu ağır vəziyyətdən çıxarmaq  üçün  davamlı tədbirlər həyata keçirməyə başladı. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu  dövrdə  qaçqınlara   xüsusi  qayğı  göstərmiş, dəfələrlə onların məskunlaşdığı  çadır  şəhərciklərində olmuşdur.   Ümummilli lider   bu insanların  problemlərini özünün bir nömrəli problemi adlandırırdı.

Ulu öndərin   siyasi kursunu  uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev də problemin  həllini hər an diqqət mərkəzində  saxlamış, çadır  şəhərcikləri ləğv olunmuş, müxtəlif  bölgələrdə məçburi köçkünlər üçün  yeni, müasir tipli   qəsəbələr inşa  olunmuşdur.

Prezident İlham Əliyev  bu qəsəbələrin  açılışında iştirak edir, məcburi köçkünlərlə görüşür,  dövlətimizin   bu  sahədə həyata  keçirdiyi  tədbirlərlə bağlı  məlumatlar  verir. Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində ölkə rəhbəri demişdir : “ Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır”.

Bu qədər əhalinin   sosial vəziyyətinin   yaxşılaşdırılması  üçün Azərbaycan  dövləti  çox  ciddi  tədbirlər  həyata  keçirmiş, məcburi  köçkünlərin  mənzillə  təmin olunması,  sosial  vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun  artırılması  üçün xüsusi  dövlət proqramları  qəbul olunmuşdur.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məcburi  köçkünlərin  həyat şəraitinin  yaxşılaşdırılmasına yönəldilən çox mühüm əhəmiyyətli sənəd oldu.

Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində, məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmişdi.  Dövlət başçısının məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.

2004-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönələn Dövlət Proqramının qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə Prezident İlham Əliyevin fevralın 21-də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti çəkir.

Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunmuşdur. Bu Proqrama  uyğun olaraq ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Sərəncamların icrası nəticəsində 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.

Prezidentin sərəncamı ilə təsdiqlənən əlavələrə görə, Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları tikilmiş və həmin ailələr bu binalara köçürülmüşdür. Naftalan şəhərindəki “Goran”, “Şirvan”, “Azərbaycan”, “Mil” sanatoriyalarında müvəqqəti məskunlaşan 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün isə Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi başa  çatdırılıb.

Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  Dövlət Proqramına uyğun olaraq  yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirmiş, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, yeni məktəblər, uşaq bağçaları tikilmiş  və  digər işlər görülmüşdür.

Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. Ümumiyyətlə, ötən dövr ərzində  qaçqın və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 77 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunların da 63-ü  MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 21.548  köçkün ailəsi məskunlaşmışdır.

Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 1040 manat  pul xərcləyir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən  2011-ci ildə də  “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib. Həmin əlavələrin icrası nəticəsində 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraiti, sosial vəziyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.       Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir.

Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 556 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir.

Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılmış, Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilmişdir.

2001-2014-cü  illər ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 368 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul etmişdir.

Dövlət Proqramı və ona əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır və  onlar uğurla icra edilir.

Ümumiyyətlə, 2001-2014-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8  milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınmış, 46 min ailə 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Yeni salınmış yaşayış məntəqələrində 146 məktəb, 6 musiqi məktəbi, 57 uşaq bağçası, 56 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 695 kilometr yol, 817 kilometr su, 1526 kilometr hava elektrik, 398  kilometr qaz xətti çəkilmiş, 785 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,3 milyard manatı  büdcə vəsaiti, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumları və  ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilmiş, nəticədə 68 min nəfər məcburi köçkünün  mənzil  şəraiti yaxşılaşdırılmışdır.

Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış kompleksləri artıq  istifadəyə hazırlanır.

Dövlət Proqramına uyğun olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli bina tikilir. Binalardan 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillərdir. Ərazidə, bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik enerjisi ilə tam təchiz olunacaqdır.

 Sabirabad rayonunda da fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə  yeni  qəsəbənin inşası  davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə, bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektriklə tam təchiz olunacaqdır.

Əlbəttə, görüləsi  işlər çoxdur. Dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələrin davamlı olaraq həyata keçirilməsi üçün müvafiq qurumlar qüvvələri səfərbər etmişlər.

Prezident  İlham Əliyev Ağdam məcburi köçkünləri ilə görüşündə demişdir: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır... Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək.”

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında