Bir bakılı oğlan haqqında söz açmaq istəyirdim...

Ancaq bu söhbət bütün sərhədçi gənclərimizə aid oldu

Lap çoxdan oxuduğum, yapon döyüşçülərinin həyatından bəhs edən  bir kitabda belə cümlələr var idi: “Bir  fərsiz əsgərin cəsarətsizliyini  heç kəs bütün ordunun adına yaza bilməz. Ancaq bir cəsur əsgərin qəhrəmanlığı istər-istəməz ordunun adına yazılacaq”. Təbii ki, sovet dönəmində bu qəbildən olan fikirlər, kəlamlar bizim üçün o qədər də önəm kəsb edə bilmirdi. İndi isə, öz dövlətimiz, öz ordumuz, öz sərhədimiz və Dövlət Sərhəd Xidmətimiz olduğuna görə belə aforizmləri təkcə qəbul etmir, həm də onların gənclər arasında təbliğinə nail olmağa çalışırıq. Çünki, müdriklər deyiblər ki, “Vətən sərhəddən başlanır.” Sərhədi isə ordu, döyüşçülər, xüsusən, Dövlət Sərhəd Xidmətinin  (DSX) əsgərləri qoruyurlar.

...Bu yaxınlarda mətbuatda Milli Qəhrəman, baş leytenant Məmmədov Eldar Harun oğlunun həyat tarixçəsi barədə yığcam bir məqalə oxudum. Dövlət Sərhəd Xidmətinin 6 Milli Qəhrəmanından və 53 şəhidindən biri olan ( bu xidmətin döyüşçülərindən 11 nəfərin itkin düşməsi də hərb tariximizin ağrılı səhifələrindəndir), əksər yaşıdları kimi Sovet Ordusundakı xidmətini yarımçıq qoyaraq Vətənin ağır günlərində Azərbaycana qayıtmış bu gəncə  Azərbaycan Respublikasının  Prezidenti, ulu öndər Heydər Əliyevin  11 dekabr 1994-cü il tarixli  fərmanı  ilə ölümündən sonra  Milli Qəhrəman  adı verilmişdi.

Müstəqilliyin ilk illərində,   bədxahlarımızın Azərbaycana diş qıcartdığı günlərdə yurdumuzun bütün qeyrətli oğulları kimi o da,  Vətənə qayıtmış,  Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonunun  tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdi.  Cəsur soydaşımız həmin bölgənin  Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində qəhrəmanlıq göstərmişdi. 1993-cü il, fevral ayının 24-də qızğın atışmalar zamanı öz döyüş yoldaşlarını müdafiə edərkən şəxsi qəhrəmanlıq nümayiş etdirmiş və şəhid olmuşdu. Həlak olanda Eldarın cəmi 25 yaşı var idi və subay idi. Onun haqqında “Milli Qəhrəman zirvəsinə ucalmış bakılı oğlan”adlı yazı hazırlamaq fikrindəydim.   Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general -polkovnik Elçin Quliyevin mətbuatda  verilmiş bir müsahibəsini oxuyandan sonra isə məndə belə bir fikir yarandı ki, bu gün sərhəd, DSX-nin bütün əsgər və zabitləri məhz Milli Qəhrəman Eldar Məmmədov kimi əsl azərbaycanlı ürəyinin daşıyıcılarıdır.

Xatırladaq ki, Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin  2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla 18  avqust Sərhədçilərin Peşə Bayramı Günü kimi təsis olunmuşdur. Sərhədçilərin fikrincə, bu qərar tarixi varislik prinsipini və milli sərhədçilik yaddaşını bərpa etmişdir.  Milli maraqlarımızı daim önə çəkən böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərdi.

Bundan başqa,  adıçəkilən xidmətin istənilən əsgər və ya zabiti ilə söhbətimiz zamanı eşidirik ki, Prezident İlham Əliyevin sərhədçilərlə görüşləri, yaradılmış xidmət və məişət şəraiti ilə şəxsən tanış olması, problemlərin həll edilməsinə yüksək qayğı göstərməsi Vətənimizin keşiyində dayanan hər bir sərhədçinin məsuliyyət hissini xeyli artırır və böyük ruh yüksəkliyi yaradır. Danılmaz faktdır ki, bu gün Azərbaycanda dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. Rəsmi mətbuat yazır ki, Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 2001-2014-cü illərdə 2291 mənzildən ibarət 157 binada əsaslı təmir-tikinti işləri aparılıb. 354 mənzildən ibarət 4 binanın tikintisi davam edir.

General-polkovnik Elçin Quliyev qeyd edir ki, Dövlət Sərhəd Xidmətində keçirilən islahatlar ölkəmizdəki kompleks islahatların tərkib hissələrindən biridir.  Ölkəmizdəki sosial-iqtisadi, mədəni inkişaf genişləndikcə Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifələr də yeni və daha məsuliyyətli xarakter daşıyır. Bu vəzifələrin yerinə yetirilməsi isə öz növbəsində mükəmməlləşdirmə proseslərinin ardıcıl xarakter daşımasını zəruri edir. Aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmişdir. Sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir.

Xatırladaq ki, Azərbaycan öz dövlət  müstəqilliyini bərpa etdikdən sonra sərhədlərimiz boyunca, xüsusən də sovet hakimiyyəti illərində qorunmayan şimal və şimal-qərb istiqamətində sərhəd məntəqələrinin yaradılması zəruri idi. Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhəd mühafizəsinə göstərdikləri xüsusi diqqət və qayğı sayəsində bu istiqamətlərdə  önəmli işlər görülmüş, müasir sərhəd infrastrukturu yaradılmışdır.

Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır. İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanmışdır.

Zamanın tələblərinə cavab verərək, xüsusən, Xəzər dənizinin Azərbaycana aid hissəsində kəşf edilmiş neft-qaz yataqlarının, neft və qazçıxarma platformalarının və ixrac boru kəmərlərinin mühafizəsi, habelə Xəzər dənizindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi cəhdlərinin mümkünlüyü baxımından dəniz sərhədlərimizin mühafizəsinin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi təmin olunmuşdur.  Bu məqsədlə  DSX-nin ən müasir texniki avadanlıqla təchiz olunmasına son illər ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Dəniz sərhədlərimizin mühafizəsinə yüksək qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində daha geniş və çevik imkanları özündə cəmləşdirən yeni struktur - Sahil Mühafizəsi yaradılmış və dəniz sərhədçilərinin qarşısına qoyulmuş vəzifələr daha mühüm xarakter daşımağa başlamışdır.

Xüsusilə qeyd edilməli faktlardan biri də odur ki, ulu öndər Heydər Əliyevin xüsusi göstərişinə əsasən Səngəçal hərbi aerodromu Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilib və 2002-ci ilin oktyabr ayında Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ilk dəfə Aviasiya dəstəsi yaradılmışdır. Aviasiya dəstəsi Dövlət Sərhəd Xidmətinin tərkibində müstəsna əhəmiyyətə malik olan bölmələrdən biridir. Bu dəstə  ölkəmizin sərhədlərinə havadan nəzarəti təşkil edir, dəniz sərhədlərinin və lazım gəldikdə ixrac-boru kəmərlərinin, neft platformalarının mühafizəsində, dənizdə və quruda xilasetmə tədbirlərinin həyata keçirilməsində, taktiki təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirir.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının genişlənməsi nəticəsində sərhədçilərimizin də xaricdəki həmkarları ilə əməkdaşlığında yeni mərhələ başlanır. Məsələn, Gürcüstan sərhəd xidməti ilə qarşılıqlı anlaşma və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə təlim-tədris, komanda idarəetmə mərkəzi, aviasiya və hərbi tibb, habelə çevik qüvvələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində əməkdaşlıq münasibətləri inkişaf edir. İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Polisi ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. İki dövlət arasındakı sərhəd məsələləri barədə mütəmadi olaraq müzakirələr keçirilir. Son illərdə Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında qarşılıqlı əlaqə xeyli güclənmişdir. Azərbaycan-Rusiya dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə dövlətlərarası delimitasiya komissiyasının illərdən bəri davam edən fəaliyyətinin nəticəsi olaraq   iki ölkə arasında “Dövlət sərhədi haqqında” saziş imzalanmışdır. Bakı və Rusiya Federasiyası şəhərlərinin beynəlxalq hava limanlarının sərhəd nəzarəti bölmələri ilə sərhəd əməkdaşlığı yaradılmışdır və bu əlaqələr inkişaf etməkdədir.

Sərhəd qoşunlarının komandanı bu qənaətdədir ki, romantik peşə sahibi olan sərhədçilər Vətənə daha çox bağlı olurlar. Sərhədçilər sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsini istəmirlər və bu yolda canlarından hər an keçməyə  hazırdırlar. Qoruduqlarının qədrini bilən sərhədçilər, həm də Vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin bərqərar olmasını  öz vəzifələri hesab edirlər. Məhz buna görə də sərhədçilər, həm Vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında fədakarlıqla qəhrəmanlıq nümunələri göstərə biliblər və bilirlər. Əldə silah gecə-gündüz sərhəd naryadına çıxan sərhədçilər daim döyüş tapşırıqlarını yerinə yetirir və bu zaman hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar. Beləliklə, döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlıq vəhdət təşkil edir və hər bir sərhədçidə cəsurluq hissi yaradır.

Bu yerdə bir daha yazının əvvəlinə — “Milli Qəhrəman zirvəsinə ucalmış bakılı oğlan”adlı yazı hazırlamaq istəyimə qayıdır və həmin fikrimdən vaz keçməyimə səbəb olan məqamı yada salıram. General Elçin Quliyev sərhədlərimiz naminə fədakarlıq göstərmiş əsgər və zabitlərin adını sadalayarkən, ilk olaraq  məhz onun  — mən öz yazımın  qəhrəmanı kimi gördüyüm  “bakılı oğlan”ın adını çəkir: “ Erməni işğalçılarına qarşı döyüşlərdə mərdliklə vuruşmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına, leytenant Tahir Bədəlov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması zamanı  şücaət göstərmiş gizir Faiq Cəfərov, hazırda polkovnik-leytenant rütbəsində xidmət edən İntiqam Atakişiyev, qəhrəmancasına həlak olmuş baş leytenant Əmiraslan Əliyev və sərhədçi kursant Bəhruz Mansurov Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək ada layiq görülmüşlər".

Bəli, bu gün Azərbaycan sərhədçilərini hər biri bizim üçün qəhrəmandır. Bakılı oğlan Eldar Məmmədov kimi.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında