Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, respublikamız investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu çox böyük rəqəmdir və birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. O, son illərdə daxili investisiyaların çox olduğunu, bu ilin 6 ayında isə xarici sərmayənin üstünlük təşkil etdiyini müsbət hal kimi dəyərləndirmişdir.
Qeyd etməliyik ki, bu ilin birinci 6 ayında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimidir. Ölkə başçısı bəzi yerlərdə iş yerlərinin bağlandığını və ilk növbədə, bunun səbəblərinin araşdırılmalı olduğunu, digər tərəfdən, bu statistikanın da açılan iş yerləri ilə bərabər verilməsini tövsiyə edir ki, təhlillər düzgün aparılsın. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimidir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları ölkəmizdə işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Azərbaycan xalqı bunu gündəlik həyatda görür və bilir ki, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhali artır və potensial kifayət qədər böyükdür.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti sosial sahədə bütün proqramların icra edildiyini diqqətə çatdırmışdır: “Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.
Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. İndi 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur, bizim sosial siyasətimiz və yanaşmamız".
Sosial siyasətin uğurla aparıldığı ən etibarlı ünvanlardan biri — ƏƏSMN “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nı əldə rəhbər tutur. Proqrama uyğun olaraq nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi məqsədilə onlar ölkəmizdə və onun hüdudlarından kənarda bərpa müalicəsi keçirlər. Nazirlikdən cari ilin aprel ayından bəri 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın bu məqsədlə Türkiyəyə yola salındığı, ötən illə müqayisədə 20 faiz çox şəxsin xaricdə bərpa müalicəsinin təşkilinin nəzərdə tutulduğu bildirilir ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir təsdiqidir. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçirlər. Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, çətin sağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərilən əlilliyi olan şəxslər mərkəzdə aparılan müalicə kursundan, göstərilən xidmətdən həmişə razı qaldıqlarını bildirmişlər. Göndərilən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və valideynlərinin orada 5 ulduzlu oteldə yerləşdirilmələri onlara və dövlətimizə olan hörmət və ehtiramın təzahürüdür. Qeyd etmək lazımdır ki, müvafiq xidmətlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkimi də Türkiyəyə ezam edilmişdir. Qeyd edək ki, ƏƏSMN-nin Bakıda və respublikanın bölgələrindəki müəssisələrinin bir çoxunda aparılan əsaslı təmirdən sonra bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaq, onlarda qabaqcıl dünya təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılacaq. Hələlik isə əlilliyi olan şəxslərdən daha 44 nəfəri Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib. Bununla da cari ilin ötən dövründə ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslərin sayı 874 nəfərə çatıb. Əlilliyi olan şəxslərin istirahəti Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində də təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilirlər. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir. ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsinə, həmçinin yaz-yay aylarında onların mənalı istirahəti üçün yaradılan şəraitə görə həmişə dövlətimizin başçısına minnətdar olduqlarını bildirirlər.
Dövlətimizin başçısının iştirakı ilə 2014-cü ilin dekabrında açılışı olan ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, onların məşğulluğunun dəstəklənməsinə Prezident qayğısının növbəti təsdiqi olub. Təkcə cari ilin birinci yarımilində Mərkəzdə 258 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kursları keçib ki, onlardan da 144 nəfəri artıq bu kursları başa vurub. Gənclər mərkəzdə təlim müddətində dövlət hesabına yataqxana, yemək, kommunal və tibbi xidmətlə də təmin olunublar. Müasir tələblərə uyğun şəraitin yaradıldığı mərkəzdə kompüter istifadəçisi, bərbər, aşpaz, dərzi və digər peşələrlə yanaşı, rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq və s. kimi istedad və qabiliyyət tələb edən tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Gənclərin həmin sənət növlərində malik olduqları müəyyən qabiliyyətlər xüsusi təlim məşğələləri şəraitində daha da təkmilləşdirilir. Eyni zamanda tanınmış mütəxəssislər tərəfindən onlar üçün vaxtaşırı bu və ya digər sənət növü üzrə treninqlər, ustad dərsləri də keçirilir. Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilərinin təşkili də diqqətdə saxlanılır. Azərbaycan Gənclər Fondu ilə birgə təşkil edilən “Gənclərin incəsənət sevgisi” adlı sərgi sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi və təbliği, onların cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsi məqsədinə xidmət edir. Belə sərgilərin sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasında, yaradıcılıq imkanlarının dəstəklənməsində və təbliğində xüsusi önəm kəsb etdiyini, eyni zamanda mədəni həyatımız üçün yaddaqalan olduğunu vurğulamaq yerinə düşər. Ölkə başçısı İlham Əliyevin 16 mart 2015-ci il tarixli fərmanı ilə ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (DTSERX) yaradılması cari ilin ən mühüm tədbiri hesab edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin birinci yarımilində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin sabit makroiqtisadi inkişafı şəraitində əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə müasir tələblərə uyğun və şəffaf xidmət sisteminin qurulması əsas vəzifələrdən biri kimi qeyd olunmuşdur. Cari ilin ilk yarımilində bu istiqamətlərdə məqsədyönlü işlər görülmüşdür ki, bunlardan da ən mühümü – DTSERX-nin yaradılması müvafiq sahədə idarəetmə sisteminin daha səmərəli təşkilinə, müsbət keyfiyyət dəyişikliyinə imkan yaradır.
Qeyd edək ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ekspertizası və reabilitasiyası işinin səmərəli təşkili, bu sahəyə nəzarətin artırılması yönündə xidmətin həyata keçirdiyi xeyli tədbirlər var. Həmçinin Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, ötən ilin ortalarından etibarən artıq 26 TSEK-in əhaliyə müasir tələblərə uyğun xidmət göstərilməsi üçün yeni iş şəraiti ilə təmin edilməsi bu tədbirlərdəndir.
ƏƏSMN-dən cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayının isə 3 min nəfər azaldığını bildirirlər: “Bu dövrdə tam reabilitasiya 3,2 faiz, hissəvi reabilitasiya isə 2,6 faiz təşkil edib. İlkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları son 6 ayda 11,8 faiz azalıb. Hesabat dövründə müsbət göstəricilərdən biri kimi, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı da 2639 nəfər azalıb. Son 6 ayda əlilliyi olan şəxslər ümumilikdə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası, 216 ədəd eşitmə aparatı ilə təmin edilib. ƏƏSMN-nin əlillərin bərpa mərkəzlərində 3000 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda bu mərkəzlərin bir çoxunda əsaslı təmir işləri aparılır və təmir işlərindən sonra onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq şərait yaradılacaq”.
Qeyd etmək lazımdır ki, aparılan məqsədyönlü işlər nəticəsində tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün bütün işlər artıq başa çatdırılıb.
Cari ilin birinci yarısında tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində görülən işlər, bu sahədə fəaliyyətin müasir tələblərə uyğun qurulması, şəffaflığın təmin olunması məqsədilə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrin daim müzakirə olunması məhz Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə diqqəti, nəzarəti və qayğısı nəticəsində gerçəkləşir. Ölkə vətəndaşı inanır ki, dövlət başçısının tövsiyə, tapşırıq və göstərişləri ilə yaxın illərdə əmək və məşğulluq siyasətinin, həmçinin əhalinin sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması tam təmin olunacaqdır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.