Müasir Azərbaycan gəncliyi müstəqil, azad, qüdrətli bir dövlətin vətəndaşı olmasından qürur duyur

2015-ci ilin iyununda Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəltdi. Ölkəmiz mötəbər tədbirləri keçirməyə qadir olması və bu sahədə böyük təcrübə qazanması ilə  beynəlxalq birliyin etimadını doğrultdu. Bu tədbirə gənclərin dəstək vermələri və xüsusi fəallıq göstərmələri ölkədə qüdrətli gənclik ordusunun formalaşmasından xəbər verir.

Həmin mötəbər tədbirdə  iştirak edən 17 mindən çox könüllünün, demək olar ki, hamısı gənclər idi. Bu, həm də Azərbaycan gəncləri üçün böyük təcrübə məktəbi oldu. Oyunlarda könüllü gənclərin iştirakı onların gələcək  taleyində də mühüm rol oynayacaq. Minlərlə səmimi, mehriban, intellektli gənclərin iştirakı  Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində həlledici amil oldu. Gənclər  şəhərimizə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasında yaxından iştirak etdilər.

Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsində gənclərin hər biri bu şərəfli tarixin yazılmasına öz köməyini əsirgəməmişdir. Bu da Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən, müstəqilliyimizə əbədi dayaq olacaqlarından xəbər verir. Yüksək intellektə, qabiliyyətə, bacarığa,  malik olan gənclərimiz bu Oyunlara hazırlıq  və tədbirin keçirilməsi zamanı zəngin təcrübə əldə etmiş,  yeni dostlar qazanmış və dünyagörüşlərini daha da artırmışlar.

Ölkəmizdə gəncliyin inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan gənclərinə daim yüksək diqqət və qayğı göstərilmişdir. Ümumiyyətlə, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ-hüquqi aktlar, habelə, Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.  Bu ənənə hazırda  Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur.  Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində əsaslı dəyişikliklər baş vermiş və çoxlu sayda uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Respublikanın əksər rayonunlarında tikilib istifadəyə verilmiş “Gənclər evi” və Olimpiya idman kompleksləri gənclərin sağlam və Vətənə məhəbbət ruhunda böyümələrinə stimul vermişdir.

 Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün yaradılan əlverişli şərait onların fəallığını daha da artırmış və beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynamışdır.  Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər. Məhz bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin sədası dünyanın ən yüksək tribunalarından eşidilir.

Azərbaycan gəncləri ictimai-siyasi, hərbi, sosial-iqtisadi, elmi-mədəni və ölkə həyatının digər sahələrində milli maraqların qorunmasında, eləcə də, milli təhlükəsizliyimizin təmin olunmasında fəal rol oynayıb və bu gün də öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Gündən-günə inkişaf edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr ölkəmizin nüfuzuna xələl gətirməyə hər cəhdlə  can atsalar da, qarşılarında vətənpərvər azərbaycanlıları, xüsusən də gəncləri görürlər.

 Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, müstəqillik dövründə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilmiş, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza  atmışlar.

Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması həyata keçirilən strategiyanın prioritetlərindəndir. Ölkə rəhbərinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, gənclərin beynəlxalq aləmə inteqrasiyası, onların ictimai-siyasi fəallığının yüksəldilməsi üçün yaradılan şərait öz bəhrəsini vermişdir. Bu gün gənclərimiz ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarında, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunurlar. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.

Ölkə başçısının gəncliyin inkişafına göstərdiyi diqqət və qayğı, bir-birinin ardınca qəbul olunan qanunvericilik aktları, imzalanan sərəncamlar və həyata keçirilən tədbirlər gəncliyin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olundu. Bu əhəmiyyətli sənədin əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Dövlət proqramının icrası bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb edir.  Məhz  qayğıdan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirilən siyasi strategiyada gəncliyin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdıraraq demişdir: “Bütövlükdə, Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar”.

Bütün bunlardan sonra gənclər  Azərbaycan kimi müstəqil, azad, heç bir dövlətdən asılı olmayan  qüdrətli bir ölkədə yaşamalarından qürur hissi keçirməlidirlər. Azərbaycan dünyada öz mövqeyini möhkəmləndirmək və reytinqini daha da yüksəltmək üçün  xarici siyasət kursuna yeni çalarlar gətirir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha əhatəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir.

Respublikamızın rəhbəri gəncliyin daha da inkişaf etdirilməsini, gənclərimizin beynəlxalq aləmdə fəallığının yüksəldilməsini qarşıya qoyulan əsas vəzifələrdən biri hesab edir: “ Gənclər bizim gələcəyimizdir. Onlar savadlı olmalı, tariximizi bilməli, vətənpərvərlik, milli ruhda, görkəmli ədiblərimizin, şairlərimizin əsərləri əsasında tərbiyə almalıdırlar...”

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında