Azərbaycan Hərb Tarixi Muzeyində izdiham var idi. General Cəmşid xan Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş tədbirə çoxlu sayda qonaqlar toplaşmışdı.
Tədbiri Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin fəaliyyətinin hərb tariximizdə rolu və əhəmiyyətindən söz açdı. Generalın kəşməkəşli, şərəfli həyat və fəaliyyətinin əsas məqamlarına toxunan natiq qeyd etdi ki, Naxçıvan xanları nəslinin hərb peşəsinə marağı Cəmşiddən də yan keçməyib. 1907-1914-cü illərdə Tiflisdə kadet məktəbində təhsil alan Cəmşid 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini uğurla bitirmişdir. I Dünya müharibəsində, xüsusilə də “Brusilov cəbhəsi”nin yarılmasında göstərdiyi şücaət, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının daşnak-bolşevik qüvvələrindən təmizlənməsi, Qarabağda yerli türk-müsəlman əhalini qırğına məruz qoyan erməni daşnak silahlı birləşmələrinə qarşı mübarizəsi və sovet dövründə Azərbaycanın ilk milli atıcı diviziyasına komandirlik etməsi onun həm hərbçi kimi peşəkarlığını, eləcə də bir azərbaycanlı kimi vətənpərvərliyini göstərir. Cəmşid Naxçıvanskinin çar Rusiyasının 2-ci, 3-cü və 4-cü dərəcəli Müqəddəs Anna, 2-ci və 3-cü dərəcəli Müqəddəs Stanislav ordenləri kimi ali mükafatlara layiq görülməsi onun yüksək peşəkarlığına verilən qiymət idi.
Polkovnik Qənizadə qeyd etdi ki, SSRİ-nin qırmızı terror dalğası ilə həyatları söndürülən neçə-neçə dəyərli ziyalılarla yanaşı, general Cəmşid xan Naxçıvanski də saxta və qondarma ittihamlarla 1938-ci il avqustun 26-da güllələnmişdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrların hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə 1971-ci ildə Bakıda hərbi təmayüllü internat məktəbi açıldı. Bu məktəbə diviziya komandiri, general Cəmşid xan Naxçıvanskinin adının verilməsi isə hərb tariximizin qəhrəmanlarının yaddaşlarda yaşaması istiqamətində çox mühüm addım oldu.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev bildirdi ki, bu cür görkəmli hərbi xadimlərimizin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il aprelin 2-də imzaladığı sərəncamı yüksək dəyərləndirən natiq vurğuladı ki, müxtəlif sahələrə, eləcə də hərb elminə töhfələr vermiş bu cür görkəmli şəxsiyyətlər dövlətimizin diqqətindədir.
Müdafiə Nazirliyi hərbi orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundov Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi təmayüllü internat məktəbi ilə bağlı xatirələrini bölüşdü. 1971-ci ildə ulu öndərin də iştirak etdiyi məktəbin tarixi açılışını qürurla xatırlayan natiq bildirdi ki, bu məktəb milli hərbi kadrların hazırlanmasında əvəzsiz rol oynadı. Qeyd etdi ki, məhz bu məktəbin məzunları sonralar Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Ordumuzun formalaşmasında mühüm rol oynamışlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani general Cəmşid Naxçıvanskinin hərb tariximizdə silinməz iz qoyduğunu qeyd etdi. Artıq ilin əvvəlindən generalın yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini xatırladan natiq belə bir mərasimin Göygöl rayonunda təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, 1918-1920-ci illərdə Göygöl rayonu ərazisindəki hündür təpələrdən birində Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olub və bu gün də əhali həmin təpəni “Xan Naxçıvanski dağı” adlandırır. Həmin məkanda görkəmli hərbi xadimin xatirə lövhəsinin açıldığını xatırladan polkovnik Abdulla Qurbani nazirliyin nümayəndə heyətinin bu yaxınlarda Moskvaya, görkəmli hərbçinin uyuduğu məzarlığı ziyarətə gedəcəyini də vurğuladı. Naxçıvanskilər nəslinin hərb tariximizə görkəmli hərbçilər bəxş etdiyini vurğulayan natiq Cəmşid Naxçıvanskinin ömür yolunun gənclərə örnək olduğunu söylədi.
Sonda görkəmli generalın hərbi fəaliyyətinə həsr edilmiş “Əsrin qəhrəmanı” adlı filmə baxış oldu. Daha sonra tədbir Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində hərbi vətənpərvərlik mövzusunda mahnıların ifa olunduğu konsert proqramı ilə davam etdi.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.