Ölkə əhalisinin güzəranının yaxşılaşdırılması, yoxsulluğun azaldılması Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritetlərindəndir. Son illərdə bu istiqamətdə uğurla həyata keçirilən tədbirlər sayəsində sosial sahə xeyli inkişaf edib, əhalinin aztəminatlı təbəqələrinə dövlət qayğısı güclənib.
Həyat şəraitinin ilbəil yaxşılaşdığı, mühüm infrastrukturun formalaşdığı rayonlardan biri də Neftçaladır. Burada son illərdə minlərlə yeni iş yeri yaradılıb. Yerli əhalinin məşğulluğu lazımınca təmin edilir. Güzəranı yaxşılaşan adamların fəal həyat mövqeyi sayəsində rayonun ictimai-siyasi mühiti də rəngarəngliyi ilə fərqlənir. Hər kəsə doğma yurdun tərrəqisinə töhfələr vermək əzmi hakim kəsilir.
Rayon ƏSMM-in direktoru Zaur Kərimovun dedikləri:
-Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük nailiyyətlər əldə edib. Ölkəmizdə əhalinin bütün təbəqələrinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə mümkün zəruri tədbirlər addım-addım reallaşdırılır. Veteranların, əlillərin, kimsəsizlərin problemləri davamlı şəkildə həllini tapır. Onlara yüksək qayğı dəyişməyən sosial və mənəvi vəzifəmizdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasətin nəticəsidir ki, sosial müdafiə tədbirləri yüksələn templə davam edir. Mütərəqqi dünya təcrübəsindən faydalanmaqla yoxsulluğun aradan qaldırılmasına, aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılmasına ciddi təkan verilir.
Mərkəzimiz Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ən yaxşı müəssisə” müsabiqəsində qalib gəlib.
Məlum olduğu kimi, AHİK İcraiyyə Komitəsinin 2009-cu ilin noyabrında qəbul etdiyi qərara əsasən, hər il sahələr üzrə analoji baxış-müsabiqələr keçirir. Ötən ilin yekunlarına görə, DİİXİ həmkarlar ittifaqının üzvü olan qurumlar arasında məhz Neftçala ƏSMM fərqlənib.
Son dövrlərdə rayonumuzda yaşayan ahıl və tənha sakinlər, müharibə veteranları 16 minik avtomobili, neçə-neçə mənzillə təmin ediliblər. Ehtiyacı olanlara protez-ortopedik bərpa xidməti göstərilib: əlil arabası, eşitmə aparatı, xüsusi yataq ləvazimatı verilib. Reabilitasiya vasitələri də genişlənir. Mərkəzimizdəki sosial məişət xidməti sektorunun fəaliyyəti tənha, ahıl və əlillərə sosial xidməti yüksək səviyyədə təşkil edir. Rayon ərazisində yaşayan bütün tənha, ahıl vətəndar bu sektorun xidmətindən bəhrələnirlər. Onlar rayon rəhbərliyi, müxtəlif xeyriyyəçi təşkilatlar və insanlar vasitəsi ilə mütəmadi olaraq yad edilir, bayram tədbirlərinə dəvət olunaraq yardım və hədiyyələr alırlar.
Ötən ilin ilk yarısında rayonda ünvanlı sosial yardım üçün 695 ailə müraciət etmişdisə, bu ilin əvvəlində 690 ailə müraciət edib. Bunlardan 531 ailəyə (əvvəlki ildə 438 ailəyə) sosial yardım təyin olunub, 159 ailəyə isə (2014-də 257 ailəyə) imtina edilib. Əgər əvvəlki ildə hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 127,47 manat, hər bir ailə üzvünə düşən məbləğ 27,69 manat olmuşdusa, bu ilin ilk yarısında həmin rəqəmlər müvafiq olaraq 159,09 və 34,65 manat olub. Bu ilin əvvəlindən sosial yardım təyin olunan 531 ailə 2438 ailə üzvündən (ailələrin orta ölçüsü 4,59 nəfər) ibarətdir. Həmin ailə üzvlərindən təxminən yarısı 18 yaşadək uşaq, dörddə biri işləyən, 138 nəfəri pensiyaçı, 201 nəfəri üç və daha çox uşağı olan, 387 nəfəri güzəştli, 73 nəfəri əlil, 8 nəfəri müharibə əlilidir, 55 ailə bir yaşadək uşağı olanlardır. Hazırda Neftçalada 955 aztəminatlı ailənin 4440 üzvü ünvanlı dövlət sosial yardımından bəhrələnir.
Dövlət başçısının “Fəxri adlara görə aylıq təqaüdün artırılması haqqında” sərəncamının, “Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə”, “Şəhid ailəsi üçün ARP-nin təqaüdünün artırılması haqqında”, “Müharibə əlillərinə ARP-in təqaüdünün artırılması haqqında”, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanlarının icrası ilə əlaqədar zəruri tədbirlər reallaşdırılıb. Hazırda mərkəzdə 219 nəfər yaşa görə müavinət alanların hər birinə 60 manat, 185 nəfər I qrup əlilin hər birinə 67 manat, 494 nəfər II qrup əlilin hər birinə 50 manat, 593 nəfər III qrup əlilin hər birinə 43 manat, 440 nəfər sağlamlıq imkanı məhdud 18 yaşadək əlil uşağın hər birinə 67 manat, 588 nəfər Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısının hər birinə 45 manat, 255 nəfər ailə başçısını itirməyə görə müavinət alanlara 18 yaşadək hər övladına görə 55 manat, 4 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 50 manat məbləğində sosial müavinət təyin edilib və vaxtlı-vaxtında ödənilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 17 mart 2014-cü il tarixli fərmanına əsasən müharibə veteranı adı almış şəxslər üçün sosial müavinətin məbləği 37 manatdan 45 manata qaldırılıb. Həmin fərmanla I, II və III qrup müharibə əlillərinə təyin edilmiş Prezident təqaüdünün məbləği artırılaraq müvafiq surətdə 110 manatdan 150 manata, 85 manatdan 130 manata, 60 manatdan 100 manata qaldırılıb. Həmin tarixli digər fərmanla ümumi xəstəliklə əlaqədar I qrup əlillərə 60 manat məbləğində Prezident təqaüdü təsis edilib. 2014-cü ilin aprelindən qüvvəyə minmiş hər üç fərman vətəndaşlarımız tərəfindən hədsiz razılıqla qarşılanıb.
Azərbaycan Respublikasının 29 oktyabr 2013-cü il tarixli Qanunu ilə beşdən çox uşağı olan qadınlara da sosial müavinət təsis edilib. Sosial müavinətin məbləği 1-18 yaşında olan hər uşaq üçün 30 manat məbləğində müəyyən edilib. Neftçalada ümumilikdə 16 ananın 48 uşağına ayda 1440 manat müavinət ödənilir.
Bu ilin ilk yarısında məişət xidməti göstərilən 139 nəfərin 112 nəfəri qadın, 27 nəfəri kişidir. İlk yarımildə 10 nəfər vəfat etdiyi üçün xidmətdən çıxarılıb, 8 nəfər isə xidmətə qəbul edilib.
Çevrələrinin boş olmadığını görən həssas insanlar diqqət və qayğıdan razı qalır, dövlətimizin başçısına dərin minnətdarlıq duyğularını ifadə edirlər. Məmur özbaşınalığı ilə üzləşməyən adi vətəndaşlarda inam hissi artır, idarəetmə və xidmət sahələrində çalışanlara etibar yüksəlir. Mərkəzimizdə çalışan hər bir mütəxəssisin başlıca amalı da elə buna nail olmaqdır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.