Azərbaycanda pensiya təminatı sistemi yenidən qurulur

Azərbaycanda uğurla reallaşdırılan sürətli islahatlar strategiyasından danışan zaman öncə onu qeyd etmək lazımdır ki, ötən aylar ərzində ölkəmizin həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanılmış, davamlı tərəqqi və dayanıqlı iqtisadiyyat təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin ümumxalq mənafeyinə xidmət edən düşünülmüş siyasətinə uyğun olaraq respublikamızda əldə olunan iqtisadi potensialın məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilməsi və bu siyasətin prioritet istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin ötən dövrdə mütərəqqi beynəlxalq təcrübə əsasında yenidən qurulması, pensiyaçıların sosial müdafiəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

2015-ci ilin birinci yarısında da ölkəmizdə uğurla aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq bu sahədə yüksək nəticələr əldə edilmiş, iqtisadiyyatın dinamikası yüksəlmiş və bu mənada sığorta-pensiya sisteminin cari ilin 6 ayında əldə etdiyi nəticələr uğurlu olmuşdur. Statistik məlumatlara əsaslanıb deyə bilərik ki, 2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 milyon manat və ya 3,2 faiz artaraq 1466,5 milyon manata çatıb. Ötən dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci yarısı ilə müqayisədə 8,0 faiz və ya 64,3 milyon manat artaraq 870,2 milyon manat olub. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3 faizini (568,5 milyon manat) təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 49,1 milyon manat artıqdır. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin xüsusi çəkisinin azalmasına səbəb olub.

Cari ilin birinci yarısında Fondun xərcləri 1457,7 milyon manat təşkil edib və bunun da 1431,0 milyon manatı və yaxud 98,2 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1395,4 milyon manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 milyon manat təşkil edib.

Xüsusi olaraq deməliyik ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim dövlət başçımızın diqqətində və nəzarətindədir. Əhalinin güzəranının yaxşılaşması, onların rifah halının artırılması, aztəminatlı ailələrin maddi vəziyyətinin yüksəldilməsi ölkə Prezidentinin qarşıda qoyduğu vacib məsələlərdəndir. Sosial müdafiənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Bunun nəticəsində də fondun daxilolmalarının səviyyəsi artıb, bu da öz növbəsində  hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 1 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı da getdikcə artır. Bu rəqəm cari ilin əvvəlinə nisbətən 122,5 min nəfər artaraq 3 milyon 098 min nəfərdən çox təşkil edib. Həmçinin fərdi uçota alınanların içində əcnəbilərin də say artımı diqqət çəkir. Qeyd etməliyik ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür” tövsiyəsinə əsasən yeni daimi iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsinin və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

“Elektron hökümət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin birinci yarısında Fondun öz saytı, “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, eyni zamanda, keçən ilin illik göstəricisi səviyyəsindədir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doinq Business 2015" hesabatında 32 pillə irəliləmişdir ki, bunu da böyük uğur hesab etmək olar.

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsi ilə həyata keçirilməsi, həmçinin “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydalarının” tələblərinə uyğun olaraq Fondun çağrı mərkəzinin fəaliyyəti yenidən qurulub, habelə sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması məqsədilə 195 Çağrı Mərkəzinin Fondun çağrı mərkəzinə inteqrasiyası həyata keçirilmişdir.

Pensiyaların plastik kartlarla ödənişi artıq ucqar kənd yerlərində yaşayan pensiyaçıları da əhatə edir və bu tədbirlərin daha da genişləndirilməsi nəticəsində pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Qeyd etmək yerinə düşər ki, cari ilin ötən dövrü ərzində müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilmişdir. Cari ilin birinci yarısında bu məqsədlə Fond 3 sayda mərkəzi, 8 sayda regional təqdimat keçirib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ilin 6 ayı ərzində fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.

Cari ilin 6 ayı ərzində vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. Hesabat dövründə bilavasitə Fondun sədri tərəfindən 223 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb. Qətiyyətlə demək olar ki, ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan islahat tədbirlərinin icrası məqsədilə fond tərəfindən kompleks tədbirlər, o cümlədən qanunvericiliyə dəyişikliklərin hazırlanması işləri davam etdirilir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında