SƏRKƏRDƏ

Azərbaycanın milli hərb sənəti tarixinə adı qızıl hərflərlə yazılmış general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qarşısında

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli sərəncamında deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir”. Bu sərəncamdan sonra, aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

Unudulmaz sərkərdə Cəmşid Naxçıvanski sıravi yunkerlikdən, general rütbəsinədək yüksəlmişdir. Arxiv sənədlərindən, müasirlərinin xatirələrindən məlum olur ki, o, zəngin və maraqlı həyat yolu keçmişdir. Xan əsilli sərkərdə ulu babalarının və atasının döyüş yolunu zəfərlərlə, özünəməxsus istedad və bacarıqla davam etdirmişdir. Axtarışlar zamanı məlum oldu ki, onun haqqında Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, əsasən, keçən əsrin yetmişinci illərindən sonra məqalələr yazılmışdır.

1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyevin ilk günlərdə Cəmşid Naxçıvanskinin adının unudulmaması üçün atdığı qəti, ciddi addımlar nəticəsində qəhrəman sərkərdə haqqında elmi və elmi-publisistik məqalələr işıq üzü görməyə başladı.

Cəmşid Naxçıvanskiyə aid ilk qəzet yazısı unudulmaz tarixçimiz Əli Əliyevə məxsusdur. Əli müəllimin böyük təəssübkeşliklə yazdığı yazı 7 yanvar 1971-ci ildə “Azərbaycan gəncləri” qəzetində oxuculara təqdim olundu. Məqalə böyük maraqla qarşılandı. Bundan sonra qəzetlərin əksəriyyətində Azərbaycan və rus dillərində Cəmşid Naxçıvanskinin hərbi fəaliyyətinə aid məqalələr ara-sıra nəşr olundu. Həmin yazıların əksəriyyətini — kitabxana fondlarında olanları bu günlərdə bir daha oxudum. Doğrudanmı, Cəmşid Naxçıvanskinin həyatı və döyüş yolu belə rahat və hamar olub? Həmin illərdə arxivlər bağlı olduğundan müəlliflər ancaq sovet senzurasının icazə verdiyi hissələri çap edə bilərdilər. Belə bir qayda isə yazılan məqalələr “xüsusi qəlibə” salınırdı. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sona hərbi jurnalistlər və tarixçilər Cəmşid Naxçıvanski haqqında da kitablar yazdılar. Bunlardan mükəmməli Rusiya tarixçisi Rudolf İvanovun yazdığı 832 səhifəlik kitabdır: “Sovet İttifaqı adından” (rus dilində, Moskva, 2007)...

 Bütün bunlara baxmayaraq, bu gün internet saytlarında bəzi tədqiqatçılar Cəmşid Naxçıvanskinin, guya Tiflisdə doğulması haqqında və sair səhv faktlar yayırlar. Çox təəssüf ki, bunu azərbaycanlı tədqiqatçılar təkrar edirlər. Halbuki, Rusiya Dövlət Hərbi-Tarix Arxivində Cəmşid Naxçıvanskiyə aid sənədlər 400, 407, 24696, 37837-ci və digər fondlarda saxlanılır. Məsələn, 35866-cı fonddakı tatar (azərbaycanlı-müəllif) süvari polkunun ehtiyat yüzlüyünün praporşiki Cəmşid xan Naxçıvanskiyə məxsus xidmət kitabçası 1915-ci ilin aprelində tərtib olunub.

Cəmşid Naxçıvanskinin Rusiya Dövlət Hərbi-Tarix Arxivində saxlanılan xidmət kitabçasından (1915) məlum olur ki, o, 9 avqust 1895-ci ildə Naxçıvanda ştabs-rotmistr Cəfərqulu xan Kəngərli-Naxçıvanskinin ailəsində doğulmuşdur. Amma, nədənsə Azərbaycanda nəşr olunan ensiklopediya və kitablarda doğum günü kimi 10 avqust qeyd edilib. Ailənin ikinci övladı olan Cəmşid xanın bir bacısı və 4 qardaşı olmuşdur: III Kalbalı xan (20.10.1891-təxminən 1934), Cəmşid xan (09.08.1895-26.08.1938), Nazlıbəyim (?-?), Teymur xan (?-1916), III Ehsan xan (01.04.1894-1920), Davud xan (?-?).

 Cəmşid xan ilk təhsilini evdə xüsusi müəllimlərdən almış, ana dilində yazmağı, həmçinin rus və fransız dillərini öyrənmişdir. Sonralar İrəvanda pansionda oxumuşdur. Onun Tiflis kadet korpusunda oxumağa getdiyi vaxtı da müxtəlif illərə aid edirlər. Məsələn, 1976-cı ildə Bakıda nəşr olunmuş “Ataların döyüş yolu” adlı kitabda (müəllif Firdovsi Zamanov) onun səkkiz yaşında, yəni 1903-cü ildə yunker məktəbinə oxumağa getməsi qeyd edilmişdir. Amma aparılan axtarışlar göstərir ki, Cəmşid xan 1914-cü ilin martında Tiflis kadet məktəbində 7 illik təhsilini başa vurmuşdur. Bu tarix ona verilən şəhadətnamədə də qeyd edilmişdir: 30 apreldən 14 iyunadək kadet məktəbində imtahan vermişdir. Deməli, onun kadet məktəbinə daxil olduğu il 1907-ci ildir. Çünki Tiflis Hərbi Məktəbinin 1-ci sinfinə 10-12, 2-ci sinfinə isə 11-13 yaşlarında müdavimlər qəbul edilirdi. Bu yaş dövrləri ona görə seçilirdi ki, yunker məktəbinə gələnlərin müəyyən fənlər üzrə biliyi olsun. Yəqin ki, tapılacaq ilkin sənədlərdə onun Tiflis kadet məktəbinə daxil olduğu il də dəqiq qeyd edilmişdir. Araşdırmalarımıza görə, Cəmşid xan 12 yaşında yunker məktəbinin 2-ci sinfinə qəbul edilmişdir. O, kadet məktəbində imtahanları müvəffəqiyyətlə vermiş, 3 aylıq hərbi xidmətdən sonra, 8 noyabr 1914-cü ildə ilk hərbi dərəcəni, yunker-unter rütbəsini almışdır. Tiflis kadet məktəbini bitirəndə Cəmşid xanın 19 yaşı var idi. Çar Rusiyasında olan qaydaya görə, 21 yaşına çatmamış oğlanların hərbi məktəblərdə oxumalarına hökmən valideynləri icazə verməliydilər.

Onun atası Cəfərqulu xan 23 iyul 1914-cü ildə razılıq ərizəsi yazır. Cəmşid xan həmin ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki qvardiya məktəbinə daxil olmuşdur. Onun qvardiya məktəbinə daxil olduğu tarix 30 avqust 1914-cü ildir.

Birinci dünya müharibəsinin başlanması vəziyyəti dəyişir. Cəmşid xan burada 4 ay oxuyur. O, 6 sentyabr 1914-cü ildə Rusiya ordusunda xidmət etmək üçün Yelizavetqradda hərbi and içir. Cəmşid xanın hərbi xidmətə başlamasının tarixi sənədlərdə 1 sentyabr 1914-cü il göstərilir. Onu Rusiya imperiyasının müsəlmanlardan təşkil olunmuş Qafqaz yerli süvari diviziyasının tatar (azərbaycanlı) alayındakı ehtiyat yüzlüyə hərbi xidmətə göndərirlər. Cəmşid xan 1 dekabr 1914-cü ildə həmin ehtiyat yüzlükdə hərbi xidmətə başlayır. Qeyd edək ki, elə həmin tarixdə də ona praporşik rütbəsi verilmişdir.

Onun haqqında olan bu məlumatlar 1915-ci il aprelin 15-də yazılan xidmət kitabçasında qeyd olunub. Həmin xidmət kitabçasını diviziya komandiri böyük knyaz Mixail Aleksandroviç Romonov və diviziyanın qərargah rəisi polkovnik Yuzefoviç imzalamışlar. Xidmət kitabçasından məlum olur ki, Cəmşid xan mart ayının 5-dən hərbi kampaniyada iştirak edir.

Cəmşid xanın tatar süvari alayında ehtiyat yüzlükdə xidmətə başlaması haqqında əmr 4 mart 1915-ci ildə Buqaç şəhərində imzalanıb. Tatar süvari alayının birinci yüzlüyündə müharibə cəbhəsində hərbi xidmətə başlayan Cəmşid xan ilk hərbi tapşırığını alır: poliqonda atəş vaxtı rəhbərlik gənc zabitə tapşırılır. 7 mart 1915-ci il tarixi onun üçün, bir növ, sınaq tarixi olur. Gənc zabit ilk gündən arzulayır ki, qədim tarixi olan Naxçıvanın Kəngərli süvariləri kimi igidlik göstərsin. Necə ki ulu babaları Naxçıvan tarixinə adlarını qızıl hərflərlə yazmışlar.

19 mart 1915-ci ildə Cəmşid xan müvəqqəti olaraq alay komandirinin yavəri-adyutantı təyin edilir. Tatar alayı Çervonoqrad kəndində yerləşdiyi vaxt o, yavərlik vəzifəsini təhvil verir.

Gənc zabit Cəmşid xan müharibədə göstərdiyi hünərə və şücaətə görə 22 iyul 1915-ci ildə 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunsa da, bu mükafatı ona 14 fevral 1916-cı ildə təqdim edirlər.

Avqust ayının 25-də Cəmşid xan Novoselka kəndinin yaxınlığında gedən qızğın döyüşlərdə yaralanır. 31 avqust 1915-ci ildə olan əmrdən (əmr № 243) məlum olur ki, Cəmşid xan müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir. Alay komandiri polkovnik Polovtsev Cəmşid xanı “Müqəddəs Georgi Silahı” mükafatına təqdim etsə də, Cənub Qərb Cəbhəsinin rəhbərliyi bunun gənc zabitə hələ tez olduğunu bildirir. Cəmşid xana 19 sentyabr 1915-ci ildə kornet hərbi rütbəsi verilir.

Tatar (azərbaycanlı) süvari alayı Kosova kəndində yerləşəndə Cəmşid xan Naxçıvanskinin 3-cü dərəcəli (bant və qılınc birlikdə) “Müqəddəs Stanislav” ordeni ilə təltif olunması elan edilir. Bu mükafat ona 12 may 1916-cı ildə təqdim olunur. Birinci dünya müharibəsində Qafqazın yerli əhalisindən yaradılmış diviziyanın (“Dikaya diviziya”) tatar (azərbaycanlı) süvari alayının birinci yüzlüyünün birinci manqa komandiri təyin edilən Cəmşid xanın 20 yaşı var idi. Əmr 18 fevral 1916-cı ildə verilmişdir. 31 may 1916-cı ildə alayın apardığı döyüşlərdə gənc zabitin aslan kimi döyüşdüyünü görən Qafqaz yerli süvari diviziyasının tatar süvari alayının komandiri Polovtsev yenidən 5 iyul 1916-cı ildə cəbhənin Georgi Dumasına məktub göndərir. O, bu məktubda bildirir ki, kornet Cəmşid xan “Georgi Silahı”nı almağa layiqdir. Bu, Cəmşid xanın komandirinin Georgi Dumasına 3-cü məktubu idi. 26 yanvar 1917-ci ildə onu “Müqəddəs Georgi Silahı” ilə təltif etdilər. Qeyd edək ki, mayın 31-də olan qızğın döyüşlərdə Cəmşid xan ikinci dəfə yaralanmışdı. 12 may 1916-cı ildə Rusiya imperatorunun əmri ilə tatar süvari polkunun korneti Cəmşid xan Naxçıvanski 3-cü dərəcəli (qılınc və bantla birlikdə) “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir.

1916-cı il may ayının ikinci yarısında Cənubi-Qərb Cəbhəsi Avstriya qoşunlarına ağır zərbələr endirdi. Həmin ilin 22-31 may tarixlərində Lutsk şəhəri istiqamətində general Brusilovun rəhbərliyi ilə rus qoşunları düşmən qoşunlarını ağır məğlubiyyətə uğratdı. Bu, hərb tarixində “Brusilov cəbhəsi”nin yarılması adlanır. Qeyd etmək yerinə düşər ki, Avstriya və Macarıstan qoşunlarının darmadağın edilməsində Qafqazın yerli süvari diviziyasının da böyük xidmətləri olmuşdur. Bu qızğın döyüşdə yaralanan Cəmşid xana sağalandan sonra müvəqqəti məzuniyyət verirlər ki, doğma Vətəni Naxçıvana getsin. Araşdırmalar göstərir ki, bu, onun Naxçıvana, ata-anasının yanına axırıncı səfəri olur. Yeri gəlmişkən deyək ki, o, bir də Naxçıvana banditlərə qarşı döyüşmək üçün gəlmişdir. Amma o vaxt burada nə evləri var idi, nə də doğmaları qalmışdı.

 Cəmşid xan 1916-cı ildə Naxçıvana gələrkən İrəvan seminariyasında oxuyan qardaşı Teymur xan vəfat edir. Onu öldürüblər, yaxud özü intihar edib, məlum deyil. Yəqin ki, tapılan sənədlər bunu da dəqiqləşdirməyə imkan verəcək.

Avstriya qoşunlarının mühasirəsinə düşən inquşsüvari polkunu xilas edən tatar süvari alayı xeyli itki verir. Bu döyüşdə onun döyüş bacarığı yenə də yüksək qiymətləndirilir. 15 aprel 1917-ci ildə kornet Cəmşid xan 3-cü dərəcəli (qılınc və bantla) “Müqəddəs Anna” ordeni ilə təltif edilir.

1917-ci il oktyabrın 30-da isə Cəmşid xanın rütbəsini artırırlar. O, süvari qoşunların stabs-rotmistr rütbəsini alır.

1917-ci il fevral-burjua inqilabı zamanı Cəmşid xanın komandirlik etdiyi manqa Avstriya cəbhəsində idi. Rusiya imperiyasında yaranan qeyri-sabitlik müharibə səngərlərində döyüşən alayı da çətin vəziyyətdə qoyur. Alayın daxil olduğu “Vəhşi diviziya” general Kornilovun əmri ilə Petroqrada göndərilir. Amma aparılan təbliğat nəticəsində diviziya Petroqrada getmək istəmir. Qətiyyətlə diviziyanın Qafqaza qayıtmasını tələb edirlər. Bu səbəbdən də əmr olunur ki, diviziya Qafqaza qayıtsın. Cəmşid xan Naxçıvanski öz tatar (azərbaycanlı) alayı ilə Gəncəyə (o vaxtlar Yelizavetpol adlanırdı) qayıdır. Tatar alayı Azərbaycan qoşunlarının korpusuna daxil edilir, alay əvvəlcə Yelinendorfda (Sovet hakimiyyəti illərində Xanlar, indiki Göygöl şəhəri) yerləşirdi. Bir müddətdən sonra tatar polkunu Qarayazıda yerləşdirirlər.

1918-ci ilin yazında alay Kürdəmirdə gedən döyüşlərdə iştirak edir. Cəmşid xanın alayı türk əsgərləri ilə birlikdə Bakını erməni işğalından azad edir. Cəmşid xan öz tərcümeyi halında yazır ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra, şəhərə ingilislər və Sentrokaspinin qoşunları soxuldular. Mənim alayım ingilislərlə döyüşürdü, hətta o vaxt 2 şotland rotasını əsir tutdum.

Türk qoşunları Bakıdan gedəndən sonra ingilislər at oynadırdılar. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin başçıları respublikada ordunu möhkəmləndirmək işini ümdə məsələlərdən biri hesab edirdilər.

Cəmşid xan Naxçıvanski milli Azərbaycan Ordusunun yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edir. O, birinci tatar süvari alayının komandir köməkçisi vəzifəsində işləyir. Onun xidmət etdiyi alay 1919-cu ildə ingilislərin təhriki ilə Bakıdan çıxarılır və Qusarda yerləşdirilir. İngilislər Bakını tərk edən kimi ağqvardiyaçıların Dağıstan tərəfdən Azərbaycana hücum edəcəyi təhlükəsi yaranır. Belə bir şəraitdə Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edirlər. Onun qərargahı Yalamada yerləşir.

24 mart 1920-ci ildə onu ikinci Qarabağ süvari polkunun komandiri təyin edirlər. Xankəndidə yerləşən alaya hərbi xidmətə gedən Cəmşid xan Ağdamda ləngiməli olur. Çünki erməni daşnakları Əskəran qalasını tutmuş və Xankəndiyə gedən yolu bağlamışdılar.

Məlumat üçün deyək ki, Əskəran qalasının daşnak quldurlarından xilas edilməsində Cəmşid xan və əsgərləri əsl qəhrəmanlıq göstərirlər.

28 aprel 1920-ci ildə Bakı bolşevikləri XI qırmızı ordunun köməyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirib hakimiyyəti öz əllərinə keçirirlər. Cəmşid xan Naxçıvanski Nəriman Nərimanovun təklifi ilə sovet hakimiyyətini qəbul edir. Onun komandanlıq etdiyi süvari polku sovet ordusu tərəfinə keçdikdən sonra fəhlə-kəndli alayı adlandırılır.

Cəmşid Naxçıvanskinin yüksək hərbi biliyə və istedada malik olması XI ordunun komandanı Levandovskinin, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin və Azərbaycan hərbi-dəniz xalq komissarı Əliheydər Qarayevin diqqətini cəlb edir.

Qeyd edək ki, 1971-ci ildən sonra yazılan qəzet və jurnal məqəlalərində, kitablarda Cəmşid xan Naxçıvanskinin fəaliyyətinin yalnız sovet dövrü nisbətən geniş işıqlandırılıb. Ancaq onun həbs edilməsinin üstündən sükutla keçilib. Hətta onu kadet korpusunda oxuduğu illərdən inqilabi işlə məşğul olduğunu yazan və mətin bolşevik səviyyəsinə qaldıran müəlliflər də olublar. Ancaq bunlar ağ yalandır! O, heç vaxt inqilabçı olmayıb. Sadəcə, N.Nərimanovun təklifini qəbul edib, xaricə mühacirət etməyib. Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi Naxçıvanı çox sevdiyindən hərbi fəaliyyətini Azərbaycanda davam etdirib.

 Birinci dünya müharibəsində 3 dəfə yaralanan Cəmşid xanı ilk dəfə 31 may 1920-ci ildə hərbi və dəniz komissarı Çingiz İldırımın əmri ilə həbs etmişlər. İyun ayının 1-də ona həbs orderi yazmış və Nargin adasına göndərmişlər. Həbs ediləndə onun 25 yaşı var idi. Onu 25-31 may Gəncə qiyamına görə “təqsirkar” bilib həbs etmişlər. Amma Gəncə üsyanı baş verəndə Cəmşid xan öz alayı ilə Suraxanıda idi. Çingiz İldırımın əmri ilə Bakıya çağırılan Cəmşid xan iyun ayının 1-də onun əmri ilə həbs edilmişdi. Məlumat üçün deyək ki, Çingiz İldırım laçınlı Sultan bəyin əmisi oğlu idi. O, Naxçıvanskiləri çox yaxşı tanıyırdı. Atasının əmisi Xosrov bəy də Bəhram xan Naxçıvanski ilə birlikdə İrana mühacirət etmiş, sonralar Türkiyəyə köçmüşdü.

Cəmşid xan Naxçıvanski həbs ediləndən 68 gün sonra, yəni avqustun 8-də ona dindirilmə protokolu tərtib edirlər. Cəmşid xan ad gününü Nargin adasında, həbsxana şəraitində keçirərək, ömrünün 26-cı baharına qədəm qoyur.

Avqust ayının 13-də XI ordunun hərbi şurasının xüsusi şöbəsinin hərbi müstəntiqi Cəmşid xan Naxçıvanskinin günahsız olduğunu təsdiqləyir və onu həbsdən azad edirlər. Bu zaman tale onun üzünə gülür. Əgər Çingiz İldırım iyunun 4-də cəhbəyə getməsəydi, yəqin ki, onu güllələdəcəkdi.

Çingiz İldırımın yerinə hərbi dəniz xalq komissarı Əliheydər Qarayev təyin edilmişdi. Naxçıvanskilər nəslinin yetişdirdiyi hərbçilərə rəğbət bəsləyən Əliheydər Qarayev onu güllələnmədən xilas edir. Çünki o bilirdi ki, Cəmşid xan Naxçıvanski kimi hərbçilər çox az yetişir. Belə peşakar zabitlər yenicə qurulmuş sovet hökumətinə lazım idi. Cəmşid xan Naxçıvanskinin həbsdən azad edilməsi haqqında order avqust ayının 26-da yazılır. Həbsdən azad edilən Cəmşid xan əvvəlcə Azərbaycan sovet hərbi məktəbinə təsərrüfat rəisi təyin edilir. Qeyd edək ki, Cəmşid xana gizlicə nəzarət edirdilər. O, bunu bilsə də, büruzə vermirdi. Öz hərbi işinin vurğunu idi. Həyatın ona bəxş etdiyi əzab-əziyyətləri unutmaq üçün bütün həyatını qəlbən bağlandığı hərb sənətinə həsr etmişdi.

Cəmşid xan sovet ordusunda da içdiyi anda sadiq idi. Ancaq həmin illərin fotoşəkillərinə baxanda Cəmşid xanın üzündə sevincdən bir əsər- əlamət olmadığını görürük. Tanıdığı insanların çoxundan namərdlik görən Cəmşid xanın üzündəki ifadələri, kədərli baxışlarını duymaq çətin deyil. Yüksək hərbi biliyə malik olan Cəmşid Naxçıvanskinin hərb sənətinə sədaqəti, mərdliyi və intizamlı olması komissar Əliheydər Qarayevə məlum idi. O, Cəmşid xanı 30 iyul 1920-ci ildə həmin hərbi məktəbin rəisinin birinci köməkçisi təyin edir. Cəmşid xan Naxçıvanski gənc olsa da, vaxtilə özünün qazandığı zəngin təcrübəsini yeniyetmə müdavimlərə həvəslə öyrədir. Buna görə ona təşəkkür elan edilir. 1921-ci il sentyabrın 10-da Cəmşid xan Azərbaycan atıcı briqadasının komandiri təyin olunur. Azərbaycan atıcı briqadasının bazası əsasında diviziya yaratdığına görə Cəmşid xan Naxçıvanskiyə təşəkkür elan edilir və mükafat olaraq ona gümüş dəstəkli qılınc verilir. Qəhrəman sərkərdə Cəmşid xan Naxçıvanski təzə yaradılmış dağatıcı diviziyasına komandir təyin edilir. 1923-cü ildə Cəmşid xan Naxçıvanski təhsilini artırmaq üçün Moskva Hərbi Akademiyasının ali komanda kursuna göndərilir. Akademiyanı bitirdikdən sonra o, Bakıya qayıdır və diviziyaya yenidən komandirlik edir.

Cəmşid xan diviziyada ciddi nizam-intizam yaradır. Artıq o, hərbi taktikanı və hərb elmini dərindən bilən sərkərdə kimi püxtələşmişdi. Məqamındaca qeyd edək ki, Cəmşid xan Naxçıvanskinin bacarıqlı hərbi komandir kimi yetişməsində məşhur sərkərdələrdən Əliağa Şıxlinskinin və Səmədağa Mehmandarovun böyük xidmətləri olmuşdur. Bu unudulmaz sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşdur.

Cəmşid xan Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağatıcı diviziyasına komandirlik etmişdir. Bu 10 il ərzində o, Azərbaycan ordusu üçün əvəzsiz işlər görmüşdür. 1927-ci ildə ikinci dəfə Moskva Hərbi Akademiyasına, 1928-ci ildə isə Sevastopol Hərbi Məktəbinə hava hücumundan müdafiə kurslarına göndərilmişdi. Nümunə üçün 1927-1928-ci illərdə hərbi akademiyanın ali komanda heyətindən ona verilmiş xasiyyətnaməni göstərə bilərik: “Taktiki təlim hazırlığı qənaətləndiricidir, öz hazırlığını dərinləşdirir, hərbi işə sonsuz məhəbbət göstərir, işdə fəaldır, metodika sahəsində hazırlığı kafidir, komanda xadimliyinə təmayülü böyükdür, diviziyaya rəhbərlik etməyə tam layiqdir”.

Cəsur sərkərdə Azərbaycan dağatıcı diviziyasını keçmiş SSRİ-nin hər yerində tanıtmış, bacarıqlı hərbi və siyasi kadrlar yetişdirmişdi. Məşhur sərkərdə M.F.Frunze 1923 və 1925-ci illərdə Bakıya gələrkən diviziyanın işi ilə tanış olmuş və Cəmşid xanın fəaliyyətinə yüksək qiymət vermişdir. Cəmşid Naxçıvanski yorulmaq bilmədən çalışırdı. Hətta o, 1928-ci il oktyabrın 17-də diviziyada hava hücumundan kimyəvi üsullarla müdafiə olunmaq qaydalarını əsgərlərə öyrətmək üçün təlim təşkil etmişdi. İxtisaslı hərbi mütəxəssislərdən ibarət komissiya onun işinə yüksək qiymət vermişdi. Bu zaman ona pul mükafatı və üstüyazılı qiymətli hədiyyə də təqdim olunmuşdur.

29 oktyabr 1930-cu ildə Cəmşid xan Azərbaycan SSR-in “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi. O, Azərbaycan SSR və Zaqafqaziya Mərkəzi icraiyyə komitələrinin üzvü idi. Xan əsilli olduğundan Kommunist Partiyası sıralarına qəbul edilməyən Cəmşid xan Mir Cəfər Bağırov və onun dostu Lavrenti Beriya tərəfindən ciddi təqib edilirdi.

1931-ci ilin 22 fevralında onu teleqramla Tiflisə çağırdılar ki, gəlib Qırmızı bayraqlı Qafqaz Ordusunun Qərargahında məruzə etməlisən. Ancaq Tiflisdə əvvəlcə onu Zaqafqaziya Siyasi İdarəsinə dəvət etdilər. Və oradaca Cəmşid xanı həbs etdilər. Qəribədir ki, onu həbs edəndən 18 gün sonra, yəni martın 11-də həbs orderi yazılıb. O, L.Beriyanın əmrinə əsasən həbs edilmişdi.

Həmin ilin 24 sentyabrına kimi Tiflisdə həbsdə qalan Cəmşid xan ayın 25-də Bakıya göndərilib. Burada 30 sentyabr 1931-ci ildə Azərbaycan Siyasi İdarəsi onu güllələməyi qərara alır. Ancaq S.Orconikidzenin işə qarışması onu güllələnməkdən xilas edir. Daha doğrusu, Serqonun xahişi ilə SSRİ Siyasi İdarəsinin başçısı V.R.Menjinski Cəmşid xanla bağlı məsələni İ.V.Stalinə bildirir. 5 noyabr 1931-ci ildə Mərkəzi Komitənin Siyasi Bürosunun iclasında Stalinin qərarı belə olur: Naxçıvanskini bu şərtlə azad edin ki, o, bir daha Zaqafqaziyada işləməsin. Bundan sonra Cəmşid xan Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya göndərilir. 14 noyabr 1931-ci il tarixdə hərbi akademiyanın dinləyicisi kimi qeydə alınmışdır. 1933-cü ildə kursu bitirir. Onu akademiyada müəllim saxlayırlar. Cəmşid xan əsas fakültənin ikinci kursunun rəisi təyin edilir. 1934-cü ildə isə ümumi taktika kafedrasına müdir təyin edilən Cəmşid xan Naxçıvanskiyə 1935-ci ilin 5 dekabırında general-mayor hərbi rütbəsi verilir.

General-mayor Cəmşid xan Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilir. Həmin gün həbsedilmə anketində bir məlumat diqqətimizi çəkdi. Cəmşid xan yazır: “Anam, qardaşım və bacım xarici ölkədə yaşayırlar, onlarla heç bir əlaqəm yoxdur. Anamın adı Fəxrəntac, qardaşımın adı Davud, bacımın adı isə Lalabəyimdir”. Bu məlumatdan aydın olur ki, Cəmşid xan Moskvada yaşasa da, doğmaları haqqında məlumatı varmış. Onun bacısının adı sənəddə Nazlıbəyimdir. Evdə ona Lalabəyim deyirdilər. Deməli, 1938-ci ildə artıq Cəfərqulu xan sağ deyilmiş.

Sənədlərdən məlum olur ki, general-mayor Cəmşid xan Naxçıvanskini 52 gün mühakimə edib, ona ağlagəlməz işgəncələr vermişlər. Keçmiş SSRİ Siyasi İdarəsinin Lefortov həbsxanasında Cəmşid xan Naxçıvanski işgəncələrə qəhrəmanlıqla sinə gərmişdir. Sovet hökuməti onunla çox ədalətsiz davranır. Rusiya ordusunda əvəzsiz xidmətləri olan generalı 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələyirlər. O, Moskva yaxınlığındakı “Kommunarka” adlanan meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir. Belə bir faciəvi sonluqla bitir qəhrəmanımızın taleyi. Onun Lefortovda son dəfə çəkilən fotoşəklinə baxmaq olmur. Bu qədər qəddarlıq olarmı?! İgid sərkərdə sınmadan, əyilmədən, hətta vida sözü demədən ölümün gözlərinə dik baxır

Yazının əvvəlində deyildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Cəmşid xan Naxçıvanskini ikinci dəfə həyata qaytardı. Adını əbədiləşdirdi. Görkəmli sərkərdənin adının hərb tariximizdə unudulmaması üçün Bakıdakı hərbi təmayüllü məktəbə Cəmşid Naxçıvanskinin adını verdi. Sovet İttifaqı dövründə bunları etmək üçün böyük iradə və cəsarət lazım idi. Dünyanın nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz uzaqgörənliklə bunu bacardı.

Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında” 19 noyabr 2002-ci ildə sərəncam imzaladı. Hələ 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxtda o, göstəriş vermişdi ki, Naxçıvan şəhərində sərkərdənin doğulduğu evdə onun ev-muzeyi yaradılsın. Qərarla əlaqədar olaraq, Azərbaycan SSR Nazirlər Soveti 15 dekabr 1981-ci il tarixdə sərəncam vermişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 31 avqust 1982-ci il tarixli qərarı ilə Naxçıvan MSSR Nazirlər Soveti də 29 sentyabr 1982-ci il tarixli qərar qəbul etdi.

22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi açıldı. Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 22 noyabr 1982-ci il tarixli əmri ilə Cəmşid xan Naxçıvanskinin ata evi muzey kimi təsdiq olundu. Muzey Cəfərqulu xanın malikanəsinin birinci mərtəbəsində yerləşdirildi. Sonra — 1985-ci ildə ikinci mərtəbəyə köçürüldü. Ancaq binanın bir hissəsi muzey kimi istifadəyə verildi. Naxçıvan şəhər XDS İK-in 15 mart 1983-cü il tarixli qərarı ilə binanın hamısı ev-muzeyi üçün təsdiqlənmişdir. O vaxtlar ümummilli liderimiz Moskvaya, Kremlə yüksək vəzifəyə getdiyindən Naxçıvan Vilayət Partiya Komitəsi Cəmşid Naxçıvanskiyə “ögeyliyini” göstərdi. Binanın yarısında hansısa idarə yerləşdirildi.

Cəmşid xan Naxçıvanskinin ev-muzeyi rəsmi olaraq 1987-ci ilin noyabrında açılmışdır.

Milli hərb tariximizin fəxri olan Cəmşid Naxçıvanskinin həyatı, igidliyi gəncliyimiz üçün əsl nümunədir.

Musa QULİYEV,
AMEA Naxçıvan bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun
böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında