Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur. Dövlət proqramına uyğun olaraq ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış tədbirində iştirak ediblər.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə edib. Yaşayış məntəqələrində müasir şərait yaradılıb. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, uşaq gənclər şahmat məktəbi və elektrik şəbəkəsi üçün yeni binalar istifadəyə verilib. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.

Qıvraq qəsəbə sakini Əli Vəliyev deyib ki, bu gün Kəngərli rayonunda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlər müasir görkəm alır, yollar abadlaşdırılır. Bir neçə xidmət sahəsini özündə birləşdirən bu kompleksin istifadəyə verilməsi də təkcə Qıvraq qəsəbə sakinlərinin deyil, bütövlükdə rayon əhalisinin rahatlığına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edib, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin mart ayında imzaladığı müvafiq qanunla Kəngərli rayonu yaradılmışdır. Ötən 11 il ərzində rayon böyük inkişaf yolu keçmiş, lazımi infrastrukturlar yaradılmış, kəndlər abadlaşdırılmışdır. Bu işlər bu gün də davam etdirilir. Rayonun inkişafı əhalinin sayının artmasına da səbəb olmuşdur. Yeni yaradılarkən 25 min əhalisi olan Kəngərli rayonunda bu gün 31 mindən artıq əhali yaşayır.

Ali Məclisin sədri deyib: 

– Bu gün rayonun mərkəzi Qıvraq qəsəbəsində 6 minə yaxın əhali yaşayır. Bundan başqa burada böyük hərbi hissə yerləşir. Qəsəbədə yaşayanlara, hərbi hissədə xidmət edənlərə və ailələrinə ictimai iaşə, bazar və ticarət xidmətlərinin göstərilməsi vacib məsələ idi. Ona görə də ərazidə yeni kompleksin tikilməsi zərurəti yaranmışdı. İş adamları bu işin həyata keçirilməsinə təşəbbüs göstərdilər. Təkliflərə baxıldıqdan sonra layihə hazırlandı və kompleksin tikintisi həyata keçirildi. Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir. Hazırda Kəngərli rayonunda 12 hüquqi, 391 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kompleksin istifadəyə verilməsi ilə sahibkarlıq obyektlərinin sırasına biri də əlavə olundu.

Ali Məclisin sədri deyib: Ölkəmizdə yeni iş yerlərinin açılması, əhalinin istehsal etdiyi məhsulların satışı üçün şəraitin yaradılması, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi əsas vəzifələrdəndir. Bu gün istifadəyə verilən kompleksdə sakinlərin ehtiyacları ödənilməklə yanaşı, 100-ə yaxın yeni iş yeri də açılmışdır. Binada yerləşən şadlıq sarayı sakinlərə toy mərasimlərini keçirməyə imkan verəcəkdir. Eyni zamanda, burada hər həftənin şənbə və bazar günləri satış yarmarkalarının keçirilməsi üçün də lazımi şərait vardır. Artıq rayonun kəndlərində yaşayan torpaq mülkiyyətçiləri və fermerlər istehsal etdikləri məhsulların kompleksdəki bazarda rahat şəkildə satışını həyata keçirəcəklər. Ona görə də sahibkarlar və burada fəaliyyət göstərəcək insanlar yaradılan şəraitdən düzgün istifadə etməli, tikilənlər qorunmalı, təmizliyə əməl olunmalı, sakinlərə nümunəvi xidmət göstərilməlidir.

Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və kompleksin uzun müddət rayon əhalisinə xidmət edəcəyinə əminliyini bildirib, bir daha təşkilatçılara təşəkkür edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, kompleksin tərkibinə ticarət mərkəzi, mağazalar, şadlıq sarayı və digər xidmət sahələri daxildir. Bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kənd təsərrüfatı məhsullarının satışı üçün qapalı bazar, 2 ət satışı mağazası və anbar, ikinci mərtəbədə 7 müxtəlif təyinatlı mağaza və iş otaqları, üçüncü mərtəbədə isə şadlıq sarayı yerləşir. Həyətdə 24 yerlik açıq bazar, 12 müxtəlif təyinatlı mağaza, aptek, yeməkxana və kafe fəaliyyət göstərəcəkdir. Qapalı bazarda 30 piştaxta hazırlanıb və onların hər biri elektron tərəzi ilə təmin olunubdur.

Müasir dizayn əsasında inşa olunan 270 yerlik şadlıq sarayı toy mərasimləri və digər tədbirlərin keçirilməsi üçün münasib quruluşa malikdir. Ən müasir işıqlandırma, görüntü və səs sistemləri quraşdırılan şadlıq sarayında rayon əhalisinə nümunəvi iaşə xidməti göstəriləcəkdir. Kompleksdəki yeməkxana və kafe də müasir xidmət infrastrukturuna malikdir.

Bina müasir havalandırma, istilik, su və kamera-nəzarət sistemləri ilə təchiz olunub, həyətdə geniş abadlıq işləri görülüb, 2 avtomobil dayanacağı istifadəyə verilibdir.

 

Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda
yenidənqurma işləri davam etdirilir

 

Muxtar respublikada kəndlərarası yollar müasir standartlara uyğun qurulur. Şərur və Kəngərli rayonlarının bir neçə yaşayış məntəqəsini birləşdirən Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunun yenidən qurulması da bu istiqamətdə görülən işlərin davamıdır.

Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolda aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir. Yol yatağı 9 metrədək genişləndirilərək birinci qat asfalt örtük verilib. Yolboyu 84 su keçidi, 7 selötürücü, eləcə də yolun Qıvraq qəsəbəsindən keçən hissəsində 488 metr uzunluğunda beton kanal tikilib. Yol istifadəyə verildikdən sonra Naxçıvan-Sədərək magistral yoluna çıxmadan avtomobillərin kəndlərarası rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.

Ali Məclisin sədri tikinti işlərinin davam etdirilməsi və yolun ətrafında yaşıllıqların salınması barədə tapşırıqlar verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında