Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.
Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.
Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.
Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız.
Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar”.
Bu ilin birinci yarısında ölkəmizdə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat vəsait ayrılmışdır.
Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilmiş, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bundan başqa, 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilmişdir.
İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənmişdir.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir.
Nazirlər Kabinetinin sözügedən iclasında diqqətçəkən bir fakta da toxunulmuşdur. Bildirilmişdir ki, müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə – 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olmuşdur. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilmişdir. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunmuşdur. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilmiş, 2320 nəfərə işsizlik müavinəti təyin edilmiş, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmuşdur.
Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilmişdir.
Göründüyü kimi, sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Məhz elə buna görə də Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının reallaşdırılmasıdır. Xatırladaq ki, ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunaraq qüvvəyə minmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının yüksəldilməsinə nail olmaqdır.
Azərbaycanda neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd edilmişdir ki, Azərbaycan insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerdədir. Respublikamızın “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi də məhz sosial-iqtisadi siyasətin müsbət göstəricisidir. Həmin məruzədə həmçinin vurğulanmışdır ki, 1950-ci ildən sonra belə sürətli inkişafa yalnız 13 ölkə nail olmuşdur. Bu, Azərbaycanın böyük uğurudur.
Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat yüksələcəyi proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da olkəmizdə dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun daha da azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.
Proqnozlara əsasən, 2017-ci ilədək əhalinin gəlirləri, orta aylıq əməkhaqları da yüksələcək. Nəticədə növbəti iki ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz çoxalaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər artacaq. Həmin dövrdə orta aylıq əməkhaqqı təxminən 41 faiz artaraq 618 manata çatacaq.
Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir. Bununla bərabər, həmin konsepsiyada əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Adıçəkilən sənəddə, eyni zamanda, əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrin reallaşdırılması məqsədi ilə bu sahəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması və həmin vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, həmçinin səhiyyə islahatları planlı şəkildə davam etdiriləcəkdir.
Bununla yanaşı, konsepsiyada müasir təhsil sisteminin formalaşdırılması məqsədi ilə bu sahəyə ayrılan vəsaitin ümumi həcminin ümumi daxili məhsuldakı payının ilbəil artırılması, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılması nəzərdə tutulur. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqinin genişləndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulur.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında yuxarıda qeyd edilənlərlə yanaşı, sosial müdafiə sisteminin təkmilləşdirilməsi də ən mühüm vəzifələr sırasında dayanır. Belə ki, sənəddə əhalinin etibarlı sosial müdafiəsinin təşkili məqsədi ilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Həyata keçirilən pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə 2016-2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlanacaq. Reallaşdırılacaq tədbirlər nəticəsində sığorta-pensiya sistemi daha da təkmilləşdiriləcək, könüllü sosial sığortalanmanın tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər öz həllini tapacaqdır.
Sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılacaq, sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınacaq, məcburi dövlət sosial sığortası üzrə hesabatlar və sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar elektron qaydada ötürüləcək və qəbul ediləcək, sığortaedənlərdə audit elektron qaydada aparılacaqdır. Qeyd olunanlarla yanaşı, ölkə vətəndaşlarının pensiya təyinatı üçün hər hansı sənədin təqdim edilməsinə ehtiyac qalmayacaq və müvafiq müraciətin elektron qaydada ünvanlanması, vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılması tam reallaşdırılacaqdır.
Sözügedən konsepsiyada ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq, demoqrafiya sahəsində 2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramının qəbul edilməsi, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə -orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görülməsi, əmək və məşğulluq sahəsində milli informasiya sisteminin yaradılması, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili sistemi qurulması, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi və s. kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.