İmişli: inam olan yerdə dağı dağ üstünə qoymaq olar

İlin birinci yarısı da geridə qaldı. Ölkəmizin beynəlxalq aləmdəki imicini gücləndirmək baxımından olduqca əhəmiyyətli sayılan birinci Avropa Oyunlarının fonunda bu yarımilin ümumilikdə uğurlu keçdiyini qətiyyətlə söyləmək mümkündür. Prezident İlham Əliyevin ilin yekunlarına həsr olunmuş yığıncaqdakı çıxışında ötən dövr ətraflı təhlil olunmuş, nəticələrə obyektiv qiymət verilmişdir.

Yeri gəlmişkən , ölkə başçısının real vəziyyəti olduqca dərindən və hərtərəfli ifadə edən məlum çıxışı ölkə vətəndaşlarının, o cümlədən də zəhmətsevər imişlilərin dərin marağına səbəb olmuş, onları öz iş-güclərində daha da inamlı və qətiyyətli olmağa sövq etmişdir. Bəs bu müddət ərzində- yəni ilin ötən altı ayında İmişli rayonunda hansı işlər görülmüş, hansı uğurlar qazanılmışdır?

Bu suala cavab olaraq qeyd etmək lazımdır ki, bu dövrdə, sözün əsil mənasında İmişli rayonunun sosial-iqtisadi inkişafı davam etdirilmiş və doğrudan da, müəyyən uğurlu nəticələr əldə olunmuşdur.

 

“Rəqəmlər də danışa bilir”

 

2015-ci ilin birinci yarımilində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 3.751.900 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 1.763.400 manatı yük daşınmasından, 1.988.500 manatı isə sərnişin daşınmasından yaranmışdır.

Birinci yarımildə 126 abonentə telefon xətti çəkilmiş, rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3019 nəfərə çatdırılmışdır. Şəhərin yeni yaşayış massivində 512 nömrəlik yeni MSAN-tipli EATS-in tikintisi ilə əlaqədar konteyner qoyulmuş və 2 kilometr uzunluğunda FO-4 kabeli çəkilmişdir. Rayon mərkəzində və Cəfərli, Qaradonlu, Qaragüvəndikli kəndlərində genişzolaqlı internet avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir.

 İqtisadiyyatın əsas sahələri üzrə 170.921.000 manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir. Bu rəqəmlər müvafiq olaraq 49.834.200 manat və ya 29,2 faizlə sənayenin, 65.079.000 manat və ya 38,1 faizlə kənd təsərrüfatının, 20.398.800 manat və ya 11,9 faizlə tikintinin, 31.440.200 manat və ya 18,4 faizlə ticarət və iaşənin, 3.751.900 manat və ya 2,2 faizlə nəqliyyatın, 416.900 manat və ya 0,2 faizlə rabitə müəssisələrinin payına düşür.

 

Sənaye və kənd təsərrüfatı inkişaf yolunda

 

 Göründüyü kimi, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” məhdud məsuliyyətli cəmiyyətin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, “Araz Damazlıq Quşçuluq” məhdud məsuliyyətli cəmiyyətin Qaragüvəndikli kəndində damazlıq yumurta istehsalı müəssisəsi istifadəyə verilmişdir.

Qeyd olunduğu kimi 2015-ci ilin 6 ayında rayon üzrə sənaye məhsullarının həcmi 49.834.200 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 86,7 faizi qeyri-dövlət sektorunun payına düşür.

Muradxanlı İriləşdirilmiş Neft Mədənində 6 ay ərzində istehsal olunmuş 8860 ton neft, 300 min kub metr qaz daxili ehtiyaclara sərf olunmuşdur. 7 quyuda əsaslı, 20 quyuda isə cari təmir işləri aparılmışdır.

Rayon Aqroservisi tərəfindən kənd təsərrüfatı məhsulları becərən torpaq mülkiyyətçilərinə 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə ödənilmişdir. Fermerlərin sifarişi əsasında onlara İmişli Aqroservis filialının istifadəsində 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsi ilə 106 min manatlıq müvafiq işlər görülmüşdür.

2015-ci ilin birinci yarımilində kəndlərdə 233 min kubmetr kollektor drenac şəbəkəsi və magistral kollektorlarında torpaqqazma və hamarlama işləri görülmüşdür. 78 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik postlar, 1 kilometr uzunluğunda nov kanalları, 4 kilometr uzunluğunda beton kanal, 1 ədəd nasos stansiyası cari təmir edilmiş, suvarma kanalları 875 kubmetr həcmdə 280 kilometr məsafədə lildən təmizlənmişdir

2015-ci ilin 6 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 91995 başa, qoyunların sayı 247619 başa, quşların sayı isə 1325689 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1041, qoyunlar 4703, quşlar isə 49458 baş artmışdır. Ət istehsalı 6351,5 ton, süd istehsalı 24547,7 ton, yumurta 41887 min ədəd, yun istehsalı isə 313,4 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır.

Həmçinin 19664 ton arpa, 42595 ton buğda istehsal edilmiş və məhsuldarlıq 35,1 sentner olmuşdur. Bundan başqa, 6 ay ərzində 3150 ton kartof, 1415,4 ton tərəvəz tədarük edilmişdir. Bütün fəsillərdə əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün 10 hektar ərazidə yeni istixanaların inşasına başlanılmış, taxılçılığın inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə, dövlət fondundan 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin “MKT” məhdud məsuliyyətli cəmiyyətinə 3813 hektar torpaq sahəsi verilmişdir.

 

Şəhərin dəyişən siması- abadlığın təzahürü

 

2015-ci ilin 6 ayı ərzində və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişərək son dərəcə müasirləşmişdir. Avtomobil yollarının saxlanmasına və cari təmirinə 447,2 min manat vəsait sərf edilmişdir. Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 kilometr məsafədə alt qata asfalt beton qoyulmuşdur. Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 106 - 113-cü kilometrləri arasında cari təmir işləri aparılmış, asfalt-beton örtük qoyulmaq üçün İmişli şəhərinə giriş yolunun 0-7 kilometrlərində yolun əsası tikilmişdir.

Ötən dövr ərzində bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafına yönəldilmiş 23.481.500 manat vəsaitin 86,9 faizi və ya 23.398.800 manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi tamamlanmaq üzrədir.

Yeri gəlmişkən, qeyd edək ki, rayonda bu təbəqədən olan insanlar üçün ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi də nəzərdə tutulmuşdur.

İmişli rayon məhkəməsinin və ərazi kənd təsərrüfatı idarəsinin inzibati binalarının tikintisi başa çatmaqdadır.

 

Elektrik enerjisi, qaz və
içməli su təminatı yaxşılaşdırılır

 

 Bəhrəmtəpə qəsəbəsi, Çahar, Gövhərli kəndlərində smart-kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorların quraşdırılması və kabel xətlərinin çəkilməsi, bundan əlavə İmişli şəhərinin yeni yaşayış massivlərində 38 mənzildə smart-kart tipli sayğacların quraşdırılması və 1200 metr məsafəyə kabel xəttinin çəkilməsi İmişlidə enerji təminatını yaxşılaşdırmaq üçün görülmüş işlərin bir hissəsidir. Qeyd edək ki, hazırda Bəhrəmtəpə qəsəbəsində smart kart tipli sayğacların quraşdırılması başa çatmışdır. Həmçinin rayonun 22 kəndinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün SİP kabel xətlərinin çəkilməsi də nəzərdə tutulmuşdur.

2015-ci ilin birinci yarımilində rayonun qazlaşdırılması davam etdirilmiş, 235 mənzilə təbii qaz xətti çəkilmiş, bununla da 10197 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Şahverdili, Əliqulular, Otuziki kəndləri və Bəhrəmtəpə qəsəbəsinin qazlaşdırılması tamamlanmış, Göbəktala, Qaragüvəndikli, Mürsəlli, Yuxarı Qaralar, Qaralar, Xoşçobanlı, Boşçalılar və Muradxanlı kəndlərinə isə qaz çəkilişi davam etdirilmişdir.

İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndlərinin əhalisinə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8261 ədədi evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilmişdir. Quraşdırılmış su sayğaclarının 7927 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.

 

Təhsil, səhiyyə, mədəniyyət, gənclər
və idman - diqqət də, qayğı da eynidir

 

 Qeyd etmək lazımdır ki, ötən altı ay ərzində İmişli rayonunda təhsilin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Məsələn, 55 yerlik Əliqulular kənd uşaq bağçası-körpələr evinin əsaslı təmirinə başlanılmasını bu istiqamətdə görülmüş tədbirlərə nümunə göstərmək olar. Bundan əlavə, İmişli şəhərində yerləşən 7 saylı orta məktəbin, Yalavac, Məmmədli, Məzrəli kənd tam orta məktəblərinin və Qaradonlu kənd uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir. Yeri gəlmişkən, son illər ərzində, eləcə də bu ilin birinci yarısında İmişli rayonunda təhsilin inkişafına xidmət edən xeyli iş görülmüşdür və bu barədə ayrıca bir yazı hazırlamaq zərurəti meydana çıxdığına görə, müfəssəl məlumatı da ora saxladıq. Dövlət Proqramına uyğun olaraq rayonda imtiyazlı xəstələrin, eləcə də, şəkərli diabet, vərəm və digər xəstələrin dərman preparatları ilə təminatı diqqət mərkəzində saxlanılmışdır. Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən vətəndaşlar üçün mərkəzi xəstəxanada yaradılmış dializ şöbəsi müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. İlin 6 ayında Muradxanlı kənd xəstəxanası əsaslı təmir edilmiş, Göbəktala, Ağaməmmədli və Əlyetməzli kənd tibb məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Qaragüvəndikli kənd tibb məntəqəsinin tikintisi isə davam etdirilir. 2015-ci ilin 6 ayı ərzində rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və təmiri diqqət mərkəzində saxlanılmış, nəticədə ötən müddət ərzində mədəniyyət müəssisələrində 14,4 min manatlıq cari təmir işləri aparılmışdır.

Rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, elələcə də, müxtəlif idman növləri ilə məşğul olması məqsədilə 2015-ci ilin 6 ayında bir sıra mədəni-kütləvi idman tədbirləri həyata keçirilmişdir. Heydər Əliyev adına istirahət parkında inşa edilən Gənclər Mərkəzində stolüstü oyunlar, atıcılıq, elektron kitabxana, internet klublar, 3D zalı və digər xidməti sahələri yeniyetmə və gənclərin istifadəsinə verilmişdir.

İmişlidə görülmüş işlər həqiqətən də çoxdur. Adamı düşündürən qısa vaxtda bu qədər çox işin görülməsi deyil, məhz necə görülməsidir. Mən bu sualın cavabını İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarının təhlili ilə bağlı çıxışındakı bir fikrində tapdım. Bu cavabın bir adı var- İNAM. Bəli, məhz inam. İnam olan yerdə nələr etmək olmaz ki? Lap dağı da dağ üstünə qoymaq olar!

Səməd HÜSEYNOĞLU
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında