Ölkəmizdə ta qədimdən, XX əsrin ilk iki onilliyinə qədər sahibkarlıq ənənələri böyük bir inkişaf yolu keçmişdir. Sahib olduğumuz zəngin təbii sərvətlər həm xarici iş adamlarının diqqətini çəkmiş, həm də yerli sahibkarların bu istiqamətdə fəaliyyəti üçün geniş imkanlar açmışdır. Lakin ötən əsrin əvvəllərində yaranan sovet dövləti imperiyanın əsarətində olan ölkələrdə ictimai, əslində, tam dövlət mülkiyyət formasına əsaslanan planlı təsərrüfat sistemini tətbiq etdi. Beləliklə, Sovet Azərbaycanının iqtisadiyyatı da bu sistemin bir parçası kimi, yüz illərlə yaşı olan sahibkarlıq ənənələrindən 70 il kənarda qaldı.
Ötən əsrin sonlarında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev elə ilk gündən ölkənin ürəkağrıdıcı vəziyyətini görüb demişdi: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”
Artıq iqtisadiyyatı 70 illik ictimai mülkiyyət sisteminin buxovlarından azad edib ənənəvi sahibkarlıq, şəxsi mülkiyyət münasibətlərini bütün ölkə boyu qəti şəkildə bərpa etməyin zamanı çatmışdı. Azərbaycan xalqının xarakterinə və istedadına yaxşı bələd olan ulu öndər bilirdi ki, ölkədə sahibkarlığa geniş imkanlar yaradılarsa, bu zümrənin təmsilçiləri qısa zamanda iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriləcəklər. Ulu öndər böyük uzaqgörənliklə bilirdi ki, iqtisadiyyatı iflic olan Azərbaycanı ayağa qaldırmaq üçün yeganə yol bazar iqtisadiyyatının prinsiplərini tətbiq etməkdir. Ona görə də “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” qəbul olundu. Proqramda qarşıya qoyulan vəzifələr muxtar respublikamızda da sahibkarlıq sinfinin formalaşmasına gətirib çıxardı. Bunun nəticəsi olaraq muxtar respublika sakinlərinin böyük ehtiyac duyduğu bir müəssisə–Kərpic zavodu da işə salındı.
2004-cü ilin payızında həyata vəsiqə alan müəssisə – Gəmiqaya “Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti əlverişli bir yerdə – Naxçıvan-Ordubad magistral yolunun kənarında, Çeşməbasar kəndinin yaxınlığında yerləşir. Bəli, bu gün muxtar respublikanın hər bir sakini bu ünvanın adını həvəslə çəkir. Çünki artıq muxtar respublikanın şəhər və kəndlərində inşa edilən təkcə inzibati binaları deyil, fərdi evləri də burada istehsal olunan kərpiclər bəzəyir. Ona görə də hər kəs razılıqla bu müəssisədən söz açır. Deyirlər ki, bu inşaat materialı müəssisəsi elə bir zamanda fəaliyyətə başladı ki, blokadada olan Naxçıvana kənardan “bir çöp belə gətirmək” mümkün deyildi.
Bu günlərdə həmin müəssisədə olduq. Buranı gəzdikcə düşünürdük: bir vaxtlar kiçik sex kimi fəaliyyətə başlayan zavodun ərazisi artıb, istehsal çoxalıb. Əgər dünən burada 20 sobada kərpic bişirilirdisə, bu gün artıq 40 soba fəaliyyət göstərir. Əgər dünən qış aylarında zavodun fəaliyyəti dayandırılırdısa, bu gün çardaqların altına çiy kərpic ehtiyatı yığılır ki, soyuq aylarda kəsimin fəaliyyətində fasilə yaransa da, kürələr dayanmasın. Burda qəribə, insanı duyğulandıran ab-hava var. Kəsilən, sobalarda bişirilib çıxan kərpiclərin ətri insana xoş ovqat bəxş edir. Bəzən sanki yağışdan sonrakı torpaqdan qalxan gözəl ətri duyursan. Müəssisədəki səmimiyyət, kollektivin işgüzarlığı isə hər kəsin üzündə təbəssümə çevrilib. ...İlk növbədə kəsim sexi ilə tanış oluruq. Bir gündə 25 min ədəd tuğla istehsal olunan sexdə iş traktorlarla başlayır. Bu texnikalar vasitəsilə zavodun yaxınlığında olan xammal kürənib nəmləndirilir və gətirilərək daşıyıcı elavatorun qarşısındakı bunkerə tökülür. Buradan torpaq üyüdülmək üçün ilk dəzgaha ötürülür. Həm də torpağın içərisindəki iri daşlar seçilir. Digər bir dəzgah vasitəsilə daşlar əzilir, üçüncü makinada torpaq qarışdırılır, daha bir makina vasitəsilə torpaq yenidən təmizlənir, sonra ələkdən keçirilir. Bundan sonrakı proses belədir: digər bir avadanlığa ötürülərək burada su ilə qarışdırılır və oradan çıxan qarışıq qəlibə verilir. Hazır kərpiclər transportyorun üzərindən götürülərək qurudulmaq üçün qoşqu traktorları vasitəsilə çardaqların altına daşınır. Onu da qeyd edək ki, itkiyə yol verilmir. Yəni standarta uyğun gəlməyən kərpiclər yenidən qarışdırıcı makinaya qaytarılır.
Yaş kərpiclər bir sutka saxlanılır və havalandırma prosesindən sonra 5-6 saat da əlavə günün altında qurudularaq sobalara daşınır. Bu kərpiclərin hamısı təbii yolla qurudulmur, bir hissəsi də zavodda yaradılan süni qurutma sexinə daşınır.
Yeri gəlmişkən, burada istehsal olunan kərpiclər sərgilərə çıxarılır, keyfiyyəti artırmaq üçün daim əlaqələr genişləndirilir. Xatırladaq ki, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası və onun Naxçıvan bölməsi ilə Norveç höküməti arasında “Təmiz istehsalat və enerji effektliyi” adlı seminar-müşavirə keçirilmişdi. Həmin seminarda müəssisənin səmərələşdirici təkliflər layihəsi yüksək qiymətləndirilmişdi. Layihədə yeni qurutma sahəsinin yaradılması və tullantı kərpiclərin təkrar emalı ideyası irəli sürülmüşdü ki, artıq bunlar müəssisədə həyata keçirilir.
Qurutma sexində kərpiclər cəmi 10 dəqiqəyə qurudulur. Kərpiclərin qurudulması üçün sobalardan çıxan istilik buraya ötürülür, həmçinin iki makina ilə qurutma prosesi aparılır. Sözsüz ki, bu da istehsala artan tələbatla bağlıdır. Qeyd etdiyimiz kimi, artıq zavodda 40 soba işləyir. Sözsüz ki, artan ocaqların sayı muxtar respublikada gedən tikinti-quruculuq işlərinin genişləndirilməsindən, sürətindən, tikilən evlərin artmasından xəbər verir. Türkiyədən alınıb gətirilmiş proqramlaşdırılmış cihazlar sobalarda bişirmə prosesini daha da asanlaşdırıb və eləcə də kərpiclərin keyfiyyətini yüksəldib. Bir gündə 3 min ədəd kərpicbişirmə gücünə malik olan ocaqlarda istilik 950-1000 dərəcə olur. ...Ocaqların qarşısında dayanmışıq. Bişirilən kərpiclər elevatorlar vasitəsilə avtomaşınlara yüklənirdi. Əlləri az qala kərpiclərin istisindən pörşələnən gənclərin həvəslə işləmələri zəhmətə doğmalıqdan qaynaqlanır. Xəyallar bizi uzaq keçmişə aparır. Dahi Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” yada düşür. Adama elə gəlir ki, nurani çağında belə zəhmətə qatlaşaraq halal çörək qazanan kərpickəsən kişinin yolu bu ocaqda davam etdirilir. Və fərəh duyuruq ki, hansı dövrdən bu günə gəlib çıxmışıq. Əldə etdiyimiz müstəqillik, qazandığımız uğurlar dünən babalarımızın qəlbində yaşayan bir arzuydu, artıq bu gün gerçəkləşib. Elə müasir formada kəsilən kərpiclər də məhz müstəqilliyimizin, inkişafımızın bəhrəsıdır. İnanıram bu mənzərəni seyr edən hər kəs qəlbən qürür duyar ki, dünənə qədər təpələrin sinəsində, yol kənarında mürgü vuran torpaqdan indi nələr yaradılır, kərpiclərə dönüb divarlarımızda naxışlanır.
...Kəsim sexində sürətlə kərpicləri elavatorun üstündən götürən Cəfər kişi dedi ki, səkkiz ildir burada çalışır: “...Sevə-sevə işləyirəm, ona görə ki, artıq muxtar respublikamızda kifayət qədər iş yeri açılıb və ailəmizi dolandırmaq imkanı yaradılıb.”
Elə sonrakı həmsöhbətlərimiz, müxtəlif kəndlərdən rahatca avtobuslarla gediş-gəlişləri təmin edilən bənənyarlı Elvin Nuriyev, Didivar kəndindən Əli Mahmudov, cəhrili Sədaqət İsmayılov, nehrəmli Vüsal Cəfərov, çeşməbasarlı Şahin Həsənov da ayrı-ayrılıqda eyni fikri ifadə edirlər: Müəssisədə işçilərə hərtərəfli qayğı var.
Doğrudan da, qayğı olan yerdə zəhmət bəhrə verir. Məhz ona görə çalışırlar ki, bu gün tapşırılan işi doğrultsunlar. Bu, açıq-aşkar hiss olunur.
Bəli, bu gün 150 nəfər çalışır burada. Məhz işçilərə göstərilən qayğı, bunun müqabilində gənclərin zəhməti sayəsində ilin sonuna milyon yarımdan çox çiy kərpic ehtiyatı görülür. Axı, müəssisənin müntəzəm, qış aylarında da işləməsi neçə-neçə ailənin dolanışıq yeridir.
İkinövbəli iş rejimində fəaliyyət göstərən zavodda kollektiv əməyin nəticəsidir ki, 2015-ci ilin 6 ayı ərzində 391 min 631 manatlıqdan cox məhsul satılıb. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm belə olmuşdu: 379 min 168 manat. Bu barədə icraçı direktor Mansur Mahmudov məlumat verdi. M.Mahmudov onu da dedi ki, istehsalın artırılması məqsədilə hər il soyuq qış aylarında kəsim sexində iş dayananda avadanlıqlar təmir olunur, lazım gələrsə yenisi alınır ki, bu da məhsulun keyfiyyətli istehsalına şərait yaradır. Qeyd edək ki, respublikamızda həyata keçirilən sahibkarlıq siyasəti xalqın gün-güzəranının yaxşılaşmasında, ölkənin abadlaşmasıında mühüm rol oynayır. Ölkə başçısı cənab İlham Əliyev respublikamızda bu göstəricilərin əldə olunmasında məhz milli sahibkarlığın böyük rol oynadığını qeyd edərək demişdir: “...İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik”.
Bəli, ümummilli liderimiz Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi, himayə etdiyi və bu gün Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə müdafiə olunan, yardım göstərilən sahibkarlar qısa vaxtda böyük inkişaf yolu keçərək ölkənin iqtisadi tərəqqisinə öz əhəmiyyətli töhfələrini verirlər. Gəmiqaya “Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu yolda inamla irəliləyir. Bu gün muxtar respublikanın hər bir kəndində, şəhərində tikinti-quruculuq işi böyük vüsət alıb. Hər bir obyektdə bu zavodun istehsalı olan yığma, normal və asmolen kərpiclərdən istifadə olunması da bunu təsdiqləyir.
Hafizə ƏLİYEVA,
Babək rayonunda çıxan
“Şərqin səhəri” qəzetinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar jurnalisti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.