Azərbaycanda insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə yekunlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir.
Fərəhli haldır ki, son 12 ildə iqtisadiyyatın inkişafında əldə edilən uğurlar bu məqsədin də reallaşmasına şərait yaratmışdır. Azərbaycanda işsizliklə bağlı məsələlər həll olunur, bu istiqamətdə önəmli addımlar atılır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olmuşdur.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb.
Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”.
Yuxarıda qeyd edilənlərlə bağlı Dövlət Statistika Komitəsinin bəzi göstəricilərinə də diqqət yetirək. 2015-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olmuş, onlardan 875 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 18 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Azərbaycanın mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılması ilə nəticələnmişdir. Şübhəsiz ki, bu da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, yoxsulluğun səviyyəsinin azalmasına öz müsbət təsirini göstərmişdir. Bu fikrin təsdiqi kimi bir neçə statistik göstəriciyə diqqət yetirək. 2015-ci ilin yanvar-iyun aylarında ölkədə 3364 müəssisə yaradılmışdır. Yeni müəssisələrin 51,8 faizi Bakıda, 13,9 faizi Lənkəran, 12,2 faizi Aran, 6,6 faizi Abşeron, 6,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Bundan əlavə, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37468 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Yeni iş yerlərinin yaradılmasında özəl sektor mühüm rol oynayır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Hazırda qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Xatırladaq ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.