Dağlar diyarı Lerik cənublu-şimallı Azərbaycanımızın, demək olar ki, mərkəz hissəsində qərar tutub. Zirvələrin “bərq vuran qaşı” sayılan bu gözəl diyar son illər daha da cazibədar olub. Təbii gözəlliklər insan əllərinin sığalı ilə cilalanıb, həyat tərzi daha da yaxşılaşıb. Təsadüfi deyil ki, Lerikə qonaq gələnlərin sayı ilbəil çoxalır. Çünki buralar başdan-başa cənnət guşəsi, ilham mənbəyidir.
Yerli yazarlar da Lerikdə təbli ömür sürürlər. Ağsaqqal şair Qəhrəman Əliyev yenicə çapdan çıxmış kitabını mənə bağışladı. Az zamanda nə qədər çox və dəyərli rübailər, qəzəllər yazmasına heyrət elədim.
Lerik həm də igidlər yurdudur. Tarixi mənbələrdə pələngi belə öldürən lerikli qadın haqqında məlumatlar var.
...Bakıda tanış olub haqqında teleoçerk hazırladığım Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramov Neft Daşları möcüzəsini yaradanlardan idi. Fəxri ada layiq görüləndə cəmi 25 yaşı olub. Dostları danışırdı ki, qəfil qopan qasırğa estakada quran inşaatçıları sərt sınağa çəkəndə Xanoğlan fəhlələri ölümün pəncəsindən qopara bilsə də, onların traktoru dənizə düşmüşdü. Bundan bir müddət sonra Xanoğlan hansı yollasa həmin traktoru dənizin təkindən çıxara bilmiş və ucqar bir yerdə olan doğma kəndlərinə gətirmişdi. Mən ondan bütün bunlara necə nail olduğunu soruşanda Xanoğlan kişi gülümsəyərək: -Məqsədyönlülük və qətiyyət olsa, bitməz işlər belə baş tutar, -deyə cavab vermişdi. Lerikə bu yayın ən isti günlərindən birində getmişdik. Elə rayonun həyatında da bir qaynarlıq vardı. Fəallar yarımilliyin yekunları üzrə hesabat yığıncağına toplaşmışdı. Görülmüş işlər sərf-nəzər edilir, perspektiv vəzifələr müəyyənləşdirilirdi.
Öyrəndim ki, 2015-ci ilin 6 ayı ərzində sahibkarlıq subyektlərində, digər sahələrdə 355 nəfər rayon sakini işlə təmin edilib.
Kənd təsərrüfatı məhsulları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 10780,1 min, sənaye məhsulları 1,8 faiz artaraq 390,9 min, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 6,5 faiz artaraq 39437,2 min manata çatıb. Orta aylıq əməkhaqqı 293,3 manatdır.
Rayonda mindən yuxarı təsərrüfatda ekoloji cəhətdən təmiz tonlarla bal istehsal olunur. Lakin məhsulun sənaye üsulu ilə qablaşdırılması və satışı təşkil edilsə, yaxşı olar.
Keçən illər ərzində Lerikin yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı bir sıra müsbət işlər həyata keçirilib. 162 yaşayış məntəqəsində 14122 ailənin, 38 yaşayış məntəqəsi üzrə 3669 ailənin evi qazlaşdırılıb. Livədirqə, Anburdərə və Zəriküməco kəndlərinin qazlaşdırılmasında işlər davam etdirilir.
Xatırladaq ki, bu gün istənilən lerikli rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışır. Onlardan biri də rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevdir. Cəlil müəllim bu yaxınlarda dövlət başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ancaq o, bizimlə söhbətində rayonun inkişafından söz açdı: Son illər rayonda məktəb tikintisi geniş vüsət alıb. Əvvəlki illərdə qəza vəziyyətində olan, uyğunlaşdırılmış binalarda yerləşən məktəblər təhsil ocaqlarının 90 faizini təşkil edirdisə, artıq bu rəqəm 20-25 faizə enib. Tikintiləri sürətlə davam etdirilən 180 şagird yerlik Boykəndil, Əvilə, Anbu, Pirasora kənd məktəbləri yeni dərs ilində istifadəyə veriləcək. Çoxdan qəzalı vəziyyətə düşmüş Sorsçay kənd məktəb binası rayon təhsil şöbəsi tərəfindən əsaslı təmir olunub, zəruri avadanlıqla təmin edilib.
Lerikdə inşa edilən onlarla inzibati idarə binası, sahibkarlıq subyektləri şəhəri daha da gözəlləşdirir. Yaxın günlərdə açılışı nəzərdə tutulan 3 mərtəbəli “AccessBANK”-ın rayon filialı şəhərin memarlığında bir yenilikdir. İlin axırınadək Lerikdə daha iki bina - Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 100 yerlik uşaq bağçası və KTN tərəfindən tikilən kənd təsərrüfatı idarəsi üçün inzibati bina açılacaq.
Peştətük kəndində 50 nəfərdən yuxarı rayon sakinini daimi işlə təmin edəcək şirə sexinin, Lerik şəhərində mebel sexinin, çörək zavodunun tikintisində işlər sürətlə aparılır.
Şəhərin Arzuman Əsədullayev, Şıxəli Qurbanov küçələrində yollar genişləndirilir, istinad divarları, yeni səkilər inşa edilir, işıqlandırma sistemi qurulur, yöndəmsiz işıq dirəkləri, aşağı təzyiqli qaz xətləri yolun kənarına çəkilir və ya xətlər yerin altında basdırılır. İsmayıl Yaqubov küçəsində yeni səkilər salınır. Şəhərin girəcəyində əhalinin istirahəti üçün yeni parkın tikintisində işlər sürətlə aparılır.
Yeni fəaliyyətə başlayan “Azərişiq” ASC tərəfindən Lerik şəhərində, Cəngəmiran, Şingədulan, Mistan, Lüləkəran və Blaband kəndlərində yeni transformatorların quraşdırılması üçün işlər aparılır. Lənkəran-Hamarat-Lerik elektrik hava xəttinin əsaslı təmir işlərinə başlanıb. Yeni təsis edilən Lerik rayon işıqlandırma idarəsi illər boyu yaranmış problemləri aradan qaldırmağa başlayıb.
Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tikinti işləri hələ də başa çatmayıb. Türkiyə firması bu sahədə lənglik göstərir. Bununla bərabər, daxili imkanlar və əhalinin maddi köməyi hesabına keçən illər ərzində yaşayış məntəqələrində 20-dən çox artezian quyusu qazılıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqəti nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilib, Noda-Şingədulan-Xanagah avtomobil yolunun 18 kilometri asfaltlaşdırılıb.
Rayon icra hakimiyyətinin daxili imkanları və ayrı-ayrı iş adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndarası yollarda təmir-bərpa işləri aparılır. Kəndlərə gedən yollar üzərində salınmış yeni körpülərin tikintisinə 400 min manatdan yuxarı vəsait xərclənib.
Rayon üzrə bütün ATS-lər elektronlaşdırılıb. Almu və Mistan kəndlərinin hər birində 64 nömrəlik yeni elektron ATS quraşdırılıb.
Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illər ərzində rayonun 150 sahibkarına 14,5 milyon, o cümlədən 2015-ci ilin altı ayı ərzində 32 sahibkara 191 min manatlıq güzəştli kredit verilib. Bu kreditlər hesabına 1417, o cümlədən 2015-ci ildə 28 yeni iş yerinin açılması mümkün olub. Son illərdə güzəştli kreditlər hesabına Lerikdə müasir texnologiyalardan istifadə edilməklə 2 quşçuluq təsərrüfatı, quş yemi istehsal edən zavod, çörək zavodu inşa edilib, süfrə suları istehsal edən şirə sexi və yeni çörək zavodunun tikintisində işlər davam etdirilir.
Son illərdə dolanacağı daha da yaxşılaşan Lerik camaatı doğma yurdu ilə ürəkdən fəxr edir. İndi rayon rəhbərliyi də, adi vətəndaşlar da uğurları daha da artırmağa, sürətli tərəqqi naminə əllərindən gələni etməyə çalışırlar.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.