Sirli diyara səyahət...

Basklar Ölkəsi, yaxud da Euskadi...Füsunkar diyarın sirli adı. Onu rəsmi xəritələrdə tapmaq mümkün deyil, amma fantastik Günəş batmalarının, “uçan bərə”nin və futuristik memarlıq abidələrinin vətənidir. Baskların da ən çox sevdikləri Bilbaonun Avropa şəhərlərindən fərqləndiyini anlamaq üçün böyük mübarizələrin aparıldığı bu məmləkətdə bir-iki gün yaşamaq kifayət edir. Amma insanı təkcə şəhərin gözəl mənzərələri və ya abidələri məftun etmir, qısa müddətdə, daha dəqiq desək, cəmi 10 il ərzində Bilbaonun fantastik  dərəcədə dəyişməsi də hər bir qonağı mat qoyur.

 

Bilbao -Gözəl çay keçidi

 

Bilbao şəhərinin meri Xuan Mari Aburtodur. Karyerası barədə ətraflı məlumatım yoxdur, amma şəhər sakinlərinin onunla fəxr etdiklərini öyrəndim. Əslində, cənab Aburtonun 2012-ci ildə Britaniya Şəhər Merləri Fondunun “dünyanın ən yaxşı meri” adına layiq görülməsi Bilbao sakinlərinin yanılmadıqlarını təsdiqləyir. Bundan əlavə, Bilbao şəhərinin 2010-cu ildə Li Kuan Yu (Sinqapur şəhər-dövlətinin ilk Baş naziri) mükafatını alması və “dünyanın ən yaxşı şəhəri” adına layiq görülməsi baskların Xuan Mari Aburtoya olan hörmətinin əbəs yerə olmadığını göstərir. Qeyd etmək yerinə düşər ki, Sinqapur hökuməti tərəfindən təsis edilən bu mükafat iki ildən bir təqdim edilir və sosial, iqtisadi və ekoloji inkişafa gətirib çıxaran idarəçilik və innovasiyalar sahəsində əldə olunmuş nailiyyətlərə görə təqdim olunur. Bilbao küçələrini dolaşarkən 300 min dollarlıq mükafatın şəhərə əbəs yerə verilmədiyinin şahidi olmaq mümkündür.

Mənası “gözəl çay keçidi” olan Bilbaoda hazırda 400 min nəfər yaşayır. Şəhər ətrafında yaşayan baskların sayı təqribən 1 milyondur. 1300-cü ildə kənd kimi salınan Bilbao bir qədər sonra orta əsrlərin böyük şəhərinə çevrilmişdi.

Füsunkar təpələr arasında sıxılıb qalmış şəhər Nervon çayına qədər uzanır. Şəhərə nəzər yetirərkən inanmaq olmur ki, ötən əsrin 80-ci illərində Bilbao çirkli və qarışıq olduğuna görə turistlər tərəfindən sevilmirdi. Həmin illərdə hazırda şəhərə ayrı gözəllik verən Nervon çayının ətrafındakı sənaye müəssisələrindən axan çirkli sular Bilbaonu sevməyə mane olmuşdu. O zaman güclü iqtisadi böhran da şəhəri fəlakət həddinə yaxınlaşdırmış, əsas gəlir mənbələri sayılan limanın və zavodların bağlanması isə şəhərdə işsizliyin səviyyəsini dözülməz həddə çatdırmşdı. 1983-cü ildə dəhşətli daşqının baş verməsi də Bilbaonu Qərbi Avropanın ən görkəmsiz şəhərinə çevirmişdi – körpülər və evlər dağılmış və sənaye müəssisələrinə ciddi ziyan dəymişdi. 49 nəfər isə həlak olmuşdu.

Şəhərin acınacaqlı vəziyyətə düşməsi Bilbaonun gələcəyi barədə nikbin danışmağa imkan vermirdi. Lakin həmin illərdə şəhər rəhbərliyi Bilbaonu “ölüm ayağından” xilas etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Ağır iqtisadi şəraitdə şəhərə yeni nəfəs vermək üçün pul tələb olunurdu. Amma öncə şəhərin sonrakı inkişafına təkan verəcək ideyanı tapmaq və onu həyata keçirmək lazım idi. O illərdə komissiya plan hazırlamış və 1992-ci ildə təsdiqlənmişdi. Növbəti 10 il ərzində həyata keçirilən işlər plana görə yerinə yetirilmiş və Bilbao ikinci həyatına qovuşmuşdu. Şəhərin nəqliyyat infrastrukturu tam yenidən qurulmuş, çay və onun sahilləri çirkabdan təmizlənmiş, köhnə limanın qalıqları və səmərəsiz sənaye müəssisələri məhv edilmiş, şəhər əhalisinin təhsil və mədəni səviyyəsinin artırılması istiqamətində böyük addımlar atılmışdı. Liman şəhərdən 10 kilometrlik uzaqlıqda yenidən tikilmiş, çirkli sulardan təmizlənmiş çay sahilində 3 kilometrlik piyada zolağı salınmışdı. Bundan başqa, şəhərin nəqliyyat sahəsinə rahatlıq gətirmiş metro stansiyaları tikilmiş və metro xəttinin bir qolu Atlantik okeanı sahilindəki çimərliyədək uzadılmışdı. Qeyd etmək yerinə düşər ki, basklar Bilbaonun yeni sima alması üçün məşhur memarlara pul xərcləməkdə xəsislik etməmişdilər. Məsələn, Bilbao metrosunun layihəsini hazırlamaq üçün memarlığın korifeylərindən biri sayılan Norman Fosterə dəvət göndərmişdilər. Buna görə də, Bilbao metrosunun memarlıq dərsliyində özünə yer tapması təəccüblə qarşılanmır. Biskaysk körpüsünün – “uçan bərə”nin isə texnika tarixinin abidəsi kimi UNESCO-nun Bəşəriyyətin Maddi-Mədəni İrsinin Qorunması Siyahısına daxil edilməsi Bilbaonun qeyri-adi memarlıq mərkəzi kimi statusunu daha da gücləndirmişdi.

Şəhərdə aparılan bütün yenidənqurma işlərini sadalamaq çətindir. Əsas odur ki, həyata keçirilən plan Bilbaonu gözəlləşdirmiş və şəhər sakinlərinin həyatını inanılmaz dərəcədə yüngülləşdirmişdi. Böyük tutumlu sərnişin avtobuslarının ensiz küçələrdə siqnalsız və sürətli hərəkəti belə, əhalinin rahatlığını pozmur, əksinə, şəhər dinamikasına öz ritmini əlavə edir. Əbəs yerə deyil ki, ictimai nəqliyyat infrastrukturunun idarəçiliyinə görə Bilbao 2000-ci ildə Avropa Birliyi tərəfindən “ən yaxşı” qiymətə layiq görülmüşdü. Bir-birindən gözəl binaların verdiyi möhtəşəm auranı isə ancaq Bilbaoya baş çəkməklə hiss etmək olar.

 

Solomon Quqqenhaym muzeyi

 

Bakının simvolu Qız qalası abidəsidirsə, Bilbaonun simvolu Solomon Quqqenhaym müasir sənət muzeyidir. Bu muzeyin şəhər üçün əhəmiyyəti həddən artıq böyükdür. Basklar deyirlər ki, Bilbaonun ikinci həyat almasında Quqqenhaym muzeyinin rolu əvəzsizdir. 1991-ci ildə Nervon çayının sahilində tikilmiş muzey hazırda Bilbaonun vizit kartı sayılır və dünyanın hər yerindən minlərlə turistin şəhərə axışmasına səbəb olur. Amerikalı memar Frenk Qerinin hazırladığı layihə üzrə inşa edilən muzey 1997-ci ildə fəaliyyətə başlamışdı. Bilbaonun populyarlaşdırılmasına xidmət edən bu muzeyin forması dekonstruktivizm üslubundadır. Muzey binası futuristik gəminin mücərrəd ideyasını özündə ehtiva edir, hətta onu planetlərarası səyahət gəmisinə, quşa, təyyarəyə və qızılgülün qönçəsinə bənzədənlər də var. Binanın ümumi sahəsi 24 min kvadratmetrdir. Fasadın titan təbəqəsilə üzlənməsini isə möhtəşəm memarlıq məharətinin göstəricisi kimi qeyd etmək olar. Muzey qarşısında heykəltəraş Luiza Burjua tərəfindən hazırlanmış nəhəng metal hörümçək abidəsinin qoyulması da ümumi fona möhtəşəm təsirini göstərir. Binanın terrasında 13 metr hündürlüyündə güllərlə bəzədilmiş köpək balasının abidəsi ətrafında da turistlərə rast gəlməmək mümkün deyil.

Bu gün Solomon Quqqenhaym müasir sənət muzeyi dünyanın ən baxımlı və qeyri-adi tikililərindən biri hesab olunur. Təsadüfi deyil ki, Amerika memarlığında “beynəlmiləl üslub”un yaradıcısı hesab edilən Filip Conson bu muzeyi “zəmanəmizin ən böyük binası” adlandırır. Cənab Consonun bu sözlərilə razılaşmamaq da olar, amma bu bir faktdır ki, turistlər üçün bir növ maqnit rolunu oynayan Quqqenhaym muzeyi Bilbaonun həyatında böyük rol oynayır və onu şəhərin qızılgül qönçəsi adlandıranlar yanılmırlar.

 

Basklar Ölkəsi-naməlum dil məskəni

 

Bilbao hava limanında giriş qapılarının üzərində elanın üc dildə-bask, ispan və ingilis dillərində yazılması diqqətimi çəkdi. Şəhərdə olduğumuz üç gün ərzində elan və adların üç dildə verildiyini müşahidə etdik. Məsələ ondadır ki, üç vilayəti özündə birləşdirən Basklar Ölkəsi İspaniyanın tərkibində Muxtar Cəmiyyət statusunu daşıyır. Mərkəzi şəhəri Vitoriya -Qasteys olan Basklar Ölkəsinin ərazisi həmçinin Navarra Cəmiyyətinə və Fransanın cənubundakı Şimali Basklar Ölkəsinə qədər genişlənən eyniadlı tarixi regionun bir hissəsidir. 2 milyondan artıq əhalisi olan regionda ispan və bask dili rəsmi status daşıyır. Məhz sonuncu dil artıq iki əsrdir araşdırmaçılara rahatlıq vermir. Çünki baskların xalq kimi mənşəyi hələ də sirr olaraq qalır. Çoxsaylı ehtimalların olmasına baxmayaraq, heç kim bu nadir etnosun haradan gəldiyini və necə yarandığını dəqiq bilmir. Bəzi tədqiqatçılar düşünürlər ki, baskların əcdadları 10 min il öncə Avropa ərazisində yaşamış kromanonslardır. Digərləri də ehtimal edirlər ki, basklar Atlanta fəlakətindən sağ qalmış toplumdur. Maraqlıdır ki, Bilbao şəhərində olarkən söhbət etdiyimiz bəzi basklar əcdadlarının Gürcüstandan gəldiklərinə inanırlar. Qonşu gürcülərin də basklara maraqları böyükdür. Tbilisi şəhərində baskşünaslıq məktəbinin fəaliyyət göstərməsi dediyimizi təsdiqləyir. Təəccüblü deyil ki, qədimilik xəstəliyinə tutulmuş ermənilər də basklara, necə deyərlər, sahib çıxmağa cəhd göstərmişdilər. Amma ermənilərin hind-avropa dil ailəsinə daxil olmayan baskların ulu əcdadları roluna girişmək cəhdləri fiaskoya uğramışdı.

Bəs bask dili, yaxud euskara özü-özlüyündə nə ifadə edir? Maraqlıdır ki, euskara dilində “bask” sözü yoxdur, yalnız “euskaldunak”, yəni “baskca danışan insanlar” ifadəsi var. Hələ XVI əsrdə belə bir fikir irəli sürülmüşdü ki, bask dili Priney yarımadasındakı çox qədim dillərin “ulu babasıdır”. Yəni bask dili Avropanın cənubunda ilk ünsiyyət vasitəsi olmuşdu. Bu nadir dilin daha ətraflı öyrənilməsinə XIX əsrdə başlanılmış və dilin standartlaşdırılması prosesinə 1920-ci ildə Bask Dili Akademiyasının təsis edilməsindən sonra start verilmişdi. Akademiya üzvlərinin qarşısında çətin tapşırıq qoyulmuşdu. Onlar bir neçə dialekti araşdırıb vahid formaya salmalı və hazırlanmış dil standartını savadsız əhali arasında yaymağa çalışmalı idilər. Çox çətin olsa da, proses yavaş-yavaş getmişdi. Lakin İspaniyada başlanmış vətəndaş müharibəsi baskların dil ilə bağlı arzularını müəyyən müddətə təxirə salmalarına vadar etmişdi. İfrat milliyətçi siyasət yürüdən general Franko İspaniyada ispan dilindən başqa bütün dilləri yasaqlamış və basklar güclü təzyiq altında yaşamağa məcbur olmuşdular. Yalnız 1973-cü ildə baskların ümumi dil standartı- “euskara batua” tətbiq olunmağa başlanmışdı. General Frankonun ölümündən və Basklar Ölkəsinin muxtariyyat statusu almasından sonra basklar tam miqyasda ana dilindən çəkinmədən istifadə etmişdilər. Bu gün bask dilinin aparıcı variantı kimi “euskara batua” ispan dili ilə yanaşı, rəsmi dövlət dili hesab olunur və bu dildə qəzet və jurnallar dərc olunur, TV proqramlar efirə verilir.

Avropanın ən qədim dillərindən birinin tarixi belədir- ağrılı, faciəvi. Doğrudur, basklar mərkəzi hökumətə qarşı terror aksiyalarına da əl atmışdılar. ETA kimi terror təşkilatının əməlləri  hələ də unudulmur. Amma İspaniyanın dinamik inkişaf edən regionlarından birinə çevrilməsi Basklar Ölkəsində ETA kimi təşkilatlara ehtiyac duyulmadığına olan inamı gücləndirdi və terror təşkilatı 2010-cu ildə silahlı mübarizədən imtina etdiyini açıqladı. Bu gün basklar tarixin onlara verdiyi unikal şansdan maksimum istifadə etməyə can atırlar. Separatçılığın gələcəyinin olmadığını anlayan basklar 20 min kvadratkilometr ərazidə yerləşən Basklar Ölkəsinin uzun illər diqqət mərkəzində qalmasına çalışırlar. Belə görünür ki, bu, onlara müyəssər olur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Bakı-Bilbao-Bakı
(Fotolar müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında