Üzü dağlara doğru gedirdik. Gözüm ətrafdakı yaşıllıqda, ağacların arasıyla qıvrıla-qıvrıla gedən çayın körpə uşaq kimi “yazdığı” anlaşılmaz “hərflərdə” və bir də buludlarda olsa da, fikrim bilmirəm haralarda idi. Birdən mənə elə gəldi ki, biz dağlara doğru getmirik, dağlar bizə doğru gəlir. Çox maraqlı məqam idi. Maşın bizi minlərlə qos-qoca ağacı çiyninə götürüb sakitcə dayanmış dağlara doğru aparır, xəyal isə çaşdırırdı. Külək buludları elə sürətlə aparırdı ki, adam həqiqətən elə bilirdi ki, gedən dağlardır. Deyəsən yağış yağacaqdı.
Yadıma salmaq istəyirdim ki, bu ilin əvvəlindən bəri Oğuz haqqında nə yazmışam, nədən bəhs etmişəm. Martın 5-də Tale Babayev adına Yaqublu kənd orta məktəbinin yeni tədris binasının açılış mərasimi haqqında yazdığımı xatırladım, ilaxır çərşənbə günü təşkil olunan Novruz şənliyinin informasiyası yadıma düşdü, aprelin 24-də rayon təhsil şöbəsinin akt zalında keçirilmiş “Zərərli vərdişlərə yox deyək” adlı elmi-praktik konfransda eşitdiyim çıxışlardakı narahatlıq və mayın 25-də birinci Avropa Oyunlarının məşəlinin Oğuza gətirildiyi günün sevincləri yenidən gözüm qarşısında canlandı. Az qala yaddaşımdan pozulmaq dərəcəsində olan həmin xəbərlərdən fərqli olaraq rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun aprelin 8-də Qarabulaq kəndinə getməsi və orada nəinki bütün oğuzluların, hətta, bütün azərbaycanlıların ən hörmətli insanlarından biri olan ağbirçək soydaşımızla görüşdüyü barədə xəbər heç zaman yadımdan çıxmayacaq. Nə zamansa məndən 2015-ci ildə Oğuzda şahidi olduğum ən əlamətdar hadisə barədə soruşan olsa, məhz həmin hadisəni yada salacağam.
Eyvaz müəllim həmin gün Qarabulaq kənd sakini — 1900-cü ildə anadan olmuş 115 yaşlı Kərimova Zeynəb Əhməd qızını ziyarət etmişdi. Zeynəb nənənin 115 yaşının tamam olması münasibəti ilə birlikdə tort kəsmişdilər. Onun uzunömürlüyünün sirlərini öyrənməyə çalışmışdılar. O da bu barədə sualı cavablandırmaq əvəzinə demişdi ki, bizim gücümüz bu dağlardadır. Yaxşı cavab idi. Xatırladım ki, Zeynəb nənə 115 yaşı olmasına baxmayaraq, bu günə kimi səhhətindən heç bir şikayəti olmadığını bildirmişdi. O, ev işlərini özü sərbəst görür, hətta tikiş tikmək üçün iynəsini özü saplaya bilirdi. Həmin gün bütün rayon üzrə əhalinin dispanserizasiyası ilə əlaqədar Zeynəb nənə də bir daha həkim müayinəsindən keçirilmişdi və heç bir çatışmazlıq qeydə alınmamışdı. Mən isə zarafat eləmişdim ki, nənə bir az da tələskən olsaydı, yəni bircə il də tez doğulsaydı, indi rahatca yazardıq ki, Zeynəb nənə üç əsrin şahididir. İndi isə 115 yox, 125 olsa da, cəmi iki əsrin havasını udub, çörəyini yeyib.
Qərəz, dağlara da yaxınlaşdıq, Oğuz haqqında əvvəllər yazdığımız materialların bəzilərinə də, Zeynəb nənənin şahidlik etdiyi əsrlərin kəsirli qalmasına da. Bax, beləcə rayon icra hakimiyyətinin binasına çatdıq. Ötən yarım ildə Oğuzda şahidi olduğum faktlar barədə fikrimdə xəyali məcmuə yaratdığımı Eyvaz müəllimə də danışdım. Elə rayon rəhbəri də qısa söhbətimizdə Yaqublu kənd məktəbinin yeni binasının adını çəkdi: “Rayonda mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hələ ilin əvvəlində hazırlanmışdı. Sizin də xatırlatdığınız kimi, Yaqublu kəndində 220 yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb və istifadəyə verilib.
Padar kənd körpələr evi-uşaq bağçasının təmiri üçün sənədləşmə işləri aparılır. Rayonda açılmış 313 yeni iş yerindən 204-ü daimi olub, onlardan yeni yaradılmış müəssisə və təşkilatlarda olanları da var, 203-ü fiziki şəxslərin fəaliyyəti nəticəsində, 109-u digər tədbirlər üzrə yaradılıb. Ailə kəndli və ev təsərrüfatlarında 25 yaşayış evi tikilib istifadəyə verilib. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 2416 kvadratmetr, yaşayış sahəsi 1626 kvadratmetr olub. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 747 min manatdır”.
Görülmüş bütün işlərin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində reallaşdırıldığını söyləyən rayon rəhbəri qeyd etdi ki, Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, hələ ilin əvvəlində rayonda elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Oğuz şəhərində 2 ədəd 250, Kərimli kəndində 1 ədəd 250 kilovatt gücündə transformator quraşdırılaraq şəbəkəyə qoşulub. Kərimli kəndində həmin transformator ətrafında kabelləşmə işləri aparılır. İyun ayında Oğuz şəhərində 4 yeni transformator yeri hazırlanıb, 2 transformator quraşdırılıb. Bayan, Calut, Yemişənli və Xaçmaz kəndlərində qaz çəkilişi işləri aparılır. Rayonun əkin torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Calut, Ərmənət, Xalxalqışlaq, Yaqublu və Tərkeş kəndlərində subartezian quyuları qazılıb və nasoslar qoyulub, transformatorlar quraşdırılıb. Qumlaq, Padar, Qarabaldır, Sincan və Top kəndlərində subartezian quyularının qazılmasına başlanılıb.
Son illər dünyanın hər yerində müşahidə edilən sel və daşqınlara qarşı mübarizə aparmaq vəzifəsi, demək olar ki, bütün ölkələr və bölgələr üçün aktualdır. Xüsusən, bu il kimi quraq keçən yaydan sonra sel təhlükəsi daha çox olur. Oğuzda da bu məsələ daim diqqət mərkəzindədir. Öyrəndik ki, rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər davam etdirilir. Həmin təhlükələrdən mühafizə ediləcək yerlər dəqiqləşdirilib. Kanallar lildən təmizlənir. Qalaçay sistemində buldozer və ekskavatorlar vasitəsi ilə çay məcralarının təmizlənməsi və Xaçmaz kəndini mühafizə edən daş-beton bəndlərində təmir işləri aparılıb. Türyançay sistemində Mollalı kəndini və əkin sahələrini mühafizə məqsədilə 1200 kubmetr şax-daş bəndi və qabion bəndi quraşdırılıb. Qumlaq, Tayıflı, Sincan, Bayan, Xaçmaz, Mollalı, Kərimli kəndlərindəki suvarma arxları lildən təmizlənib. Oğuz şəhərinin qərb hissəsindən keçən Oğuz kənd arxının yuxarı hissəsində 65 metr mühafizə divarı tikilib, arxa beton üzlük çəkilib.
Adıçəkilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində kifayət qədər işlər görülüb. Özəl sektorun inkişafına, bu sahəyə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Rayonda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində əldə olunan nəticələr sevindiricidir. Mal-qara və quşların sayı artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni inkubasiya sexi quraşdırılıb. Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər bu il də ciddi şəkildə davam etdirilib. Məlum olduğu kimi Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da ildən-ilə artırılır.
Əsas diqqət mərkəzində saxlanılan sahələrdən biri də təhsil sektorudur. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün lazım olan bütün addımlar atılır. Təhsil müəssisələrinin informasiya kommunikasiya texnologiyası vasitələri ilə təchizatı respublika üzrə orta səviyyədən yüksəkdir. İlin əvvəlində təhsil müəssisələrinin inventar və avadanlıqlara olan tələbatı müəyyənləşdirilib və həmin tələbatın 70 faizi təmin edilib. İki Dövlət Proqramının icrası nəticəsində 2014-cü ildə respublika üzrə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda Oğuz rayonunda hər 14 şagirdə bir kompüter nisbəti təmin olunub, 28 məktəb internet şəbəkəsinə qoşulub.
Oğuz bu gün həm də ölkənin əsas turizm bölgələrindən biridir. Turizmin inkişafı sahəsində rayonda mühüm işlər görülür. Bu sahədə sürətli inkişaf gedir və Oğuz şəhərində aparılan geniş quruculuq, abadlıq, yaşıllaşma işləri və perspektiv planda nəzərdə tutulan tədbirlərin reallaşması rayona gələn turistlərin sayının artmasına çox böyük təsir göstərir. 2015-ci ilin birinci yarısında rayona dünyanın müxtəlif ölkələrindən və respublikamızdan 3 min 280 turist gəlib. Cari ildə yeni turizm istirahət obyektləri açılıb, gələn turistlərin istirahət və əyləncəsi üçün yeni parklar salınıb. Yaxşı haldır ki, il ərzində rayonun turizm potensialı, tarix və mədəniyyət abidələri, Oğuz qalaları, milli adət-ənənələrimiz və mətbəximiz haqqında müxtəlif verilişlər hazırlanaraq televiziya kanallarında nümayiş etdirilib. Rayon mədəniyyət və turizm şöbəsinin şəbəkəsində 4 mədəniyyət evi, 23 klub, mərkəzi kitabxana sistemi və onun 27 filialı, tarix diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Tarix-diyarşünaslıq muzeyi rayonun tarixinin öyrənilməsi və tanıdılmasında mühüm rol oynayır. Gənc nəslə tarix və mədəniyyət abidələrinin tanıdılması üçün vaxtaşırı ekskursiyalar təşkil olunur. “Oğuz əcdadlarımızın nəsillərə əmanəti – Oğuz abidələri” adlı buklet hazırlanaraq rayona gələn turistlərə paylanılır.
Aqillər deyiblər ki, yaşayış məskənləri ətrafında yaşıllıq nə qədər çox olsa da, yenə də azdır. Yəni babalar təkcə mövcud olan yaşıllıqların qorunmasını deyil, eləcə də yeni yaşıllıqlar salınmasına xüsusi əhəmiyyət veriblər. Bu məsələ Oğuzda da daim diqqət mərkəzindədir. “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində reallaşdırılan ağacəkmə aksiyası Oğuz rayonunda da mütəşəkkil keçib. Rayonda fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, idarə və müəssisələrin kollektivləri aksiyaya həvəslə qoşularaq bu xeyirxah işə öz töhfələrini veriblər. Oğuz-Bayan, Oğuz-Şəki, Calut yolunun kənarlarında, Oğuz şəhərinin cənubunda, kəndlərdə aksiya çərçivəsində çoxlu sayda ağac və gül kolları əkilib.
Yol kənarında əkilən ağaclardan söz düşmüşkən, xüsusilə vurğulanmalı olan bir məqamı da yada salmaq istəyirəm. Eyvaz müəllimlə onun doğulub böyüdüyü Bucaq kəndinə gedirdik. Həmsöhbətimin yol kənarındakı ağaclara belə diqqətlə baxması nəzərimdən yayınmadı. Əslində belə məqamda gərək heç nə soruşmayasan, kimisə fikrindən ayırmayasan . Deyəsən, Eyvaz müəllim ona baxdığımı hiss etdi. “Bu gördüyünüz ağacları orta məktəbdə oxuduğumuz illərdə keçirilən iməciliklərdə biz əkmişik, – dedi. İllər keçib, hər dəfə burdan keçəndə istər-istəməz o illəri xatırlayır, əkdiyim o ağacı axtarıram. Amma tapa bilmirəm ki, bilmirəm” Eyvaz Qurbanov bu sözləri dedi və gözlərini yenə bir nöqtəyə zillədi.
Yəqin siz də təsdiq edərsiniz. Eşitdiyim bu söhbət qəzet məqaləsindən daha çox, əsl şeir mövzusudur. Qəzetlə bağlı isə başqa bir məqam yadıma düşdü. Açığı bu yazını qələmə alanda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısının materiallarından istifadə etmək fikrim olsa da, bundan daşındım. Çünki orada daha çox tənqidi fikirlər səsləndirilmişdi. Bu da səbəbsiz deyil. Çünki Eyvaz müəllim əldə edilmiş nailiyyətlərlə qətiyyən razılaşmır. Yeni uğurlara imza atmaq üçün hamıdan, bütün qurumlardan daha çox, daha səmərəli işləməyi tələb edir. Elə, yeri gəlmişkən, deyib əlavə etmək istədiyim məqam da həmin tənqid və özünütənqidlə bağlıdır. Eyvaz Qurbanov toplantılardan birində “Oğuz yurdu” qəzetinin rəhbərini ayağa qaldıraraq soruşdu ki, bu boyda rayonda tənqid olunmalı bir sahə yoxdurmu ki, qəzeti başdan-başa təriflərlə doldurursunuz? Gəzin, baxın, nöqsanları görün, tapın və işıqlandırın. Biz də bunu müzakirə edək, həmin nöqsanların necə aradan qaldırılmasını müəyyənləşdirək. Ola bilməz ki, bu qədər iş görülsün və səhvə yol verilməsin. Həmin səhvlərin, nöqsanların və çatışmazlıqların tapılması, ortaya çıxarılması bütün ictimaiyyətin, birinci növbədə isə, mətbuatın vəzifəsidir.
Nə gizlədim. Bölgələrdə çalışan həmkarlarıma belə tapşırıqların verildiyini ilk dəfə görürdüm, – desəm, inanın. Oğuz haqqında olan söhbətimizə elə bu fikirlərlə də nöqtə qoyuram...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.