Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində
1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan
1 milyonu daimi iş yeridir. Bunun hesabına
Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə
5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər
beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə,
yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir.
Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük.
Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır,
çünki əhali artır və potensial kifayət qədər böyükdür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, xüsusən, maliyyə böhranı və iqtisadi tənəzzül dünyanın əksər ölkələrində sosialyönümlü tədbirlərin təxirə salınmasını gündəliyə gətirir. Hətta vaxtilə ən güclü iqtisadiyyata malik olmuş dövlətlər belə sosial layihələri ikinci və üçüncü dərəcəli məsələ kimi qəbul etmək məcburiyyətində qalırlar. Azərbaycanda isə sosial sahədəki bütün proqramlar əvvəlki qaydasında icra edilir. Doğrudur, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bizim gəlirlərimiz azalıb. Ancaq ölkəmizdə dövlətin reallaşdırdığı bütün sosial proqramlar vaxtında icra edilir və bu da düşünülımüş proqnozlara əsaslanan siyasətin nəticəsidir. Çünki dövlət başçımızın dediyi kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkəmizdə ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə ciddi mübarizə aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır.
Dövlət başçımız qeyd edir ki, ölkə əhalisinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə paytaxtda və bütün bölgələrdə sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, Azərbaycan bu sahədə əsaslı dönüş yarada bilmişdir. Qarşıda duran məqsəd ondan ibarətdir ki, növbəti illərdə təmirsiz məktəb olmasın və hər yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.
Nazirlər Kabinetinin adıçəkilən iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu istiqamətdə həyata keçirilən tədbirlər barədə çoxsaylı faktlardan söz açmışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti, bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və Azərbaycanın gəlirlərinin sürətlə artmasına, digər tərəfdən isə bu gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsinə, qısa müddətdə ölkə vətəndaşlarının rifah halının əsaslı surətdə yüksəlməsinə gətirib çıxarmışdır. Ona görə də bu ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib.
Təkcə adıçəkilən çıxışda deyil, ümumiyyətlə, istənilən Azərbaycan rəsmisinin çıxış və nitqində xüsusi qabardılan məsələlərdən biri də müharibə vəziyyətində olan ölkəmizin əsas problemlərinin önə çəkilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmin problemlərin həllində bilavasitə iştirak edir. Nazir həmin vəzifələrin hansı səviyyədə həll edildiyini konkret faktlar əsasında nəzərə çatdırır: “Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir”. Əlavə edək ki, dünyanın heç bir ölkəsində bu miqyaslı sosial tədbirlər reallaşdırılmır.
Yeri gəlmişkən, əlilliyi olan şəxslərimiz də dövlətin bu qayğı və diqqətinə cavabsız qalmırlar. Həmin məqamı dilə gətirən Səlim Müslümov dövlət başçımıza xitabən deyir: “Ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında Azərbaycan yığmasının tarixi nailiyyətləri, xüsusilə paralimpiyaçılarımızın qızıl, gümüş və bürünc medallar qazanmaları paralimpiya hərəkatına və əlilliyi olan şəxslərin sosial müdafiəsinə Sizin güclü dəstəyinizin sübutudur. Oyunların açılış mərasimində məşəlin Olimpiya Stadionuna paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi, ona qızıl medalı təqdim edərkən Sizin fəxri kürsüyə qalxmanız və eləcə də yarışlar zamanı əlil arabasında olan jurnalistə yaxınlaşıb foto çəkdirməyiniz təkcə Azərbaycana deyil, bütün dünyaya bu insanların eyni ilə bizim birimiz olduğu mesajı idi və biz qürur duyuruq ki, bunu məhz Azərbaycan Prezidenti etdi. Bu mesaj əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz əhəmiyyət kəsb edir. Eyni zamanda, paralimpiyaçıların çıxışlarını Oyunların proqramına daxil etdiyi üçün birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.
Xatırladaq ki, ilk Avropa Oyunları zamanı adıçəkilən nazirliyin sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzindən 18 nəfər gənc, həmçinin əlilliyi olan şəxslərin internet televiziyasının kollektivi könüllü kimi iştirak edib, uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlar alıblar. Həmin qəbildən olan insanların cəmiyyətə inteqrasiya olunması üçün hansısa dövlətdə bundan yaxşı şəraitin yaradıldığını və ya yaradılacağını təsəvvür etmək mümkün deyil.
Onu da əlavə edək ki, son 12 il ərzində Azərbaycan dövlətinin reallaşdırdığı müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə — 5 faizə endiyi halda, bir sıra Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilib.
Nazir S. Müslümov qeyd edir ki, bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması daim diqqət mərkəzindədir.
Təbii ki, müasir dünyada əmək hüququ əsas insan hüquq və azadlıqları sırasında ön yerlərdən birini tutur. Təsadüfi deyil ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərin nəticəsi də sevindiricidir. Belə ki, 2015-ci ilin ilk yarısında həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib. Bu isə ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Təhlillər göstərir ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur və ölkəmizin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır.
Burada başqa bir məqamı da xüsusilə vurğulamaq zərurəti var. Bir neçə il əvvələ qədər kimlərsə iş axtarmaq üçün ölkəmizdən xaricə gedirdisə, indi həmin tendensiyanın tamamilə əksi olan vəziyyət qeydə alınır. Nazir qeyd edir ki, cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9 min 357 müraciət daxil olub ki, bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Onu da qeyd edək ki, Prezidentin 2014-cü il 24 dekabr tarixli fərmanına uyğun olaraq, yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda dövlət başçısına təqdim olunacaq.
Dövlətin və dövlət başçımızın sosialyönümlü siyasətinin daha dəqiq və daha müasir şəkildə həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti daim təkmilləşdirilir. Belə ki, hazırda nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Bu sistemin tətbiqi ölkə vətəndaşlarına ailə üzvlərindən birinə verilən notarial və vəkalətnamədən başqa hər hansı sənəd toplamadan və yerli orqanlara getmədən istənilən internet bağlantısı olan nöqtədən ünvanlı sosial yardım üçün nazirliyə elektron müraciət etmək və 15 gün ərzində mobil telefonuna göndəriləcək “sms” vasitəsilə təyinat barədə məlumat almaq imkanı yaradacaqdır. Sistemin qurulmasını Ədliyyə Nazirliyində vəkalətnamələrin avtomatlaşdırılmış qeydiyyatı bazasının mövcudluğu son dərəcə asanlaşdırıb.
Beləliklə, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”– deyən Prezidentin həmin tezisi müvafiq dövlət qurumları tərəfindən yüksək səviyyədə icra olunur və hər il, hər ay daha çox günün reallıqlarına çevrilir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.