İndi Ağsu da əvvəlki deyil, ağsulular da...

Bu yolları yüz dəfələrlə keçsəm də, hələ də bilmirəm, Ağsu aşırımları səhər gözəl görünür, yoxsa gün batanda? Əminəm ki, heç kəs bilmir.  Amma onu bilirəm ki,  hər iki məqamda  — həm səhər-səhər, həm də axşamüstü — yerin-göyün bütün gözəllikləri burada cəmlənir. 

Bir də onu bilmirəm ki, “Ağsu aşırımları” ifadəsi doğrudur, yoxsa “Ağsu dolayları”? Amma onu bilirəm ki, bu dolambaclı yol üzü dağlara  gedənləri zirvəyə  qaldırır, üzü Ağsuya gedənləri isə rəvanlığa, rahatlığa və bir də dağlara uzaqdan baxıb onların qüdrətini duymaq imkanına. Aşırımların başlanğıcından baxanda Ağsu ovcunun içindəki kimi,  onların qurtardığı yerdən   isə dağların hər biri Sabir Sarvanın şeirləri kimi təp-təzə və “yüklü” görünür. Yeri gəlmişkən , bir də yada salım, Sabir Sarvanın bu aşırımlara şeir yazıb-yazmadığını bilmirəm. Onu bilirəm ki, bu yerdə çox şairlərin qələmi sınanıb.

Son  iki-üç ayda Ağsuda neçə tədbirdə iştirak  etdiyimi dəqiq bilmirəm. Uşaqları Beynəlxalq müdafiə Günü, Qurtuluş Günü, Polis günü, Tibb işçilərinin peşə bayramı və sairə. Amma iki tədbir var idi ki, onlar mənim üçün daha əziz idi. Birincisi, yetişdirilmiş taxıl məhsulunun itkisiz yığılması məqsədilə hələ iyunun əvvəlində yaradılmış komissiyanın  toplantısı idi. Həmin komissiyanın fəaliyyətini nə üçün üstün tutduğumu izah etməyə ehtiyac  yoxdur. Çünki taxıl elin çörəyidir. İkincisi isə biz jurnalistlərin peşə bayramının yüksək səviyyədə keçirilməsi idi. Onun da xüsusi izaha ehtiyacı yoxdur. Yəni biz jurnalistlərin çörəyi qələmdən çıxır. Təxminən on tədbir arasından  seçdiyim bu ikisini məhz “çörək” ifadəsi bağlayırdı. Maraqlı idi ki,  bizim peşə bayramımız günü keçirilən tədbirdə də “Əkinçi” sözü “jurnalistika” ifadəsinə nisbətən daha çox işlədilmişdi.

Elə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə söhbətimiz də təxminən bu mövzulu fikirlərlə başlandı. Rayon rəhbəri Heydər Əliyev küçəsinin şimal hissəsində ulu öndərin portreti əks olunmuş lövhənin və yeni tərtibatda küçə adlarının quraşdırılmasının başa çatdırıldığı  yerlərə sonuncu dəfə nəzarət edirdi. Ənvər müəllim dedi ki, Ağsu camaatı halallığı və zəhmətkeşliyi sevdiyinə görə burada hamı öz  çörəyini alın təri ilə qazanır. Odur ki, əldə edilmiş bütün uğurlarda hamının payı vardır, – desək yanılmarıq. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Ağsu rayonu son illər dinamik inkişaf yoluna çıxıb, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib.  Azərbaycanın hər bir bölgəsi kimi, Ağsu rayonunun da inkişafı  üçün  lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 3 dəfə rayonumuzda olub, görülən işlərlə maraqlanıb,  əhali ilə  görüşlər keçirib. Həmin görüşlərdə  qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verən dövlət başçımız  mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalayıb. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul olub, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırıb.

Həmsöhbətim bildirdi ki,  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafını təmin  edən  iki  Dövlət  Proqramı uğurla  başa  çatdırılıb.  Bu  müddətdə  yeni  iş  yerlərinin  açılması,  tikinti,  quruculuq  və  abadlıq  işləri  diqqət  mərkəzində  saxlanılıb,  sosial  problemlərin  həllinə  qayğı  göstərilib.  Yollar, küçə  və  meydanlar  asfaltlaşdırılıb   və  abadlaşdırılıb. Yeni müəssisələr, çoxsaylı  sahibkarlıq  obyektləri  yaradılaraq  fəaliyyətə  başlayıb,  nəticədə  əhalinin  məşğulluğu  təmin  edilib.

Əhalinin  və  iqtisadiyyatın  bütün  sahələrinin  elektrik  enerjisi  və  təbii  qaz  təminatının  yaxşılaşdırılması,  nəqliyyat  infrastrukturunun  tikintisi  və  əsaslı  təmiri    istiqamətində  çoxsaylı   işlər  görülüb,  bu  istiqamətdə  müvafiq   tədbirlər 3-cü regional  inkişaf  proqramı  çərçivəsində  davam  etdirilir.

Sonra rayon icra hakimiyyətinin müvafiq şöbələrindən də bəzi göstəriciləri aldıq. Öyrəndik ki, bu  ilin birinci  yarısında  da  Ağsunun  sosial - iqtisadi  inkişafı   uğurlu  olub,  III regional  inkişaf proqramının  icrasına  böyük  inam  və müvəffəqiyyətlə  başlanılıb,  Dövlət  Proqramında  nəzərdə  tutulan  tədbirlər  müvəffəqiyyətlə  icra  olunub. Məsələn, əkilmiş taxıl  sahələrinin  hər hektarından orta  məhsuldarlıq  34,8 sentner olmaqla  116 min 786  ton məhsul əldə olunub  ki,  bu  da  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  uyğun  olaraq  15,8 sentner  və  ya  47 min 041  ton  çoxdur.  Rayonda fəaliyyət göstərən “Süsən Aqro” MMC və “Qarabağ taxıl ” MMC-nin taxılçılıq sahəsində uğurları daha sevindirici olub. Belə ki, hər iki cəmiyyət  tərəfindən elm və texniki  tərəqqinin son nailiyyətlərinin  tətbiqi  yüksək məhsul istehsalı ilə nəticələnib.   “Süsən Aqro” MMC 753 hektar taxıl sahəsindən 3659 ton, orta hesabla hər hektardan 48,6 sentner, “ Qarabağ taxıl” MMC isə 365 hektar sahədən 1724 ton, orta hesabla hər hektardan 47,2 sentner məhsuldarlığa nail olub.  

Kənd əməkçilərinin həmin uğurlarının bir səbəbi də odur ki, buğda və  çəltik istehsalçılarının  maddi  marağının  artırılması və həmin istehsalın  stimullaşdırılması  məqsədilə dövlət  büdcəsinin  vəsaiti  hesabına    yardımların verilməsi təmin  edilib. Kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  əkin sahələrinin  becərilməsində  istifadə  olunan  yanacaq  və  motor  yağlarına  görə  növbəti dövlət  maliyyə  yardımının  verilməsi   üçün müvafiq  sənədlər  hazırlanaraq  respublika  komissiyasına  təqdim  edilib.

Təbii ki, söhbət Ağsudan gedirsə, ilk növbədə yada düşən kənd təsərrüfatı məhsullarından biri məhz nardır. Artıq bir neçə ildir   rayonda  fəaliyyət  göstərən  “Azqranata”  Məhdud  Məsuliyyətli Cəmiyyəti isə narın və narçılığın simvoluna çevrilib. Cəmiyyətin  şirə və  şərab  emalı  zavodu , eləcə də,   fəaliyyətdə  olan  digər emal  müəssisələri məhsul  tədarükü  və  istehsal  prosesini genişləndirir, hazır məhsulların  satışı  üzrə  geniş  bazar  funksiyasını  həyata  keçirir. Təkcə kənd təsərrüfatında deyil, rayon həyatının bütün sahələrində özəl bölmənin fəaliyyəti daim stimullaşdırılır.  Bu ilin birinci  yarısında  Sahibkarlığa Kömək Milli Fondunun xətti  ilə  sahibkarlara  50  investisiya   layihəsinin   maliyyələşdirilməsi  üçün  640 min manat dövlətin güzəştli kreditləri verilib.  Həmin  kreditlər hesabına 92 yeni iş yerinin yaradılması mümkün olacaq.

Bütün bunlarla yanaşı Ağsuda geniş  tikinti-quruculuq işləri həyata keçirilir. Məsələn, Şəhidlər  Xiyabanında  əsaslı  təmir  işləri  aparılıb, abidə  yeni  layihə  ilə  bərpa  olunub, hasarlar  sökülərək zövqlü tərtibatda  tikilib. Heydər Əliyev  küçəsinin  şimal  hissəsində   ulu  öndərin  portreti  əks  olunmuş  lövhə  və  küçə  adının  yeni  tərtibatda  quraşdırılması  işi  başa  çatdırılıb. Həmin küçədə  hasarlar aqlay üzlük  daşları  ilə  üzlənib, səkilərə  tamet    döşənib.  Cəfər Cabbarlı küçəsində, Bakı - Şamaxı - Yevlax  yolunun  Ağsu  ərazisindən  keçən  hissəsində  abadlaşdırma, yaşıllıq  zolaqlarının  salınması  işləri  aparılıb. Tofiq İsmayılov,  20 Yanvar, Tarıyel Xasıyev, Səməd Vurğun,  Sabir  və Firdovsi küçələri  başdan-başa  abadlaşdırılıb.  Belə  ki,  hasarlar dekorativ üzlük daşlarla üzlənib, boyanıb,  piyada  səkiləri  yenidən bərpa edilib.  Məmməd Əmin Rəsulzadə  küçəsində  divarların  aqlayla dekorativ  üzlənməsi,  səkilərə  beton  bordyur  qoyulması  və  tomet  tavaların  döşənməsi  işləri  davam  etdirilib.

Əslində görülmüş abadlıq-quruculuq işlərini saymaq istəsəm  oxucunu heyrətləndirmiş olaram. Ona görə də həmin siyahını qat-qat  ixtisar edərək sadalamaq istəyirəm.  Məsələn, rayon telekommunikasiya  qovşağının  və  Poçt  Filialının  inzibati  binası  əsaslı  təmir  olunub. Şəhərdə 100  yerlik  uşaq  bağçası  üçün  yeni  binanın, Kənd  Təsərrüfatı  idarəsi, YAP  Ağsu  rayon  təşkilatı  üçün  inzibati  binanın,  idman  kompleksinin, “Az-qranata”  MMC  üçün  yeni  süzmə  sexi  və  soyuducu  anbar  binalarının, şəhid  ailələri  və  Qarabağ  müharibəsi  əlilləri  üçün hər  biri  3 otaqdan  ibarət  olan 10    fərdi  yaşayış  evinin tikintisinin başa çatmasının bu yaxınlarda şahidi olacağıq.   Pirhəsənli, Rəhimli  və  Cəlayir  kəndlərində  modul  tipli  su  təmizləyici  qurğuların, onlarca   ticarət,  iaşə,  məişət  və  servis  xidməti  obyektlərinin  tikintisi də həmçinin.  Şahmat  məktəbinin  yenidən tikilməsi, şəhərin  müxtəlif  mərkəzi  küçələrində  mövcud  olan  bir  sıra  sahibkar  obyektlərinin  fasad  hissələrinin  gülbax  daşı  ilə  üzləndirilməsi, obyektlərin  memarlıq  görkəminin  yaxşılaşdırılması,  eləcə  də  rayon   mərkəzində  və  kəndlərdə  abadlıq,  quruculuq,  tikinti,  sosial  obyektlərin  təmiri  və  bərpası  istiqamətdə  əsaslı  işlər   davam  etdirilir.  Aparılan  abadlıq-quruculuq  işlərində  və  digər  mövsümi  işlərdə  204 nəfər  işlə  təmin  olunmuşdur  ki,  onlardan  186 -sı  daimidir. Qətiyyətlə deyə bilərəm ki, bütün bunlar tikinti-abadlıq sahəsində görülmüş və görülən işlərin cüzi bir hissəsidir.

Ayrı-ayrı adamlarla söhbət zamanı öyrəndim ki, xidmət sahələrində də həyata keçirilən tədbirlər sakinlər tərəfindən məmnunluqla qarşılanır. Kənd  yaşayış məntəqələrinin qazlaşdırılması işləri 2014-2015-ci illər üçün təsdiq  edilmiş  qazlaşdırma  proqramı əsasında  davam  etdirilir.   Rayonun Padar kəndində qazın nəqlinin optimal rejimdə təmin edilməsi üçün qaz tənzimləyici şkaf quraşdırılıb, kənd üzrə təbii  qazdan istifadə edən 358 əhali abonentinin hər birinin daxili qaz xətləri təftiş edilib. Görülən tədbirlər nəticəsində hazırda istehlakçılar sabit  təzyiqdə təbii qaz  ala bilirlər.

Müasir yaşayış məskənlərinin əsas xidmət sahələrindən olan   “Su-Kanal” idarəsi tərəfindən   su və kanalizasiya xətlərində cari təmir işləri aparılıb, şəhər daxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılıb,  ev  birləşmələrinin  sayğaclaşdırılması  istiqamətində  işlərin  icrasına  başlanılıb. Şəhər  və  şəhərətrafı  kənd  yaşayış  məntəqələrində əhalinin  içməli  su  təminatında  yaranmış  mövcud  problemin  aradan  qaldırılması  məqsədi  ilə   Ağsu  şəhərinin yenidən  qurulan  su təchizatı  şəbəkəsində  ev  birləşmələrinin  sayğaclaşdırılması  istiqamətində  işlərin  icrasının  tezləşdirilməsi,  əhalinin içməli  su  təminatının  ödənilməsi  və  xidmətlərin  səviyyəsinin  yüksəldilməsi, eləcə  də  yeni  salınan  yaşayış  massivlərinin  layihəyə  daxil  edilməsi  istiqamətində  zəruri  tədbirlər  həyata  keçirilir.

Digər mühüm xidmət sahəsi olan rabitə sektoru haqqında məlumatlardan öyrəndik ki, mərkəzi və  kənd  Elektron Avtomat Telefon Stansiyalarında   boş  tutumların istifadəyə verilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, xətt şəbəkəsinin tikintisi və genişləndirilməsi istiqamətində  işlərin  icrası  davam  etdirilir.  Şəhərin 3-cü məhəllə və yeni yaşayış massivinin telefonlaşması ilə əlaqədar ümumilikdə 3745 metr məsafədə müxtəlif tipli kabellər çəkilib və  100 abunəçiyə yeni telefon çəklişinə başlanılıb.

Rayonun Pirhəsənli, Ərəbmehdibəy və Ərəbuşağı kənd EATS ərazilərində boş nömrələrin paylanması, kabellərin yenisi ilə əvəz olunması və kabeldə olan zədələnmələrin aradan qaldırılması üçün 350 metr məsafədə müxtəlif tipli kabel  materialları istismara buraxılıb və 35 abunəçiyə yeni telefon çəkilib

Rayonda olarkən öyrəndik ki, görülmüş işlər nə qədər çox olsa da, görüləcək işlər daha çoxdur. Elə Ənvər müəllim də bu fikirdə idi: Çünki qarşıya qoyulan əsas məsələ rayonun başdan-başa müasirləşdirilməsidir.  Məsələn, öyrəndik ki, ilin   sonunadək   rayon  iqtisadiyyatının  daha  da  yüksəldilməsi,  əhalinin   sosial  problemlərinin  həlli,  özəl  sektorun  inkişafına  köməklik  göstərilməsi, ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi,  abadlıq-quruculuq  işlərinin  aparılması, sənaye,  tikinti,  nəqliyyat  və  rabitə  müəssisələrinin  fəaliyyətinin  müasir   tələblər  səviyyəsində  qurulması   istiqamətində  müvafiq  tədbirlər  həyata  keçiriləcək.  Bir sözlə, Ağsu başdan-başa yeniləşdiriləcək. Bu da səbəbsiz deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov demək olar ki, tez-tez rayona baş çəkir. Görülən işlərlə maraqlanır. Doğulub, boya-başa çatdığı yurda bağlılıqdandır ki, o özü bu işlərlə birbaşa nəzarət edir, qayğı göstərir.

 ... Yazının əvvəlində Sabir Sarvanın adını çəkmişdim. Bu da təbiidir.  Hər dəfə Ağsuya gələndə onun yaradıcılıq  gecəsinə toplaşdığımız günü xatırlayıram. O yığıncağa gedəndə elə bilirdim ki, dostumuzun 50 yaşı tamam olur. Sən demə belə deyilmiş. Məclisdə məlum oldu ki, Sabir 50-ni bir neçə il əvvəl başa vurub. Çox maraqlı tədbir idi.Yaxından, uzaqdan gələn qonaqların hamısı ürək sözlərini dedilər. Professor Əzizxan Tanrıverdi də danışdı, şair Məmməd Aslan da, publisist həmkarımız İlham Abbas da, bu sətirlərin müəlifi olan mən də. Fərqli və bir-birindən maraqlı fikirlərin səsləndirildiyi tədbiri qələm dostumuz Əjdər Olun Sabir yaradıcılığından seçib tez-tez dilə gətirdiyi misralar daha da gözəlləşdirirdi. O vaxt mən zarafatla demişdim ki, ay Sabir, Ağsu aşırımları haqqında nə isə yazmırsansa, barı,  Ağsu adamları haqqında yaz.

...Bu günlərdə Sabir Sarvanın təzəcə çapdan çıxmış “Qibləm ürəyimdi” adlı kitabında həqiqətən ürəklərə toxunan bir şeir oxudum. Sadə bir vətəndaş olan şair hansısa “Kənd uşağı”nın Ağsudan getməsinə etiraz edir. Özü də necə?

Söykənib bir dost ağaca

 Sığınıb bir dost nəğməyə,

Hara baxır, hara baxır kənd uşağı?

Sabir bunları yazır və kənddən getmək istəyən gəncin gedəcəyi  hər yerdən əliboş qayıdacağı günün ağrısını indidən yaşayır və soruşur ki, kənd uşağı gedib haradasa “itəndən” sonra qayıdıb bu ağaca, bu nəğməyə söykənə biləcəkmi və bu ağac, bu nəğmə yenə də onun dostu olacaqmı? Çətin sualdır.

 Əhsən! Bizim hamımızın “ey gənclər, doğma yurdu tərk etməyin!”-deyə səsləndirdiyimiz fikirləri şair daha yığcam və daha gözəl ifadə edib. Bu da bizim istədiyimiz  ağsulular haqqında  şeir. Onlar nəinki Ağsunu tərk etmirlər, əksinə bu qədim diyarı gündən-günə müasirləşdirirlər. Elə ona görə də bu gün Ağsu da həmin Ağsu deyil, ağsulular da.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında