Adətən, rayonlarda görülmüş işlərdən bəhs edən materiallar hazırlayanda faktları əhəmiyyətinə görə ikiyə ayırmaq məcburiyyətində qalırıq. Bu, bəzi hallarda müəyyən faktların kölgədə qalmasına səbəb olur. Yaşıllaşma ilə bağlı məlumatlar da əksərən çox rahatlıqla “o qədər də dəyərli deyil” deyərək üstündən qələm çəkdiklərimizin sırasında olur.
Məsələn, söhbət Şirvan şəhəri kimi zəngin təbiəti- yaşıl meşələri, dumanlı dağları, füsunkar dərələri olmayan, “yayda Günəşin şüaları altında qovrulan” bir yerdən gedəndə, bu cür yanaşma tərzi ən azı ikiqat məsuliyyətsizliyə çevrilir. Çünki bu yoxsul təbii şəraitdə qəlbi qurub-yaratmaq eşqi ilə alışıb-yanan, səhranı gülüstana çevirmək əzmində olan ürək sahibləri var və onların iradəsi hörmətə layiqdir.
Və bu iradənin, bu əzmin nəticəsidir ki, bu gün Şirvan şəhərini bir başdan o biri başa kimi yaşıllıqlar, sanki xətkeşlə nizamlanmış kimi cərgə ilə düzülmüş ağaclar bəzəyir. Mübaliğəsiz demək olar ki, şəhərin mərkəzi parkı ölkəmizin ən baxımlı və insanların rahat şəkildə istirahət etdiyi məkanlardan biridir. Əlbəttə, bütün bunlar həm də dəmir intizamın, doğma şəhərini sevməyin və ona bağlılığın bariz nümunəsidir. Ən sevindirici məqam odur ki, əldə olunanlar bu “yaşıl möcüzəni” yaradanları qane etmir və onları inadla daha böyük nəticələrə həvəsləndirir. Bir sözlə, şəhər rəhbərliyi yaşıllaşdırma işinə də xüsusi həssaslıqla yanaşır və günbəgün artırılan yaşıllıq sahələri, yüksək aqrotexniki qulluq göstərilən gül-çiçək kolları bunun canlı nümunəsidir.
Yola saldığımız 2015-ci ilin birinci yarısı da bu mənada ürəkaçan olmuşdur. “IDEA” İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində bu dövrdə şəhərdə ümumilikdə 7000 ağac, 2500 mövsümi gül kolları əkilmişdir. Ola bilər ki, bunlar gözü daha böyük rəqəmlərə alışmış oxucunu o qədər də təəccübləndirməsin. Ancaq bir az əvvəl də vurğulandığı kimi, söhbət Şirvan şəhərindən gedirsə, nəzərə almaq lazımdır ki, bu ağacların, yaxud gül kollarının hər biri həyati əhəmiyyət daşıyır və onların bitməmə ehtimalı sıfıra bərabərdir.
Qeyd etmək lazımdır ki, 2015-ci ilin 6 ayı digər sahələrdə də şəhər üçün uğurlu olmuşdur. Bu uğuru konkretləşdirən bir neçə rəqəmə nəzər salmaq yaxşı olar. Məsələn, ilin ilk yarısında ümumi məhsul buraxılışı 174,7 milyon manat olmuşdur.
Məhsulun 45,3 faizi mədənçıxarma sənayesində, 8,9 faizi emal sahəsində, 45,2 faizi elektrik enerjisi, qaz-buxar sahəsində, 0,6 faizi isə su təchizatı sahəsində istehsal edilmişdir. Sənayedə istehsal olunan məhsulun 50,2 faizi dövlət, 49,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Ötən altı ay ərzində şəhərdə 132,1 min ton neft, 10,6 milyon kubmetr qaz və 2,8 milyard kilovat saat elektrik enerjisi istehsal edilmiş, tikinti müəssisələri tərəfindən 8,8 milyon manat həcmində tikinti-quraşdırma işləri görülmüşdür.
Bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 396 manat olmuşdur.
Nəqliyyat müəssisələri tərəfindən 13,5 milyon nəfər sərnişin, 218 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,3 və 6,1 faiz çoxdur. Abunəçilərin genişzolaqlı internet xidmətləri ilə təmin olunması məqsədilə 2015-ci ilin 6 ayında 8 ədəd 48 portluq DSLAM avadanlığı quraşdırılaraq istifadəyə verilmiş, bu dövr ərzində telefon və yüksək sürətli internet xidmətlərini yaxşılaşdırmaq məqsədilə 11 min metr uzunluğunda FO kabeli çəkilmişdir.
2015-ci ilin 6 ayı ərzində istismara yararsız qaz kəmərləri yenisi ilə əvəz olunmuş, 1360 metr uzunluğunda qaz xətti həyətyanı sahələrdən kənara çıxarılaraq təmir edilmiş və yerüstü çəkilmişdir. Bundan əlavə, 3700 metr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 307 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, 84 mənzilə qaz sayğacı quraşdırmış, şəbəkədə 21 ədəd qaz tənzimləyici quraşdırılmışdır.
Həmçinin, bu dövrdə müxtəlif diametrli kabel və naqil xətləri çəkilmiş, bir neçə dəmir dayaq quraşdırılmış və şəhərin müxtəlif ərazilərində yarımstansiyalar əsaslı təmir olunmuş, əhali fasiləsiz olaraq elektirik enerjisi ilə təmin edilmişdir. 190 ədəd Smart tipli sayğac quraşdırılmışdır.
Cari ilin 6 ayı ərzində su-kanalizasiya xətlərində əsaslı və cari təmir işləri aparılmış, bir neçə küçədə istifadəyə yararsız su və kanalizasiya xətləri yenisi ilə əvəz olunmuş, 340 ədəd sayğac quraşdırılmışdır.
Təhsilin inkişafı istiqamətində atılan addımlar da öz bəhrəsini vermiş və bu, özünü konkret faktlar şəklində göstərmişdir. Məsələn, şəhər 21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Səmədzadə “XXI əsrin müəllimi” proqramı çərçivəsində “İngilis dilinin intensiv tədrisi” layihəsi üzrə təlimlərin nəticəsi olaraq Böyük Britaniyada təlim səfərində olmuşdur.
Dövlət Proqramına uyğun olaraq şəhərin 13 nömrəli tam orta məktəbində əsaslı təmir, 20 nömrəli tam orta məktəbində əsaslı təmir və idman zalının bərpa-gücləndirmə işləri aparılmış və “Gənclər evi”nin tikintisi davam etdirilmişdir.
Məlumdur ki, dövlət başçısının xüsusi göstərişinə əsasən neçə ildir ki, vətəndaşlar tibbi müayinələrdən keçilir. Artıq ənənə halını almış bu kampaniya çərçivəsində fevralın 2-dən aprelin 30-dək Şirvan Mərkəzi Xəstəxanasında 58789 şəhər sakini müayinə olunmuşdur.
2015-ci ilin 6 ayı ərzində şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri də davam etdirilmişdir. Heydər Əliyev Fondu hesabına M.Ə.Rəsulzadə küçəsində 100 çarpayılıq körpələr evi-uşaq bağçası tikilərək istismara hazır vəziyyətə gətirilmişdir.
Nümunəvi məhəllənin və xeyir-şər mərasimi evinin açlışı olmuş və bina sakinlərinin istifadəsinə verilmişdir. Şəhidlər xiyabanında 582 kvadratmetr döşəməyə mərmər tavalar düzülmüş, 220 metr beton bardürlər qoyulmuş və 11 ədəd müasir işıq dirəyi quraşdırılmışdır. S.Vurğun küçəsində 2 saylı binanın 742 kvadratmetr fasad divarı suvanaraq rənglənmiş, 38 kvadratmetr metal plastik pəncərə blokları quraşdırılmışdır.
M.Füzuli adına istirahət parkında 1500 kvadratmetr döşəməyə dekorativ tamet tavalar və beton bardürlər düzülmüş, uzun illər istifadəsiz qalaraq yararsız vəziyyətə düşmüş yay kinoteatrı yenidən qurulmuşdur.
20 Yanvar abidəsinin ətrafında 833 kvadratmetr sahəyə dekorativ tamet tavalar və 105 metr beton bardürlər düzülmüş, S.Vurğun küçəsində 3 binanın dam örtüyü dəyişdirilmiş və Naxçıvan küçəsində mini futbol meydançası quraşdırılmışdır.
M.Ə.Rəsulzadə prospektində 1800 metr uzunluğunda monolit beton bardür düzəldilmiş, prospekt boyunca yaşıllıq zolağında Türkiyə Respublikasından gətirilmiş 40 ədəd müasir tipli 2 lampalı işıq dirəyi qoyulmuş, 1 May küçəsində yaşıllıq zolağının ətrafına 955 metr metal tor quraşdırılmışdır. T.İsmayılov küçəsində yaşıllıq zolaqlarının ətrafında 900 metr metal məhəccər və Heydər Əliyev prospektində 112 metr dekorativ metal barmaqlıqlar quraşdırılmışdır. Xaqani küçəsindəki binaların qarşısında 1750 kvadratmetr sahədəki nümunəvi məhəllədə abadlıq işləri aparılmış, 120 kvadratmetr döşəməyə tamet düzülmüşdür. H.Əliyev prospektində 47 metr daş hasar “aqlay” üzlük daşı ilə üzlənmiş və dekorativ metal məhəccərlər quraşdırılmışdır. Bir neçə küçədə 11971 kvadratmetr asfalt-beton örtük düzəldilmişdir. Yaşayış binalarının 6700 kvadratmetr dam örtüyü əsaslı təmir olunmuşdur.
Əlillərin və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Bülbül küçəsində 7 fərdi mənzil tikilir.Həmçinin Şirvan şəhərinin məktəblərində məskunlaşmış məcburi köçkün ailələri üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında “Tunel Metro” MMC tərəfindən Xaqani küçəsində 21 mənzilli, 3 mərtəbəli binanın tikintisinə başlanmışdır. Bundan əlavə, 5 saylı Ərazi Vergilər İdarəsi və DSMF-nin Şirvan şəhər şöbəsi üçün yeni inzibati binaların tikintisi də davam etdirilir.
“Retro-İnşaat” MMC-yə ayrılmış 4,5 hektar sahədə tara zavodunun tikintisinə başlanılmışdır. Zavodun fəaliyyətinin ilkin mərhələsində 150 nəfərin, tam gücü ilə işlədiyi dövrdə isə 500 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Hazırda tikinti işləri planauyğun şəkildə davam etdirilir və zavodun 2015-ci ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılır.
Şirvan Bələdiyyəsi də ötən dövrdə xeyli tikinti-təmir, abadlıq, quruculuq işləri görmüşdür. İki xeyir-şər evinin təmiri başa çatdırılmış, nümunəvi məhəllədə xeyir-şər evinin tikintisinə başlanılmış, həmçinin nümunəvi məhəllələrdə təmir işləri aparılmışdır.
... Sözsüz ki,bunlar Şirvan şəhərində ötən altı ayda görülmüş işlərin heç də hamısı deyil. Bu yaxınlarda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hesabat yığıncağında cari ilin ötən dövrünə yekun vuruldu, görülmüş işlər ətraflı təhlil olundu, nöqsanların aradan qaldırılması yolları araşdırıldı. Şəhər rəhbərinin də, yığıncaq iştirakçılarının da gəldikləri yekdil fikir bu oldu ki, nəticələr nə qədər sevindirici olsa da, dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yetirdiyi diqqət və qayğıya cavab olaraq səyləri daha da artırmaq, yüksək coşğu və həvəslə çalışmaq lazımdır. Çünki Şirvan şəhərinin mövcud sürətli inkişafını eyni qətiyyətlə davam etdirməyin yeganə düsturu budur.
Səməd HÜSEYNOĞLU
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.