Sosial siyasət prioritet istiqamət kimi diqqətdə saxlanılır

 Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir.

Bu gün ölkəmizdə  uğurla həyata keçirilən neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında Azərbaycanın birinci yerə layiq görülməsi, “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi uğurlu sosial-iqtisadi siyasətin göstəricisidir. BMT yanında İnkişaf və Artım Komissiyası  məruzəsində qeyd etmişdir ki,   1950-ci ildən sonra belə sürətli inkişafa 13 ölkə nail olmuşdur. Bu, Azərbaycanın böyük uğurudur. Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa Qonşuluq Barometri” sorğusunda isə bildirilir ki, 1000 respondentdən 92 faizi Azərbaycan hökumətinə inanır.

Ölkəmizdə  sosial siyasətə mühüm önəm verilməsi dövlət büdcəsinin tərtibi zamanı da  özünü qabarıq büruzə verir.  Bu, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində də  diqqət mərkəzində saxlanılıb. Sözügedən ali maliyyə sənədinin strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da  əsas yer tutur. Bu, təsadüfi deyil. Çünki  son illər respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın  milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir.

Yuxarıda qeyd edilənlərlə bağlı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ətraflı danışılmışdır. Bildirilmişdir ki, hesabat dövründə  sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilmişdir.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201  milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111  milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90  milyon manat vəsait ayrılmışdır.

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur.

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264  milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467  milyon manat investisiya qoyulmuşdur.

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında