Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitində yerləşən hərbi hissələri yüksək döyüş qabiliyyətinə malikdir

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyur. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bu sahədə həyata keçirilən tədbirlər Şahbuz rayonunun yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrini də əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanmışdır.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport vermişdir.

Ali Məclisin sədri əsgərləri salamlamış, Azərbaycan-Ermənistan sərhədində  xidməti  vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkür edərək demişdir: Bu gün Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirir. Vaxtilə bu ərazilərdə əsgərlər çox ağır şəraitdə xidməti vəzifələrini yerinə yetirirdilər. Lakin ölkəmiz inkişaf etdikcə, ordunun əsgəri-məişət şəraiti və silah-sursat təminatı da xeyli yaxşılaşdırıldı. Ucqar dağlıq ərazidə sizin üçün yaradılan xidməti şərait də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Sosial-məişət problemlərinin həll olunması və hərbi hissələr üçün yaradılan şərait qarşıya bir vəzifə qoyur. O da xidməti vəzifələrini layiqincə yerinə yetirmək, vətən sərhədlərini və torpaqlarımızı etibarlı müdafiə etməkdən ibarətdir.

“Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”, – deyən  Ali Məclisin sədri bildirmişdir ki, vətən torpağının qorunması, eyni zamanda torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir.

Ali Məclisin sədri şəxsi heyətin bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, xidmətin uğurla, qarşılıqlı hörmət və intizam əsasında başa vuracaqlarına əminliyini bildirmişdir.

Əsgər Aydın Salmanov demişdir ki, hərbi hissədə vətənpərvər, dövlətinə, xalqına sədaqətli gənclər xidmət edir. Əsgərlər yüksək döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırılığa malikdir. Şəxsi heyət istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir. Düşmənlə təmas xəttində xidmətin normal təşkili üçün yaradılan şərait əsgər və zabitlər tərəfindən razılıq hissi ilə qarşılanır. Onların məsuliyyətini daha da artırır. Eyni zamanda bugünkü görüş əsgərləri qürurlandırır, onları Vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edir.

Sonra Ali Məclisin sədri əsgərlərin məişət şəraiti ilə maraqlanmışdır.

Bildirilmişdir ki, hərbi hissədəki binada idman zalı, tibb otağı məişət guşələri, təlim sinfi, silah, ideoloji və ayrı-ayrı xidməti otaqlar və  2 əsgər yataqxanası vardır. Təlim sinfində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədilir. İdeoloji otaqda isə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmış, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları qoyulmuşdur. Binada taksofon quraşdırılmışdır. Əsgərlərin vaxtlı-vaxtında qidalanmasına xüsusi diqqət yetirilir. Bunun üçün anbarda kifayət qədər ərzaq ehtiyatı yaradılmışdır.

Baxış zamanı Ali Məclisin sədri şəxsi heyətin mövsümə uyğun olaraq qidalanmasına, onların tibbi müayinədən keçirilməsinə və şəxsi heyət arasında səhiyyə maarifi işinin aparılmasına dair tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olmuş, xidmətin təşkili ilə maraqlanmışdır.

Müşahidə məntəqəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə mövqelərimizin vəziyyəti və taktiki şərait haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, bu gün sərhədlərdə etibarlı müdafiə sistemi qurulmuş, xidmət üçün zəruri olan hər bir şərait yaradılmışdır. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilmiş, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılmış, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilmişdir. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılmış, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunmuşdur. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilmişdir. Müasir müşahidə cihazları vasitəsi ilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.

Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da diqqət yetirilir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər.

Ön xəttə yerləşən postlarda xidmət aparan əsgərlərlə görüşən Ali Məclisin sədri demişdir: Nizam-intizama ciddi riayət olunması və şəxsi heyət arasındakı qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən bu hərbi hissələrdə xidmətin normal təşkili üçün hər cür şərait yaradılmışdır. Bu da xidmət apardığınız ərazilərə yaxın yaşayış məntəqələrində insanların rahat və təhlükəsiz yaşamasına imkan verir.

“Torpağı, Vətəni qorumaq müqəddəs vəzifədir” - deyən Ali Məclisin sədri bildirmişdir ki, cəsur Azərbaycan əsgəri ön xəttə xidməti nümunəvi təşkil etməklə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Onlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdirlər. Bu da ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin daha bir ifadəsidir.

Ali Məclisin sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkürünü bildirmişdir.  Əsgərlərdən Hafiz Zeynallı, İbrahim Qocayev, Emin Məhərrəmli, Nurlan Xanbabalı və digərləri demişlər ki, bu gün torpaqlarımız etibarlı qorunur. Əsgərlərdə böyük ruh yüksəkliyi vardır. Buna səbəb müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəm olmasıdır. Yüksək zirvələrdə, düşmənlə üz-üzə təmas xəttində mətin və daim ayıq-sayıq dayanan Azərbaycan əsgəri dövlətin qayğısını daim öz üzərində hiss edir. Bugünkü görüş də əsgərləri ruhlandırır, onların əzm və iradəsini artırır. Əsgərlər hərbi xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Sonra Ali Məclisin sədri əsgərlərlə xatirə şəkli çəkdirmişdir.

Ön xətdəki postlarda xidməti və yaşayış binaları müasir tələblərə uyğun qurulmuş, şəxsi heyət üçün normal şərait yaradılmışdır. Bu da xidmətin daha səmərəli təşkilinə imkan verir.

Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilmişdir.

 

Batabat yaylaqlarından
səmərəli istifadə olunur

 

Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir.

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Batabat yaylaqlarına gəlmiş, burada məskən salan oba sakinləri ilə görüşmüşdür.

Heyvandarlardan Mətləb Nəcəfov, Həsən İsmayılov, Elçin Əliyev və Abdulla İsayev oba sakinləri adından minnətdarlıq edərək demişlər ki, bir zamanlar yaylaqlarda məskunlaşmaq insanlarda qorxu hissi yaradırdı. İndi isə vəziyyət tamam başqadır. Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq, bu yerlərə isə yeni həyat bəxş edib. Yay aylarında obalara köç edənlərin sayı hər ötən il daha da artır. Kənd adamları dövlətin verdiyi kreditlərdən istifadə edərək təsərrüfatlarını genişləndirir, öz gün-güzəranlarını yaxşılaşdırırlar.  Digər tərəfdən burada sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir. Baytarlıq və səyyar ticarət xidməti də hər birimizdə razılıq doğurur. Yaylaq sakinləri üçün yaradılan bu şərait insanları daha əzmlə çalışmağa sövq edir. Hər kəs məhsul istehsalını artırmaqla kənd təsərrüfatının inkişafına öz töhfəsini verməyə çalışır.

Oba sakinlərini salamlayan Ali Məclisin sədri demişdir: Ölkəmizdə kənd adamlarına, torpaq mülkiyyətçilərinə, heyvandarlıq və maldarlıqla məşğul olan sahibkarlara hərtərəfli qayğı göstərilir. Kənd adamlarının Batabat yaylaqlarından səmərəli istifadə etməsi, burada rahat və təhlükəsiz yaşaması üçün bütün şərait vardır. Çünki torpaqlarımız etibarlı müdafiə olunur. Eyni zamanda buradakı ailələrə qayğı göstərilir, onların sağlamlıqlarının qorunması, öz təsərrüfatlarını genişləndirmələri diqqət mərkəzində saxlanılır.  Bütün bu tədbirlər kənd adamlarının yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, həm kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, nəticədə isə ölkəmizin hərtərəfli inkişafına xidmət edir.

Ali Məclisin sədri heyvandarlıqla məşğul olanlara bundan sonra da hərtərəfli qayğı göstəriləcəyini bildirmiş, onların ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim etmiş, məişət şəraitləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, hazırda Batabat yaylaqlarında Şərur rayonunun Dizə, Babək rayonunun Cəhri, Gülşənabad, Şıxmahmud, Kəngərli rayonunun Çalxanqala, Xok və digər kəndlərindən olan  30-a yaxın ailə heyvandarlıqla məşğul olur. Ümumilikdə onların təsərrüfatında 10 mindən artıq xırdabuynuzlu heyvan və mindən artıq iribuynuzlu mal-qara saxlanılır. Oba sakinlərinə mütəmadi olaraq tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası  Dövlət Baytarlıq Xidmətinin əməkdaşları isə mütəmadi olaraq obalarda olur və yoluxucu xəstəliklərə qarşı tədbirlər görür, heyvandarlar arasında maarifləndirici söhbətlər edirlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında