Masallı: qədim diyarın yeni həyatı

Masallının gəl-gəl deyən çağıdır. Dağlar, meşələr, irmaqlar şəhər bürküsündən sıyrılıb təbiətə üz tutan hər kəsi qoynuna alır. Ötən həftə Masallıya gedəndə də, üç gün sonra geri qayıdanda da yollarda   xeyli turistə rast gəldim. Rusiya Federasiyasında yaşayan və adəti üzrə hər yay doğma yurda istirahətə gələn eloğlum xoş-beşdən sonra ətrafı heyranlıqla süzərək dedi ki, dünyanın heç bir yerində buradakı qədər ürəkdən dincəlib zövq almır. Əlbəttə, bu fikirlərdən bir doğmalıq duyğusu “boy” verir. Amma etiraf da ilbəil yenilənən təəssüratların nəticəsidir.

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıblar. Tarixi əsərlərdə, həmçinin bir sıra Avropa və rus səyyahlarının xatirə yazılarında bu bölgənin tarixinə aid qiymətli məlumatlar əksini tapıb. “Masallı” coğrafi  adı “məsəlli-məsəl çəkilən yer” mənasında izah olunur. Bu adın “Mosullu” sözündən yaranması da ehtimal edilir. Anadolu türkcəsində işlənən “masal” (nağıl) sözü də araşdırıcılar üçün ipucu ola bilər. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olub. XIX əsrin ortalarında isə Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonları ilə bərabər Lənkəran qəzasına daxil edilib.   

Qədim tarixə, zəngin mədəniyyətə malik  olan Masallıya hər zaman maraq göstərilib. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə bir çox əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib sayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə, Prezident İlham Əliyev isə dəfələrlə Masallıya səfər edib.

Düz 85 il öncə, 1930-cu ilin avqustunda Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub.

Masallı adı gələndə, nədənsə,  gözlərim önündə al-əlvan naxışlı, parlaq sandıqlar canlanır. Sandıq özlüyündə milli koloriti əks etdirən spesifik sənət məhsuludur.  Qədimdən bu bölgədə gəlinlərin cehizi, əsasən, sandığa yığılardı. Masallıda bu gün də elə ev tapmazsan ki, orada sandıq olmasın. Sandığın ornamentləri nağıl  elementləri ilə zəngin olur, boyaları göz oxşayır. Bəzi sandıqların üzərində nar şəkillərinə, nar ağacına da rast gəlinir ki, bu da birlik, bütövlük, ailə rəmzi kimi mənalar daşıyır. Bəzən də qızların gözəlliyinə işarə olaraq onların sandığının üzərinə ceyran şəkli çəkirlər. Sandığın iç hissəsi divar kağızı ilə örtülür. Bahalı sandıqlarsa məxmər parça ilə içlənir. 

Elə sandıqçılıq da Masallıda ənənəvi peşələrdəndir. Bu gün Ərkivan qəsəbəsində ata-baba peşəsini yaşadan sandıq ustaları, az da olsa, var. Turizmin inkişafı ilə əlaqədar ustalar kiçik ölçülü suvenir sandıqçalar da hazırlayırlar ki, alıb aparmaq asan olsun.

Ərkivandan söz düşmüşkən, buranı Masallının dağüstü parkı adlandırırlar. Şəhərdən yuxarıda, Yardımlı yolunun üstündə yerləşir. 18 min əhalisi var. Hər kvadrat kilometrinə 220 nəfər düşür. Bu, hətta Çindəkindən də böyük sıxlıqdır. Elə Masallı rayonunun da əhali sıxlığı orta ölkə göstəricisini üç dəfə üstələyir.

Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial-iqtisadi tərəqqi məqsədilə qəbul olunmuş proqramlar yerlərdə böyük vüsətlə icra edilir. Masallıda da yeni yolların, qaz xətlərinin çəkilişi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi, digər infrastruktur layihələr uğurla gerçəkləşir.  

İlin ilk yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışılıb. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov hesabat  məruzəsində vurğulayıb ki, ötən müddətdə yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Şəhərin küçələri genişləndirilib, yeni səkilər, müasir işıqlandırma sistemləri qurulub, yaşıllıq zolağı salınıb. Yeddi kilometrdə asfaltlama başa çatdırılıb. Viləş Park Bulvar kompleksinin tikintisi də sürətlə davam etdirilir.

Məhsul istehsalı və xidmətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 237,297 min manat olub. Sənaye məhsullarının həcmi 1,8 faiz, kənd təsərrüfatı istehsalı 2 faiz, pullu xidmətin həcmi 5,7 faiz artıb. Birinci yarımildə yerli gəlirlər 14 milyon 266,3 min manata qarşı 16 milyon 530,3 min manat, xərclər isə 94,7 faiz icra olunub. Sahibkarlara 144 layihə üzrə 990 min manatlıq kredit verilməsi fəaliyyət dairəsinin genişlənməsinə və 164 iş yerinin açılmasına şərait yaradıb.

Aqrar sahədə məhsul yığımı bərəkətli olub. İlin birinci yarısında qaramal 73,395 baş, davarlar isə 82,542 baş olub. Hesabat dövründə süd istehsalı 26 min 826,6 tona, ət istehsalı 3 min 198,8 tona çatıb. 11 min 891 hektarda taxıl, 1282 hektarda kartof, 515 hektarda bostan bitkisi, 2541,3 hektarda tərəvəz əkilib.

Məlum olduğu kimi, 2015-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan olunub. Bununla əlaqədar Masallıda aqrar sahənin inkişafına daha ciddi önəm verilir. Tərəvəzçiliyin inkişafı, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir. Yaşıl marketin yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacaq. Qızılağac və Kolatan kəndlərində “Azərsun” Holdinq tərəfindən 100 hektarda tərəvəz və bir o qədər də sahədə çay plantasiyası salınması bu istiqamətdə ciddi inkişafdan xəbər verir. Tərəvəzçilikdə 300 yeni iş yeri açılıb. Yaxın gələcəkdə bu sahəni 1000 hektara, çay plantasiyalarını 1200-1400 hektara çatdırmaq nəzərdə tutulur. Beləliklə, yaxın vaxtlarda çayçılıqla daha 500 nəfər məşğul olacaq.

Viləşçay Su Anbarı İstismar İdarəsi kanallarda 76 min kubmetr həcmində və 17 kilometr uzunluğunda lildən təmizləmə işi görüb, qapalı suvarma şəbəkələrində təmir aparılıb. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 20 hektarda meşə səpini və əkini aparıb.

Dövlət Proqramı çərçivəsində Masallı rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə qaz xəttinin çəkilməsinə başlanıb. Hesabat dövründə Qədirli, Xallıcallı, Kolatan, Səmidxan və Ətcələr kəndləri təbii qazla təmin olunub. Hazırda Xıl, Sərçuvar, Yeddioymaq, Qasımlı, Şıxlar, Təzəkənd, Öncəqala, Hüseynhacılı kəndlərində bu iş davam etdirilir.

Masallı şəhərinin içməli su və kanalizasiya xəttinin çəkilişi üç ildir ki, davam edir. Muğan zonası və Qızılağac istiqamətində 42 kəndə su çəkilir. Mənbəyini Viləşçay anbarından alan bu xətt vasitəsilə kəndlərin bir neçəsi ilin sonunadək keyfiyyətli içməli su ilə təmin olunacaq.

Mənzil kommunal birliyi gündəlik sanitar-təmizləmə işinin həcmini 340 min kvadratmetrə çatdırıb. Küçə və prospektlərdə yağış suları üçün axarların təmizlənməsi davam etdirilir. Yaponiyanın ölkəmizdəki səfirliyinin köməyilə ötən ay məişət tullantılarının emalı poliqonu istifadəyə verilib.

Son illər Masallıda 47 məktəb tikilib və ya əsaslı təmir olunub. Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand məktəblərinin tikintisinə hazırlıq görülür. Olimpiya İdman Kompleksi tərəfdən Masallının əsas giriş qapısı olacaq. Burada Bayraq meydanı yaradılır, Nizami küçəsi yenidən qurulur. Polis şöbəsinin binası artıq istifadədir, payon məhkəməsi, regional “ASAN” xidmət mərkəzi, mühafizə və kənd təsərrüfatı idarəsi üçün binaların tikintisi davam etdirilir.

...Masallıya səfərimin son günü “Yeni həyat” qəzetinin redaksiyasına baş çəkdim, həmkarlarımla görüşdüm. Yeri gəlmişkən deyim ki, bu qəzetin redaktoru Əyyar Tahirli tələbəlik yoldaşımdır. Əvvəllər də yazmışam: Masallı haqqında ən maraqlı və mötəbər sayıla biləcək məlumatları, ilk növbədə, “Yeni həyat” vasitəsilə əldə edirəm.  Çünki bu qəzetin dürüstlüyünə söz ola bilməz. Əksəriyyət belə düşünür.  Redaktor  dedi ki, elə ilk ixtisası jurnalist olan icra başçısı Rafil Hüseynov  da  qəzetə dogma münasibət göstərir. Masallının yeni həyatının, uğur salnaməsinin “Yeni həyat”da layiqincə əksini tapmasına dəstəyini əsirgəmir. Mən yenə də bu qəzetin nömrələri ilə həvəslə tanış oldum. Açığını deyim ki, paytaxt jurnalistlərinin yaradıcı şəkildə bəhrələnməsi baxımından heç də hər rayon qəzeti  ümidləri doğrultmur. “Yeni həyat” istisnadır...

Qələm dostum təkidlə İstisuya qalxmağımızı xahiş elədi. Oraya yola düşdük və gördüklərimdən, doğrudan-doğruya, yetərincə zövq aldım. Bir-birindən gözəl, çal-çağırlı istirahət guşələri qonaqlarla dolu idi. Aşkar hiss olunurdu ki, rayona turist axını xeyli  güclənib. Əlbəttə, fərəh doğuran faktdır. Amma bu, həm də yerli təbiətə aşırı qayğı ilə yanaşmağı, gəzməli-görməli yerlərin sayını çoxaltmağı, servis mədəniyyətini daha da yüksəltməyi zəruri edir.

Yaxşı ki, Masallı rayonunun rəsmiləri də, yurdsevər, qonaqpərvər camaatı da bu amala layiqincə xidmət edirlər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında