Rayonda altı ayda çox iş görülüb, çox uğurlar qazanılıb. Onsuz da həmişə qonaqlı-qaralı olan Şamaxıda bu gün turistlərin sayı-hesabı yoxdur. Hamı bu torpağa, bu yurda həvəslə gəlir, istirahət edir. Bu da təsadüfi deyil. Gələnlər üçün hər cür şərait yaradılıb. Şamaxı dağlarının gözəlliyinə baxmaqdan doymursan ki, doymursan.
Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar keçirilən müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asəf Ağayev geniş söhbət açdı. Bildirdi ki, 2015-ci ilin birinci yarısında qarşıya qoyulan vəzifələrin icrası əsasən təmin edilib. Rayonda 64,9 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyon manatdan çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,3 milyon manat təşkil edib. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,5 milyon, tikinti-quraşdırma işlərinin həcmi isə 7,3 milyon manat olub. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 96,1 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23,6 milyon manatdır. 2015-ci ilin altı ayında rayon üzrə 452 daimi iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ildən indiyə kimi rayon üzrə 11564 iş yeri yaradılıbdır ki, bunun da 8893-ü daimidir.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılıb.
Qeyd etdiyimiz kimi, tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidən qurulması, sosial problemlərin həlli istiqamətində xeyli iş görülüb.
Şəhərin Nərimanov küçəsində yenidənqurma və abadlıq işləri davam etdirilib. Küçədə yeni layhiyəyə uygun olaraq xüsusi materiallarla barıların, küçə boyu yeni yaşıllıqların salınması, piyadalar üçün səkilərin uzlənməsi, müəyyən yerlərdə xüsusi işlənmiş layihəyə uyğun yeni barıların tikintisi və digər işlərin görülməsi şamaxılıların zövqünü oxşayacaq.
Rayonun Mədrəsə qəsəbəsində 380, Şərədil kəndində 80 şagird yerlik tam orta məktəbin, 5 saylı 100 yerlik uşaq bağçası-körpələr evinin, şəhid və əlillər üçün 36 mənzilli və regional qeydiyyat şöbəsi üçün nəzərdə tutulmuş binaların inşaası davam etdirilib. Bundan əlavə, S.Ə.Şirvani küçəsində inşaası nəzərdə tutulan yeni 100 yerlik uşaq bağçası-körpələr evinin layihə sənədləri hazırlanıb. Şamaxı-Pirqulu avtomobil yolunun Əngəxaran kəndinin ərazisindən keçən hissəsində xeyli abadlıq işləri aparılıb. Belə ki kəndin ərazisindən keçən avtomobil yolunun hər iki tərəfində beton bardur çəkilərək üzərində metal tor quraşdırılıb. Bundan əlavə rayonun Talışnuru və Hacıqədirli kəndlərində müasir tələblərə cavab verən məktəblər tikiləcək. Kərkənc kənd məktəbində idman zalının tikintisi isə başa çatmaq üzrədir.
2015-ci ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı, təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılıb. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilib, geniş yaşıllaşdırma işləri aparılıb. İməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 12 min ədəddən çox ağac və gül kolları əkilib.
Sonra rayon icra hakimiyyətinin başçısı elektrik və qaz təsərrüfatında olan vəziyyəti təhlil etdi. Bu sahədə görülən işlərdən danışdı. Uğurları sadaladı.
Şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulmasından danışan başçı qeyd etdi ki, altı ay ərzində Göyzəmi su mənbəyindən 219 diametrli boru ilə 2800 metr məsafədən yeni su xətti çəkilib. Ağabəyli və Nanəli su xətlərində cari təmir işləri aparılıb. Şəhərdaxili şəbəkə xətlərində 15485 metr uzunluğunda müxtəlif diametrli su xətlərində təmir işləri həyata keçirilib. Daxili kanalizasiya xətlərində 140 ədəd baxış quyusu təmizlənib, 4073 metr müxtəlif diametrli kanalizasiya xətlərində təmir işləri görülüb. Ötən dövr ərzində yeni tikilən mərkəzi nasosxana istifadəyə verilib. Şəhərin küçələrinə 1,4 kilometr kanalizasiya 3,2 kilometr isə su xətləri çəkilib.
Asif Ağayev öz çıxışında təhsil, səhiyyə və mədəniyyət sahələrinə də xüsusi yer ayırdı. Vurğuladı ki, böyük səbəkəyə malik olan bu sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox işlər görülüb. Sevindirici haldır ki, bu il Şamaxı məktəblərini bitirən gənclər qəbul imtahanlarında uğurlar qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonda xeyli işlər görüldüyünü deyən Asif Ağayev əhaliyə göstərilən tibbi xidmət sahəsində bəzi nöqsanların olduğunu da qeyd etdi. Bildirdi ki, ayrı-ayrı sahələr üzrə xəstəliklərin sayının artması, kənd və qəsəbələrdə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının aşağı səviyyədə olması, həkim kardlara olan ehtiyacın ildən- ilə artması, sözün həqiqi mənasında, təəssüf doğurur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 29-da Şamaxı İncəsənət Təhsili Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbi şagirdlərinin birgə konserti, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin , Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Sabir poeziya günləri şamaxılılıarın yaddaşında uzun illər yaşayacaqdır.
Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilən Şamaxıda turizmin inkişafı, turist obyektlərin tikintisi və əsaslı təmiri, əhaliyə göstərilən turizm xidmətlərinin yüksəldilməsi ilə əlaqədar çox böyük işlər görülüb. Müasir standartlara cavab verən otellər, istirahət mərkəzləri tikilib istifadəyə verilib. Elə bunun nəticəsidir ki, buraya gələn turistlərin sayı sürətlə artmaqdadır.
Bugünkü Şamaxının mənzərəsi belədir. Hər yerdə irəliləyiş, hər sahədə uğur var.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər də bunu dönə-dönə təkrarladılar.
Bildirdilər ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.