Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kvadratmetrdən az olan evlərin sahiblərinə Nərimanov rayonunda ikiotaqlı mənzillərin açarları təqdim edilib

Son illər paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu işlərin davamı olaraq Bakı şəhərinin baş planının icrasının təmin olunması, şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonundakı “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi prosesinə başlanıldı.

Ötən müddətdə ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi və qiymətləndirilməsi, satınalmadan sonra əhalinin köçürülməsi istiqamətində tədbirlər davam etdirilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən  bildiriblər ki, “Sovetski” adlanan ərazidə sahəsi 25 kvadratmetrdən az olan evlərin sahiblərinə ikiotaqlı mənzillərin açarlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılan işçi komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov bildirib ki, satınalma tədbirlərinin həyata keçirilməsi ümumilikdə altı mərhələdə nəzərdə tutulub. Bu tədbirlər isə təxminən 10 min 500 mənzil təsərrüfatını əhatə edir. Hələ Sovet İttifaqı dövründə paytaxt əhalisi üçün vacib sayılan, lakin həyata keçirilməyən bu irimiqyaslı layihə müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə öz həllini tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində on illər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Bildirilib ki, ilk iki mərhələ üzrə ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış sahəsi üçün yararsız, az kvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəzərə alınıb. Dövlət başçısının bu ciddi problemin həllinə göstərdiyi dəstək və diqqət nəticəsində Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin Nərimanov rayonunda Fətəli Xan Xoyski küçəsi 98A ünvanda 104 mənzilli və Koroğlu Rəhimov küçəsi, 9 ünvanda 96 mənzilli, ümumilikdə 200 mənzilli iki yaşayış binasında tam təmirli ikiotaqlı mənzillərlə əvəz edilməsi qərara alınıb. Fətəli Xan  Xoyski küçəsi, 98A ünvanda 104 mənzilli binada təmir işləri tam başa çatdırılıb. Digər binada isə işlər sürətlə davam etdirilir.

İyulun 23-də isə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 93 ailə arasında mənzillər bölüşdürülüb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirib ki, mənzillərin bölüşdürülməsi tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib və 93 yeni mənzilin sahiblərinin adları müəyyən olunub. Sonra Fətəli Xan Xoyski küçəsi, 98A ünvandakı binanın mənzillərinin açarları sakinlərə təqdim edilib. Tədbir iştirakçıları evlərdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, yeni mənzillərin verilməsi bu məqsədlə yaradılan komissiyanın apardığı araşdırmaların nəticələrinə müvafiq olaraq digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib. Sərəncamda alqı-satqı proseduru, həmçinin yeni mənzillərə dair mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi üçün aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən iki-üç dəfə, bəzi hallarda isə dörd dəfə böyükdür. Bu, Prezident İlham Əliyev tərəfindən illərlə çətin şəraitdə yaşayan iki yüz ailəyə göstərilən növbəti diqqət və qayğıdır. Bütün mənzil sahibləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Köçürülmə prosesinə başlanan gündən indiyədək 8600 mənzil və qeyri-yaşayış sahəsinə tam ölçülü və qiymətləndirmə işləri yekunlaşdırılaraq sənədlər paketi hazırlanıb. 2320 mənzil və qeyri-yaşayış sahələrinin sahibləri ilə alqı-satqı aparılıb və tikililər sökülərək ərazi boşaldılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər olan ərazidə əhaliyə məxsus tikililər bütünlüklə satın alınıb, əhalinin köçürülməsi və ərazinin təmizlənməsi təmin edilib. Sakinlər üçün avtomobil yolunun tikintisinə başlanılıb. Koroğlu Rəhimov küçəsi, 9 ünvanda 96 mənzilli binada işlər başa çatdıqdan sonra az kvadratlı mənzillərdə yaşayan digər sakinlərə də evlərin açarları təqdim olunacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında