Təzadlar ölkəsi İslandiya...

Lap uzaqlarda, Şimal qütbünün yaxınlığında bir ölkə var: İslandiya. İşıqla gecənin, soyuqla istinin qovuşduğu yerdir. Torpağının üstü də, altı da qaynayır. Müasirliklə qədimliyin çulğalaşdığı “buzlaqlar ölkəsi”ndə təbiətin hökmranlığını hiss etmək üçün də turistlər İslandiyaya axışırlar. Təzadların kəsişdiyi bu diyar da, deyəsən, belə diqqətdən məmnundur.

 

Dünyanın o başında...

 

İslandiya parlaq və zəngin təəssüratlar ölkəsidir. Axı, fantastik kraterlərlə və soyumuş lavalarla bəzənmiş Aylı mənzərələrin at ilxılarının və qoyun sürülərinin otladığı sakitləşdirici çəmənliklərlə qonşuluq etdiyi məmləkətə daha harada rast gəlmək olar? Mürgüləyən vulkanların, şıltaq qeyzerlərin və şəlalələrin insanda yaratdığı təəssürat isə bir başqa aləmdir. Bəli, Şimal qütbünün yaxınlığında yerləşməsinə baxmayaraq, İslandiya insanı heyrətləndirən təkrarolunmaz təbiətə malikdir. “Buzlaqlar ölkəsi” adlanmasına rəğmən, İslandiyanın insanı donduracaq soyuq iqlimi yoxdur, isti Qolfstrim cərəyanının yaxınlıqdan keçməsi adada havaların dözülməz soyumasına imkan vermir.

Doğrudur, yay aylarında havanın 10-12 dərəcə isti olması cənub insanında müəyyən qədər narahatlıq yaradır. Gecələrin işıqlı keçməsi də adaya təşrif buyuranlarda qarışıq hisslər oyadır. Çünki, Aylı axşamları müşahidə etməyə alışmış turistdə İslandiyada gecələri Günəş şüalarının altında keçirməsi, əlbəttə ki, maraq qarışıq narahatlıq yaratmaya bilməz. Amma Şimal ölkəsində bütün gününü göydən asılı qalmaqla keçirən buludlar arasından boylanan, rəngi bir az saralmış Günəşin solğun şüalarının dəniz sularına düşən qızılı zolağını izləmək insanda çətin ifadə ediləcək hisslər yaradır. Türklər bu mənzərəyə “yakamoz” deyirlər. Uzaq İslandiyada təbiətin bu tablosunu müşahidə etmək, razılaşın ki, bir qədər qeyri-adidir.

Ümumiyyətlə, İslandiya qeyri-adiliklərlə zəngindir. Qaynayan qeyzerlər, mavi göllər, palçıq vulkanlarının vurnuxduğu qırmızı-sarı vadilər, qara çimərliklər, yaşıl təpəciklər və lava səhraları dekorasiyasız fantastik filmlər çəkilişi üçün ideal yerlər sayılır. Adaların səthi də Ay mənzərələrini xatırladır. Amerikalı kosmonavtların kosmosa üçmazdan öncə burada avadanlıqlarını sınaqdan keçirdikləri də məlumdur. Burada şəhər, qəsəbə adları da qeyri-adi səslənir. Məsələn, Reykyavik, Akyureyri, Koupavoqyur, Hafnarfyordur şəhər adlarını təkrarlayan zaman səhvlərə yol verməmək çətindir.

Ümumilikdə, Norveç və Danimarka krallıqlarının əsarəti altında yeddi əsr yaşamalarına baxmayaraq, islandların ana dillərinin təmizliyini qoruyub saxlaya bilmələrini bu azsaylı xalqın qürur mənbəyi kimi qiymətləndirmək olar. Ana dilinə belə qayğı bu gün də göstərilir və islandlar başqa dillərdən sözlər mənimsəmədiklərinə görə fəxr edirlər. Maraqlıdır ki, yeni anlayışları ifadə etmək üçün islandlar beynəlxalq terminlərdən istifadə etmirlər, bunun üçün öz sözlərini yaradırlar. Məsələn, onlar telefonu saqalarında (saqa Orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir) milli qəhrəmanlarının istifadə etdikləi sehrli iplərin şərəfinə “simi” adlandırırlar.

İslandlar uşaqlarına ad seçən zaman da ənənələrə sadiq qalırlar. Övladlarına qədim Skandinaviya adlarını verməklə, ulu babalarına hörmətlərini nümayiş etdirdiklərini düşünürlər. İslandiya qanunvericiliyi də ad seçmək imkanını məhdudlaşdırır. Belə ki, fonetik və qrammatik uyğunsuz hesab edilən adlar müvafiq dövlət orqanı tərəfindən qəbul olunmur.

 

Reykyavik-“tüstülənən buxta”

 

Reykyavikin şəhər adlandırılmadan öncə ferma olduğunu bilirdinizmi? 874-cü ildə norveçli köçkün İnqolfr Arnarsonun indiki Reykyavikin yerində ferma yaratdığı bildirilir. O zaman yeni torpaqların qeyzerlərinə, vulkanlarına və termal sularına valeh olan köçkünlər yerləşdikləri məskəni Reykyavik adlandırmışdılar ki, bunun da mənası  “tüstülənən buxta” deməkdir. Bakı şəhərindən İslandiyanın “tüstü dolu” paytaxtına olan hava məsafəsi təqribən 5 min kilometr təşkil edir. Belə uzaq məsafədə yerləşməsinə və dünyanın ən şimal paytaxtı adlandırılmasına baxmayaraq, 1786-cı ildə şəhər statusu alan Reykyavik müasirliyi və təbiət landşaftı ilə qonaqlarda rəğbət hissi oyadır.

Kifayət qədər gənc və müasir şəhər olan Reykyavikdə sənaye obyektləri yoxdur, evlər isə termal su mənbələri hesabına qızdırılır. Buna görə də, şəhər təmiz və təravətli havasına görə məşhurdur. 10 dərəcə isti altında bir-birinə bənzəməyən, ancaq bir-birini tamamlayan evlər arasında gəzmək turistlərə ayrı zövq verir. Diqqətimizi cəlb edən məqamlardan biri də paytaxtda yaşayış binaları və məhəllələri arasında böyük məsafələrin saxlanlmasıdır. Belə görünür, islandlar boşluğun gözəlliyini yüksək qiymətləndirirlər. Paytaxtda cəmi 200 min əhalinin yaşaması da öz sözünü deyir. Bir də ki, cəmi 320 min nəfər əhalisi olan İslandiyanın genişliyə “vurulması” başadüşüləndir.

Reykyavikdə həyat təzadlı və müxtəlifdir. Burada vikinqlərin qədim ənənələrini hörmətlə anırlar, eyni zamanda, müasir tendensiyaları da dəstəkləyirlər. Paytaxtın görməli yerləri arasında Altinq binasını (parlament), Reykyavik kafedral kilsəsini və çoxsaylı muzeyləri sadalamaq olar. İslandiya paytaxtında bir ev də var ki, onun haqqında danışmamaq mümkün deyil. Sahildən bir az aralıda yerləşən Hovdi evi adlı həmin taxtadan tikilmiş üçmərtəbəli binada imzalanmış saziş müasir dünya tarixində inqilabi dəyişikliklərin başlanmasına təkan vermişdi. Məhz həmin evdə 1986-cı ildə ABŞ Prezidenti Ronald Reyqan ilə keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov arasında imzalanmış razılaşma ilə “soyuq müharibə”yə son qoyulmuşdu.

Maraqlıdır ki, Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin və tanınmış müğənni Marlin Ditrixin də Hovdi evində qaldıqları məlumdur. Reykyavikin bəzi rayonları okeana çox yaxın yerdə yerləşir. Paytaxtın Hrinqbreyte mərkəzi küçəsi də qonaqları okeandan qaya parçaları ilə ayrılan sahil zolağına aparır. Burada da qürub zamanı əsl idilliyadır (sakit, qayğısız həyat). Günəşin nəvazişli şüaları altında qağayılar çimir, bir qədər uzaqda gəmilər üzür, dalğalar sahilə can atır və bütün bunları da tənha mayak müşahidə edir.

 

Qiymətlər “ceyran belində”...

 

Skandinaviya ölkələrindən söhbət düşəndə ilk növbədə göz önünə qiymətlərin yüksək olması gəlir. Doğrudan da, Norveçdə, İsveçdə və Danimarkada qiymətlər çox yüksəkdir. Amma İslandiyadakı qiymətləri, necə deyərlər, “ceyran belində” gördük. İslandlar qiymətlərin hələ aşağı düşdüyünü deyirlər. Buna səbəb kimi də 2008-ci ildə baş vermiş maliyyə böhranını göstərirlər. Ümumiyyətlə, islandlar 2008-ci ildən bu yana çox dəyişikliklərin olduğunu bildirirlər. “Buzlaqlar ölkəsi”nin sakinləri həmin illəri kədərlə xatırlayır, ölkənin düşdüyü ağır vəziyyətin bir daha təkrarlanmayacağına ümid edirlər.

Əslində, islandları anlamaq çətin deyil. Çünki 2008-ci il maliyyə böhranının İslandiyaya vurduğu zərbə Avropanın heç bir ölkəsində müşahidə edilməmişdi. Ölkənin 3 ən böyük bankında xarici borcların səviyyəsinin artması İslandiyada maliyyə böhranına yol açmışdı. 2007-ci ildə borc səviyyəsinin ümumi daxili məhsul istehsalının 900 faizinə çatması və beynəlxalq kredit bazarlarının çökməsi İslandiya banklarının iflasına, o cümlədən ölkə iqtisadiyyatının süqutuna gətirib çıxarmışdı. Milli valyuta kronun avroya olan məzənnəsinin 85 faiz ucuzlaşmasından sonra iqtisadi böhran siyasi böhranın başlanmasına təkan vermiş və hökumət istefaya getməyə məcbur olmuşdu.

Yeni hökumət beynəlxalq maliyyə təşkilatlarının  borcları 15 il ərzində ödəmək tələbini yerinə yetirməyə razılıq versə də, islandlar maliyyəçilərin məsuliyyətsiz idarəçiliyinə görə cavab verməyəcəklərini təsdiqləmək üçün referenduma getmiş və borcları ödəməkdən imtina etmişdilər. Əsl “komediya” bundan sonra baş vermişdi. Beynəlxalq Valyuta Fondu kreditləşməni dayandırmış, Avropa İttifaqı İslandiyanı sanksiyalarla hədələməyə başlamışdı.

Amma indi məlum olur ki, islandlar 2008-ci ildə doğru addım atmışdılar. Təhdidlərə baxmayaraq, kiçik maliyyə qrupunu cəzalandıran islandlar qısa zaman ərzində uçurumun astanasından qayıtmağı bacarmışdılar. Ölkə iqtisadiyyatı normal artım tempi nümayiş etdirir, işsizlik səviyyəsi 6 faizi keçmir. Hazırda inflyasiyanın sabitləşdiyi, dövlət büdcəsinin kəsirsiz yerinə yetirildiyi bildirilir. Kronun devalvasiyası da ixracatın artmasına və ölkəyə valyuta gəlməsinə şərait yaratmışdı. Zəngin su və geotermal ehtiyatların olması da ölkə iqtisadiyyatına düşən yükü azaldır.

Qeyd etmək yerinə düşər ki, İslandiya enerjiyə olan tələbatının 91 faizini su və geotermal ehtiyatlarının hesabına təmin edir. Milli valyutanın ucuzlaşması da ölkədə turizmin inkişafına təkan vermişdi. Hazırda İslandiya turizm sahəsindən yaxşı gəlir götürür. Ən əsası isə, islandlar bu gün aldıqlarından daha çox satırlar ki, bu da daxili bazarlarda qiymətlərə müsbət təsir göstərir. 2008-ci il maliyyə böhranı islandları müflisləşdirsə də, yeni İslandiya formalaşdırmaq istəyini öldürmədi. Bu gün islandlar əcnəbilərə yenilənmiş İslandiyanı göstərməyə çalışırlar və etiraf etmək lazımdır ki, bu, onlarda yaxşı alınır.

Dünyada, xüsusilə də sanksiya kötəyini havada fırladan Avropa İttifaqında “İslandiya möcuzəsi”ndən təəccüblə danışırlar. “Köhnə dünya” ölkələri Avropa Birliyindən uzaq dayanmağa üstünlük verən İslandiyanın uğurunun nədən ibarət olduğu ətrafında hələ də müzakirələr aparır. İqtisadi reseptlər isə çox sadədir: hökumət ölkədə ciddi maliyyə nəzarəti sistemi yaratdı, nağd pulların ölkədə saxlanılmasına qərar verdi və sərmayədarları yalnız milli iqtisadiyyata pul yatırmağa məcbur etdi. Nəticələr də özünü çox gözlətmədi, 4-5 ildən sonra İslandiya yenidən sakit və firavan həyatına qovuşdu.

Bir sözlə, belə gözəl, eyni zamanda sərt iqlim şəraitinə malik İslandiya sakinlərinin yaratdıqları sivilizasiyaya heyran qalmamaq mümkün deyil. Bizə də keçmişinə böyük qayğı, gələcəyinə isə böyük diqqət yetirən “buzlaqlar ölkəsi”nə uğurlar diləmək qalır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti” Bakı-Reykyavik-Bakı
(Fotolar müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında