Azərbaycanda tibb ictimaiyyəti arasında nüfuz sahibi olan alimlər çoxdur. Onlar xalqımızın intellekt sərvəti olub, elmin sirlərinə yiyələnir və bunu böyük maraq və həvəslə başqalarına da öyrədirlər.
Xalq da belə övladlarının gücünə, qüvvəsinə, potensial imkanlarına inanır və onları daim diqqətdə saxlayır. Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Rusiya Tibb Elmləri Akademiyasının xarici üzvü Namiq Əliyev belə alimlərindəndir. O, hazırda malik olduğu hörmət və etimadı özünün gərgin əməyi, elmin çətin və əzablı yollarında inadkarlığı, mübarizliyi ilə, bitib-tükənməyən enerjisi ilə qazanmışdır. Professor N.Əliyev sözün əsl mənasında, ömrünü elmi axtarışlarda əritmiş, tibb elminə sanballı töhfələr vermişdir.
Namiq Əliyev 1940-cı il iyulun 28-də Bakı şəhərində Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nəriman Əliyevin ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində o, uzun müddət tələbə elmi cəmiyyətinin sədri və müxtəlif elmi konfransların təşkilatçısı və iştirakçısı olmuşdur, arzuları onu elmi axtarışlara səsləmiş, bu axtarışlar qazandığı uğurların açarı olmuşdur. Təcrübə göstərir ki, uğuru yalnız o şəxslər qazanırlar ki, gördükləri işin məsuliyyətini dərk edir və qarşıya qoyduqları məqsədə çatmaq üçün getdikləri yolda maneələrin dəf edilməsində əkmkarlıq göstərirlər.
İllər keçdikcə N.Əliyev də səbirli olmağı, işinə məhəbbətlə yanaşmağı öyrəndi, böyük bir alimin oğlu olmaq şansından istifadə etmədi, atasının şöhrətinə arxayınlaşmadı, həyat nərdivanını pillə-pillə, öz zəhməti ilə keçdi.
1968-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirən Namiq Əliyev Sumqayıt şəhərinin 1 saylı uşaq xəstəxanasında həkim-pediatr vəzifəsində işləmiş və elə həmin ildə Tibb İnstitutunun mikrobiologiya kafedrasında əyani aspiranturaya daxil olmuşdur. 1970-ci ildə aspiranturanı bitirən N.Əliyev tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Maqnit sahəsinin bəzi mikroorqanizmlərin morfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda dissertasiya müdafiə etmişdir. 1971-ci ildə Tibb İnstitutunun yoluxucu xəstəliklər kafedrasının assistenti, 1981-ci ildən isə dosenti vəzifələrində çalışmışdır.
Böyük təşkilatçılıq qabiliyyəti olan N.Əliyev 1982-1986-cı illərdə respublika Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının sədr müavini, 1986-1991-ci illərdə sədri, 1993-1994-cü illərdə isə elm idarəsinin rəisi işləmişdir.
Namiq Əliyev sonrakı elmi fəaliyyətində ilk dəfə olaraq, elektromaqnit sahəsinin kosmik faktor kimi insan orqanizminin normal mikroflorasına təsiri və orqanizmdə autoinfeksiyanın baş verməsinin mümkünlüyü fikrini irəli sürmüşdür. Onun elmi fəaliyyəti stafilokoklar, streptokoklar, bağırsaq çöpləri, qarın yatalağı çöpləri, serrasiyaların morfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinin tədqiqi, bəzi patogen və şərti-patogen mikroorqanizmlərin böyüməsi və çoxalmasına dair məsələlərin elmi-nəzəri aspektlərinin öyrənilməsini əhatə etmişdir. Uğurlu elmi axtarışlarının nəticəsi olaraq, o, 1988-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün SSRİ (hazırda Rusiya) Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunda “Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini və Ali Attestasiya Komissiyasının qərarı ilə “Yoluxucu xəstəliklər” ixtisası üzrə “professor” elmi adını almışdır.
1990-cı ildən N.Əliyev Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri olmuşdur. O, dərs dediyi hər bir tələbəyə qayğı ilə yanaşmış, ölkəmizdə peşəkar tibb kadrlarının hazırlanması üçün bir pedaqoq kimi böyük zəhmət sərf etmiş, onlara Azərbaycanın ölkə patologiyasında geniş yer tutan yoluxucu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası yollarını öyrətmək üçün böyük işlər görmüşdür.
Professor Namiq Əliyev 1994-cü ildə V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur və indiyədək bu vəzifədə çalışmaqda davam edir. Respublikamızın yenicə müstəqillik qazandığı və əvvəlki elmi əlaqələrin itirildiyi, maddi çətinliklərin üzə çıxdığı bir dövrdə böyük bir elmi-tədqiqat institutuna rəhbərlik etmək, elmi işləri planlaşdırmaq, peşəkar mütəxəssisləri cəlb etmək və onların fəaliyyətini tənzimləmək, institutun yaşamasını təmin etmək heç də asan deyildi. Lakin, N.Əliyev bu çətinliklərin öhdəsindən gəldi, bacardığını etdi və nəticədə, institut fəaliyyətini nəinki davam etdirə, hətta canlandıra bildi.
N.Əliyev infeksion patologiya, mikrobiologiya, epidemiologiya, immunologiya və maqnitbiologiya sahəsində yüksək ixtisaslı alimdir. Onun elmi tədqiqatlarının əsas istiqaməti fiziki və kimyəvi faktorların — maqnit sahəsi, lazer və ultrabənövşəyi şüaların müxtəlif yoluxucu xəstəliklər zamanı orqanizmin immunbioloji davamlılığına təsirinin öyrənilməsi, bir sıra yoluxucu xəstəliklərin diaqnostika, müalicə və profilaktikasının yeni üsullarının işlənib hazırlanması və artıq məlum olan üsulların təkmilləşdirilməsidir.
Professor, AMEA müxbir üzvü, professor Namiq Əliyev böyük alim olmaqla yanaşı, həm də gözəl həkimdir, yüzlərlə xəstənin müalicəsi onun həkim istedadının, bacarığının sübutudur. Respublikamızın bütün rayonlarından gələn və onun əlindən şəfa tapan xəstələr Namiq həkimi həmişə çox böyük minnətdarlıq hissi ilə xatırlayır, onun haqqında ürək dolusu danışır, minnətdarlıqlarını bildirirlər.
Professor N.Əliyevin apardığı elmi tədqiqatların nəticələri bir sıra beynəlxalq konfransların materiallarında dərc olunmuş, məruzələri Bolqarıstan, Macarıstan, Türkiyə, İsrail, İran, İspaniya, ABŞ, MDB respublikaları və digər ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda dinlənilmişdir.
N.Əliyev Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisidir. Onun rəhbərliyi altında institutun əməkdaşları respublikada yoluxucu-parazitar xəstəliklərlə mübarizənin elmi-təcrübi əsaslarının işlənib hazırlanması istiqamətində sanballı elmi-tədqiqat işləri aparmışlar.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 4 fevral 1991-ci ildə ona “Əməkdar həkim”, 2 noyabr 2000-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adları verilmişdir. 2001-ci ildə AMEA müxbir üzvü, 2002-ci ildə isə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi xarici üzvü seçilmişdir. 2003-cü ildən Azərbaycan Tibb Universitetinin nəzdində mikrobiologiya, gigiyena, epidemiologiya, yoluxucu xəstəliklər üzrə ixtisaslaşdırılmış dissertasiya şurasının sədri seçilmişdir.
N.Əliyev Azərbaycan Elmi-Praktik İnfeksionistlər Cəmiyyətinin sədridir. O, Beynəlxalq İmmunreabilitasiya Cəmiyyətinin, İmmunreabilitoloqların Amerika Assosiasiyasının, Rusiya İnfeksionistlər Cəmiyyətinin, Rusiya İmmunoloqlar və İmmunreabilitoloqlar Cəmiyyətinin, Azərbaycan İmmunoloqlar və Allerqoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. N.Əliyev bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2010-cu ildə, Azərbaycan Respublikası Prezidentinin 26 iyul tarixli, 1044 saylı sərəncamı ilə ölkə səhiyyənin inkişafında xidmətlərinə görə Namiq Nəriman oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif olunmuşdur. O, 300-dən artıq elmi işin, 1 dərslik, 4 tədris vəsaiti, 4 elmi-kütləvi kitabça, 3 monoqrafiya, 30-dan çox metodik tövsiyənin və 8 patentin müəllifidir.
Namiq müəllim yüksək ixtisaslı gənc kadrların hazırlanmasına da xüsusi diqqət və qayğı göstərmişdir. Onun rəhbərliyi altında 16 fəlsəfə doktorluğu və 3 doktorluq dissertasiyası müdafiə edilmişdir.
Şərəfli həyat yolu keçmiş, böyük alim, ziyalı, gözəl ailə başçısı, professor Namiq Əliyevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.
Həqiqət QƏDİROVA,
tibb elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.