Goranboy: Dövlət başçısının diqqət və qayğısı bu bölgəni sürətli inkişaf yoluna çıxarıb

Goranboy Rayon İcra Hakimiyyətindən verilən arayışı,  necə deyərlər, birnəfəsə oxumaq mümkün  deyil. Özü də təkcə ona görə yox ki, bu dəfəki arayış daha geniş və əhatəli idi. Həm də ona görə ki, burada sadalanan fakt və rəqəmlər, aparılan  təhlil  və ümumiləşdirmələr, qarşıdakı illərə yönəldilmiş  hədəflər o qədər  maraq oyatdı ki, onları ayrı-ayrılıqda təhlil  etmək,  illər  üzrə  müqayisələr aparmaq üçün xeyli vaxt ayırmalı olduq.

Belə yerdə yaxşı  deyiblər:  hər şey müqayisədə aşkara çıxır. Doğrudan da, Goranboy rayonunun son illərdəki  sosial-iqtisadi  inkişafını əks etdirən fakt, rəqəm və göstəriciləri təhlil edəndə, müqayisələr aparanda  ürəkdən sevinməmək mümkün deyil. Məsələ burasındadır ki, rayonda inkişaf və yüksəlişi əks etdirən rəqəmlər aylar, illər deyil, az qala günlər, həftələr üzrə dinamik şəkildə inkişaf etmişdir.  Daha bir maraqlı cəhət ondan ibarətdir ki, yüksəliş təkcə bir istiqamətdə deyil, bütün sahələri də əhatə  etmiş, müntəzəm və  ardıcıl xarakter daşımışdır.

İqtisadi, sosial  və mədəni sahələrdə əldə edilmiş  uğurlar,  qazanılmış nəticələr isə göz qabağındadır. Yeri  gəlmişkən,  burada  bəzi  müqayisələr aparmaq yerinə  düşərdi: Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ötən illər ərzində 5 dəfə Goranboya tarixi  səfər  etmiş, görülmüş işlərlə yaxından tanış olmuş bir sıra  müxtəlif təyinatlı obyektlərin açılışında, yaxud təməlqoyma mərasimində iştirak  etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə  unudulmaz görüşlər  keçirmişdir. Həmin görüş  və  söhbətlər bu gün də  goranboyluların yaddaşında əziz  bir  xatirə  kimi yaşamaqdadır.

Onu da əlavə  edək ki, ölkə  Prezidenti həmin  səfərlərdə görülüb başa çatdırılmış  işlərə yüksək  qiymət verməklə yanaşı,  qarşıya  həllivacib,  təxirəsalınmaz  vəzifələr də qoymuş, aydın hədəflər  müəyyən  etmişdir. Bütün bunlar adamların  ruh yüksəkliyini, sabaha inamını daha da artırmış, bütün  səy  və  imkanlar  hərəkətə gətirilmişdir.

Həmin  müddətdə ölkə  başçısı  Goranboy  rayonunun  sosial-iqtisadi inkişafını sürətləndirmək  məqsədi ilə  5  sərəncam imzalamışdır. Bu  sərəncamlara  uyğun olaraq, rayon  icra hakimiyyətinə, ümumilikdə, 19,8 milyon manat  vəsait ayrılmışdır. Əlbəttə,  həmin  sərəncamların  hər biri  haqqında ayrıca  danışmaq, rayonun  sosial-iqtisadi və  mədəni  həyatında oynadığı  müstəsna rol barədə  geniş  bəhs  etmək olar. Ancaq bununla belə, 35 min  əhalinin yaşadığı, 18 yaşayış  məntəqəsini  birləşdirən Goranboy — Yuxarı Ağcakənd  avtomobil yolunun tikintisi ilə bağlı  30 iyul 2013-cü il tarixli,  həmçinin  həmin yolun  tikintisi ilə əlaqədar 10 iyun 2014-cü il tarixli sərəncamlarını  bir  daha  yada salmaq istəyirik. 

Onu da əlavə  edək ki,  həmin  yolun çəkilişində  işlər, demək  olar ki, başa çatmaq  üzrədir. Goranboy — Yuxarı  Ağcakənd avtomobil yolu,  deyildiyi kimi, böyük  bir  ərazidə  yaşayan insanların  rahat  gəliş-gedişinə  şərait yaradır. Digər  tərəfdən,  həmin  yol  rayonun  turizm  bölgəsinə — Qaraçayın sahili boyu, Murovun sinəsinə qədər  uzanıb  gedir.  Bu ərazidə isə  çoxlu istirahət  mərkəzləri yerləşir. Deməli,  rahat  asfalt yol bölgəyə turist axınını da  sürətləndirir. Heç  də  təsadüfi deyildir ki,  indi  əvvəlki illərlə   müqayisədə  istirahət  mərkəzlərinə  gələnlərin sayı  xeyli  artıb.

Oxucular  üçün  daha aydın  olsun deyə,  xatırladaq ki, 2003-cü illə  müqayisədə  ötən il  rayon üzrə ümumi  məhsul buraxılışının  həcmi 28 faiz, o  cümlədən  sənayedə 28  faiz, kənd  təsərrüfatında 23,4  faiz olmuşdur. Önəmlisi isə budur ki, əsas  kapitala yönəldilmiş investisiya 37,3  dəfə, tikinti-quraşdırma işləri 61,2 dəfə  artmışdır.

Sahibkarlığa Kömək  Milli  Fondu və  Kənd  Təsərrüfatı Kreditləri  üzrə Dövlət Agentliyi tərəfindən 633 sahibkara 7,9 milyon  manat güzəştli  kredit verilmişdir. Bu kreditlər hesabına 1180 yeni iş yeri açılmışdır. Kənd təsərrüfatı  məhsulları istehsalçılarına 10,6 milyon  manat yardım edilmişdir. Ümumiyyətlə, 2003-2014-cü  illərdə 9597-si  daimi olmaqda 19140 yeni iş yeri  yaradılmışdır.

Goranboy  rayonunun  son  illərdəki dinamik  inkişafını  əks etdirən  rəqəm və göstəricilərə  nəzər salanda adama elə gəlir ki, bu  bölgə, sanki, tamamilə  yenidən  qurulub, tikilib, abadlaşıb.  Bəzi xarakterik faktları birlikdə  yada  salaq. Goranboy  şəhərində ulu öndərin adını daşıyan mədəniyyət  və  istirahət  parkında yenidənqurma  işləri  aparılmış  və ona  bitişik  ərazidə 3 mərtəbəli, geniş  və əzəmətli Heydər Əliyev Mərkəzi tikilmişdir. YAP  rayon təşkilatı,  Qaz istismar və su-kanal idarələri,  Şahmat  məktəbi, “Gənclər” parkı və Gənclər evi, üzgücülük  hovuzu, 18  tibb məntəqəsi, 50  məktəb  binası, qaçqın  və məcburi  köçkünlər  üçün 12  yaşayış binası, 7 körpü...

Rayon üzrə 87  yaşayış məntəqəsindən 62-si qazlaşdırılmışdır. “Gilan Holdinq”in,  “Gips Kordon” və “Gips” zavodlarının, “Lalə Tekstil”in  rayon filialları yaradılmışdır. Goranboy şəhərinin su və kanalizasiya sisteminin yenidən  qurulması layihəsi üzrə  işlər  başa çatmışdır. Su  kəməri boyunca yerləşən 17 kənd içməli su  ilə  təmin  edilmişdir. Təkcə  keçən il  ciddi  ehtiyac olan  yaşayış  məntəqələrində 15  artezian  quyusu qazılmışdır. Cari ildə  isə 20  quyunun qazılması  nəzərdə tutulur.

Hazırda Dəliməmmədli  şəhərində Heydər Əliyev parkının salınmasına başlanılmışdır. Parkda  ulu öndərin abidəsi qoyulacaqdır. Bundan  başqa,  Olimpiya İdman Kompleksinin, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış  üzrə  Dövlət  Xidmətinin  Goranboy şöbəsi üçün  inzibati  binaların,  Tarix-Diyarşünaslıq Muzeyi  üçün  əlavə   korpusun,  Heydər  Əliyev Fondunun  vəsaiti  hesabına 100  yerlik  uşaq  bağçasının,  Əzizbəyov  kəndində meyvə-tərəvəz saxlamaq üçün tutumu 22 ton olan  soyuducu anbarın tikintisi  sürətlə  davam  etdirilir.

Elə bilməyin ki,  bütün  bu sadaladıqlarımız son illər görülmüş  işlərin hamısıdır.  Xeyr! Biz  burada onlardan yalnız  bəzilərini  qeyd  etməklə  kifayətləndik.

Əlbəttə,  bu,  heç də o demək  deyildir ki, rayonda  bütün  məsələlər  həll edilib,  çətinlik  və  problemlər yoxdur. Elə bu günlərdə  ümumrayon  müşavirəsində də qeyd  edildiyi kimi, əldə  edilmiş  uğurlar arxayınçılığa  qətiyyən əsas vermir. Görüləcək işlər,  qarşıda duran  vəzifələr isə çoxdur. Onlardan  bir neçəsini burada qeyd  etmək istəyirik. Təəssüflər olsun ki, dəfələrlə  deyilməsinə, yazılmasına  baxmayaraq, rayonun 41 yaşayış  məntəqəsində,  xüsusilə, Dəliməmmədli  şəhəri  və  ətraf 27  kənddə əhalinin içməli  su ilə  təminatı pis vəziyyətdədir. Nəzərə almaq  lazımdır ki, həmin yaşayış  məntəqələrində 50 minə  yaxın  əhali  yaşayır. 20 mindən  artıq əhalinin yaşadığı 31 kənddə hələ də təbii  qaz yoxdur.

Bərbad  vəziyyətdə  olan Dəliməmmədli — Muzdurlar — Qıraqlı avtomobil yolunun  təmir edilməsinə  də  ciddi ehtiyac var. Rayon üzrə 78 məktəb, 15 uşaq bağçası qəzalı  vəziyyətdədir.

Bütün  bunların və digər  problemlərin  həlli isə aydındır ki,  rayonun öz  gücü və  imkanları  daxilində  deyildir. Deməli, müvafiq  respublika nazirlik  və şirkətlərin konkret  köməyinə  ciddi ehtiyac var.

Etiraf  edim ki, bölgə  müxbiri kimi, Goranboy ən çox  səfər etdiyim  rayonlardan biridir. Bir tərəfi arana, o biri tərəfi  başı qarlı dağlara söykənən bu bölgənin təbiəti, havası, suyu  kimi, adamları da səmimi, saf  və qonaqpərvərdir. Üstəgəl, rayonda sağlam ab-hava,  mənəvi-psixoloji  mühit  mövcuddur. Hər dəfə burada bir yeniliklə, təşəbbüs və yaradıcılıqla rastlaşırsan.

Goranboylular aparılan genişmiqyaslı tikinti-abadlıq  və  quruculuq tədbirlərində  həvəslə iştirak edir, öz şəhərlərini,  kəndlərini  daha abad,  müasir  və  yaraşıqlı  görmək  istəyirlər. Əsas  cəhət odur ki, rayon  icra  hakimiyyəti, onun yerli  strukturları  öz iş üslub və  metodlarını  daha  da   təkmilləşdirir,  maraqlı  və  müasir idarəetmə üsullarından bacarıqla istifadə  edirlər. İnsan  amili, onun  vacib  sosial  problemləri, vətəndaşların  qəbulu, ərizə,  şikayət və   məktublara  vaxtında  və həssaslıqla  baxılması  daim  diqqət mərkəzində saxlanılır.  Məsələn,  belə bir   fakt maraq doğurur ki, səyyar qəbullar  zamanı  rayon  icra  hakimiyyətinin  başçısı tərəfindən ötən il 153,  cari  ilin birinci  rübündə 37 nəfər  qəbul  edilmiş, müraciətlərin 60 faizindən  çoxu yerindəcə öz  müsbət həllini  tapmışdır.

Bəli,  Goranboy  öz inkişafının yeni  mərhələsinə  qədəm qoymuşdur. İndi  bütün  səy  və  imkanlar,  əlavə  ehtiyat  mənbələri hərəkətə gətirilmiş,  qarşıda duran vəzifələrin, müəyyən  edilmiş   hədəflərin uğurla  icrasına yönəldilmişdir. Görüşdüyümüz və söhbət etdiyimiz  rayon  sakinləri — ağsaqqallar,  ziyalılar,  gənclər  iqtisadi,  sosial  və  mədəni sahələrdə  əldə  edilmiş  böyük uğurlar, yaradılmış  şərait, gündəlik  diqqət  və qayğı  üçün, ilk növbədə, ölkə başçısı İlham  Əliyevə öz  səmimi təşəkkür və  minnətdarlıqlarını bildirdilər. Onlar  bu  qayğıya konkret əməli işlə cavab verəcəklərini bəyan etdilər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında