Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə mədəniyyətimizin, incəsənətimizin yüksəlişinə xüsusi diqqət yetirmiş, tarixi abidələrimizin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını və daha da inkişaf etdirilməsini ən vacib prioritetlərdən, təxirəsalınmaz hədəflərdən biri kimi qarşıya qoymuşdur.
Bu gün qürur və fərəh hissi ilə deyə bilərik ki, ulu öndərin bu kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla davam etdirilir. 2003-cü ildən bəri mədəniyyət və incəsənət sahəsində həyata keçirilən ciddi islahatlar, bu istiqamətdə qəbul olunan dövlət proqramları, imzalanan fərman və sərəncamlar dediklərimizə əyani sübutdur. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda, o cümlədən rayonumuzda mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni obyektlərin tikilməsi, əsaslı təmiri, bu sahədə çalışanların əmək haqqının vaxtaşırı artırılması, onların fəxri adlarla təltif edilməsi və s. bizə göstərilən gündəlik diqqət və qayğıdan xəbər verir.
Bu gün ciddi məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi bu istiqamətdə qarşıya qoyulmuş əsas vəzifələrin – ölkə Prezidentinin məqsədyönlü və davamlı sosial-iqtisadi, mədəni siyasətinin əhali arasında təbliği, qədim, zəngin milli-mənəvi irs və dəyərlərimizin yaşadılması, inkişaf etdirilməsi, əhaliyə göstərilən mədəni xidmətin məzmunca yeniləşdirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi üçün bütün imkan, səy və bacarıqlarını səfərbərliyə almışdır. Əldə etdiyimiz nəticələr isə, həqiqətən, sevindiricidir.
Belə bir faktı açıq etiraf etmək lazımdır ki, uzun illər Bərdə deyəndə yada ancaq pambıq, taxıl və s. yada düşürdü, əsas diqqət və səylər də məhz həmin sahələrə yönəldilirdi. Heç də təsadüfi deyildir ki, ötən əsrin 70-80-ci illərində, ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə Bərdə keçmiş SSRİ-nin ən böyük pambıq istehsal edən rayonu idi. Ancaq təəssüflər olsun ki, ötən əsrin 80-ci illərinin axırlarında bütövlükdə respublikamızı bürüyən xaos və qarşıdurma Bərdə rayonundan da yan keçməmişdir. Məhz həmin illərdə iqtisadiyyatın bütün sahələrində tənəzzül baş verdi, mədəni sahə tamamilə yaddan çıxdı.
İqtisadi, sosial və mədəni sahələrdə baş alıb gedən dağıntı və özbaşınalığa yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra son qoyuldu. Sonrakı illərdə və hazırda da müxtəlif sahələrdə davam edən və dünyanı heyrətə salan uğurlar isə hamımızın gözü qarşısındadır. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, ölkə başçısı İlham Əliyevin fəal dəstəyi, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə həyata keçirilən layihələr nəticəsində xalqımızın mədəni irsinin nadir inciləri UNESCO-nun Dünya irsi siyahısına daxil edilməklə bəşəri dəyər və status almışdır. Lap bu yaxınlarda bütün dünyanın diqqəti, haqlı olaraq, Bakıya, Azərbaycanımıza yönəlmişdi. İlk Avropa Oyunları Bakıda keçirildi! Bu, təkcə böyük mənada idman bayramı deyildi. Bu həm də müstəqil ölkəmizin dünya səviyyəsindəki hörmət və nüfuzu, iqtisadiyyatımızın, sosial həyatın, mədəniyyətimizin böyük təntənəsi və qələbəsi idi.
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi geniş və çoxcəhətli struktur şəbəkəsinə malikdir. Belə ki, hazırda rayonumuzda 148 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Mədəni-maarif ocaqlarında işləyənlərin sayı isə 1365 nəfərdir. Deməli, qarşıda duran başlıca vəzifə bu geniş şəbəkənin imkanlarından maksimum səmərəli istifadə etməkdən, bu sahədə ardıcıl və sistemli iş qurmaqdan ibarətdir. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, son illər bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər işlənib həyata keçirilmiş, xüsusilə, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların fəaliyyətinin daha da canlandırılması, intizam və tələbkarlığın yüksəldilməsi sahəsində bir sıra ciddi uğurlar əldə edilmişdir.
Ən əvvəl, əlbəttə, Heydər Əliyev park-bulvarının adını çəkmək lazım gəlir. Bu il mart ayının 12-də Prezident İlham Əliyevin açılışını etdiyi park-bulvar Tərtər çayının hər iki sahili boyu 47 hektar ərazini əhatə edir. Mübaliğəsiz demək olar ki, bu geniş, bənzərsiz istirahət məkanının misli-bərabəri yoxdur. Eni 36, hündürlüyü 12 metrə çatan əsas giriş qapısı milli memarlıq üslubunda bəzədilib. İki istiqamətdən çəkilən asma körpülər, on iki fəvvarənin bir-birinə bu keçidlər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.
Bu istirahət mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır. Ərazidə 10 hektar sahəni əhatə edən iki süni göl yaradılıb, suya qayıqlar salınıb.Velisoped həvəskarları üçün ayrıca yol, min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, iki min kvadratmetr ərazini əhatə edən uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, köşklər, ticarət və iaşə obyektləri və s. bura istirahətə gələnlərə yüksək səviyyəli xidmət təqdim edir.
Vaxtilə düz-əməlli bağı, parkı olmayan şəhərdə bu gün neçə-neçə səfalı, hər cür şəraiti olan istirahət məkanları fəaliyyət göstərir: Bayraq meydanı, Zümürxan, Nüşabə, Səhəng bulağı, Qəhrəmanlar parkı...
Təkcə ötən il ərzində rayonda 902 mədəni-kütləvi tədbir keçirilmiş, bu şənliklərdə 82 mindən çox əhali iştirak etmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər xüsusilə təntənəli xarakter almış, xalqımızın və dövlətimizin tarixindəki əlamətdar günlər mədəniyyət müəssisələrində geniş qeyd edilmiş, iştirakçılara konsert proqramları, əbədi-bədii kompozisiyalar, biblioqrafik icmallar, kitab və rəsm sərgiləri təqdim edilmiş, mütəfəkkirlərin və görkəmli dövlət xadimlərinin təbliği üçün tədbirlər keçirilmişdir.
Bunlarla yanaşı, narkomanlığa qarşı mübarizə, sağlam həyat tərzinin təmin olunması, yeniyetmələrin hüquqi biliklərinin artırılması, ailənin qorunması mövzularında maarifləndirici silsilə tədbirlər gerçəkləşdirilmişdir.
Rayon sakinləri qarşısında Xalq teatrının, Amerika Birləşmiş Ştatlarının Qranpri mükafatına namizədliyi irəli sürülmüş məşhur “Meri Mak Brayd” estrada qrupunun çıxışları təşkil edilmişdir.
Tarix-diyarşünaslıq muzeyində keçirilən 19 tədbirdə 11000 nəfər iştirak etmişdir. Rəsm qalereyasında isə 16 tədbir-sərgi keçirilmiş, ekspozisiyalara 6757 nəfər baxmışdır.
Bu gün insan amili, onun mənəvi dünyası, kamil vətəndaş kimi yetişməsi həmişəkindən daha vacib və aktualdır. Respublikamızın hər bir vətəndaşı normal yaşadığı, istədiyi kimi, normal da istirahət etməli, mənən zənginləşməli və yüksəlməlidir. İstirahət dedikdə, əlbəttə, təkcə bulaq başında, çay kənarında keçən günlər nəzərdə tutulmur. Söhbət daha çox məsələnin mənəvi tərəfindən - asudə vaxtı burada və necə keçirməkdən gedir. Bu cəhətdən, sözsüz ki, mədəniyyət evlərinin, klub və kitabxanaların rolu çox böyükdür. O da həqiqətdir ki, son vaxtlar bir sıra obyektiv və subyektiv səbəblər üzündən insanlar həmin mədəniyyət müəssisələrinə nadir hallarda üz tuturdular. Biz, ilk növbədə, bax bu boşluğu aradan qaldırmağa çalışdıq və fərəhlə deyim ki, buna nail olduq. Məsələn, rayon mədəniyyət və turizm şöbəsinin apardığı statistika göstərdi ki, hazırda ötən ilin eyni dövrü ilə müqayisədə kitabxanalara gələnlərin sayı təxminən 2 dəfə artmışdır. Rayon mərkəzi kitabxana sistemində 985 tədbir keçirilmiş, bu tədbirlərdə 20 min nəfər iştirak etmişdir.
Turizmi inkişaf etdirmək məqsədilə mövcud 2 ölkə, 17 yerli əhəmiyyətli tarixi abidələrin ətrafında abadlıq işləri aparılmış, ad göstəriciləri yeniləşdirilmişdir, Seyid Yusif ağanın məqbərə kompleksi tikilmişdir. Tarixi abidələr barədə məlumatlar internet portalında yerləşdirilmiş, Bərdə şəhərinin mərkəzi küçələri milli memarlıq üslubunda yenidən qurulmuş, rayonun tarixinə həsr edilmiş elmi-praktik konfrans və digər tədbirlər keçirilmişdir. Hazırda “Bərdə” türbəsi bərpa edilir, möhtəşəm mədəniyyət mərkəzi tikilir. Onu da xüsusi olaraq qeyd etməyi lazım bilirik ki, inşa edilən hər bir obyektdə milli və müasir memarlıq elementlərindən istifadə diqqət mərkəzindədir.
2014-cü ildə rayonun ümumtəhsil müəssisələrinin 40 şagirdinin “Azərbaycanı tanıdaq” devizi altında Şəki, Qəbələ və İsmayıllı rayonlarında gəzintisi təşkil edilmişdir.
Hesabat dövründə rayonun mədəni-maarif işçiləri, musiqi məktəblərinin şagirdləri ölkə miqyasında keçirilən müxtəlif müsabiqələrdə iştirak etmiş və bir sıra uğurlar qazanmışlar. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi III Respublika müsabiqəsində Kənan Abdullayev, Sərxan Muxtarov, Ramilə Mirzəzadə, Səma Rzayev, Xəyal Səmədov, Rövşən Dadaşov və başqaları diplom və fəxri fərmanla təltif olunmuşlar.
Mən burada fürsətdən istifadə edərək Mədəniyyət və Turizm Nazirliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə kollektivimizin səmimi təşəkkür və minnətdarlığını çatdırmaq istəyirəm. İşin daha yaxşı təşkili, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və s. məsələlərlə bağlı nə vaxt müraciət etmişiksə, dərhal öz müsbət həllini tapıb. Bu isə, sözsüz ki, bizim məsuliyyətimizi artırmaqla yanaşı, daha yaxşı işləməyə, səy və bacarığımızı artırmağa səsləyir.
Yuxarıda da qeyd etdiyimiz kimi, 3 min il tarixi olan qədim Bərdə bu gün regionun mədəni mərkəzinə çevrilib. Başqa sözlə desək, itirilmiş şöhrət geri qayıdır. Şəhər və kəndlərimiz öz simasını əsaslı şəkildə dəyişib. Bu gün Bərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Tikinti-quruculuq işləri gündən-günə yeni vüsət alır. İqtisadi və sosial sahədə əsaslı və ardıcıl uğurlar qazanılıb, ümumi məhsul istehsalı artıb, insanlarımızın gəliri, gün-güzəranı daha da yaxşılaşıb. Rayonumuzun mədəniyyət və turizm kollektivləri bu prosesdə fəal iştirak etməklə milli-mənəvi dəyərlərimizi, tarixi abidələrimizi qorumaq, inkişaf etdirmək, daha da zənginləşdirmək kimi nəcib və xeyirxah işə öz töhfələrini bundan sonra da artıracaqlar.
İlyas HACIYEV,
Bərdə Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.